Məhkəmə qərarları › İş №1(045)-76/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-76/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-76/2024 07.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev Ədalət Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa şəhərində qeydiyyatda olmaqla, Goranboy şəhəri Yeni Binalar bina 8, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə Goranboy rayonu Yeni binalar yaşayış massivi bina 8, mənzil 14-də yaşadığı mənzildə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə daxili münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə sonuncunu qəsdən vuraraq ona boyunun, burun yəhərinin və üst dodağın hematomaları, üst çənədə iki ədəd dişin laxlamasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə hazırlıq iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 02 oktyabr 2024-cü il tarixli, 608 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər–boyunun, burun yəhərinin və üst dodağın hematomaları, üst çənədə iki ədəd dişin laxlaması KÜT əşyanın (ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruq və təpiklə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona vurulmuş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar