Məhkəmə qərarları › İş №1(045)-72/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-72/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-72/2024 14.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev Ədalət Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1960-cı ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ailəli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Goranboy rayonu Tapqaraqoyunlu kəndinin ərazisində qardaşı Zərərçəkmiş şəxs oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dalaşaraq yerdən götürdüyü daşla sonuncunun sağ qolundan qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs sol dirsək oynağının hərəkət məhdudluğu və hematoması ilə müşaiyət olunan yarası, sağ dirsək oynağında yara ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında örüşdən gələn iri buynuzlu heyvanlarını qarşılamaq üçün yaşadığı evinin yanında əmisi oğlanları Şahid3 və Şahid2 ilə oturacaqda əyləşərək söhbət etmiş, təxminən 10 dəqiqə sonra qardaşı Zərərçəkmiş şəxs onların yanına gəlmiş və yanlarında əyləşmişdir. Bu zaman qardaşı Rəfayıl ona “niyə dünən kənddə olan toyda içib və özünü apara bilməmisən?”, demiş, o da Rəfayıla “İçmişəm özüm bilərəm, kiminsə ailəsinə sataşmamışam ki?” demişdir. Zərərçəkmiş şəxs həmin vaxt onunla mübahisə edərək ona nalayiq ifadələr işlətmiş və təhqir etmiş, daha sonra üzərinə gəlmiş, bu zaman əmisi oğlanları Mütəllim və Mustafa onları ayırmışlar. Daha sonra o, yerdən daş götürüb Rəfayıla tərəf atmış, daş Rəfayılın sağ qoluna dəymiş, Rəfayıl xəsarət almışdır. Bu zaman əmisi oğlanları Mütəllim və Mustafa onları təkrar ayırmışlar, o, yaşadığı evinə gəlmişdir. Təxminən 1 saat sonra qardaşı Zərərçəkmiş şəxs onun barəsində DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda şikayət verən şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət verən şəxs Zərərçəkmiş şəxs Bəhram oğlu ifadəsində bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında örüşdən gələn iribuynuzlu heyvanlarını qarşılamaq üçün yaşadığı evinin yanına çıxmış, bu zaman yaşadığı evinin yanında qardaşı Təqsirləndirilən şəxs, əmisi oğlanları Şahid3 və Şahid2 oturacaqda əyləşdiklərini görüb onlara tərəf getmiş və onların yanında əyləşmişdir. Bu zaman o, qardaşı Faiqə “dünən kənddə olan toyda niyə o qədər içib özünü apara bilmirsən?” demiş, qardaşı Faiq isə ona “yaxşı eləmişəm içmişəm sən mənə nə demək istəyirsən?” demiş və onunla mübahisə etməyə başlamış və onun üzərinə gəlmiş, həmin vaxt əmisi oğlanları Mütəllim və Mustafa araya girərək onları aralamış, lakin qardaşı Faiq yerdən daş parçasını götürərək ona atmış, həmin daş parçası onun sağ qolunun dirsək nahiyyəsinə dəymiş və o, xəsarət almışdır. Həmin vaxt Mütəllim və Mustafa onları təkrar ayırmışlar və o, öz yaşadığı evinə getmişdir. Yaşadığı evdə həyat yoldaşı Şahid1 ona ilk tibbi yardım göstərmiş və təxminən 15-20 dəqiqədən sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə müraciət edərək məlumat vermişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim etdi. Yekun protokolunun siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 təhqiqat araşdırması zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Tapqaraqoyunlu kənd orta məktəbində müəllimə işləyir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs örüşdən gələn iribuynuzlu heyvanlarını qarşılamaq üçün yaşadığı evin yanına çıxmış, təxminən 15-20 dəqiqə keçdikdən sonra sağ qolu zədəli halda evə gəlmiş, bu zaman o, həyat yoldaşı Rəfayılın qolunu sarıyıb ona ilk tibbi yardım göstərmişdir. O, həyat yoldaşı Rəfayılla söhbət edən zaman Rəfayıl qardaşı Təqsirləndirilən şəxs ona daş atmasını, buna görə də xəsarət almasını bildirmişdir. Daha sonra həyat yoldaşı Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Şahid2 təhqiqat araşdırması zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evinin yanında əmisi oğlanları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə dayanmış, həmin vaxt əmisi oğlanları köhnədən aralarında yaranmış narazılıqla bağlı söhbət etmişlər. Təxminən 3-5 dəqiqə o, onların yanında oturduqdan sonra çıxıb getmiş və onlardan təxminən 3-5 metr aralanmışdır. Bu zaman Faiq ilə Rəfayılın arasında mübahisə yaranmış, o, geri qayıdaraq onları aralamaq istəmiş, bu zaman səsə qardaşı Şahid3 gəlmiş, həmin vaxt Faiq yerdən daş götürərək qardaşı Rəfayıla tərəf atmış, həmin daş Rəfayılın qoluna dəymiş, Rəfayıl xəsarət almış, daha sonra o və qardaşı Mütəllim onları ayırmış və öz yaşadıqları evlərinə getmişlər. Şahid3 təhqiqat araşdırması zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən yaşadığı evinin yanından səs-küy eşitmiş, bu zaman çölə çıxmış və yaşadığı evinin yanında əmisi oğlanları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. O, onlara yaxınlaşaraq onları ayırmaq istəmiş, bu zaman Faiq yerdən daş götürərək qardaşı Rəfayıla tərəf atmış və həmin daş Rəfayılın qoluna dəymiş, Rəfayıl xəsarət almışdır. Daha sonra o və qardaşı Mustafan onları ayırmış və öz yaşadıqları evlərinə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı 09 sentyabr 2024-cü il tarixli, 496 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bəham oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağının hərəkət məhdudluğu və hematoması ilə müşaiyət olunan yarası, sağ dirsək oynağında yara küt əşyanın (alət-lərin) təsirindən törənmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 sentyabr 2024-cü il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır; Şikayət verən şəxs Zərərçəkmiş şəxs Bəhram oğlunun 14 noyabr 2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, onunla barışmışdır, ona görə də, sonuncudan şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan 1(045)-72/2024 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir; Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda şikayət verən şəxs X1 üzr istəmiş, onunla barışmış, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, əməlindən səmimi peşmandır və sonuncunun ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, barəsində olan 1(045)-72/2024 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, şikayət vermiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şikayət verən şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi Hüeyn oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar