Məhkəmə qərarları › İş №1(045)-77/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-77/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-77/2024 14.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Goranboy rayonu Məşədiqaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Goranboy rayonu Məşədiqaralar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi iki ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5,47 qram və 6,54 qram, ümumi təmiz çəkisi 12,01 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 26 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri S.Civəzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı iki ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 12,01 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Goranboy rayonu Məşədiqaralar kəndində anası X3 ilə birlikdə yaşayır. Təxminən üç il olar ki, narkotik vasitə olan marixuana istifadə edir. 25 iyul 2024-cü il tarixdə saat 20 radələrində Goranboy rayonu Goran qəsəbəsindən piyada yaşadığı evə gedən zaman körpünün altında olan zibil qutusunun kənarında iki ədəd kibrit qutusu diqqətini çəkmiş, həmin kibrit qutusunu götürüb baxanda içərisində narkotik vasitə olan marixuana olmasını görmüş, özü istifadə etdiyi üçün götürmüş və şalvarının cibinə qoymuşdur. 26 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Goranboy şəhərində S.Civəzadə küçəsində piyada gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Goranboy RPŞnin inzibati binasında xidməti iş otağında yenidən hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmağı bildirilib hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçməsi və vəkilin yardımından istifadə edə bilməsi deyilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə müdafiəçinin iştirakı ilə imzalamışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş altında üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa onu çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı, şalvarının sol yan cibindən 1 (bir) qutu “Winston XS Silver” markalı siqareti və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində “SUPER+” yazısı olan alışqanı və şalvarının sağ arxa cibindən 1 (bir) ədəd “Samsung A12” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş həmin 2 ədəd kibrit qutusunda olan narkotik maddə hesab edilən qurudulmuş marixuananı 25 iyul 2024-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsində körpünün altında zibil qutusunun kənarında yerdən tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, heç kimə satmadığını və həmin narkotik maddədən istifadə etmədiyini bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuana elektron tərəzidə ayrı-ayrılıqda daha sonra isə bir yerdə çəkildikdən sonra ekspert tədqiqatına göndərilməsi üçün iştirakçıların iştirakı ilə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 121 saylı möhürü ilə möhürlənib üzərinə imza edildikdən sonra götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalanmışdır. Onun üzərində olan 1 (bir) ədəd “Samsung A12” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edən məlumatlar olması üçün götürülmüş, 1 (bir) qutu “Winston XS Silver” markalı siqaret və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində “SUPER+” yazısı olan alışqan maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Bundan sonra isə video çəkiliş dayandırılmış və o, polis əməkdaşı tərəfindən tərtib edilmiş üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı müvafiq sənədləri müdafiəçinin iştirakı ilə imza etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə verməmiş və satmamışdır. O, 26 iyul 2024-cü ildə saat 15:30 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərində şəxsi axtarış aparılan zaman ona hüquq və vəzifələrini izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim edilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən, RPŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış aparılan zaman ona hər hansı bir təzyiq, təsir, güc tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti yoxdur. O, mobil telefon istifadə edir, həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi vardır, lakin həmin nömrə işləmir, ancaq votsap ani mesajlaşma proqramı üçün istifadə edir. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı yerdən tapan zaman 2 (iki) ədəd kibrit qutusunda olduğu üçün elə də saxlayıb üzərində gəzdirmiş, başqa bir məqsədi olmamışdır. O, narkotik vasitə olan marixuanadan başqa narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş və ya başqa haradasa saxlamamışdır. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır, göstərilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, 26 iyul 2024-cü il tarixdə Goranboy rayonu Məşədiqaralar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal Goranboy RPŞnin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, Şahid1, RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 və ondan ibarət olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Goranboy şəhərinə gələcəyini bildikləri üçün Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə baş əməliyyat müvəkkili Şahid1lə birlikdə 26 iyul 2024-cü il tarixdə xidməti avtomobillə Goranboy şəhərində onu axtarmağa başlamışlar. 26 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində Təqsirləndirilən şəxs tək piyada gəlməsini görmüşlər, buna görə də həmin vaxt baş əməliyyat müvəkkili Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən sonra xidməti otaqda RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Həbib Hacıyev tərəfindən yenidən ona hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Həbib Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bunun ardınca isə təhqiqatçı Həbib Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmişdir. Bir az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, baş əməliyyat müvəkkili Şahid1 və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı, X6 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs xidməti otaqda olan stola yaxınlaşmış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı, şalvarının sol yan cibindən 1 (bir) qutu “Winston XS Silver” markalı siqareti və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində “SUPER+” yazısı olan alışqanı və şalvarının sağ arxa cibindən 1 (bir) ədəd “Samsung A12” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 25 iyul 2024-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsində körpünün altında zibil qutusunun kənarında yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını və vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən də istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli zərfdə qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung A12” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edən məlumatlar olması ehtimalına görə götürülmüş, üzərindən aşkar edilmiş 1 (bir) qutu “Winston XS Silver” markalı siqaret və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində “SUPER+” yazısı olan alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sonda isə o, digər iştirakçılar ilə birlikdə təhqiqatçı Həbib Hacıyev tərəfindən tərtib edilmiş sənədləri imza etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə haqqında” 26 iyul 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütləni və şalvarının sol yan cibindən 1 (bir) qutu Winston XS Silver markalı siqareti və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində SUPER+ yazısı olan alışqanı və şalvarının sağ arxa cibindən 1 (bir) ədəd Samsung A12 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutusunda olan narkotik maddə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni 25 iyul 2024-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsində körpünün altında zibil qutusunun kənarında yerdən tapmasını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, heçkimə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmiş, narkotik vasitə hesab edilən qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, 1 (bir) ədəd Samsung A12 markalı mobil telefon içərisində sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olması ehtimalına görə götürülmüş, 1 (bir) qutu Winston XS Silver markalı siqareti və 1 (bir) ədəd bənövşəyi rəngli üzərində SUPER+ yazısı olan alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 27 iyul 2024-cü il tarixli, 16/813 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki 2 (iki) ədəd kibrit qutularında ayrıayrılıqda 5,47 qram və 6,54 qram, ümumi təmiz çəkisi 12,01 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata cəmi sərf edildi – 0,1 qram (1və 2 nömrəli ob. 0,05 qram), qalıq – 11,91 qram (1 və 2 nömrəli ob.). Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manatdır; “Təqsirləndirilən şəxsi MSY-dən azad etmək və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,91 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutlar saxlanılan anbarında saxlanılır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 26 avqust 2024-cü il tarixli, 1440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd Samsung A 12 markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 12,01 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İƏDÜN-si tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 278 nömrəli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (26-28 iyul 2024-cü il, 24 saatdan artıq saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutlar saxlanılan otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,91 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 11,91 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar