Məhkəmə qərarları › İş №1(045)-8/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-8/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-8/2025 07.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus avtomobili ehtiyatsızlıqdan yandırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 avqust 2018-ci il tarixdə saat 11 radələrindən saat 12 radələrinədək olan müddət ərzində Rusiya Federasiyası, Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda saxladığı “Ford Transit” markalı “K158XT10” dövlət qeydiyyat nişanlı mikroavtobusun salonunda olarkən lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan yanğın baş verməsini görməli olduğu halda ehtiyatsız davranma üzündən portativ qaz plitəsi və qaz balonunu düzgün istismar etməyib yüksək təhlükə mənbəyi olan portativ qaz plitəsindən qaz sızmasına yol verərək partlayıcı qaz-hava qarışığının alışmasına və yanğının əmələ gəlməsinə səbəb olmaqla yaxınlıqda dayanan Zərərçəkmiş şəxs məxsus 429134 (dörd yüz iyirmi doqquz min yüz otuz dörd) Rusiya rublu (10771 (on min yeddi yüz yetmiş bir manat) 26 (iyirmi altı) qəpik)) dəyərində “Hyundai Solaris” markalı “C409MO51” dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan yandırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 187.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2010-cu il tarixdə ilk dəfə Rusiya Federasiyasının Petrozavodsk vilayətinin Petrozavodsk şəhərinə getmişdir. Onun Petrozavodsk şəhərinə getməkdə məqsədi işləyib pul qazanmaq olmuşdur. O, Petrozavodsk şəhərində paltar alıb satmaqla pul qazanmışdır. O, Petrozavodsk şəhərində ilkin olaraq biznes fəaliyyətinə başladıqdan sonra Rusiya Federasiyasının digər şəhərlərinə üz tutmuşdur. Murmansk vilayətinin Kirovsk şəhərində qış geyimlərini daha baha qiymətə satmaqla yaxşı qazanc əldə etmək olmuşdur. Bu məqsədlə o, 2016-cı il tarixdə İlyas adlı şəxsdən “Ford Transit” markalı K158XT10 dövlət qeydiyyat nişanlı avtomobili 150000 Rus rublu müqabilində əldə etmişdir. O, Rusiya Federasiyası Moskva şəhərində yerləşən “Sadavod” adlı bazardan qış paltarlarını alaraq Murmansk vilayətində yerləşən Kirovsk şəhərinə aparıb satmışdır. Murmansk soyuq vilayət olduğu üçün orada yay fəsli olmamış və daimi qış mövsümü müşahidə edilmişdir. 27 avqust 2018-ci il tarixdə o, Rusiya Federasiyasının Moskva şəhərində payız və qış mövsümü üçün paltar alaraq Murmansk vilayətinin Kirovsk şəhərinə getmişdir. 29 avqust 2018-ci il tarixdə təxminən 09 radələrində Kirovsk şəhərinə çatmışdır. Kirovsk şəhərində yerləşən “Kaskad” mağazasının dayanacağında “Ford Transit” markalı K158XT10 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayab yarmarkada gətirdiyi paltarları satmaq niyyətində olmuşdur. Bu məqsəd ilə o, meydanda yerləşən yarmarkada palatka qurmuşdur. O, avtomobilin salonunda “Remington” markalı qaz pilitəsi və “Propan” yazısı olan qaz balonu saxlamışdır. O, qaz balonu və pilitəni avtomobilin salonu soyuq olduqda isitmək məqsədi ilə istifadə etmişdir. Belə ki, avtomobilin salonu soyuq olmuş, bundan əlavə isə pilitə və qaz balonunu çay və yemək isitmək üçün istifadə etmişdir. Həmin gün saat 11 radələrində o, xatırlamadığı səbəbdən avtomobilə yaxınlaşmış və yadına gəldiyi qədər əynində olan paltarları dəyişdirmişdir. Bu zaman “Remington” markalı qaz pilitəsi və “Propan” yazısı olan qaz balonu avtomobilin salonuna olmuşdur. O, bir neçə dəqiqə sonra avtomobildən çıxıb qurduğu palatkaya tərəf getmişdir. Təxminən 30 dəqiqə sonra yarmarkada olan şəxslər avtomobilin yanmasını bildirmişdir. O, avtomobilə tərəf getdikdə avtomobilin salonunda yanğın olmasını aşkar etmişdir. Bu zaman o, dərhal salonda olan qaz balonunu avtomobilin salonundan götürüb kənara atmışdır. Avtomobildə olan yanğını söndürmək istəmiş, lakin alınmamışdır. Bu zaman onun avtomobilində olan yanğından partlayış olmuş və nəticədə avtomobilin sağ tərəfində olan “Hyundai Solaris” markalı C409MO51 dövlət qeydiyyat nişanlı və sol tərəfində dayanan “Volvo” markalı X977MP51 dövlət qeydiyyat nişanlı avtomobillərə yanğın keçmişdir. Avtomobildə olan yanğın plitə və ya qaz balonunda olan sızıntıdan yarana bilərdi. O, qəsdən hər hansı bir şəxsin avtomobilini yandırmaq niyyətində olmamışdır. Yanmış avtomobillər ehtiyyatsızlıqdan yanmışdır. O, “Ford Transit” markalı K158XT10 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan portativ qaz plitəsi və qaz balonundan çay isitmək və yemək qızdırmaq üçün istifadə etmişdir. 29 avqust 2018-ci il tarixdə “Ford Transit” markalı K158XT10 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan portativ qaz plitəsi və qaz balonundan istifadə etməsi dəqiq yadına gəlmir. 29 avqust 2018-ci il tarixdə səhər saatlarında o, uzun yoldan gəlmiş və yuxu yatmamışdır. Bu səbəbdən 29 avqust 2018-ci il tarixdə baş verən hadisə zamanı ehtiyatsız davrana bilərdi. Yanğının baş verməsindən uzun müddət keçdiyi üçün həmin günü dəqiq nə baş verdiyini xatırlamır. Yanğının hansı səbəbdən baş verməsini o, dəqiq bilmir. 19 noyabr 2018-ci il tarixdə tərtib edilmiş hadisənin baş verməsinin videogörüntüləri olan “DVD” diskə baxış keçirilməsi haqqında protokolda göstərilən hadisənin baş vermə mexanizmi ilə razıdır. Əməlindən peşmandır, odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. WhatsApp ani mesajlaşma proqramı ilə video görüntü vasitəsilə məhkəmə iclasına qoşulmuş və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, gümüşü rəngli, dövlət qeydiyyat nişanı C409M081, eyniləşdirmə nömrəsi (VİN) Z94CT41DADR211282 olan 2013-cü il buraxılışlı “Hyundai Solaris” markalı avtomobil mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin avtomobili 2013-cü ildə Moskvadan, Avtogermes salonundan 800 000 rubla almışdır. Onun avtomobildən istismarı zamanı avtomobildə heç bir problem olmamışdır. Bütün sistemlər start rejimində işləmişdir. Heç bir yol-nəqliyyat hadisəsi baş verməmişdir. 2018-ci ilin avqust ayından avtomobili oğlu, 1995ci il təvəllüdlü Şahid1 istifadə etmişdir. 29 avqust 2018-ci il tarixdə oğlu ona məxsus dövlət qeydiyyat nişanı C409M051 olan “Hyundai Solaris” markalı maşınla işə getmişdir. Gündüz saat 12:00 radələrində onun mobil telefonuna oğlu zəng edib yanğın baş verməsini bildirmişdir. O, hadisə yerinə gəlmiş və Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda ona məxsus dövlət qeydiyyat nişanı C409M051 olan “Hyundai Solaris” markalı avtomobilin, “Ford Transit” markalı və “VOLVO S460” markalı maşınların yanmasını görümüşdür. Hadisəni görənlərin sözlərindən “Ford Transit” markalı mikroavtobusun sahibi orta boylu, tünd saçları, qafqazlı görünüşü olan bir şəxs olmasını bilmişdir. O, həmin şəxsdən “Ford Transit” markalı maşının ona məxsus olub-olmadığını soruşmuşdur, həmin şəxs isə təsdiq etmişdir. Nə baş verdiyini soruşduqda, mikroavtobusda olmadığından nə baş verməsini bilməməsini demişdir. Bundan sonra həmin şəxslə söhbəti olmamışdır. Hadisə yerinə gələn polis əməkdaşlarından Ford Transit” markalı avtomobilin sahibinin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Ona Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanında yerləşən “MADU”`-nun filialının binasının fasadında yerləşən videomüşahidə kamerasından 29 avqust 2018-ci il tarixli videoyazılar təqdim edilmişdir. Orada görünür ki, “Ford Transit” markalı, “Hyundai Solaris” markalı və göy rəngli “VOLVO S460” markalı maşınlar dayanacaqda dayanır. Baxışa başlayandan 08:25 dəqiqədən sonra “Ford Transit” markalı maşına bir şəxs yaxınlaşır. O, boyuna, saçlarının rənginə, bədən quruluşuna görə yanğın yerində olan və “Ford Transit” markalı maşından istifadə edən şəxsə oxşayır. Yanğın nəticəsində ona vurulan maddi ziyan 450 000 rubl təşkil etmiş, bu da onun üçün xeyli miqdardır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçıdır, odur ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1, Şahid2, Şahid3 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, gümüşü rəngli, dövlət qeydiyyat nişanı C409M081, eyniləşdirmə nömrəsi (VİN) Z94CT41DADR211282 olan 2013-cü il buraxılışlı “Hyundai Solaris” markalı avtomobil atası Zərərçəkmiş şəxs məxsusdur, həmin avtomobil 2013-cü ildə Moskvadan, Avtogermes salonundan alınmışdır. Avtomobilin istismarı zamanı heç bir problem olmamışdır. Bütün sistemlər start rejimində işləmişdir. Heç bir yol-nəqliyyat hadisəsi baş verməmişdir. 2018-ci ilin avqust ayından avtomobil onun istifadəsində olmuşdur. 29 avqust 2018-ci il tarixdə təxminən səhər saat 08:30 radələrində işə gəlmiş, Murmansk vilayəti, Kirovsk şəhəri, Oktyabrın 50 illiyi küçəsi, ev 2 ünvanında MADU-niun filialının binasının girişi ilə üzbəüz avtomobili dayanacaqda saxlamışdır. Avtomobilin yanında tünd rəngli Ford Transit markalı mikroavtobus, “Volvo” markalı tünd rəngli minik avtomobili dayanmışdır. Bundan sonra işə getmişdir. O, avtomobili söndürüb təhlükəsizlik siqnalını qoşmuşdur. Təxminən saat 12 radələrində “MADU” filialının işçisindən yanğın baş verməsini eşitmişdir. Pəncərədən bayıra baxdıqda, tünd rəngli “Ford Transit” markalı mikroavtobusun yanmasını, yanğının əsasən avtomobilin salonunda müşahidə edilməsini və alovun onun istifadə etdiyi dövlət qeydiyyat nişanı C409M051 “Hyundai Solaris” markalı avtomobilin sol tərəfinə də keçməsini görmüşdür. "Hyundai Solaris" markalı avtomobilin açarlarını götürüb dayanacağa qaçmışdır, bu an avtomobilin salonu tüstü ilə dolmuş, ona görə maşını dayanacaqdan çıxarmaq mümkün olmamışdır. O, yük hissəsini açmış və oradan yanğınsöndürən balonu götürmüş, yanğını söndürməyə çalışmış, lakin alov çox güclü olduğundan yanğını söndürə bilməmişdir. Yanğın yerinə qaçdığı vaxt orada qafqazlı, orta boylu, orta bədən quruluşlu, tünd saçlı bir cavan oğlan olmuşdur. Hadisə şahidləri və yanğın yerinə gələn polis əməkdaşlarının söhbətindən tünd rəngli “Ford Transit” mikroavtobusun həmin cavan oğlanın istifadəsində olmasını öyrənmişdir. O, özü yanğın zamanı, yanğından sonra da, indiyə qədər də həmin cavan oğlanla danışmamışdır. Həmin cavan oğlanın adının nə olduğunu bilmir. Ona Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanında yerləşən MADU-nun filialının binasının fasadında yerləşən videomüşahidə kamerasından 29 avqust 2018-ci il tarixli videoyazılar təqdim edilmişdir. Videoyazılardan görünür ki, “Ford Transit” markalı, “Hyundai Solaris” markalı və göy rəngli “VOLVO S460” markalı maşınlar dayanacaqda dayanır. Baxışa başlayandan 08:25 dəqiqədən sonra “Ford Transit” markalı maşına bir şəxs yaxınlaşır. Boyuna, saçlarının rənginə, bədən quruluşuna görə “Ford Transit” markalı maşını istifadə edən və yanğın zamanı orada olan şəxs kimi tanımışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, bölmə komandiri vəzifəsində 29 avqust 2018-ci il tarixdə 2 saylı növbətçi karaulda olmuşdur. Saat 12:03 dəqiqədə Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 yaxınlığında yerləşən dayanacaqda K158XT10 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobusun, C409MO51 dövlət qeydiyyat nişanlı “Hyundai Solaris”, X977MP51 dövlət qeydiyyat nişanlı "Volvo 460" markalı maşınların yandığını və tökülmüş yanacaq görmüşdür. Onlar gəldikləri zaman “Ford Transit” markalı avtomobilin arxa hissəsində güclü yanma baş vermiş, geyim əşyaları yanmış, arxa hissəsi (yük hissəsi) tamamilə yanmış, alov avtomobilin salonunun ön hissəsinə, mühərrik bölməsinə keçmişdir. Bu avtomobil digər avtomobillərin arasında yerləşmiş, onlardan bir metrdən çox olmayan məsafədə olmuşdur. Onlar çatdığı zaman “Ford Transit” markalı avtomobilin sağ yan tərəfindəki qapısı açıq olmuş, avtomobilin yanında əvvəllər ona tanış olmayan, adını sonradan polis idarəsində dindirilən zaman öyrəndiyi cavan oğlan Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmin vaxt Məcidov avtomobildən qırmızı rəngli üzərində “Propan” sözü yazılmış qaz balonunu çıxarmışdır. Balon avtomobilin yük hissəsində quraşdırılmış dəmir stolun altında olmuşdur. Karaul rəisi Terexov ona balonu oddan uzağa aparmasını demişdir. Bundan sonra Məcidov yuxarıda adı çəkilən balonu yanğından təxminən bir neçə metr aralıda, otun içinə aparmışdır. Məcidovun balonu çıxaran zaman yan tərəfə, yəni “Hyundai Solaris” markalı avtomobilin kuzovunun altına tək gözlü qaz plitəsini atmasını görmüşdür. Yanğının söndürülməsi üçün 1 ədəd GP5S-600 lüləsindən istifadə olunmuşdur. Yaxınlıqda ticarət çadırları olmuşdur. Söndürmə zamanı avtomobilin kapotları açılmışdır. Yanğın yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlmişlər, Məcidovun hər iki əlində yanıq xəsarətləri olduğu üçün təcili tibbi yardım briqadası onu müayinə etmişdir. Məcidov həmçinin polis əməkdaşları tərəfindən də dindirilmiş, Məcidovun nə dediyini o, eşitməmişdir. Yanğın söndürülməsi və “Ford Transit” markalı avtomobildən yanğın zibilinin çıxarılması zamanı qab-qacaq (çaydan, qazan, qaşıq) görmüşdür. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Rusiya DİN-nin “Apatitski” BŞ-nin bölmə rəisi vəzifəsində işləyir. 29 avqust 2018-ci il tarixdə o, saat 12:10-da sutkalıq növbədə olmuşdur. Bu zaman şöbənin əməliyyat növbətçisinə Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 yaxınlığında yerləşən dayanacaqda avtomobillərin yanması barədə məlumat daxil olmuşdur. Onlar hadisə yerinə çatdığı zaman gölün sahilindən 80 metr aralı soldan sağa doğru üç avtomobilin - K158XT10 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobusun, C409MO81 dövlət qeydiyyat nişanlı “Hyundai Solaris”, X977MP51 dövlət qeydiyyat nişanlı "Volvo 460" markalı maşınların dayandığını görmüşlər. Baxış keçirilən maşınların arasında, interval bir metrdən çox olmamışdır. C409MO51 dövlət qeydiyyat nişanlı “Hyundai Solaris” markalı maşının zədələri sol tərəfdə lokallaşmışdır. “Volvo” markalı avtomobildə termik xəsarətlər sağ tərəfdə, “Ford Transit” markalı avtomobilə baxan tərəfində lokallaşmışdır. Yanğının mənbəyi “Ford Transit” markalı avtomobilinin kuzovunda müşahidə olunmuşdur, yəni salonun tam yararsız hala düşdüyü, mühərrikin, mühərrikdə olan bütün komponentlərin və aqreqatların əridiyi müşahidə olunmuşdur. “Furqon” tipli avtomobilin kuzovunda, ön hissədə sərnişin və sürücü oturacaqları, onların arxasında birbaşa yan qapının qarşısında metal masa olmuşdur. Sağ tərəfdə sürüşən qapının heç bir zədəsi olmamış, baxış zamanı həmin qapı açıq olmuşdur. Asfaltda yanğından zədələnmiş ehtiyat təkər və domkrat olmuşdur. Həmçinin, “Ford Transit”-in sağ tərəfində, kuzovun altında, təkərə daha yaxın bir yerdə, bir gözlü “Remington” qaz plitəsi aşkar edilmişdir. Qaz plitəsində aşağıdakı zədələr olmuşdur: metal korpus deformasiyaya uğramış, plitənin yuxarı tərəfindəki plastik elementlər ərimiş, yəni "yuxarı" vəziyyətdə olan balon fiksatoru rıçaqı, qaz vermənin tənzimləyicisi "qoşulu" vəziyyətdə, yəni sola aşağıya qədər vəziyyətdə olmuşdur. Zədələnmiş avtomobillərin yerindən təxminən 20 metr aralıda, ot örtüyündə yerdə hadisə yerinə baxış zamanı üzərində rezin şlanq bərkidilmiş qırmızı rəngli “Propan” yazısı olan qaz balonu aşkar edilmişdir. Yuxarıdakı göstərilən plitə və balon götürülmüş, böyüklüyünə görə qablaşdırılmamışdır. Faktla bağlı yoxlama materialı hadisə yerinə baxış zamanı götürülən obyektlər (qaz plitəsi, qaz balonu) sahə müvəkkillərinin xidmətinə verilmişdir. Bildiyinə görə, sözügedən xidmətin əməkdaşları tərəfindən material aidiyyəti üzrə Apatitı və Kirovsk şəhərlərinin yanğın nəzarəti üzrə baş müfəttişi - X4 Nazirliyinin Murmansk vilayəti üzrə Baş İdarəsinin nəzarət fəaliyyəti və profilaktika işi İdarəsinin Apatitı və Kirovsk şəhərlərinin nəzarət fəaliyyəti şöbəsinin rəis əvəzi, daxili xidmət kapitanı P.V. Pyatkinə verilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinə gəlmiş cinayət-axtarış əməkdaşı ilə danışan qafqazlı milliyətindən bir şəxsi görmüşdür. Söhbətdən həmin şəxsin “Ford Transit” markalı avtomobilin sahibi olmasını anlamışdır. O, özü həmin şəxslə söhbət etməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Kirovsk şəhərinin mühafizəsi üzrə 30 saylı Yanğınsöndürmə Hissəsində, bölmə komandiri vəzifəsində işləyir. 29 avqust 2018-ci il tarixdə o, növbədə olmuş və saat 12:03-də Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda maşının yanması barədə məlumat almışdır. Növbətçi karaulun rəhbəri kimi hadisə yerinə gəldikdə, K158X7T10 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobus, C409MO51 dövlət qeydiyyat nişanlı “Hyundai Solaris”, X977MP51 dövlət qeydiyyat nişanlı "Volvo 460” markalı maşınların yanmasını, habelə yerə yanacaq dağılmasını görmüşdür. Daha çox ortada duran maşın, yəni K158XT10 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobus yanmışdır. Onlar gəldikdə, orta boylu, tünd saçları, qafqazlı görünüşü olan, əynində açıq rəngli köynək və cins olan bir şəxs yanğından qırmızı rəngli qaz balonunu uzaqlaşdırmışdır. Həmin şəxs qaz balonunu yanğından 10 metr aralı qoymuşdur. O, həmin şəxsə bu məsafənin təhlükəsiz məsafə olmamasını və balonu daha da uzağa aparmasını söyləmişdir. Saat 12:21-də yanğın bir GPS-600 lüləsi ilə aradan qaldırılmışdır. Yanğın şahidlərini sorğu-sual edərkən qafqaz əsilli, orta bədən quruluşlu, tünd saçlı, açıq rəngli köynək və cins şalvar geyinmiş vətəndaş ona K158XT10 dövlət nömrə nişanlı “Transit” markalı mikroavtobusun sahibi olduğunu bildirmiş, həmçinin şəxsin xx xxx 1990-cı il təvəllüdlü X3 olması ona məlum olmuşdur. Yanğının söndürülməsindən və məlumatların toplanmasından sonra yanmış avtomobillərə baxış keçirtmiş və yanğınsöndürmə idarəsində uzun illər təcrübəsini nəzərə alaraq, yanğının “Ford Transit” markalı, K158XT10 qeydiyyat nişanlı mikroavtobusun salonunda olmasını bilmişdir. Avtomobillərə baxış zamanı o, qəza (yanğın təhlükəli) rejimində işləyən enerji şəbəkəsini görməmişdir. Ona Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanında yerləşən MADU-nun filialının binasının fasadında yerləşən videomüşahidə kamerasından 29 avqust 2018-ci il tarixli videoyazılar təqdim edilmişdir. Orada görünür ki, “Ford Transit” markalı və “Hyundai Solaris” markalı və göy rəngli “VOLVO S460” markalı maşınlar dayanacaqda dayanır. Baxışa başlayandan 08:25 dəqiqədən sonra “Ford Transit” markalı maşına bir şəxs yaxınlaşır. Boyuna, saçlarının rənginə, bədən quruluşuna görə Təqsirləndirilən şəxs tanımışdır. Bundan sonra yanğın baş verdiyi ana qədər “Ford Transit” markalı maşına heç kim yaxınlaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Rusiya FHN-nin Murmansk vilayəti üzrə Baş İdarəsinin Nəzarət Fəaliyyəti və Profilaktika işi idarəsinin Apatiti və Kirovsk şəhərlərinin NFŞ-də Rusiya Federasiyası CM-nin 168-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə cinayət işi başlanılmışdır; “Şübhəli şəxsin axtarışı ilə əlaqədar təhqiqatın dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 1 **********000002 nömrəli cinayət işi üzrə təhqiqat dayandırılmış, Rusiya DİN-in Apatitski BŞ-nin CAİ-nə şübhəli şəxs Təqsirləndirilən şəxs axtarışı tapşırılmışdır; “Təhqiqatın dayandırılması haqqında qərarın ləğv edilməsi və təhqiqatın təzələnməsi barədə” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 1 **********000002 nömrəli cinayət işi üzrə təhqiqat təzələnmişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2018-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 29 avqust 2018-ci il tarixdə Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda “Ford Transit” markalı “K158XT10” dövlət qeydiyyat nişanlı mikroavtobusda yanğın baş vermiş, yanğın zamanı “Hyundai Solaris” markalı “C409MO51” dövlət qeydiyyat nişanlı avtomobil yanmışdır; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 noyabr 2018-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 29 avqust 2018-ci il tarixdə Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda “Ford Transit” markalı “K158XT10” dövlət qeydiyyat nişanlı mikroavtobusda baş vermiş yanğın hadisəsinin videogörüntüləri “DVD” diskə yazılaraq götürülmüşdür; Fərdi sahibkar X1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 02-C/09122018 nömrəli məhkəmə-axtotexniki ekspertizasının rəyindən görünür ki,

1. Baxışa görə, zədə aldığı 29 avqust 2018-ci il tarixinə 2013-cü il buraxılış C409MO51 qeydiyyat nişanlı Hyundai Solaris markalı avtomobildə 29 avqust 2018-ci il tarixə olan zədələrə dair avtotexniki ekspert tərəfindən komplektləşdirici detalların aşağıdakı termiki zədələri müəyyən edilmişdir: ön bamper, kapot, mühərrik bölməsi (ətraflı yoxlama üçün giriş yoxdur), ön sol qanad, ön sol lonjeron, təkər ilə təkər halqası, sol tərəfdəki asma hissələrinin mümkün zədələnməsi, ön şüşə, üzlüklü dam paneli, A -qabaq sol dirək, ön sol qapı (şüşə, panel), arxa sol qapı (şüşə, panel), sağ qapılarda hislənmiş şüşə, arxa sol yan panel, alət paneli, sükan, sağ qapı üzlükləri, ön oturacaqlar, arxa oturacaqlar, qoltuqaltı olan orta panel.

2. 2013-cü il buraxılışlı C409MO51 qeydiyyat nişanlı “Hyundai Solaris” markalı maşının cinayətin törədildiyi an üçün bərpaedici təmirinin dəyəri təşkil edir: -aşınma daxil olmaqla: 501,561,00 RUBL (beş yüz bir min beş yüz altmış bir rubl, 00 qəpik).

3. 2013-cü il buraxılışlı C409MO51 qeydiyyat nişanlı Hyundai Solaris markalı avtomobilin cinayətin törədildiyi tarixə olan bazar dəyəri: 429.134 (dörd yüz iyirmi doqquz min yüz otuz dörd) rubl təşkil edir.

4. 2013-cü il buraxılış C409MO51 qeydiyyat nişanlı Hyundai Solaris markalı avtomobili bərpa etmək məqsədəuyğun deyil, çünki zədələnmiş nəqliyyat vasitəsinin dəyişdiriləcək hissələri, komponentləri, aqreqatların aşınmasını nəzərə alınmaqla bərpaedici təmirin dəyəri onun zədələndiyi an üçün dəyərinin 80% -dən artıqdır. 429,134.00 (bazar dəyəri) — 100% 501,561,00 (aşınma nəzərə alınmaqla bərpaedici təmirin dəyəri)

5. 2013-cü il buraxılış C409MO51 qeydiyyat nişanlı Hyundai Solaris markalı avtomobilin istifadəyə yararlı qalıqlarının dəyəri: 63 311,48 (altmış üç min üç yüz on bir rubl) 48 qəpik təşkil edir; "Murmansk vilayəti üzrə X2” Federal Yanğın Xidmətinin Məhkəmə Ekspertiza Təşkilatı" X6 Müəssisəsinin xx.xx.2018-ci il tarixli 115-18 nömrəli texniki rəyindən görünür ki,

1. Yanğının mənbəyi (ilkin yanmanın baş verdiyi yer) K158XT10 qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin salonunun ön sol hissəsində (hərəkət istiqamətində) olmuşdur.

2. Yanğının birbaşa (texniki) səbəbi K158XT10 qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin salonundakı yanğının bilavasitə (texniki) səbəbi açıq alov (qaz ocağı) mənbəyindən yanan materialların alovlanması olmuşdur; "Murmansk vilayəti üzrə X2” Federal Yanğın Xidmətinin Məhkəmə Ekspertiza Təşkilatı" X6 Müəssisəsinin xx.xx.2018-ci il tarixli 138-18 nömrəli yanğın-texniki ekspertiza rəyindən görünür ki,

1. Yanğın mənbəyi 158XT10 qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin kuzovunda olmuşdur.

2. Yanğının səbəbi süni şəkildə başlanmış yanma olmuşdur; “Predmetlərə (sənədlərə) baxış keçirilməsi haqqında 19 noyabr 2018-ci il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını özündə əks etdirən videogörüntülər olan “DVD” disk “Acer” adlı noutbuk vasitəsilə baxıldı və videomüşahidə kamerası Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanındakı parkinqi çəkmişdir. Onun yaxın hissəsində VAZ 2108 markalı minik avtomobili, gümüşü rəngli Hyundai Solaris, tünd rəngli Ford Transit mikroavtobusu və göy rəngli Volvo 460 minik maşını var. Avtomobillərin qeydiyyat nişanları görünmür. Dayanacağın uzaq hissəsində pərakəndə satış çadırları var. Video başlayan zaman yuxarı sağ küncdə “201808-29 11:40:02” yazısı ilə başlıq görünür. Videoya baxan andan 08 dəqiqə 25 saniyə sonra adi bədən quruluşlu, əynində bənövşəyi uzunqol köynək (gödəkçə), şalvar və ya cins şalvar olan qara saçlı vətəndaş tünd rəngli Ford Transit mikroavtobusuna yaxınlaşır. Tünd rəngli Ford Transit mikroavtobusunun sərnişin qapısını, daha sonra avtomobilin qapısını açır. Bu an videonun yuxarı sağ küncündə “2018-08-29 11:54:44” yazısı olan başlıq görünür, videoya baxılan andan etibarən 09 dəqiqə 14 saniyəyə qədər avtomobildə və onun ətrafında hərəkətlər edir. Sonra maşının qapısını bağlayır, amma tam bağlamır, avtomobildən uzaqlaşır. Bu zaman videoda “xx-xx-2018 11:56:10” yazısı olan başlıq görünür. Videoya baxmağa başladıqdan 10 dəqiqə 37 saniyə sonra yarı açıq qapıdan alov görünür. Bu zaman qideonun yuxarı sağ küncündə “2018-08-29 11:58:36” yazısı olan başlıq görünür. Video bitənə qədər yanğın daha da güclənir. “00 11.1.0.245 03 20180829 120000” adlı fayla baxarkən müəyyən edilmişdir ki, videomüşahidə kamerası Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanındakı parkinqi çəkmişdir. Onun yaxın hissəsində VAZ 2108 markalı minik avtomobili, gümüşü rəngli Hyundai Solaris, tünd rəngli Ford Transit mikroavtobusu və göy rəngli “Volvo A60” minik maşını var. Avtomobillərin qeydiyyat nişanları görünmür. Dayanacağın uzaq hissəsində pərakəndə satış çadırları var. Bu zaman videonun yuxarı sağ küncündə “2018-08. 29 12:00:02” yazısı olan başlıq görünür. Ford Transit markalı mikroavtobusun salonunda açıq yanma müşahidə edilir. Baxış başlandıqdan 01 dəqiqə 36 saniyə sonra tünd rəngli “Ford Transit” markalı avtomobilə tərəf adi bədən quruluşlu, əynində bənövşəyi uzunqol köynək (gödəkçə), şalvar və ya cins şalvar olan qara saçlı vətəndaş qaçır. Bu an salonda açıq yanma müşahidə olunur. Bu zaman videonun yuxarı sağ küncündə “2018-08-29 12:02:50” yazısı olan başlıq görünür. Videoya baxmağa başlayandan 05 saniyə sonra boz rəngli, qara əlavəli köynək, göy cins şalvar geyinmiş vətəndaş gümüşü rəngli Hyundai Solaris markalı avtomobilə doğru qaçır, yanğını söndürməyə cəhd edir. Bu zaman videonun yuxarı sağ küncündə “2018-08-29 12:07:50” yazısı olan başlıq görünür. Videoya baxılmağa başlayandan 06 dəqiqə 33 saniyə sonra ilk yanğınsöndürmə və xilasetmə bölmələri gəlir və yanğını söndürməyə başlayırlar. Video çəkilişin müddəti 13 dəqiqə 19 saniyədir. Bununla da Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, ev 2 ünvanında “MADU”-nun filialının binasının fasadında yerləşən videomüşahidə kamerasından 29 avqust 2018-ci il tarixli videoyazılar olan optik diskə baxış sona çatır; “Maddi sübutların tanınması və cinayət işinə əlavə edilməsi haqqında” 19 noyabr 2018-ci il tarixli qərardan görünür ki, Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən MADU-nun filialının binasının fasadında yerləşən videomüşahidə kamerasından 29 avqust 2018-ci il tarixli videoyazılar olan optik disk 1 **********000002 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; “Maddi sübutların tanınması və cinayət işinə əlavə edilməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, “Remington” markalı qaz plitəsi, “Propan” yazısı olan rezin şlanqlı qaz balonu 1 **********000002 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; "Murmansk vilayəti üzrə X2” Federal Yanğın Xidmətinin Məhkəmə Ekspertiza Təşkilatı" X6 Müəssisəsinin xx.xx.2024-cü il tarixli 6-24 nömrəli təkrar yanğın-texniki ekspertiza rəyindən görünür ki,

1. Yanğın mənbəyi 158XT10 qeydiyyat nişanlı “Ford Transit” markalı maşının kuzovunda (salonunda) olmuşdur;

2. Yanğının K158XT10 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin kuzovunda (salonunda) başlamasına bu sahədə daha çox termiki zədələnmələrin olması, habelə bu zonada alov şəklində yanğının ilk əlamətlərinin videoyazıda qeydə alınması işarə edir;

3. Yanğının baş vermə səbəbi portativ qaz plitəsinin alovundan qaz-hava qarışığının alışması olmuşdur;

4. Bəli, alovlanma mənbəyinin yemək bişirilən zaman hadisə yerindən götürülmüş “Propan” olan qaz balonuna ötürücü vasitəsilə birləşdirilmiş qaz plitəsinin alovu ola bilərdi;

5. Xeyr, alovlanma mənbəyinin yemək bişirilən zaman hadisə yerindən götürülmüş azhəcmli qaz balonuna birləşdirilmiş qaz plitəsinin alovu ola bilməzdi; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək və lazımi davranış növündə qətimkan tədbiri” seçilmişdir. “Təhqiqatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 1 **********000002 nömrəli cinayət işi üzrə təhqiqat dayandırılmış, Rusiya DİN-in Apatitski BŞ-nin CAİ-nə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi tapşırılmışdır; “Cinayət işinin icraata qəbul edilməsi haqqında” Goranboy RPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir; “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” Goranboy RPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” Goranboy RPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl CM-nin 186.1-ci maddəsindən həmin məcəllənin 187.1-ci maddəsinə tövsif edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Goranboy RPŞ-nin MSY-dən saat 16:30-da azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 187.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus minik avtomobilini ehtiyyatsızlıqdan yandırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. CM-nin 187.1-ci maddəsinə əsasən özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 187.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Qaradağlı kənd İƏDÜN-si tərəfindən verilmiş 512 saylı xx.xx.2024-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 187.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 187.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - saxlanılması üçün Rusiya Federasiyası FHN-nin Murmansk vilayəti üzrə Baş İdarəsinin nəzarət fəaliyyəti və profilaktika işi İdarəsinin Apatitı və Kirovsk şəhərlərinin nəzarət fəaliyyəti şöbəsinə təhvil verilmiş 29 avqust 2018-ci il tarixdə Rusiya Federasiyası Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda “Ford Transit” markalı “K158XT10” dövlət qeydiyyat nişanlı mikroavtobusda baş vermiş yanğın hadisəsinin videogörüntüləri olan “DVD” disk iş arxivdə saxlanılmalı, “Remington” markalı qaz plitəsi və “Propan” yazısı olan rezin şlanqlı qaz balonu isə dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 19 oktyabr 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 187.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 19 oktyabr 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Qaradağlı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - saxlanılması üçün Rusiya Federasiyası FHN-nin Murmansk vilayəti üzrə Baş İdarəsinin nəzarət fəaliyyəti və profilaktika işi İdarəsinin Apatitı və Kirovsk şəhərlərinin nəzarət fəaliyyəti şöbəsinə təhvil verilmiş 29 avqust 2018-ci il tarixdə Rusiya Federasiyası Murmansk vilayəti, Kirovsk şəhəri, 50 Let Oktyabrya küçəsi, 2 nömrəli evin yaxınlığında yerləşən dayanacaqda “Ford Transit” markalı “K158XT10” dövlət qeydiyyat nişanlı mikroavtobusda baş vermiş yanğın hadisəsinin videogörüntüləri olan “DVD” disk iş arxivdə saxlanılsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Rusiya Federasiyası FHN-nin Murmansk vilayəti üzrə Baş İdarəsinin nəzarət fəaliyyəti və profilaktika işi İdarəsinin Apatitı və Kirovsk şəhərlərinin nəzarət fəaliyyəti şöbəsinə təhvil verilmiş “Remington” markalı qaz plitəsi və “Propan” yazısı olan rezin şlanqlı qaz balonu məhv edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar