Məhkəmə qərarları › İş №1(045)-8/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-8/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-8/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Goranboy rayonu Bəşirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Bəşirli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 10:30 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri A.Mustafayev küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 işlədiyi meyvə-tərəvəz mağazasına gedərək ictimai qaydanı kobud surətdə pozub, heç bir əsaslı səbəb olmadan, yəni sonuncunun oğlu tərəfindən ondan alınmış pulun qaytarılmasını tələb edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, oradakı insanlara məhəl qoymadan, həmin insanların gözü qarşısında açıq-aşkar heç bir səbəb olmadan mağazada işləyən Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək dalaşarkən əli ilə sonuncunun sinəsindən vuraraq sol çiyin oynağının əzniyi, başın küt travması ilə nəticələnən sağlamlığa zərər vurmayan, ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirən zaman onu intizama dəvət edərək, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yerdən ağac parçası götürərək silah qismində istifadə edib həmin ağac parçası ilə sonuncunun sol qol nahiyəsinə bir dəfə zərbə vuraraq şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 X12ə təxminən 2023-cü ilin əvvəllərində onun «Vətən-N» mühafizə xidmətində işə düzəldilməsinə görə yaşadığı Goranboy rayonu Bəşirli kəndində 1500 manat pul vermiş, bundan sonra 2 ay müddətində işə çıxsa da, işlədiyi müddətdə əmək haqqı verilmədiyi üçün işdən çıxmışdır. Bundan sonra Xaliq Qasımovdan işə düzəlmək üçün ona verdiyi pulu qaytarmasını istəmiş, lakin Xaliq Qasımov onu aldatdığı üçün polis şöbəsinə şikayət etmişdir və polis şöbəsində araşdırma aparılmışdır. Bundan sonra Xaliq Qasımovun atası Zərərçəkmiş şəxs1 bir dəfə ona həmin puldan 300 manatını qaytarmış və qalan pulunu da qaytaracağını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Xaliq Qasımova və atası Zərərçəkmiş şəxs1 onun pulunu qaytarmalarını bildirsə də, pulunun qaytarılmasını gecikdirmişlər. O, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində anası ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Xaliq Qasımovun atası Zərərçəkmiş şəxs1 yanına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Dəliməmmədli şəhərində işlətdiyi meyvə-tərəvəz və yem mağazasının qarşısında dayanmışdır. O, Zərərçəkmiş şəxs1 yaxınlaşıb pulunu istədikdə, Zərərçəkmiş şəxs1 onu nalayiq ifadə ilə təhqir etmiş, o da əsəbləşərək onu sinə nahiyəsindən əli ilə itələmiş, bunun nəticəsində Zərərçəkmiş şəxs1 başının arxa hissəsi kərpic hasara dəymişdir. O, Zərərçəkmiş şəxs1 aralaşan zaman Zərərçəkmiş şəxs1 onun baş nahiyəsinin arxa tərəfindən yumruqla bir dəfə vurmuşdur. Bu zaman əvvəllər tanımadığı, lakin adının sonradan Nicat olduğunu bildiyi oğlan gələrək ona Yuriki niyə itələdiyini demişdir. O isə Yurikin pul borcu olduğunu və borcunu vermədiyi üçün, eyni zamanda onu təhqir etdiyinə görə itələdiyini demiş və bundan sonra Nicatla aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək yerdə olan quru ağac parçasını götürüb, bir dəfə Nicatın sol qol nahiyəsinə vurmuşdur. Bundan sonra ətrafda olan tanımadığı adamlar yaxınlaşıb onları aralamışlar. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, heç kimə qarşı nalayiq ifadələr işlətməmiş, həmçinin Zərərçəkmiş şəxs2 da ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş, sadəcə olaraq Yuriki itələdiyi üçün ona irad bildirməsinə əsəbləşərək onunla mübahisə etmiş və daha sonra yerdən ağac parçasını götürüb Nicatın qoluna bir dəfə vurmuşdur. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Bəşirli kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla aralarında heç bir münasibət olmamış, ədavəti, düşmənçiliyi yoxdur. X12 Təqsirləndirilən şəxs onun «Vətən-N» özəl mühaizə xidmətində işə düzəldilməsi üçün dəqiq tarixini bilmədiy vaxtda Goranboy rayonu Bəşirli kəndində 1500 manat pul almış, Təqsirləndirilən şəxs bundan sonra işə çıxmış, lakin maaş almadığına görə o, bir müddətdən sonra işdən çıxmış və «Vətən N» mühafizə xidmətində işləməmişdir. Bundan sonra Rüstəm, Rüstəmin atası və anası onların yaşadığı evə gələrək Rüstəmin oğluna vermiş olduğu pulu geri istəmişlər. O isə imkanı zəif olduğu üçün ona 300 manat pul qaytarmış, qalan məbləği isə qısa müddət ərzində qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində işlədiyi mağazanın qarşısında dayanan zaman Təqsirləndirilən şəxs onun yanına gələrək ondan pulunu istəmişdir. O isə ona qısa müddət ərzində pulun qalan hissəsini qaytaracağını bildirmiş, lakin həmin vaxt Rüstəm ona qarşı nalayiq ifadələr işlədərək əli ilə sinə nahiyəsindən vurmuş, onun başının arxası və sol çiyin nahiyəsi kərpicə dəymişdir. Rüstəm ondan aralaşan zaman o da yumruqla Rüstəmin başının arxa tərəfindən vurmuşdur. Bu zaman orada olan Zərərçəkmiş şəxs2 onları aralayaraq Rüstəmə onu niyə vurmasını dedikdə, Rüstəm nalayiq ifadələr işlədərək yerdən ağac götürüb Nicatın sol qol nahiyəsinə bir dəfə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər oraya gələrək onları aralamışlar. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs pulu qaytarılmadığına görə əsəbləşib onu sinə nahiyəsindən vurmuşdur. Yekunda zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Düzqışlaq kənd müsiqi məktəbində müəllim işləyir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır. Onlarla əvvəllər münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində mağazaya gedən zaman küçədə, yəni Yurikin işlədiyi mağazanın qarşısında Rüstəmin Yuriklə mübahisə etdiyini, Yuriki nalayiq söyüşlərlə təhqir etdiyini görmüş, onlara yaxınlaşıb Rüstəmə nalayiq ifadələr işlətməməsini demişdir. Həmin vaxt Yurik Rüstəmin baş nahiyəsinin arxa tərəfindən yumruqla bir dəfə vurmuşdur. Rüstəm Yuriki yenə də, nalayiq ifadələrlə təhqir etdyinə görə o, Rüstəmə öz iradını bildirdiyi zaman Rüstəm onun iradına əsəbləşərək yerdən ağac götürüb onun sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra orda olan insanlar onları aralaşmışlar. Təqsirləndirilən şəxs onun sol qol nahiyəsinə ağacla bir dəfə vursa da, heç bir xəsarəti olmadığına görə məhkəmətibb ekspertizasından keçməkdən imtina etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Yekunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Dəliməmmədli şəhəri A.Mustafayev küçəsində yerləşən özünə məxsus olan bərbərxanada işləyir. İşlədiyi bərbərxana köşkündən təxminən 20 metr aralıda, yolun əks tərəfindən Goranboy rayonu Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olan meyvə-tərəvəz mağazası yerləşir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində o, işlədiyi bər-bərxanada müştərinin saçını düzəldən zaman Yurikin mağazasının qarşısından möhkəm səs-küy gəldiyini eşidib, işini saxlayıb bər-bərxanadan çıxıb Yurikin mağazasına tərəf baxanda Yuriklə bir nəfər oğlanın dalaşdığını görmüşdür. Yuriklə dalaşan oğlanın Yurikə hücum etdiyini, orada isə bir neçə nəfər adamlar olduğunu görmüşdür. Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs2 və tanımadığı başqa şəxslərin Yuriklə dalaşan oğlanı aralayıb kənara çəkdiklərini görmüşdür. Təxminən 15-20 dəqiqə ərzində həmin dava davam etmiş, bundan sonra Nicat və tanımadığı digər şəxslər Yuriklə dalaşan oğlanı kənarlaşdırmışlar, həmin oğlan isə çıxıb getmişdir. Hadisədən sonra o, maraqlandıqda, Yuriklə dalaşan oğlanın rayonun Bəşirli kəndindən olduğunu öyrənmiş, ancaq onun adını bilməmişdir. Yuriklə onun arasında pul üstündə mübahisələri olduğunu, yəni Yurikin həmin oğlana pul verəcəyi olduğuna görə həmin oğlan pulunu istəmiş və aralarında mübahisə yaranmış, dava düşdüyünü öyrənmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, dalaşanlara yaxın getmədiyi və davaya aralıdan baxdığına görə kimin-kimi vurmasını görməmiş, nə də ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs da onlara və başqa şəxslərə qarşı nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Goranboy rayonu Dəliməmmədli şəhər sakini Zərərçəkmiş şəxs1 da tanıyır. Belə ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 X12ə təxminən 2023-cü ilin əvvəllərində onun «Vətən-N» mühafizə xidmətində işə düzəldilməsinə görə yaşadıqları Goranboy rayonu Bəşirli kəndində 1500 manat pul vermiş, bundan sonra oğlu 2 ay müddətində işə çıxsa da, işlədiyi müddətdə əmək haqqı verilmədiyi üçün işdən çıxmışdır. Bundan sonra oğlu Xaliq Qasımovdan işə düzəlmək üçün ona verdiyi pulu qaytarmasını istəmiş, lakin Xaliq Qasımov onu aldatdığı üçün polis şöbəsinə şikayət etmişdir və polis şöbəsində araşdırma aparılmışdır. Bundan sonra Xaliq Qasımovun atası Zərərçəkmiş şəxs1 bir dəfə oğluna həmin puldan 300 manatını qaytarmış və qalan pulunu da qaytaracağını bildirmişdir. Bundan sonra oğlu bir neçə dəfə Xaliq Qasımova və atası Zərərçəkmiş şəxs1 onun pulunu qaytarmalarını bildirsə də, pulunun qaytarılmasını gecikdirmişlər. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində oğlu Təqsirləndirilən şəxs onunla birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Xaliq Qasımovun atası Zərərçəkmiş şəxs1 yanına getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 Dəliməmmədli şəhərində işlətdiyi meyvə-tərəvəz və yem mağazasının qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşıb pulunu istədikdə, Zərərçəkmiş şəxs1 onu nalayiq ifadə ilə təhqir etmiş, Rüstəm də buna əsəbləşərək onu sinə nahiyəsindən əli ilə itələmiş, bunun nəticəsində Zərərçəkmiş şəxs1 başının arxa hissəsi kərpic hasara dəymişdir. Onlar Zərərçəkmiş şəxs1 aralaşan zaman Zərərçəkmiş şəxs1 Rüstəmin baş nahiyəsinin arxa tərəfindən yumruqla bir dəfə vurmuşdur. Bu zaman əvvəllər tanımadıqları, lakin adının sonradan Nicat olduğunu bildiyi oğlan gələrək Rüstəmə Yuriki niyə itələdiyini demişdir. Bu zaman Rüstəm də Yurikin pul borcu olduğunu və borcunu vermədiyi üçün, eyni zamanda onu təhqir etdiyinə görə itələdiyini demiş və bundan sonra Nicatla aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Rüstəm əsəbləşərək yerdə olan quru ağac parçasını götürüb, bir dəfə Nicatın sol qol nahiyəsinə vurmuşdur. Bundan sonra ətrafda olan tanımadıqlar adamlar yaxınlaşıb Rüstəmlə Nicatı aralamışlar. Verilmiş suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı hər hansı nalayiq ifadə işlətməmişdir, sadəcə olaraq Rüstəm Nicatın iradına əsəbləşdiyi üçün yerdən götürdüyü ağac parçası ilə Nicatın qolundan bir dəfə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 Yurik Qurbanəli oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Goranboy rayonu Dəliməmmədli şəhəri A.Mustafayev küçəsində yerləşən Dəliməmmədli-Faxralı yolu olmaqla, bir tərəfli yoldur. Dava-dalaş həmin yerdə olmuşdur. Zərərçəkmiş şəxs1 tərəvəz məhsulu satdığı yerdə onu Rüstəmin döyməsini təsdiqləmişdir. Hadisə yeri daş divarla hörülmüş yüm dükanıdır, sol tərəfdə A.Mustafayev küçəsi yerləşir, sağ tərəfdə “Al” market və digər iaşə obyektləri yerləşir. Hadisə ictimai yerdə baş vermişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu ağac parçasını tapmaq mümkün olmadı. Baxış zamanı maddi sübut əhəmiyyətinə malik nəsə aşkar olunmamışdır; “Diskin görüntülərinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Goranboy rayonu Dəliməmmədli şəhəri A.Mustafayev küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 işlədiyi mağazanın qarşısında mağazanın əks istiqamətində yerləşən mağazanın qarşısında bir ədəd qara rəngli VAZ-2106 markalı avtomobil dayanmış, avtomobildən Təqsirləndirilən şəxs düşərək Zərərçəkmiş şəxs1 işlədiyi mağazaya tərəf getmiş, o, mağazaya çatdıqdan sonra mağazada dava düşmüş və ətrafdan adamlar həmin mağazaya tərəf qaçaraq, toplaşıb dalaşanları aralamışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əllə və Zərərçəkmiş şəxs2 isə ağac parçası ilə vurmuşdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır; “Məhkəmə-Tibbi Ekspertizası və X4” X11 553 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) sol çiyin oynağının əzniyi, başın küt travması KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əllə, yumruqla yetirilmə zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını (əsas: zərərçəkmiş şəxslərin ərizəsi); - yaşayış yer üzrə müsbət xarakterizə olunmasını (əsas: Granboy Rayon İHB-nin Hazırəhmədli kənd İƏD-si üzrə nümayəndili tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını (əsas: iş materiallarında olan vəsiqələrin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cəzanı yüngülləşdirən digər halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar