Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-84/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvası təşkil etmiş, saxlamış və bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Belə ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etməklə, saxlamaqla, yəni yaşadığı Goranboy şəhəri S.Vurğun küçəsi, 19 nömrəli evin bir otağında xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Şahid1 Fəxrəddin oğlunun vətəndaş Şahid2 ilə cinsi əlaqədə olmalarından ötrü 15 manat pul alması müqabilində bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy şəhəri, S.Vurğun küçəsi, 19 nömrəli evdə tək yaşayır. Heç yerdə işləmədiyi üçün dolanışıq çətin olduğuna görə də, xx.xx.2023cü il tarixdə təxminən saat 21 radələrində Pərviz adlı əvvəldən tanımadığı bir oğlan ona zəng edərək qadınla gecəni qalmaq, yəni görüşüb, cinsi əlaqədə olmaq üçün ev lazım olduğunu bildirdikdə, o, həmin Pərviz adlı şəxsə ev təşkil edə biləcəyini, gecəni qalmaq və qadınla cinsi əlaqədə olmaq üçün 20 manat verməsini bildirmişdir. Bundan təxminən yarım saat keçmiş həmin Pərviz adlı oğlan ona zəng edərək küçələrində olduqlarını dediyi üçün o, küçəyə çıxıb Pərvizi və yanındakı bir nəfər qadını qarşılamışdır. Pərvizin yanındakı qadını əvvəldən tanımadığını bildirmişdir. Evinin iki otaqdan ibarət olduğunu və həmin otaqlardan birini hazırlayıb, yerə döşək salıb, Pərviz və adının Aysel olduğunu sonradan öyrəndiyi qadının cinsi əlaqədə olmaları üçün hazırlamışdır. xx.xx.2023-cü il tarixdə evinə gələn Pərviz və Ayseli həmin hazırladığı otağa aparmış, Pərviz ona 20 manat pul vermiş, o isə Pərvizə 5 manat pul qaytarmışdır. O, Pərvizə əvvəldən qadınla evində görüşmələri üçün 20 manat pul verməsini demiş, ancaq orada Pərviz 15 manat pul verəcəyini bildirdikdə o Pərvizlə razılaşmışdır. Onları görüşmək üçün hazırlayıb, təşkil etdiyi otağa salıb, özü həyətə çıxmışdır. Bu zaman əvvəllər onun həyətində ot biçmiş Emil adlı oğlan gəlmişdir. Emil onun həyətinin otunu biçdiyinə görə ona 10 manat borcu qalmışdır. Emilə oturmasını, ona çay içməsini, sonra pulunu verəcəyini bildirmişdir. O, Emilə çay gətirməyə gedən zaman polis əməkdaşları həyətə gəlmişlər və onun evində cinsi əlaqədə olan Pərviz və Ayseli çılpaq vəziyyətdə otaqda aşkar etmişlər. O, orada Pərvizlə Ayselin 15 manat pul müqabilində cinsi əlaqədə olmaları üçün otaq təşkil etməsini, yəni evinin bir otağını onlara verməsini etiraf etmişdir. Polis əməkdaşları baxış keçirən zaman o, Pərvizdən aldığı və dəmir qutuya qoyduğu 20 manat pulu təqdim etmişdir. O, əməlindən peşman olduğunu, qanun pozuntusuna yol verdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. O, əvvəllər evində heç kimin cinsi əlaqədə olmasını təşkil etmədiyini, Pərviz adlı oğlan ona zəng edən zaman pula ehtiyacı olduğu üçün onunla razılaşdığını və 15 manat pul müqabilində evində qadınla görüşməsini təşkil etdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, günəmuzd olaraq həyətlərdə işləyib ailəsini dolandırır. Goranboy şəhəri S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır, belə ki, onun rəhmətlik atası onların kəndçisi olmuş, uzaq qohumluğu çatır. O, təxminən 20-25 gün əvvəl Arazın həyətinin otunu biçmiş, Arazın ona 15 manat pul borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Araza zəng edərək onun 15 manatını verməsini bildirmişdir. Araz isə onun evinə getməsini, pulunu verəcəyini dediyi üçün o, Arazgilə getmişdir. Həyətə keçmiş, Araz ona oturmasını, bir çay içməsini, sonra pulunu verəcəyini demişdir. Araz indi ona pul gələcəyini və onun pulunu verəcəyini bildirmişdir. O, evin açıq eyvanında oturmuş, Araz ona çay süzmək üçün mətbəxə keçmişdir. Bu zaman polis əməkdaşları həyətə gəlmişlər və Arazın evinə baxış keçirən zaman otağın birindən lüt vəziyyətdə bir qadın və kişi aşkar etmişlər. Bu zaman o, Araz evində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etməsini və həmin çılpaq qadın və kişinin pul müqabilində Arazın evində cinsi əlaqədə olmalarını bilmişdir. Arazın evində qadınla cinsi əlaqədə olan Pərviz adlı oğlan Araza 15 manat pul verdiyini, Araz isə Pərvizdən 15 mana pul alaraq onlar üçün evində cinsi əlaqədə olmaq üçün yer təşkil etməsini bildirmişlər. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş və onlar da polis şöbəsinə gəlmişdir. O, Arazın evinə çox gedib-gəlmədiyini, ancaq bir neçə dəfə iş görmək üçün gedib-gəldiyini, əvvəllər Arazın evində cinsi əlaqədə olmaq üçün yer təşkil etməsini görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy şəhəri Səməd Vurğun küçəsində yaşayan Araz adlı şəxsin yaşadığı evdə qadınla görüşmək üçün otaq verdiyini, yəni pul müqabilində bir neçə saatlıq evində qadınla cinsi əlaqədə olmaq üçün şərait yaratdığını eşitdiyi üçün Arazın evində qadınla cinsi əlaqədə olmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində öz istifadəsində olan ***-***-**-** nömrəli telefonundan Arazın istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək qadın gətirib, onun evində görüşmək istədiyini bildirmişdir. Araz görüşə biləcəyini, gecəni qalacaqsa, 20 manat, bir dəfə görüşüb gedəcəksə, 15 manat pul verəcəyini bildirmiş, o isə Araza görüşüb gedəcəyini demişdir. O, bundan sonra Naftalan şəhərində yaşayan tanışı Ayselə zəng edərək onunla görüşməyi təklif etmişdir. Aysel onunla 20 manat müqabilində görüşməyə razılaşmışdır. O, taksi ilə gedib Naftalan şəhərindən Ayseli götürüb Goranboy şəhərinə gəlmişdir. Goranboy şəhəri S.Vurğun küçəsində yaşayan Arazın evinə getmiş, küçədən Arazın telefonuna zəng vurub gəldiyini bildirmişdir. Araz küçəyə çıxıb onları qarşılamış və evinə aparmışdır. O, Araza 20 manat pul verib, bir dəfə görüşüb, yəni cinsi əlaqədə olub gedəcəklərini, gecəni qalmayacaqlarını bildirmişdir. Araz ondan 20 manat pulu almış, ona 5 manat qaytarmışdır. Yəni bir dəfə cinsi əlaqədə olmaq üçün ondan 15 manat pul almışdır. Arazın evinin iki otaqdan ibarət olduğunu, Araz onları evin sol tərəfindəki otağa saldığını, həmin otaqda sol tərəfdə bir çarpayı olduğunu, evin ortasında isə döşəməyə döşək salındığını, üzərinə yataq dəstləri, yəni mələfə salındığını, yataq yeri düzəldildiyini, hazır yer olduğunu göstərmişdir. Araz onlara döşəmədə düzəldilmiş yataqda yatıb cinsi əlaqədə olacaqlarını bildirmişdir. O, Ayselə də 20 manat pul vermişdir. Araz onları otağa yerləşdirib, özü otaqdan çıxıb, qapını örtmüşdür. O və Aysel paltarlarını soyunub yatağa uzanıb cinsi əlaqədə olan zaman polis əməkdaşları gələrək onları aşkar etmişlər. Orada o, ev sahibi Araza onun evində Aysellə cinsi əlaqədə olmaq üçün otaq təşkil etdiyinə görə 15 manat pul verdiyini etiraf etmiş, eyni zamanda Ayselə də 20 manat pul verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və onlar polis şöbəsinə gəlmişlər. O, əvvəllər Arazın evində olmadığını, orada ilk dəfə olduğunu, Arazın tək yaşadığını, qadın aparsa pul müqabilində onun evində cinsi əlaqədə ola biləcəyini eşitdiyinə görə Araza müraciət etdiyini, Arazın isə evində qadınla cinsi əlaqədə olmağı üçün otaq təşkil edəcəyini bildirdiyini və buna şərait yaratdığını bildirmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, cinsi əlaqədə olan Aysel adlı xanım ilə 20 ildir ki gizli olaraq görüşür. Təqsirləndirilən şəxs adlı şəxsin belə bir şəraitinin olması barədə əvvəldən xəbəri olduğu üçün sonuncuya müraciət etmişdir. O, əvvəllər Arazın evində olmamış, orada ilk dəfə idi ki, olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanışı olan Şahin adlı oğlanın dostu olan Pərviz adlı oğlan ona zəng edərək onunla görüşmək, yəni cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o isə 20 manat müqabilində görüşə biləcəyini demişdir. Pərviz ona, hazırlaşmasını gəlib onu götürəcəyini bildirmiş və bir neçə dəqiqə keçmiş Pərviz Naftalan şəhərinə gəlmiş və o, yaşadığı küçənin yuxarı tərəfnə çıxmış, Pərviz “VAZ-2106” markalı taksi avtomobillə gəlib onu götürmüşdür. Pərviz ona, Goranboy şəhərinə gedib, orada ev olmasını və həmin evdə görüşəcəklərini demişdir. Onlar Goranboy şəhərinə gəlmişlər və bir küçənin başında avtomobildən düşüb piyada bir evə getmişlər. Onlar yaxınlaşanda Pərviz zəng etmiş bir nəfər oğlan, adının Araz olduğunu sonradan bildiyi oğlan küçəyə çıxıb onları qarşılamış, onları həyətinə aparmışdır. Sonra evə keçdikkə Pərviz Araza 20 manat pul vermiş , Araz Pərvizdən 20 manatı alıb ona 5 manat qaytarmışdır. Yəni bir dəfə cinsi əlaqədə olmaq üçün Pərvizdən 15 manat pul almışdır. Arazın evi iki otaqdan ibarət olduğunu və Arazın onları evin sol tərəfindəki otağa salıb, həmin otaqda döşəmədə düzəldilmiş yataqda yatıb, cinsi əlaqədə olacaqlarını bildirmişdir. Pərviz ona 20 manat pul vermişdir. Araz onları otağa yerləşdirib, özü otaqdan çıxıb qapını örtmüşdür. Onlar paltarlarını soyunub yatağa uzanıb cinsi əlaqədə olan zaman polis əməkdaşları gələrək onları aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. O, əvvəllər Arazın evində olmadığını, orada ilk dəfə olduğunu, Arazın evində nə Pərvizlə, nə də başqa şəxslərlə əvvəllər cinsi əlaqədə olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 18 avqust 2023-cü il tarixdə, saat 23:00-dan məhdudlaşdırılmışdır; “Baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkklili, polis kapitanı X4, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X2, Goranboy RPŞ-nin PPXBnün polis nəfəri, polis baş serjantı X3 və Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 iştirakları ilə protokol tərtib edilmişdir. Goranboy şəhəri, S.Vurğun küçəsi, 19 nömrəli evin həyətinə yaxınlaşdıqda evin həyətinin daş hasarla əhatələnməsi və həyətə girişin dəmir darvazadan olması, darvazanın arxasının bağlı olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən hasardan keçilməklə darvazanın arxası açıldıqdan sonra həyətə daxil olmuşdur. Həyətdə sol tərəfdə bir mərtəbəli, açıq eyvanlı və iki otaqlı ev olması müəyyən edilmişdir. Yaşayış evinin sağ tərəfindəki otaqda ev sahibi Təqsirləndirilən şəxs və Şahid3 Əlyar oğlu adlı şəxsin söhbət etmələri aşkar edilmişdir. Bundan sonra evin sol tərəfdə olan otağına daxil olunaraq baxış keçirilən zaman otağa girişdə sol tərəfdə bir ədəd çarpayı, otağın ortasında döşəmədə isə yerdən salınmış döşək və digər yataq dəstləri, həmin yataq üzərində bir nəfər qadın və kişinin çılpaq vəziyyətdə cinsi əlaqədə olmaları, polis əməkdaşları otağa daxil olan kimi ayağa qalxmaları müəyyən edilmişdir. Otaqda çılpaq vəziyyətdə olan kişi özünü təqdim edərək Şahid1 Fəxrəddin oğlu olmasını, qadın isə Şahid2 olmasını bildirmişdir. Şahid1 ev sahibi Təqsirləndirilən şəxslə danışaraq 15 manat pul müqabilində Şahid2 ilə cinsi əlaqədə olması üçün Təqsirləndirilən şəxs evində otaq təşkil etməsi və bu məqsədlə Təqsirləndirilən şəxs 20 manat pul verməsi, Təqsirləndirilən şəxs 20 manat pulu alaraq ona 5 manat pul qaytarmasını bildirmişdir. Bundan sonra ev sahibi Təqsirləndirilən şəxs Şahid1 onun evində Şahid2 ilə cinsi əlaqədə olması üçün otaq təşkil etməsinə görə almış olduğu 20 manat pulu aldıqdan sonra evindəki dəmir qutunun içərisinə qoyduğunu bildirərək, həmin dəmir qutunu gətirərək içərisində olan 20 manat pulu könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul iş üçün əhəmiyyət kəsb etdiyinə görə tərəfindən götürülərək bir ədəd zərfdə qablaşdırılaraq, DİN-nin 121 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. “Maddi sübutun tanınması haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış zamanı 18 avqust 2023-cü il tarixli protokolla götürülmüş 20 manatlıq pul əskinası iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞnin maliyyə hissəsinə təhvil verilmişdir; “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Goranboy rayon Məhkəməsinin 20 fevral 2004-cü il tarixli, 1-14-2004 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, 221.3-cü maddəsi ilə 3(üç) il müddətinə azadlıqdan mərhumetmə cəzasına, 221.2.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. Aəzrbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən A.K. Mehralıyevə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyriyaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb- başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 244.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 20 (iyirmi) manat pul vəsaiti cinayət yolu ilə əldə edilən əmlak olduğundan CM-in 99-1.1.2-ci maddəsinin tələbləri baxımından həmin pul vəsaiti xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (18 avqust 2023-cü il – 20 avqust 2023-cü il), həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 20 (iyirmi) manat pul vəsaiti xüsusi müsadirə olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün (18 avqust 2023-cü il - 20 avqust 2023-cü il) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə (08 (səkkiz) gün ona təyin edilmiş islah işlərinin cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işlərinin cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin Maliyyə hissəsinə depozitə verilmiş 20 (iyirmi) manat pul vəsaiti xüsusi müsadirə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-84/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-84/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver