Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-74/2024 14.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 11:15 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1952-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 RPİ-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayır, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, Zərərçəkmiş şəxs əmlakını aldatma və etibarından suiistifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib, buna heç bir səlahiyyətləri olmadığı halda sonuncunun oğlu Şahid1 Goranboy rayon İcra Hakimiyyətinə işə düzəltdirəcəyini yalandan söz verib aldadaraq etibarından sui-istifadə edib 27 fevral 2020-ci il tarixdə 3300 manat pulunu, 2020-ci ilin avqust ayının ortalarında isə Goranboy rayonu Xanqərvənd kəndi ərazisində yerləşən yeməkxanada eyni məqsədlə 3000 manat pulunu, ümumilikdə vahid niyyətlə 6300 manat pulunu alaraq ələ keçirib qaytarmamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Daimi olaraq heç bir yerdə işləmir. Təqaüdçüdür. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxsla münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Abşeron rayonu Xırdalan şəhərində yaşasada əslən Goranboy rayonu Xanqərvənd kəndindəndir. Ona görə də, arada Goranboy rayonu Xanqərvənd kəndinə gəli-gedir. 22 fevral 2020-ci ildə Xanqərvənd kəndinə gəlmiş, həmin vaxt Tofiqlə görüşmüş və Tofiqlə söhbət edən zaman öz işlərindən, tanışlarından və əlaqələrindən danışmışdır. Söhbət əsnasında Tofiq ona oğlu Natiqin işsiz olduğunu bildirmişdir. Ona pul lazım olduğu üçün Tofiqi aldadıb pulunu almaq məqsədilə əlaqələrinin geniş olduğunu ona görə də, oğlu Natiqi işə düzəldə biləcəyini demişdir. Tofiq də, onunla razılaşmışdır. Səhəri gün Tofiqlə görüşən zaman sonuncunu inandırmaq üçün “dünən oğlunu işə düzəltmək istədiyini dedin, mən bu işdə tanışlarımın vasitəsilə oğlun Natiqi Goranboy rayon İcra Hakimiyyətinə işə düzəldəcəyimə söz verdim və Bakı şəhərinə gedib danışıb sənə xəbər verərəm” demişdir. Tofiq də onunla razılaşmışdır. Bundan sonra o Xırdalan şəhərinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə o ***-***-**-** nömrəli telefonu ilə Tofiqin istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edib yalandan oğlu Natiqin işini düzəldən adamın olduğunu və danışdığını təcili 3500 manat pul göndərməyini bildirmişdir. Tofiq də, onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə Tofiq 3300 manat pulu həmkəndlisi Bakı şəhərinə taksi kimi işləyən Əlişlə göndərmişdir. O, həmin pulu Əlişdən Bakı şəhərində avtovağzalda götürmüşdür. Həmin vaxt Tofiq oğlu Natiqin sənədlərinin surətlərinidə ona göndərmişdir. Belə ki, Natiqin sənədlərini Tofiqi inandırmaq üçün istəmişdir. Həmin vaxt mərhum qardaş İlyasın arvadı Təranə də Əlişin avtomobili ilə Bakı şəhərinə gəlmişdi. O Tofiqdən aldığı 3300 manat pulu öz ehtiyyacı üçün xərcləmişdir. Tofiq də ona tez-tez zəng edib oğlu Natiqin işinin düzəlib düzəlmədiyini soruşmuş, o da, hər dəfə Tofiqə müxtəlif bəhanələr demişdir. Sonra koronovirus pandemiyası başladığına görə o iki dəfə koronovirus xəstəliyinə tutulmuş, Tofiqə də pandemiya ilə əlaqədar olaraq işin dayandığını deyib sakitləşdirmişdir. Bir müddət keçdikdən sonra o Tofiqə yaxın günlərdə rayon İcra Hakimiyyətləri mer olacaq, bələdiyyələr yeni qaydada yaranacaq ona görə də gözləmək lazımdır demiş, Tofiq də ona inanmışdır. Sonra ona yenə də pul lazım olduğu üçün iş adı ilə Tofiqdən pul almaq qərarına gəlmişdir.2020-ci ilin avqust ayının ortalarında Xanqərvənd kəndinə gəlmiş, həmin vaxt Tofiqə zəng edib görüşmək istədiyini bildirmişdir. Tofiq də ona “oğlum Natiqi də gətirim bir yerdə söhbət edək” demişdir. Ona görə də onlar Goranboy rayonu Xanqərvənd kəndində yerləşən “Xan” restoranında görüşmüşlər. Həmin vaxt Tofiqə “iki yol var ya mən sənin verdiyin pulu qaytarmalıyam, ya da əlavə 3000 manat pul verməlisən ki, fonda köçürək” demişdir. Tofiq də onunla razılaşmışdır. Onlar “Xan” restoranında yeyib-içdikdən sonra Tofiq onu aparıb Goranboy rayonu Xanqərvənd kəndində qardaşının evinə düşürmüşdür. Səhəri gün Tofiq qardaşı evinə gəlmiş və onu götürüb Goranboy rayonu Xanqərvənd kəndində yerləşən Mahirin yeməkxanasında əyləşmiş və birlikdə çay içmişlər. Həmin vaxt Tofiq Goranboy rayonu Xanqərvənd kəndində yerləşən Mahirə məxsus yeməkxanada 3000 manat pulu ona vermişdir. O da, Tofiqdən 3000 manat pulu alıb tezliklə oğlu Natiqin işini düzəldəcəyini bildirmişdir. Bir qədər yeməkxanada əyləşdikdən sonra yeməkxanadan çıxmışlar və o getmişdir. O, Tofiqdən aldığı 3000 manat pulu da öz ehtiyacı üçün xərcləmişdir. X1 işə düzəltmək üçün 6300 manat pul almışdır.Şahid1 işə düzəltmək üçün heç kimlə danışmamışdır. Onun özünə pul lazım olduğu üçün Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək adı ilə aldadıb 6300 manat pulunu almışdır.Zərərçəkmiş şəxs aldığı puldan heç kimə verməmişdir.Zərərçəkmiş şəxs oğlu Şahid1 işə düzəltmək imkanı və heç bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, əməlindən peşmandır və Zərərçəkmiş şəxs ilə razılıq əldə etmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Qiyasəddinlə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Qiyasəddin Abşeron rayonu Xırdalan şəhərində yaşayır. Arada Goranboy rayonu Xanqərvənd kəndinə gəlib-gedir. 22 fevral 2020-ci ildə Qiyasəddin Xanqərvənd kəndinə gəlmiş, onunla görüşüb söhbət edən zaman Qiyasəddin öz işlərindən, tanışlarından, əlaqələrindən danışmışdır. Söhbət əsnasında o Qiyasəddinə oğlu Natiqin işsiz olduğunu bildirmişdir. Qiyasəddin də ona əlaqələrinin geniş olduğunu ona görə də, oğlu Natiqi işə düzəldə biləcəyini demişdir. O da, Qiyasəddinə “düzəldə bilsən yaxşı olar” demişdir. Səhəri gün Qiyasəddinlə görüşən zaman sonuncu ona “dünən oğlunu işə düzəltmək istədiyini dedin, mən bu işdə tanışlarımın vasitəsilə oğlun Natiqi Goranboy rayon İcra Hakimiyyətinə işə düzəldəcəyimə söz verdim və Bakı şəhərinə gedib danışıb sənə xəbər verərəm” demişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Qiyasəddin ***-***-**-** nömrəli telefonu ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edib oğlu Natiqin işini düzəldən adamın olduğunu və danışdığını təcili 3500 manat pul göndərməyini demişdir. O da, 3300 manat pulu düzəldib həmkəndlisi Bakı şəhərinə taksi kimi işləyən Əlişə vermişdir ki, Qiyasəddinə çatdırsın. Qiyasəddin Əlişi tanıyır. Həmin vaxt Əliş ona Qiyasəddinin qardaşı arvadını Bakı şəhərinə aparacağını demiş, o puldan başqa oğlu Natiqin sənədlərinin ksero surətlərinidə Qiyasəddinə çatdırmaq üçün Əlişə vermişdir.xx.xx.2020-ci il tarixdə günün ikinci yarsında Qiyasəddin ona zəng edib pulu götürdüyünü işi düzəldəcəyini bildirmişdir. Sonra koronovirus pandemiyası başladığına görə Qiyasəddin ona pandemiya ilə işin dayandığını deyib aldatmışdır. Bundan sonra Qiyasəddin ona yaxın günlərdə rayon İcra Hakimiyyətləri mer olacaq, bələdiyyələr yeni qaydada yaranacaq ona görə də gözləmək lazımdır demiş, o da, Qiyasəddinə inanmışdır. 2020-ci ilin avqust ayının ortalarında Qiyasəddin Xanqərvənd kəndinə gəlmiş, həmin vaxt Qiyasəddin ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da, Qiyasəddinə “oğlum Natiqidə gətirim bir yerdə söhbət edək” demişdir. Natiqlə o Goranboy rayonu Xanqərvənd kəndində yerləşən “Xan” restoranına gedib orada Qiyasəddinlə görüşmüşlər. Həmin vaxt Qiyasəddin onlara “iki yol var ya mən sənin verdiyin pulu qaytarmalıyam, ya da əlavə 3000 manat pul verməlisən ki fonda köçürək” demiş, o da, Qiyasəddinlə razılaşmışdır. Onlar “Xan” restoranında yeyib-içdikdən sonra Qiyasəddini aparıb Goranboy rayonu Xanqərvənd kəndində yerləşən qardaşının evinə düşürmüş, sonra isə yaşadığı evə getmişdir. O Qiyasəddinə vermək üçün qohumlarından 3000 manat borc pul alıb düzəltmiş, sonra Qiyasəddingilə getmiş və onu götürüb yaşadığı Xanqərvənd kəndinə gəlmiş, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən həmkəndlisi Mahirin yeməkxanasında Qiyasəddinlə əyləşmiş və birlikdə çay içmişlər. Goranboy rayonu Xanqərvənd kəndində yerləşən Mahirə məxsus yeməkxanada 3000 manat pulu Qiyasəddinə vermiş, Qiyasəddində 3000 manat pulu ondan alıb tezliklə oğlu Natiqin işini düzəldəcəyini söz vermişdir. Bir qədər yeməkxanada əyləşdikdən sonra yeməkxanadan çıxmışlar. Qiyasəddin də çıxıb getmişdir. Sonradan Qiyasəddinin mobil telefonuna nə qədər zəng etsədə onun telefon zənglərinə cavab verməmişdir.Bundan sonra Qiyasəddin onun ümumilikdə 6300 manat pulunu etibarımdan sui istifadə edərək aldadıb ələ keçirdiyini başa düşmüşdür.Axırıncı 3000 manat pulu 2020-ci ilin avqust ayının ortalarında Goranboy rayonu Xanqərvənd kəndində yerləşən Mahirə məxsus yeməkxanada Qiyasəddinə vermişdir. 3000 manat pulu Qiyasəddinə verərkən yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, təqsirləndirilən şəxs ona dəymiş ziyan ödəməsə də, vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılıq əldə ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində yaşayır. O, xx.xx.2020-ci il tarixdə səhər tezdən həmkəndlisi Əlişlə Bakı şəhərinə detmişdir. Belə ki Əliş öz avtomobili ilə Bakı şəhərinə sərnişin aparıb gətirərək taksilik edir. Onlar Bakı şəhərinə çatdıqdan sonra Əliş qaynı Qiyasəddinə kağıza bükülü vəziyyətdə pul vermiş, bundan sonra Qiyasəddin getmişdir. O, da öz işlərini görmək üçün getmişdir. Sonradan isə Qiyasəddinə həmin pulu həmkəndlisi Zərərçəkmiş şəxs göndərdiyini eşitmişdir, lakin nə üçün göndərdiyini bilməmişdir. Məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq orqanına verdiyi və dövlət ittihamçısının vəsatəti, müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus Mercedes markalı 22-582 dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Hal-hazırda həmin avtomobili satmış, ona görə də, həmin avtomobilin dövlət qeydiyyat nişanının orta hərifləri yadından çıxmışdı. Həmin avtomobillə o, Bakı şəhərinə ordan isə Goranboy rayonuna sərnişin daşıyaraq taksilik etmişdir. Təqsirləndirilən şəxs tanıyır, Qiyasəddin onun uzaq qohumudur, həmçinin həmkəndlisidir. Qiyasəddin Abşeron rayonu Xırdalan şəhərində yaşayır. Zərərçəkmiş şəxs da tanıyır. Zərərçəkmiş şəxs da onun həmkəndlisidir. Onların hər ikisi ilə münasibəti normal olmuş, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə səhər tezdən avtomobili ilə Bakı şəhərinə sərnişin aparmış, Tofiq ona yaxınlaşıb kağıza bükülü vəziyyətdə pul və sənədlərin surətlərini vermiş, sonra Tofiq ona həmin pulu və sənədləri Bakı şəhərində avtovağzal da Qiyasəddinə verərsən demişdir. O da, Tofiqin verdiyi kağıza bükülü vəziyyətdə pulu və sənədləri götürmüşdür. Həmin vaxt Qiyasəddinin qardaşının arvadı Təranə də onunla Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə yaxınlaşanda Qiyasədinlə telefon əlaqəsi saxlamış və çatdığını bildirmişdir. Qiyasəddinlə avtovağzalda görüşməklərini qərara almışlar. O, Bakı şəhərində avtovağzala çatmış və Qiyasəddinlə görüşmüşdür. Sonra Tofiqin ona verdiyi kağıza bükülü vəziyyətdə pulu və sənədlərin surətlərini Qiyasəddinə vermiş, bundan sonra Qiyasəddin çıxıb getmiş, o da, sərnişin toplayıb Goranboy rayonuna qayıtmışdır. Bir müddət keçdikdən sonra isə Qiyasəddin həmin pulu Tofiqdən onun oğlu Natiqi işə düzəltmək üçün aldığını eşitmişdir. Bundan başqa olanlardan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İBnin müstəntiqi X2, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Xan” yeməkxanası Goranboy rayonu ilə Tərtər rayonunun sərhəddində yerləşir. Zərərçəkmiş şəxs oğlu Şahid1 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə “Xan” yeməkxanasının həyətindəki ətrafı açıq stolda əyləşərək yemək yediklərini və atası Zərərçəkmiş şəxs 3000 manat pulu orada Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Şahid1 həmin yeri göstərmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Tərtər RPŞ-nin İB-nin müstəntiqi X3 hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Tərtər-Goranboy yolunun Gəncə şəhər istiqamətində təxminən yolun kənarından 10 metr məsafəlikdə yerləşən “Rəhimin kafesi” adlanan kafedə baş vermişdir. Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Zərərçəkmiş şəxs Şahid1 işə düzəltmək adı ilə həmkəndlisi Təqsirləndirilən şəxs sonuncu dəfə 3000 manat pulu verdiyi Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən “Rəhimin kafesi” adlanan yeri özü təqdim etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün şəxsin tutulması haqqında” 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Goranboy RPŞ-nin MSY-yə təhvil verilməsi və təqsiri sübuta yetirilərsə ona ittiham elan edilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Axtarışda olan şəxsin şəxsin tutulması haqqında” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yeri Abşeron rayonunun Xırdalan şəhərində müəyyən olunaraq Goranboy RPŞ-yə gətirilmiş və RPŞ-nin MSY-yə təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməllərin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yaşını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin ictimai təhlükəliliyinin maddi ziyanla bağlı olmasını), təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi -58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı həbsdə saxlanıldığı (14-15 avqust 2024-cü il) 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (4 gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı (14-15 avqust 2024-cü il) 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (4 gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(045)-74/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-74/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver