Məhkəmə qərarları › İş №1(045)-81/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-81/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-81/2023 19.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy rayonu. Tapqaraqoyunlu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyun 2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs kirayə əsasında işlətdiyi “Elnarə” adlanan gözəllik salonuna gəlib orada yerləşən divanın üzərindəki Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən sonuncuya aid 467 manat 50 qəpik dəyərində bir ədəd Rusiya Federasiyası istehsallı 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızı üzüyü çıxarmaqla gizli yolla talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllərdən tanıyır və onunla normal münasibəti olmuş, Elnarə ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, o, “Elnarə” adlı gözəllik salonunu işlətmiş, o da əvvəllər Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlanan yerdə işləmiş, həmin vaxt onunla birlikdə “Foto Sevinc” adlanan yerdə Şahid da işləmiş, 30 iyun 2023-cü il tarixdə saat təxminən 16 radələrində Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlanan yerdə işdə olarkən İlhamə ilə işi çox olmadığı üçün iş yerindən çıxıb Zərərçəkmiş şəxs gözəllik salonuna kremlərə baxmağa getmişlər. Həmin vaxt isə Elnarə gözəllik salonun içərisində olmuş və ondan başqa orada heç kim olmamış, İlhamə ilə birlikdə gözəllik salonunun içərisində olan zaman İlhamə Elnarəyə qaşlarını səliqəyə salmağa təklif etmiş, Elnarə də İlhamənin təklifini qəbul edib stola əyləşdikdən sonra İlhamə onun qaşlarını düzəltməyə başlamış, o da həmin vaxt divanda oturmuş, divanda əyləşən zaman isə Elnarənin əl çantası divanın üstündə olmuş, Elnarə mütəmadi olaraq həmin əl çantasından istifadə etdiyi üçün ondan nəyə görə həmin əl çantasını daimi olaraq istifadə etdiyini soruşmuş, Elnarə isə həmin əl çantasını baha qiymətə aldığı üçün mütəmadi olaraq istifadə etdiyini demiş, bir az sonra isə işi olduğu üçün Elnarənin gözəllik salonunan çıxıb işlədiyi “Foto Sevincə” getmiş, orada işini həll etdikdən sonra isə yenidən Elnarənin işlətdiyi gözəllik salonuna gəlmiş, orada olarkən Elnarənin bədənindən gözəl qoxu gəlmiş, Elnarədən hansı ətirdən istifadə etdiyini soruşduqda Elnarə bədən spreyindən istifadə etdiyini, həmin spreyi 3 manata aldığını və əl çantasının içərisində saxladığını demiş, bir az orada divanda əyləşdikdən sonra isə İlhamə ilə birlikdə Elnarənin gözəllik salonundan çıxıb işlədikləri “Foto Sevincə” getmişlər. ”Foto Sevincdə” olan zaman isə İlhamə ilə söhbət əsnasında Elnarənin bədən spreyindən danışmışlar. İlhaməyə Elnarənin həmin bədən spreyini 3 manat pul müqabilində aldığını və yaxşı ətri olduğunu demiş, İlhamə isə həmin spreyin şəklini çəkib-çəkmədiyini soruşduqda həmin spreyin şəklini çəkmədiyini demiş, buna görə də yenidən işlədiyi “Foto Sevincdən” çıxıb Elnarənin gözəllik salonuna getmiş, həmin vaxt isə saat təxminən 17 radələri olmuş, gözəllik salonuna daxil olduqda Elnarə içəridə olmuş və ondan başqa heç kim olmamış, Elnarəyə bir az öncə ətri xoşuna gələn bədən spreyinin şəklini çəkməyə gəldiyini demiş, Elnarə isə həmin vaxt gözəllik salonunda olan divanın üzərindəki əl çantasını əli ilə işarə edib bədən spreyinin əl çantasının içərisində olduğunu demiş, o da bundan sonra divana yaxınlaşıb Elnarəyə məxsus əl çantasını əlinə götürüb içərisinə baxdıqda görmüş ki, bədən spreyindən başqa əl çantasının içərisində bir ədəd qızıl üzük vardır. Həmin vaxt qızıl üzüyü oğurlamaq qərarına gəlmiş, Elnarənin isə ona fikir vermədiyini gördükdən sonra əl çantasının içərisindən bir ədəd qızıl üzüyü götürüb əlində saxlayıb gözəllik salonundan çıxıb işlədiyi “Foto Sevincə” gəlmiş, iş yerinə gəldikdən sonra isə oğurladığı Elnarəyə məxsus bir ədəd qızıl qadın üzüyünü əl çantasının içərisinə qoyub sonra yaşadığı evə getmiş, yolda mikroavtobusla gedən zaman Elnarə onunla telefonla əlaqə saxlayıb qızıl üzüyünü oğurlayıb-oğurlamadığını soruşmuş, Elnarəyə yalandan qızıl üzüyünü oğurlamadığını demiş, Elnarə isə təkidlə qızıl üzüyünü oğurlamağından əmin olduğunu demiş, lakin yalandan yenə də Elnarəyə qızıl üzüyünü oğurlamadığını demiş, belə olan halda Elnarə polisə müraciət edəcəyini demiş, o da Elnarəyə bir söz deməmiş, bundan bir gün sonra isə Elnarənin qızıl üzüyünü oğurladığına peşman olduğu üçün Goranboy rayonuna işə gəldikdən sonra Goranboy şəhəri ərazisində yerləşən “Transik” adlanan dairənin yaxınlığında tanımadığı bir nəfər taksi fəaliyyəti ilə məşğul olan şəxsə yaxınlaşıb Elnarənin əl çantasından oğurladığı bir ədəd qızıl üzüyü Elnarənin gözəllik salonuna gedib ona verməsini xahiş etmişdir. Bunun müqabilində taksi sürücüsünə pul vermiş, lakin taksi sürücüsü onun həmin qızıl üzüyü oğurladığını bilməmiş, çünkü bu barədə ona məlumat verməmiş, sonra isə onu Goranboy Rayon Polis Şöbəsinə çağırmışlar. Həmin vaxt bilmiş ki, Elnarə ondan şikayət etmişdir. Odur ki, Goranboy Rayon Polis Şöbəsinə gəldikdə Elnarənin qızıl üzüyün qaytarılması barədə polisə məlumat verdiyini bildirmişlər. O da izahatında Elnarəyə məxsus bir ədəd qızıl üzüyü onun işlətdiyi gözəllik salonunda olan zaman oğurladığını, lakin ilkin araşdırma zamanı daha yüngül məsuliyyətə cəlb olunmağı üçün yalan danışaraq Elnarəyə məxsus bir ədəd qızıl üzüyü onun işlətdiyi gözəllik salonunda yerləşən divanın üzərindən oğurladığını bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə oğurladığı qızıl üzüyü geri qaytardığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, Goranboy şəhəri H.Əliyev prospektində yerləşən iaşə obyektini iki il bundan əvvəl Fuad adlı şəxsdən icarəyə götürüb gözəllik salonu kimi istifadə edir. Həmin gözəllik salonuna isə Elnarə adını vermiş, 30 iyun 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saatlarında yaşadığı evdən çıxıb iş yerinə yəni gözəllik salonuna getmiş, evdən çıxmamışdan öncə isə özünə məxsus bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyünü və həmin qızıl üzüyün komplekt təşkil etdiyi sırğalarını götürüb əl çantasının içərisinə qoymuş, belə ki, qızıl üzüyü zərgərə verib qaşını təmir etdirmək istəmiş, odur ki, yaşadığı evdən çıxıb gözəllik salonuna gəldikdən sonra günorta saat təxminən 13 radələrinə qədər işdə olmuş, saat 13 radələrində isə iş yerindən çıxıb yas mərasiminə getmiş və həmin vaxt əl çantasının içərisinə baxdıqda qızıl üzük və sırğalarının əl çantasının içərisində olduğunu görmüş, yas mərasiminə gedib gəldikdən sonra isə gözəllik salonuna gündəlik işləri ilə məşğul olmuş, təxminən saat 16 radələrində gözəllik salonunda olan zaman “Foto Sevinc” studiyasında işləyən İlhamə və Aişə onun yanına gəlmişlər. Həmin vaxt İlhamə əvvəlcədən ondan götürdüyü namaz dəstini qaytarmış, bunun ardınca isə İlhamə ona qaşlarını düzəltməyi təklif etmiş, o da İlhamənin təklifini qəbul edib masaya əyləşmiş, İlhamə onun qaşlarını səliqəyə salan zaman Aişə isə gözəllik salonun içərisində olan divanda əyləşmiş, həmin vaxt Aişə ondan nəyə görə eyni əl çantasından istifadə etdiyini soruşmuş, o da Aişəyə həmin əl çantasını baha qiymətə aldığı üçün hər zaman istifadə etdiyini demiş, Aişə bir müddət ona məxsus əl çantasını əlində saxladıqdan sonra divanın üzərinə qoymuş, İlhamə isə qaşlarını səliqəyə saldıqdan sonra Aişə ilə birlikdə gözəllik salonundan çıxıb getmişlər. Bir qədər sonra isə saat 17 radələrində Aişə yenidən onun gözəllik salonuna gəlib əl çantasının içərisində gördüyü bədən spreyinin şəklini çəkmək istədiyini demiş, o da buna razılıq vermiş və Aişə əl çantasının içərisində olan spreyi çıxarıb mobil telefonu ilə şəklini çəkmiş, bundan sonra isə Aişə çıxıb getmişdir. Aişə getdikdən sonra isə əl çantasını götürüb içərisinə baxdıqda görmüş ki, özünə məxsus olan bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyü əl çantasının içərisində yoxdur. Bu vaxt Aişənin ona məxsus bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyünü oğurlamasını anlamış, çünkü Aişə əl çantasını əlində saxlamış, həmçinin əl çantasının içərisindən bədən spreyini götürüb şəklini çəkmiş, buna görə də Aişə ilə əlaqə saxlayıb ona oğurladığı qızıl üzüyünü qaytarmasını demiş, Aişə isə ona qızıl üzüyünü oğurlamadığını demiş, bundan sonra isə Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılan zaman isə Aişə ona məxsus bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyünü oğurladığını etiraf etmiş, Aişə həmin qızıl üzüyü ona bir nəfər tanımadığı şəxsin vasitəsi ilə göndərmiş, o da bundan sonra həmin qızıl üzüyü polis şöbəsində araşdırma aparılan zaman təqdim etmiş, Aişə ona məxsus oğurladığı bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyünü qaytardığı üçün Aişənin barəsində etdiyi şikayəti dayandırmış və hazırda da Aişənin barəsində şikayət və tələbi yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs təhqiqat zamanı ərindən qorxduğu üçün izahatında ona məxsus qızıl üzüyü gözəllik salonunda olan divanın üzərindən oğurlamasını dediyini, əslində isə Təqsirləndirilən şəxs faktiki olaraq ona məxsus bir ədəd Rusiya Federasiyası istehsalı olan 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyü qara rəngli əl çantasının içərisindən oğurladığını, həmin qızıl üzüyün bir qramının faktiki olaraq 85 manat təşkil etiyi üçün dəyərinin 467 manat 50 qəpik olduğunu, Təqsirləndirilən şəxs saat 17 radələrində ikinci dəfə tək başına ona məxsus gözəllik salonuna gəldikdən sonra əl çantasının içərisindən ona aid olan qızıl üzüyünü oğurladığını, çünkü Aişə ilə İlhamənin birinci dəfə gözəllik salonuna gəlib getdikdən sonra əl çantasının içərisində olan qızıl üzük və bir cüt sırğaya baxdığını və həmin vaxt qızılzinət əşyalarının yerində olduğunu göstərmişdir. Həmçinin, iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışımış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olmuşdur ki, o, 2023-cü ilin əvvəllərində Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlanan foto studiyasında işə başlamış, Zərərçəkmiş şəxs bir neçə aydır ki, tanıyır, lakin Elnarə ilə qısa müddətdir ki, yaxın münasibəti yaranmış, Təqsirləndirilən şəxs da tanıyır. Aişə ilə əvvəllər Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlanan foto studiyasında bilrikdə işləmiş və onunla normal münasibəti olmuş, Aişə ilə birlikdə bir neçə dəfə Elnarənin icarə əsasında işlətdiyi gözəllik salonuna gedib ona iş gördürmüşlər. Sonuncu dəfə isə 30 iyun 2023-cü il tarixdə saat 16 radələrində iş yoldaşı Aişə ilə birlikdə işləri az olduğu üçün Elnarənin icarə əsasında işlətdiyi gözəllik salonuna Elnarənin satmaq üçün gətirdiyi kremlərə baxmağa getmişlər. Ora getdikdə Elnarə salonun içərisində oturmuş, onları Elnarə qarşılamış, içəri keçmişlər və söhbət etmişlər. Elnarəyə demiş ki, “gəl sənin qaşlarını düzəldim” Elnarə də razılaşmış, Elnarənin qaşını düzəltməyə başlamış, Aişə isə həmin vaxt güzgünün qarşısından ətir qapağı götürüb bu hansı ətirdi deyə Elnarədən soruşmuş Elnarə isə divanın üstündə olan əl çantasında olduğunu demiş, Aişə bundan sonra divanda oturmuş, o da Elnarənin qaşlarını düzəltməkdə davam etmiş, Aişə Elnarədən daimi olaraq niyə həmin əl çantasını götürdüyünü soruşmuş, Elnarə isə həmin əl çantasını 60 manata aldığını, buna görə də həmin əl çantasından daimi olaraq istifadə etdiyini demiş, Elnarənin qaşlarını düzəldərkən Aişə bir dəfə “Foto Sevinc” iş yerinə gedib-gəlmiş və yenə divanda oturmuş, işini bitirib qurtardıqdan sonra işlədiyi “Foto Sevinc” studiyasına getmiş, təxminən 5 dəqiqə sonra Aişə də onun yanına gəlmiş və Elnarənin qəşəng spreyi olduğunu demiş, o da Aişəyə gedib həmin spreyin şəklini çəkməsini demiş, Aişə də buna görə iş yerindən çıxıb yenidən Elnarənin gözəllik salonuna getmişdir. Eyni zamanda Şahid ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi gözəllik salonuna gedib orada divanın üzərindəki əl çantasından Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl üzüyü oğurlaması barədə heç bir məlumatı olmadığını və ya bununla bağlı Aişə ilə aralarında hər hansısa bir razılaşma olmadığını, Aişənin Elnarənin gözəllik salonuna bədən spreyinin şəklini çəkməyə getdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Elnarə” gözəllik salonuna baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Azərbaycan Respublikasının DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 09 avqust 2023-cü il tarixli, 9/6033 nömrəli rəyindən görünür ki, Rusiya Federasiyası istehsallı 585 əyarlı 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyün 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti 467,50 manat (5.5 qram x 85.00 man) müəyyən olunmuşdur; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” itizam qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs aid bir ədəd Rusiya Federasiyası istehsalı 585 əyyarlı 5.5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzük iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır; Zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy Rayon İHB-nin Tapqaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); -iki azyaşlı övladının olmasını (əsas: iş materiallarında olan Goranboy Rayon İHBnin Tapqaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – bir ədəd Rusiya Federasiyası istehsalı 585 əyyarlı, 5,5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – bir ədəd Rusiya Federasiyası istehsalı 585 əyyarlı 5.5 qram çəkidə şəbəkə toxunuşlu qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab № 2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar