Məhkəmə qərarları › İş №1(045)-86/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-86/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-86/2023 14.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.2008-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermək” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyul 2023-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs Goranboy rayonunun Rus-Borisi kəndindəki fərdi yaşayış evində qonaq olarkən həmin gün yerli vaxtla axşam saat 21 radələrində yataq otağındakı dolabda olan əl çantasının içərisində saxlanan 1865 (bir min səkkiz yüz altmış beş) manat dəyərində sarı rəngli, üzərilərində "585" əyyar damğası olan 21,95 qram çəkidə 1(bir) dəst qızıl sırğa cütü-üzük-qolbağboyunbağını, 415 (dörd yüz on beş) manat dəyərində sarı rəngli, üzərilərində 79 ədəd rəngsiz şəffaf qaşı, halqasının iç tərəfində "BRAVO 585" əyyar damğası olan 3,41 qram çəkidə 1(bir) ədəd qızıl üzüyü qəsdən vahid tamah niyyətilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2280 (iki min iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır və Bərdə şəhəri 5 saylı tam orta məktəbin 10-cu sinifində oxuyur. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində atası Şahid1, anası Nümayəndə, bacısı Şahid5, bacısının əri Musa Əliyev və bacısının azyaşlı oğlu Fərhad ilə birlikdə istirahət etmək üçün atasına məxsus "Mercedes" markalı, 99FL436 dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə getmişlər. Bacısının qaynı Eltonun xalasının əri Rövşən atası ilə mobil telefonla danışaraq Goranboy rayonunun Rus Borisi kəndində yaşayan Dilarə Həsənovanın yaşadığı evə getmələrini məsləhət bilmişdir. Həmin ünvana gedən zaman Rövşən, oğlu Pərviz, gəlini Bənövşə, Dilarə Həsənova, əri Zərərçəkmiş şəxs və sonuncunun anası Sona Rzayeva orada birlikdə olmuşlar. Orada yeyib-içdikdən sonra axşam saat 21 radələrində bacısının qaynanası Zenfira, qaynatası Fərhad, bacısının qaynı Elton və Gülnarə həmin yerə gəlmişlər. Həmin vaxtdan az sonra evdə olan kişilər evdən kənara gedib yeyib içmişlər. Qadınlar həmin vaxt evdə olmuşlar. Bir az sonra kişilər yenidən evə gəlib digər evdə yatmağa getmişlər. Dilarə Həsənovanın icazəsi ilə yataq otağına keçmişdir. Azyaşlı bacısı oğlu Fərhad həmin otaqda yatılı vəziyyətdə olmuşdur. Otağa daxil olub otağın işığını yandırmışdır. Saçını bağlamaq üçün rezin axtardığından otaqda olan termonun aşağı hissəsində olan qapağı açmış və orada olan qara rəngli əl çantasını götürüb ağzını açdıqda içərisində olan qızıl-zinət əşyaları saxlanılan iki ədəd qırmızı rəngli biri dördkünc və biri ürək formalı olan qab olduğunu görmüşdür. İlk öncə dördkünc formalı qabı götürüb ağzını açmaq istəyərkən kilidi qırılmışdır. Qapağı açan zaman içərisində bir ədəd üzərində dörd künc qaşı olan üzük olmuşdur. Uşaqlıqdan bu kimi qızıl-zinət əşyalarına marağı olduğundan, eləcə də həmin qızıldan xoşu gəldiyindən onu götürmüşdür. Daha sonra digər ürək formalı qabın qapağını açmışdır. Onun içərisində bir ədəd üzük, bir ədəd bilərzik, bir ədəd boyunbağı və bir cüt sırğa olmuşdur. Həmin qızılzinət əşyalarını daimi istifadə etmək üçün götürmüş və qaytarmaq niyyəti olmamışdır. Qabın içərisində olan bütün qızıl-zinət əşyalarını götürüb öz əl çantasının içərisinə qoymuşdur. Daha sonra götürdüyü əl çantasını olduğu kimi yerinə geri qoymuş və otaqda olan çarpayının üzərində uzanaraq yuxuya getmişdir. Bir az sonra anası Aygün, bacısı Təranə və bacısının eltisi Gülnarə otağa daxil olub söhbət edən zaman o, yuxudan ayılmışdır. Birlikdə otaqdan həyətə çıxaraq söhbət etmişlər və bir az sonra digər otaqda yatmağa getmişlər. Həmin qızıl zinət əşyalarını götürməyi barədə heç kəsə heç bir şey deməmişdir. Səhər saat 8 radələrində onlar yuxudan ayılıb yenidən yaşadığı Bərdə şəhərinə geri qayıtmışlar. Evə gəldikdən sonra o, götürdüyü bilərziyi öz əl çantasından çıxarıb qoluna taxmışdır. Lakin qolbağını qoluna taxdığını evdə heç kəs görməmişdir. Yenidən qolbağını çantasına qoymuşdur. Təxminən saat 15 radələrində yuxudan ayılıb anasının evdə mobil telefonla danışdığını görmüşdür. Anasindan nə baş verdiyini soruşan zaman anası Dilarə Həsənova məxsus qızıl-zinət əşyalarının oğurlanmasını demişdir. Tez xalası oğlu Heydərə zəng edərək Dilarə Həsənovanın evindən qızıl-zinət əşyalarını götürdüyünü bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra o, anası Nümayəndə qızılları götürdüyünü bildirən zaman Heydər də evə gəlib bu barədə anası Nümayəndə məlumat vermişdir. Anası onu danlayıb nə səbəbə bu kimi hərəkət etməyini soruşmuşdur. Bir az sonra onu Xocalı RPŞ- yə dəvət etmişlər. Götürdüyü qızıl-zinət əşyalarını özü ilə təhvil vermək üçün polis şöbəsinə gətirmişdir. Törətdiyi cinayət hadisəsini heç kimin görmədiyini və bu barədə heç kimin məlumatının olmadığını bildirmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonunun Zəylik kəndində daimi qeydiyyatda olmaqla, Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və heç bir yerdə işləmir. Bir cüt qızıl sırğa, bir ədəd qızıl nişan üzüyü, bir ədəd dəstin qızıl üzüyü, bir ədəd boyun bağı, bir ədəd bilərziyi toyu zamanı almışdır, həmin zinət əşyaları ona məxsusdur. Həmin qızıl-zinət əşyaları yataq otağının daxilində olan termonun qapaqlı hissəsində əl çantasının içərisində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində bacanağı Şahid2 qohumları Gülnarə Əliyeva, Musa, Təranə, Fatma, Aygün, Bənövşə, Zenfira və Eldar onlara qonaq gəlmişlər. Onlar növbəti gün səhər saat təxminən 8-dək onlarda qalmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində arvadı Şahid3 evdə olan qızıl-zinət əşyalarına baxan zaman əşyalarının yerində olmadığını görmüş və ona bu barədə məlumat vermişdir. Şahid3 və anası Sona Rzayeva evin hər tərəfini axtarmalarına baxmayaraq qızıl-zinət əşyalarlını tapa bilməmişlər. Qızıl-zinət əşyalarının oğurlandığını bilib bu barədə DİN-in "102” Xidməti-zəng mərkəzi sisteminə müraciət etmişdir. O, 27 iyun 2023-cü il tarixdə onun evində qonaq qalan Təqsirləndirilən şəxs şübhələnmişdir. Belə ki, həyat yoldaşı Şahid3 Təqsirləndirilən şəxs yataq otağında tək qaldığını bildirmişdir. Daha sonra Şahid3 bu barədə bacısı Gülnarəyə məlumat vermişdir. Sonradan Gülnarə onlara zəng edərək qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3 Niyazi qızı, Şahid4, Şahid5 və Şahid6 dəfələrlə dindirilmək üçün çağırılsalar da, məhkəmə iclaslarında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 4 ünvanda yaşayır və fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun qızıdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 9 radələrində o, arvadı Nümayəndə, kürəkəni Musa, qızları Fatma və Təranə ilə birlikdə özünə məxsus avtomobillə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə istirahət etməyə getmişlər. Yolda olan zaman qudası ona zəng edərək Goranboy rayonunun Rus- Borisi kəndində yaşayan qohumları Dilarəgilə qonaq getməyi təklif etmiş, saat təxminən 11-12 radələrində Aşağı Ağcakənd qəsəbəsindən həmin ünvana getmişlər. Rus-Borisi kəndinə çatdıqdan bir az sonra digər qonaqlar da həmin ünvana gəlmişlər. Orada əyləşib yeyib içdikdən sonra kişilər bağa əlavə yeyib-içməyə getmişlər. Axşam saatlarında yenidən evə qayıdıb çay içib həyətdə olan digər evdə yatmışlar. Növbəti gün xx.xx.2023cü il tarixdə səhər tezdən saat təxminən 9 radələrində eyni qaydada onun ailə üzvləri avtomobili ilə geriyə Bərdə şəhərinə qayıtmışlar. Evə gəldikdən sonra işə getmişdir. Həyat yoldaşı Nümayəndə və qızı Təqsirləndirilən şəxs evdə olmuşlar. Həmin gün saat təxminən 15-16 radələrində qudası ona zəng edərək bir gün əvvəl qonaq getdikləri evdən qızıl-zinət əşyalarının oğurlanmasını demiş və bildirmişdir ki, bununla bağlı Goranboy rayonuna getmək lazımdır. Tez evə zəng edərək Nümayəndə belə hadisə baş verdiyini demiş və Goranboy rayonuna getmələri üçün hazırlaşmalarını bildirmişdir. Nümayəndə ona heç məlumatının olmadığını demişdir. Təxminən 30 dəqiqə sonra qudası yenidən ona zəng vuraraq oğurlanan qızıl-zinət əşyalarının onlarda olmasını demişdir. Yenidən Nümayəndə zəng edib qızılın onlarda olub-olmadığını soruşmuşdur. Aygün yenə qızılların onlarda olmadığını demişdir. Bundan sonra evə gedib qızı Təqsirləndirilən şəxs və arvadı Nümayəndə qızıl-zinət əşyalarını gətirmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs salfetə bükülmüş halda qızıl-zinət əşyalarını ona vermişdir. Bu zaman o, Təqsirləndirilən şəxs tənbeh etmiş və həmin qızıl-zinət əşyalarını təhvil vermək üçün Xocalı Rayon Polis Şöbəsinə göndərmişdir. Şahid3 Niyazi qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, o, Kəlbəcər rayonunun Zəylik kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Rus Borisi kəndində yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus bir cüt qızıl sırğanı, bir ədəd qızıl nişan üzüyünü, bir ədəd dəstin qızıl üzüyü, bir ədəd boyunbağını, bir ədəd bilərziyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə toydan yaşadığı evə gələrək üzərindən çıxarıb yataq otağında yerləşən termonun qapaqlı hissəsində olan əl çantasının içərisinə qoymuşdur. 27 iyun 2023-cü il tarixdə saat təxminən 16 radələrində bacısı Gülnarə Əliyeva, həyat yoldaşı Şahid2 və onun qohumları, Musa, Təranə, Fatma, Aygün, Bənövşə, Zenfira və Eldar onlara qonaq gəlmişlər. Həmin qonaqlar növbəti gün, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 8-dək onlarda qalmışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin qızılzinət əşyalarına baxan zaman qeyd etdiyi qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. İlk öncə başqa yerə qoyduğunu düşündüyündən əri Zərərçəkmiş şəxs və qaynanası Sona Rzayeva ilə birlikdə evin hər tərəfini axtarmışlar. Lakin axtarmalarına baxmayaraq qızıl-zinət əşyalarını tapa bilməmişlər. Bu səbəbdən əri Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarının oğurlandığını düşünüb DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə müraciət edərək evindən qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs, anası Nümayəndə və bacısı Təranənin həmin otaqda olmaları yadına düşmüş və Təqsirləndirilən şəxs əvvəllər oğurluq etdiyini eşitdiyindən qızıl-zinət əşyalarını onun oğurladığını fikirləşmişdir. Yataq otağının səliqəli və daha rahat olmasına görə onlara həmin otaqda olmalarına icazə vermişdir. Bu barədə telefon vasitəsi ilə bacısı Gülnarə Əliyevaya bildirmişdir. Daha sonra Gülnarə Əliyeva ona zəng edərək onlara gələn qonaqlardan maraqlandığını və onun qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs götürdüyünü bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, o, Bərdə şəhərində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada məskunlaşmış və heç bir yerdə işləmir. 27 iyun 2023-cü il tarixdə o, əri Eltun Əliyev, qaynatası Fərhad Əliyev, qayınanası Şahid6 ilə birlikdə Goranboy rayonunun Rus-Borisi kəndində yaşayan bacısı Dilarəgilə getmişlər. Həmin vaxt qaynı Musa Əliyev, arvadı Şahid5, qohumları Şahid1, Nümayəndə, Təqsirləndirilən şəxs da orada olmuşlar. Onlar birlikdə 1 gün orada qaldıqdan sonra 28 iyun 2023-cü il tarixdə geri Bərdə şəhərinə qayıtmışlar. Həmin gün təxminən saat 13 radələrində Dilarə onlara zəng edərək evindən qızıl-zinət əşyalarının oğurlandığını və buna görə həmin gün orada olan bütün şəxslərdən şübhələndiyini bildirmişdir. Qaynanası Zenfiragilə getmək istədikdə Nümayəndə ona zəng edərək bacısının oğurlanan qızıl-zinət əşyalarının onlarda olduğunu bildirmişdir. Nümayəndə qızılları niyə götürdüklərini soruşduqda ona qızının səhv elədiyini deyərək ondan üzr istəmişdir. Şahid3 ona zəng etdikdə o, bacısına narahat olmamasını və qızılların tapıldığını qeyd etmişdir. Bundan sonra o, qaynanası Zenfiragilə gedərək qızılların Aygün və qızı Fatmada olduğunu bildirmişdir. Əri Şahid2 Şahid1 zəng edib qızılların onun ailə üzvlərinin götürdüyünü bildirmişdir. Şahidlər Şahid2 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrində X3 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, o, Bərdə rayonunun Mollalı kendində daimi qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun bacısıdır və aralarında heç bir ədavət yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində o, atası Şahid1, anası Nümayəndə, bacısı Fatma Vəliyava, əri Musa Əliyev ilə birlikdə atasına məxsus avtomobillə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsinə gəlmişlər. Yolda gələn zaman onlar Goranboy rayonunun Rus Borisi kəndinə eltisi Gülnarə Əliyevanın bacısı Dilarəgilə getmək qərarına gəlib həmin ünvana getmişlər. Rus-Borisi kəndinə çatdıqdan bir az sonra qaynatası Fərhad, qaynanası Zenfira, qaynı Elton və eltisi Gülnarə də həmin ünvana gəlmişlər. Orada yeyib-içdikdən sonra kişilər bağa getmişlər. Saat təxminən 19-20 radələrində bacısı Təqsirləndirilən şəxs Dilarənin yataq otağında azyaşlı oğlu Fərhadın yanında yatmışdır. Təxminən saat 22-23 radələrində o, bacısı Təqsirləndirilən şəxs, anası Nümayəndə, eltisi Gülnarə və qohumları Bənövşə ilə birlikdə Dilarənin yataq otağında oturmuşlar. Daha sonra gecəni onlar orada qaldıqdan sonra 28 iyun 2023-cü il tarixdə saat təxminən 9 radələrində geri Bərdə rayonuna qayıtmışlar. Həmin gün təxminən saat 15-16 radələrində eltisinin bacısı Dilarə onun qaynanası Zenfiraya zəng edərək evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Həmin vaxtdan bir az keçdikdən sonra həmin qızıl-zinət əşyalarını bacısı Təqsirləndirilən şəxs oğurladığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nın müstəntiqi X1 rayonu Rus-Borisi kəndində baş vermiş oğurluq hadisə ilə əlaqədar hadisə yerinə gəlib Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Goranboy rayonu Rus-Borisi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev bir mərtəbəli olub, bir qonaq otağı, iki yataq otağı, bir mətbəx və bir dəhlizdən ibarətdir. Baxış zamanı Zərərçəkmiş şəxs yataq otağını təqdim edərək oğurlanan qızıl-zinət əşyalarının oğurlanmadan öncə otaqda olan termonun qapaqlı hissəsində boz rəngli əl çantasının içərisində iki ədəd qırmızı rəngli qabların içərisində olduğunu və xx.xx.2023-cü il tarixdə oğurlanmasının aşkar edildiyini bildirmişdir. Baxış zamanı hər hansı bir maddi sübut aşkar edilmədi. Buna dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; “Götürülmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Goranboy rayonu Rus Borisi kəndində yerləşən Zərərçəkmiş şəxs evindən oğurlanan bir ədəd qızıl üzük və bir dəst qızıl boyunbağı-qolbaq-üzük-sırğa cütü Təqsirləndirilən şəxs anası X4 iştirakı ilə Xocalı RPŞ-nin inzibati binasında müstəntiq X5 xidməti otağında onun tərəfindən götürülüb saxlanılması üçün Xocalı RPŞ-nin maddi sübutlar saxlanılan otağına təhvil verilmişdir. Buna dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nın müstəntiqi X1 rayonu Rus-Borisi kəndində xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi iki ədəd qızıl-zinət əşyalarının qutularına baxış keçirilmişdir. Baxış keçirilən əşyalar iki ədəd içərisində qızıl-zinət əşyaları qoymaq üçün nəzərdə tutulmuş qutulardır. Zərərçəkmiş şəxs həmin qutuları təqdim edərək bildirmişdir ki, ona məxsus olan qızıl-zinət əşyaları oğurlanmamışdan əvvəl qeyd olunan qutuların içərisində olmuşdur. Qutulardan biri ürək formalı olub 12x12 sm ölçüsündədir. Baxış zamanı üzərində heç bir kənar təsirdən yaranmış izlər və ya deformasiya müəyyən edilməmişdir. Digər qutu dördkünc formalı olub 5,3x5,5 sm ölçüsündədir. Baxış zamanı qutunun kilidin üst hissəsinin yerində olmadığı, qopub düşməsi müəyyən edilmişdir. Qutu üzərində başqa heç bir kənar təsirdən yaranmış izlər və deformasiya müəyyən edilməmişdir. Baxışa dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3760-9/5289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sarı rəngli üzərlərində “585” damğası olan 1 dəst sırğa cütü-üzük-qolbaqboyunbağı kütləsi 21,95 qram olmaqla ümumi qiyməti 1865 manat və sarı rəngli üzərində 79 ədəd rəngsiz şəffaf qaşı, halqasının iç tərəfində “BRAVO 585” damğası olan 1 ədəd üzük kütləsi 3,41 qram olmaqla ümumi qiyməti 415 manat, cəmi 2280 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır; “Maddi sübut hesab edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “585” əyarlı 21,95 qram çəkidə bir dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, bir ədəd “585” əyarlı 3,41 qram çəkidə qızıl üzük, bir ədəd ürək formalı və bir ədəd dördkünc formalı qutular maddi sübut hesab edilmiş və Xocalı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılmışdır; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermək” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdur; “Təhvil-təslim” haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “585” əyarlı 21,95 qram çəkidə bir dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı və bir ədəd “585” əyarlı 3,41 qram çəkidə qızıl üzük zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir; Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.1 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 03 mart tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. CPM-in 435.4 və 435.4.3-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir və bu hal yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmələr tərəfindən rəhbər tutmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -yetkinlik yaşına çatmamasını; -zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; -yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bərdə Şəhər İHB-nin İcra nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzasını çəkdiyi tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - “585” əyarlı 21,95 qram çəkidə bir dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı və bir ədəd “585” əyarlı 3,41 qram çəkidə qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər cəzası təyin edilsin. Cəzanın əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – “585” əyarlı 21,95 qram çəkidə bir dəst sırğa cütü-üzükqolbaq-boyunbağı və bir ədəd “585” əyarlı 3,41 qram çəkidə qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar