Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-87/2024 03.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 vəkili Nümayəndə iştirakı ilə, X7 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və X6 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət təqibinin başlanması və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayon Q.Rüstımov adına Qaramusalı kənd məktəbinin direktoru vəzifəsində işləyir. O, X4 və qızı X1 haqsız, qanunsuz böhtanlarına məruz qalmışdır. Bu haqsızlığın və qeyri-qanuni hərəkətlərin qarşısının alınması, ədalətin öz yerini tapması, bu cür böhtan xarakterli hərəkətlərin son tapması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verilməsi məcburiyyətində qalmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə məktəbin müəlliməsi X2 adından istifadə edərək, xəbərsiz barəsində 2 nüsxədən ibarət ərizə yazaraq və saxta imza edərək, birini Azərbaycan Respublikası Baş Prokurorluğuna, digərini isə Goranboy rayon Prokurorluğuna və müxtəlif yuxarı instansiyalara göndərməklə əsassız, həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini alçaldan, müəllim adımı ləkələyən müraciət ünvanlamışdır. Pərvin Qarayeva həmin müraciətində guya Sevinc Hüseynovanın adına 15 saat dərs yükü olmasına baxmayaraq, o, artıq pul yazmaqla qanunsuz olaraq mənimsəmişdir. Guya o, Sevinc Hüseynovaya artıq pul yazacağını və sonra isə həmin pulu ona verəcəyini, guya ondan kartın nömrəsini istədiyini, sonra isə kartın surətini götürüb qaytardığını və bunun kimi həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. X8 tərəfindən yazılmış məktubun əslində Pərvin Qarayeva tərəfindən göndərilməsi müəyyən edilmiş, bu barədə şikayəti əsasında Gəncə şəhər BPİ-nin 1-ci PŞnin Təhqiqat Bölməsində araşdırma aparılmış və “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, həmin qərarda X3 qanunsuz hərəkətlər etməsi konkret öz təsdiqini tapmışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, Gəncə şəhər Regional poçt filialından götürülmüş video görüntüdə Pərvin Qarayeva tərəfindən məktubun göndərilməsi öz təsdiqini tapır. Əvvəllər Goranboy RİHB-nin Qaramusalı kənd İƏDÜ nümayəndəsi vəzifəsində işləmiş, Pərvin Qarayevanın atası X4 barəsində xx.xx.2024-cü il tarixdə Goranboy rayon prokurorluğuna daxıl olmuş müraciətində guya qanunsuzluğa yol verməsi bildirilmişdir. Şaxvələd Qarayev müraciətində qızı Pərvin Qarayeva tərəfindən müəllimlərin stolda əyləşmiş halda çəkilmiş foto şəkillərini şişirdilmiş formada göstərmiş, ərizəsinə qanunsuz yolla əldə etdiyi əmək haqqı cədvəlinin surətini əlavə etmişdir. Ərizəsində göstərmişdir ki, guya o, nitq qüsurlu fərdi qaydada təhsilə cəlb edilmiş şagirdə dövlət tərəfindən verilən pulu mənimsəmişdir. Şaxvələd Qarayev barəsində yalnız prokurorluğa deyil, eyniməzmunlu müraciətlərini müxtəlif yuxarı instansiyalara göndərməklə əsassız, həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini alçaldan, müəllim adını ləkələyən müraciət ünvanlamışdır. Bu müraciətlər, rayon prokurorluğu, Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən yoxlanılmış, nəticədə məlumatların əsasız olması, həqiqətə uyğun olmadığı, qərəzli şəkildə yazılması təsdiqini tapmışdır. X6 müəllim kimi şagirdlər arasında fənnini tədris edib mənimsədə bilmir, nəticədə şagirdlər fransız dili ixtisası üzrə imtahanlardan kəsilir, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Bu kimi hallara görə məktəbin həmkarları tərəfindən Pərvin Qarayevaya töhmət və sonuncu xəbərdarlıq edilməklə töhmət verilmişdir. Buna baxmayaraq, Pərvin Qarayeva və atası Şaxvələd Qarayev məktəbə və təhsilə qarşı qarayaxma kampaniyası həyata keçirməklə barəsində həqiqətə uyğun olmayan qərəzli şikayətlər edirlər. X6 və atası X4 onun barəsində durmadan Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, AR Baş Prokurorluğuna, Goranboy rayon prokurorluğuna, AR Təhsil Nazirliyinə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Goranboy rayon İcra Hakimiyyətinə, Goranboy rayon Polis Şöbəsinə həqiqəti əks etdirməyən məlumatlar verməsi əsasında müxtəlif vaxtlarda barəsində aparılmış araşdırma zamanı izahat verməsi onda əsəb, stress və səhhətində ciddi problemlər yaratmışdır. Həmin bu şəxslər nə etdiklərini bilmədikləri halda əsassız olaraq qeyd etdiyi dövlət qurumlarının hər birinə ən az 10 dəfə yazılı müraciət etmişlər. Bununla bağlı nəinki onun, bir neçə şəxsin də izahatları alınmış və fəaliyyətində heç bir nöqsan aşkar olunmamışdır. Onun barəsində onların çoxsaylı əsassız və qanunsuz müraciətləri həmin orqanlarda da narahatçılığa səbəb olmuş və onların əbəs yerə yükünü artırmışdır. Buna görə müalicə almış, yol xərcləri çəkmiş, ailədaxili münasibətləri gərginləşmiş, məktəb kollektivinə, şagirdlərə ayırmalı olduğu, sərf edəcəyi vaxt 2 şəxsin əsassız, qərəzli şikayətləri üzrə hüquq mühafizə orqanlarında sərf etmişdir. Həmin şəxslərin başqa vaxtlarda da bu cür hərəkətləri təkrarlaması onda onları cəzalandırmaq niyyətini formalaşdırmış, gələcəkdə baş verə biləcək xoşagəlməz '"hadisələrin qarşısını almaq, şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı onların barəsində məhkəməyə müraciət etməsinə məcbur etmişdir. Bununla bağlı bütün sübutlarını şikayətinə əlavə etmişdir və məhkəmə iclasında araşdırılması mütləqdir. Onun sözügedən qanunsuz əməlləri törətməsini sübut edəcək bir dəlilləri olmadığı halda konkret şəxslərin bu cür məlumatları qəsdən dövlət orqanlarına ona stress yaşatmaq üçün verməsi və boynuna aldığı halda əməlindən peşman olmaması bu əməlləri qərəzli etməsinin bariz nümunəsidir. Hər kəsin təqsirsizlik prezumpsiyası deyə bir anlayış var. Qanuni qüvvəsini almamış hökm olmadığı halda heç əlində öz sözlərini təsdiq edəcək əsaslı bir sübut olmağıdı halda bu cür böhtan dolu sözlərin dəfələrlə məlumat verilməsi və bundan sonra etmiş olduğu şikayətləri kənd sakinləri arasında danışması, aparılmış yoxlama nəticəsində onun fəaliyyətində qüsur aşkarlanmaması, bütün bunlara baxmayaraq ondan üzr istəməməsi və əvəzində onunla düşmənçilik aparmasına görə onların barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işinin açılmalı olması qənaətindədir. Bu cür əsassız və böhtan dolu sözlərin qarşısının alınması üçün mütləq qaydada cinayət işi açılmalı, konkret şəxslərin barəsində qanuna müvafiq olaraq ciddi cəza verilməli, onun və onun simasında məktəb direktorunu təhqir edən və ona böhtan atan bu kimi şəxslərə bir daha bu cür hərəkətlərə yol verməməli olması bildirilməldir. Bu hadisələr nəticəsində onun normal iş rejimi tamamilə pozulmuş, əsassız olaraq kənar şəxslərin kinayəli baxışlarına məruz qalmış və bu əsassız böhtanlar səbəbindən cəmiyyətdə haqsız qınaq obyektinə çevrilmişdir. Qanunvericilikdə göstərilən kimi onun hazırki işdə şahid ifadələrinə ehtiyac yoxdur və bu səbəbdən də heç bir şahid adı qeyd etmir. Çünki, X1 barəsində aparılmış araşdırma nəticəsində hər şeyi etiraf etməsi və izahatının Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilməsi və bir çox quruma ən azı 10 dəfə şikayət etməsi buna sübutdur. Bu hadisələr nəticəsində ona saysız hesabsız mənəvi zərər vurulmuşdur. Belə ki, yuxarıda da qeyd etdiyi əsaslarla cəmiyyətdə, iş yerində, rəhbərlik içində, hətta ailədə belə bu əsassız böhtana görə güclü stress keçirir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər bu cür hərəkətləri ona qarşı edir ki, o, yaşadığı ünvandan və işlədiyi kollektivdən başını götürüb getsin və o, öz istəyinə nail olsun. Odur ki, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X7 və X6 AR.CM-nin 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalı, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə təqsirli bilinərək, barələrində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 vəkili Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X7 və X6 məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, X7 və X6 xüsusi ittiham qaydasında şikayət verən X9 barədə səsləndirdiyi fikirləri müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə göstərmişlər. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-87/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-87/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver