Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-74/2023 05.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu, Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonu, Səfikürd kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə saat 9 radələrində Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Cavid Topdan” ərzaq malları satışı mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs mağazanın anbarına kənar şəxslərin girişinə icazə verilməməsi barədə mağaza sahibinin tapşırığını çatdırdığına görə o, ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, özünü ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına söyüş söyüb əvvəlcə təpiklə Zərərçəkmiş şəxs ayağından vurmuş, ətrafdakı şəxslər onu aralaşdırmaq istədikdə o, xuliqanlıq hərəkətlərini davam etdirib sağ əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq sonuncuya üst dodağın selikli qışasının cərrahi tikişə ehtiyacı olan yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətəri etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yekun protokolda ona qarşı irəli sürülmüş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Səfikürd kəndi yaxınlığında yerləşən “Qoşa Çinar” adlı kafe işlədir. Həmin kafeyə ərzaq malları lazım olanda Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən Cavid adlı şəxsin topdan satış mağazasından alış-veriş edir. Həmin mağazada üzdən tanıdığı, lakin heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs adlı şəxs işləyir. O, həmin yerdən alış-veriş edəndə Surət hər dəfə onunla kobud rəftar edərək onu anbara daxil olmağa icazə vermirmiş. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yenə də alış-veriş etmək üçün həmin mağazaya gəlmiş, mağazanın ikinci mərtəbəsində olan satış yerində almalı olduğu malları yazdırmış və malların alınması üçün anbara düşmüşdür. O, anbara girmək istəyəndə Surət ona kobud şəkildə “sənə deyilməyib içəri girmə, çıx çölə” demiş, o, Surətə içəri girmədiyini demiş, Surət onunla kobud danışmış, o isə Surətə “ağıllı ol” demiş, bu zaman Surət onunla söyüşlə danışaraq “çıx burdan...” deyərək söyüş işlətmiş, həmin vaxt o, əsəblərinə hakim ola bilməyib bir dəfə Surətin istiqamətinə ayağı ilə təpik atmış, onun təpiyi Surətə dəyməmiş, Surət yenidən ona ağır söyüşlər işlətmiş, bu zaman o, anbarın içərisinə daxil olub bir dəfə sağ əli ilə Surətin ağız nahiyəsinə sillə vurmuş, zərbənin təsirindən Surət yerə yıxılmış və orada olan şəxslər onu ayırmışlar. Mübahisə baş verən zaman orada adlarını bilmədiyi mağazanın işçiləri və küçədən keçən şəxslər olmuşdur. Mübahisə zamanı Surət ona heç bir xəsarət yetirməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən ərzaq məhsullarının topdan satış mərəkəzində 4 ildir ki, fəhlə işləyir. Təxminən xx.xx.2023-cü il tarixdə Sənan adlı şəxs onun işlədiyi topdan satış mərkəzinə gəlib anbara daxil olmaq istədiyi zaman o, Sənana iradını bildirərək anbara kənar şəxslərin girişinə rəhbərlik tərəfindən icazə verilmədiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 9 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən ərzaq məhsulları topdan satış mərkəzinin qarşısında olan zaman Sənan ona yaxınlaşaraq “sənin rojan mənim xoşuma gəlmir, mən səni vurmaq istəyirəm” demiş, o isə Sənana “dünya özbaşnalıq deyil ki sən məni vurasan” deyən zaman, Sənan ona içəri keçməyi təklif etmiş, o, topdan satış mağazasının içərisinə keçmək istədiyi zaman Sənan qəfil təpiklə onun sağ ayağına vurmuş, sonra Sənan içəri daxil olaraq əli ilə bir dəfə qəsdən onun sağ üz nahiyəsindən sillə ilə vurmuş, o, özünü itirib yerə çökmüş, burnundan qan açılmış, Sənan isə qaçıb getmişdir. Sənanla sözlə mübahisələri və Sənanın onu vurması təxminən 5 dəqiqə ərzində baş vermişdir. Son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən ərzaq məhsulları topdan satış mərkəzində 3 ildir fəhlə işləyir, Zərərçəkmiş şəxs iş yoldaşıdır. xx.xx.2023-cü il tarixdə Sənan adlı şəxs işlədiyi topdan satış mərkəzinə gəlib anbara daxil olmaq istəyən zaman iş yoldaşı Zərərçəkmiş şəxs Sənana iradını bildirərək anbara kənar şəxslərin daxil olmasına rəhbərlik tərəfindən icazə verilmədiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən ərzaq məhsulları topdan satış mərkəzinin içərisində iş görən zaman Sənan içəri daxil olaraq Surət ilə mübahisə etməyə başlamış, o, Sənana yaxınlaşaraq “keçən dəfə gəlib problem yaratdın içəridən çıx” ifadəsini işlətmiş, Sənan çölə çıxaraq Surətə “sən məni görəndə itil, yoxa çıx” ifadəsini işlədərək uca səslə danışıb, ünvanlı-ünvansız nalayiq ifadələr işlədib Surətin ayağına təpiklə vurmuş, Surət Sənana “məni poxa salma çıx get” ifadəsini işlədən zaman Sənan yenidən qərəzli hərəkətlərini davam etdirib səs-küy salaraq nalayiq ifadə işlədərək içəri daxil olub Surətə “mən səni poxa salacam” ifadəsini işlədərək əli ilə Surətin üz nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra o, araya girmiş, Surətin burnundan qan açılmış, Surət yerə çökmüş, o, Sənandan əlavə dava olmasın deyə uzaqlaşmasını, çıxıb getməsini tələb etmişdir. Sənanın Surətlə mübahisəsi, Surəti vurmağı təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı ətrafda başqa insanlar da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Goranboy şəhəri S.Civəzadə küçəsində yerləşən “Cavid topdan” adlı mağazanın yanında olan “Misli” mərc oyunlarının təşkil olunan yerdə satıcı işləyir. Zərərçəkmiş şəxs “Cavid Topdan” mağazasında işləyən satıcı kimi tanıyır. Cavidlə bir il müddətdir ki, münasibəti var. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə “Cavid topdan” adlı mağazanın qarşısında olduğu zaman Sənan mal almaq üçün həmin mağazaya gəlib anbara daxil olmaq istəmiş, həmin vaxt Surət Sənana bildirmişdir ki, anbara kənar şəxslərin daxil olması qadağandır və bu barədə məlumatverici yazının da olmasını demişdir. Həmin vaxt Sənan Surətə “sən kimsən ki mənə icazə vermirsən” demişdir. Surət isə Sənana həmin yerdə işçi olmasını və müdiriyyətin kənar şəxslərin anbara girməsinə icazə vermədiyini bildirmişdir. Həmin vaxt Surətlə Sənan bir qədər mübahisə etmək istədikdə, o, müdaxilə edərək Sənanla Surətin mübahisə etmələrinə imkan verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 9 radələrində o, yenə də, həmin mağazanın önündə Surətlə birlikdə dayandığı zaman Təqsirləndirilən şəxs oraya gəlmiş, Surətlə mübahisə etməyə başlamış, Surətə demişdir ki “mən bura gələndə sən bura gəlmə, mənim qabağıma çıxma mən səni görmək istəmirəm”. Həmin vaxt Surət Sənana mağazanın işçisi olmasını demiş, bu zaman Sənan Surətin ünvanına təhqirlər işlətməyə başlamış, o, araya girib onların mübahisə etmələrinə imkan verməmiş, Sənanın qarşısında dayanmış, ancaq Sənan sakitləşməmiş və Surəti söyərək bir dəfə ayağı ilə Surətin istiqamətinə təpik atmış, bundan sonra o, Sənanı itələyərək kənara aparmış, imkan verməmişdir ki, Sənanla Surət mübahisə etsinlər. Həmin vaxt Sənan söyüşlər söyməkdə davam etmiş, daha sonra o, Sənanın sakitləşmədiyini görüb mağazanın müdiriyyətinə məlumat vermək üçün getmiş, təxminən bir dəqiqə sonra geri qayıdanda topdan satış mağazasının girişində Surət aşağı tərəfə oturduğunu, burnundan qan axdığını, orada olan Əli və Ramilin Sənanı sakitləşdirdiklərini görmüşdür. O, Sənanın Surəti vurduğunu anlamış, mübahisə zamanı Surət Sənanı vurmamış, Sənana hər hansı bir xəsarət yetirməmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş və həmin vaxt hadisə yerinə kənardan insanlar da toplaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinin görüntülərini özündə əks etdirən diskə məhkəmə tərəfindən keçirilən baxış zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Cavidan Topdan” mağazasının çöl hissəsində dayanan Təqsirləndirilən şəxs mağazanın daxili giriş hissəsində dayanan Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, həmin vaxt orada olan X8 və X1 Qasımovun Zərərçəkmiş şəxslə mübahisə etməsinə imkan verməmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istiqamətinə sol ayağı ilə təpik atmış, orada olan şəxslər mübahisənin qarşısını almağa çalışmış, daha sonra mağazanın dəhlizinə daxil olmuş Təqsirləndirilən şəxs dəhlizdə olan Zərərçəkmiş şəxs qəfil sağ əli ilə üz nahiyəsinə bir dəfə bərk zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs dəhlizdə olan qutuların üzərinə yıxılmış və daha sonra ağız və burun nahiyəsindən tutaraq oturmuş, bu zaman orada olan X7 və Şahid2 Təqsirləndirilən şəxsı kənara çəkərək onu mağazadan çölə çıxarmışlar; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Goranboy rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 21 avqust 2023-cü il tarixli, 573 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərindəki xəsarət(lər)-üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası KÜT əşyanın(ların) qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuş, mağazanın iş fəaliyyəti pozulmuşdur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini; törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. Faktiki yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İHB-nin Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamə); himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: iş materiallarında olan AZ-İİİ №186592 və AZ-İİİ № 713876 doğum haqqında şahadətnamələrin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-74/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-74/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver