Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-9/2025 15.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, 29 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi düzəldəcəyini vəd verib aldatmaqla Gəncə şəhəri ərazisində özünə məxsus 5243-7544-4088-0936 nömrəli kart hesabına 500 manat pul göndərməsinə nail olaraq 500 manat pulunu, 30 mart 2024-cü il tarixdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1000 manat pulunu Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində “Sünbül” dairəsi adlanan ərazidə alıb, ümumilikdə sonuncunun 1500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə əsasında idarə etdiyi X1 mülkiyyətində olan “Honda Civic” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili öz avtomobili kimi təqdim edərək həmin avtomobili kreditlə Zərərçəkmiş şəxs satacağını yalan vəd verib həmin avtomobilin texniki baxışını keçirəcəyini bildirərək 95 manat pul istəmiş, 01 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona məxsus 5243-7544-4088-0936 nömrəli kart hesabına 95 manat pulun göndərməsinə nail olaraq 95 manat pulunu, 05 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin avtomobili kreditlə satacağına yalan vəd verib aldatmaqla Goranboy rayonu Səfikürd kəndi ərazisində 700 manat pulunu və həmin avtomobili ona kreditlə satacağına vəd verib aldatdığı üçün həmin avtomobilə aid olan 9 manat, 45 manat, 45 manat, 45 manat və 54 manat olmaqla, ümumilikdə 198 manat cəriməni 07 may 2024-cü il tarixdə Goranboy şəhəri ərazisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ödətdirilməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ümumilikdə Zərərçəkmiş şəxs 993 manat pulunu ələ keçirməklə sonuncuya qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, buna görə də, 300 manat depozit qoyaraq “Bolt” taksi şirkətində avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa o, bəzi vaxtlarda Gəncə şəhərində yerləşən BDYP-nin X4 sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlara istiqamət verib köməklik edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 29 mart 2024-cü il tarixdə BDYP-nin X4 olan zaman *2244 taksi xidmətində işləyən Yaşar adlı tanışı Zərərçəkmiş şəxs onunla tanış edərək “bu oğlan mənim sərnişinim olub, sürücülük vəsiqəsi almaq istəyir, ona köməklik et, sürücülük vəsiqəsi alsın, heç kimi tanımıram”, o da köməklik edəcəyini bildirmişdir, sonradan Yaşar getmiş, o, Emillə söhbət edən zaman Emil ona sürücülük vəsiqəsini 4 gün ərzində almaq istəməsini demiş, Emil ona başqa tanımadığı şəxs 1800 manat deməsini demiş, o, “sən 1500 manat düzəldə bilsən, mən sənin sürücülük vəsiqəni 4-7 gün arası alıb verəcəm” demişdir. Əslində onun məqsədi Emilin pulunu ələ keçirmək olmuş, Emil ona üzərində nəğd şəkildə pul olmadığını demiş, o, Emilə “kart göndərəcəm, ora pul göndərərsən” demiş, Emil ona ilk olaraq 500 manat göndərəcəyini demiş, o da Emillə razılaşmışdır. 29 mart 2024-cü il tarixdə saat 15:18-də o, Gəncə şəhərində olanda Emil onun 5243-7544-4088-0936 nömrəli kart hesabına 500 manat pul göndərmiş, o, həmin pulu çıxarıb şəxsi işlərində xərcləmişdir. 30 mart 2024-cü il tarixdə o, Emili inandırmaq üçün Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya çağırmış və orada sağlamlıq haqqında arayış almaq üçün özünün iştirakı vacib olmasını demiş, həmin xəstəxanada növbə çox olduğuna görə Emillə birlikdə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya gəlmişlər və oradan Emilə sağlamlıq haqqında arayış almışlar. Daha sonra onun taksi fəaliyyəti ilə məşğul olduğu “Honda Civic” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşınla Gülüstan qəsəbəsinə Emili aparan zaman yolda Emilə “pulun qalanını indi ver, tez bir zamanda sürücülük vəsiqəsini düzəldəcəm” demişdir. Emil 30 mart 2024-cü il tarixdə saat 16 radələrində 1000 manat pulu Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində “Sünbül” dairəsi adlanan ərazidə ona vermişdir. Həmin vaxt orada heç kim olmamışdır. Təxminən 10 gün keçdikdən sonra Emil ona zəng edib sürücülük vəsiqəsinin şəhadətnaməsi ilə bağlı ona zəng edilməsini demiş, ondan nəyə görə ödəniş etmədiyini soruşmuş, o da ehtiyacı olduğu üçün pulu xərclədiyini və onu 5-10 gün gözləməsini demiş, Emil də onunla razılaşmışdır. Təxminən 14 gün sonra Emil ondan zəng edib pulunu istəmiş, o isə Emilə “maşını sata bilmirəm, lazımdırsa maşını öz aramızda razılaşaq, kreditlə aylıq olaraq sənə verim” demiş, Emil də “maşını yoxladaq, usta baxsın, əgər sən dediyin kimi yaxşı maşındırsa, alaram” demişdir. O, Emilə “kreditlə maşın almaq istəyirsənsə, sürücülük vəsiqən olmalıdır” demişdir. Emil Şəmkir rayonunda qeydiyyatda olduğuna görə Tovuz rayonuna getmişlər və oradan sürücülük vəsiqəsinin alınmasında köməklik etmişdir. Bir neçə gün sonra yenidən Emil zəng edib pulunu istədikdə o, maşını sata bilmədiyini demiş, maşını Emilin almasını təklif etmişdir. Emil də razılaşmış və o, Emildən əlavə olaraq 1000 manat pul istəmiş və “qalan pulu isə ayda 400 manat olmaqla, 18 ay ödəyərsən” demişdir. 01 may 2024-cü il tarixdə o, Emilə maşının texniki baxışına görə 95 manat pul lazım olmasını, həmin pulu kartına göndərməsini demiş, Emil 01 may 2024-cü il tarixdə onun 5243-7544-4088-0936 nömrəli kart hesabına 95 manat pulu göndərmişdir. O, həmin pulla maşının texniki baxışını ödəmişdir. 05 may 2024-cü il tarixdə saat 18 radələrində o, icarə əsasında taksi kimi istifadə etdiyi “Honda Civic” markalı **-XT-*** dövlət nömrə nişanlı avtomaşınla Emillə razılaşdığı kimi Emilin yaşadığı Goranboy rayonu Səfikürd kəndinə gəlmiş, orada olan yanacaqdoldurma məntəqəsinin yanında Emilin əvvəllər tanımadığı dayısı Fəridlə birlikdə söhbət etmiş, onlar maşına baxmışlar. Emil ona razılaşdıqları kimi 700 manat pul vermiş, maşının onun adına olan ümumilikdə 198 manat cəriməsini isə özü ödəyəcəyini bildirmişdir. O, Emildən 700 manatı alandan sonra “gedirəm, 2-3 gündən sonra etibarnamə verəcəm” demişdir. Lakin, onun Emilə etibarnamə vermək səlahiyyəti olmamışdır, çünki özü həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün olan etibarnamə ilə idarə etmişdir. Emili aldadıb 700 manat pulunu ələ keçirdikdən sonra həmin pulları da şəxsi işlərində xərcləmişdir. Sonradan o, maşının sahibi Vüqar adlı şəxsin maşını Emildən almasını bilmişdir. Bunu ona Emil demişdir. Emil ondan pullarını istədikdə o, Emilə pulunun olmadığını demiş və müxtəlif vaxtlarda Emilə vəd verərək pulunu verəcəyini demişdir. O, Emili aldaraq ümumilikdə 2493 manat pulunu ələ keçirmiş, həmin puldan Emilə heç bir məbləğ ödəməmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi puldan heç kimə verməmiş, Emili aldadaraq pulunu ələ keçirməyi ilə bağlı əvvəlcədən və ya sonradan heç kimlə razılaşmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Lakin azadlığa buraxılarsa, zərərçəkmiş şəxsə hər ay hissə-hissə pul ödəyə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 mart 2024-cü il tarixdə o, *2244 vasitəsi ilə taksi çağırıb Gəncə şəhərinə getdiyi zaman özünü ona Yaşar kimi təqdim edən taksi sürücüsü ilə söhbət əsnasında sürücülük vəsiqəsi almaq istəməsini demiş, Yaşar ona Sərxan adlı tanışının olmasını və Sərxanın ona sürücülük vəsiqəsinin alınmasında köməklik edə biləcəyini demişdir. Yaşarın vasitəsi ilə Sərxan adlı şəxslə tanış olmuş, Sərxanla Gəncə şəhərində yerləşən BDYP-nin Gəncə regional şöbəsinin həyətində görüşmüşlər. Sonra Yaşar oradan getmişdir. Sərxan ona sürücülük vəsiqəsi almağında köməklik edə biləcəyini və bunun üçün 1500 manat pul verəcəyini demiş, o, Sərxana sürücülük vəsiqəsini 4 günə almaq istədiyini demiş, Sərxan isə 4-7 gün arası sürücülük vəsiqəsini alacağını demiş, o da razılaşmışdır. O, üzərində nəğd şəkildə pul olmadığına görə Sərxana “kart verərsən, pulu kartına göndərərəm” demişdir. 29 mart 2024-cü il tarixdə saat 15:18-də o, Gəncə şəhərində yaşadığı evdə olan zaman Sərxanın verdiyi 5243-7544-4088-0936 nömrəli kart hesabına özünə məxsus olan “Leo Bank” tətbiqi vasitəsi ilə 500 manat pul göndərmişdir. Bir gün sonra, yəni 30 mart 2024-cü il tarixdə Sərxan ona zəng edib onu Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya çağırmış və orada sağlamlıq haqqında arayış almaq üçün özünün iştirakının vacib olmasını demişdir. O, Sərxanla görüşmüş və həmin xəstəxanada növbə çox olduğuna görə Sərxanla birlikdə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya gəlmiş və oradan ona sağlamlıq haqqında arayış almışlar. Daha sonra Sərxan onu Gülüstan qəsəbəsinə aparan zaman yolda ona “pulun qalanını indi versən tez bir zamanda sürücülük vəsiqəsini həll edə bilərəm” demişdir. O, Sərxana inanıb 30 mart 2024-cü il tarixdə saat 16 radələrində 1000 manat pulu Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində “Sünbül” dairəsi adlanan ərazidə Sərxana vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təxminən 10 gün keçdikdən sonra ona xatırlamadığı nömrədən zəng edib sürücülük vəsiqəsinin şəhadətnaməsinin (avtoşkolanın sənədlərinin) hazır olmasını, ödəmə edib götürməsini demişlər, o da həmin vaxt Sərxana zəng edib bu barədə demiş və pulu nəyə görə ödəməməsini soruşmuşdur. Sərxan ona pulu xərcləməsini, maşını satıb onun pulunu verəcəyini demiş, Sərxan ona “məni 5-10 gün gözləyərsən” demişdir. O da “yaxşı, gözləyərəm” demişdir. Təxminən 14 gün sonra o, Sərxana zəng edib pulunu istəmiş, Sərxan isə ona maşını sata bilmədiyini, lazımdırsa maşını ona öz aralarında razılaşıb kreditlə aylıq olaraq verməsini demiş, o da “maşını yoxladaq usta baxsın, əgər sən dediyin kimi yaxşı maşındırsa, alaram” demişdir. Həmin vaxt o, hələ sürücülük vəsiqəsi almamışdır. Sərxan maşını ona satmaq üçün sürücülük vəsiqəsinin lazım olmasını demişdir. O, Şəmkir rayonunda qeydiyyatda olduğuna görə Tovuz rayonuna getmiş və oradan sürücülük vəsiqəsini almışdır. Bir neçə gün sonra yenidən Sərxana zəng edib pulunu istədikdə Sərxan maşını sata bilmədiyini demiş və maşını onun almasını təklif etmişdir. O, Sərxanla razılaşmış və Sərxan ondan əlavə olaraq 1000 manat pul istəmiş və qalan pulu isə ayda 400 manat olmaqla 18 ay ödəyəcəyini bildirmişdir. 01 may 2024-cü il tarixdə Sərxan ona maşının texniki baxışına görə 95 manat pul lazım olmasını, həmin pulu onun kartına göndərməyini demiş, o da 01 may 2024-cü il tarixdə Sərxanın 5243-7544- 4088-0936 nömrəli kart hesabına 95 manat pulu Gəncə şəhəri ərazisində göndərmişdir. 05 may 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “Honda Civic” markalı **- XT-*** dövlət nömrə nişanlı avtomaşınla onun yaşadığı Səfikürd kəndində gəlmiş, orada olan yanacaqdoldurma məntəqəsinin yanında dayısı X2 ilə birlikdə Sərxanla görüşüb maşına baxmışlar, o, orada Sərxanla razılaşdıqları kimi 700 manat pul vermiş, Sərxan ona “əlavə 300 manat da ver, maşının cərimləri var, onu ödəyim və maşını texniki baxışdan keçirdim” demiş, o, Sərxana cəriməni özü ödəyəcəyini və maşını texniki baxışdan da özü keçirəcəyini demiş, Sərxan da onunla razılaşmış və ona yas yerinin olmasını, buna görə də 3 gündən sonra ona etibarnamə verəcəyini demişdir. O da Sərxanla razılaşmışdır. O, 07 may 2024-cü il tarixdə 9 manat, 45 manat, 45 manat, 45 manat və 54 manat olmaqla, ümumilikdə 198 manat cəriməni ödəmişdir. Lakin, üç gün həmin avtomobil onda qalsa da, Sərxan etibarnamə göndərməmişdir. O, Sərxana zəng edəndə müxtəlif bəhanələr gətirməklə onu aldatmaqda davam etmişdir. O, sonra avtomobilin sahibi Aydın adlı şəxsi tapmış və onunla danışdıqda Aydın avtomaşının onun mülkiyyətində olmasını, lakin həmin avtomobili dostu Vüqar adlı şəxsə satmasını bildirmişdir. O, Vüqar adlı şəxslə əlaqə saxlamış, Vüqar avtomobili satmaq üçün Sərxana vermədiyini demişdir. Sərxan həmin avtomaşını gündəlik 19 manat qarşılığında götürüb və taksi kimi istifadə etmişdir. Bir neçə gün sonra Vüqar gəlib Səfikürd kəndində onun evinin həyətindən avtomaşını aparmışdır. O, da buna etiraz etməmişdir. Sərxan onu aldadaraq etibarından sui-istifadə edərək ümumilikdə 2493 manat pulunu ələ keçirmiş və həmin puldan ona heç bir məbləğ ödəməmişdir. Hər dəfə Sərxandan pulunu istəyəndə Sərxan müxtəlif bəhanələrlə müxtəlif vaxtlara yalan vəd verərək onu aldatmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Sərxan ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2001-ci ildən Şəmkir rayonu Dağ-Cəyir kənd tam orta məktəbində müəllimə işləyir. Zərərçəkmiş şəxs onun kiçik övladıdır. 2024-cü ilin mart ayında Emil sürücülük vəsiqəsi almaq istəməsini demiş, o da buna heç bir etiraz etməmiş, lakin onların maşını olmamışdır. Emil ona Sərxan adlı şəxslə tanış olmasını və Sərxan ona tezliklə sürücülük vəsiqəsi almaq üçün köməklik edəcəyini, buna görə də, 1500 manat pul lazım olmasını demişdir. Lakin o, Emilə “adamı tanımırsan, əvvəlcədən heç kimə pul vermə” demişdir. Lakin Emil ona demədən Sərxan adlı şəxsin kartına 29 mart 2024-cü il tarixdə 500 manat pul göndərmiş, 30 mart 2024-cü il tarixdə isə Sərxanla Gəncə şəhərində görüşüb 1000 manat nəğd şəkildə pul vermişdir. O, bunu eşidəndə Emilə “pulu nəyə görə əvvəlcədən verirdin?” demişdir. Sonradan Emil ona demədən özü gedib sürücülük vəsiqəsini almış, Sərxan Emildən aldadıb 1500 manat pul almış, lakin həmin pulu qaytarmamış, şəxsi işlərində xərcləmişdir. Sərxan sonradan Emilə pulu qaytara bilmədiyini demiş və maşınını kreditlə Emilə satmağı təklif etmiş, Emil də Sərxanla razılaşmış, buna görə Emil Sərxanın 5243- 7544-4088-0936 nömrəli kart hesabına 01 may 2024-cü il tarixdə 95 manat pulu Gəncə şəhəri ərazisində göndərmişdir ki, Sərxan alacağı maşının texniki baxışını etsin, 05 may 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “Honda Civic” markalı **-XT-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadıqları Səfikürd kəndinə gəlmiş, orada onun qardaşı X2 ilə birlikdə Sərxanla görüşüb maşına baxmışlar, lakin o, həmin vaxt orada olmamış, bütün bunları Emil sonradan ona danışmışdır. Emil Sərxana razılaşdıqları kimi 700 manat pul vermiş, bundan başqa isə 07 may 2024-cü il tarixdə 9 manat, 45 manat, 45 manat, 45 manat və 54 manat olmaqla, ümumilikdə 198 manat həmin maşının Sərxanın adına olan cərimələrini ödəmişdir. Bunu Sərxan özü Emilə demişdir. Sərxan Emilə sonradan etibarnamə verəcəyini desə də, bunu etməmiş, yenə də Emilin etibarından sui istifadə edib aldatmışdır. Emil sonradan maşının sahibini tapmış və həmin şəxs maşını satmaq üçün Sərxana vermədiyini, Sərxanın gündəlik taksi kimi həmin maşını ondan götürməsini demişdir. Sərxan Emili aldadaraq ələ keçirdiyi puldan Emilə heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də, “Bolt” taksi şirkətində öz maşını ilə qoşulub taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa dostu Aydından 30 may 2023-cü ildə aldığı “Honda Civic” markalı, 77-XT529 dövlət nömrə nişanlı maşını da gündəlik taksi fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sərxan onun tik-tok sosial şəbəkəsində olan səhifəsindən mobil nömrəsini götürüb ona zəng edərək danışmış, maşını soruşmuş, o da həmin vaxt maşını boş olduğu üçün Sərxanla görüşüb maşını rəsmi şəkildə Sərxana vermişdir. Sərxanla gündəlik 17 manata razılaşmışlar. Sərxan özünü ona yaxşı insan kimi tanıtmışdır. O, maşını Aydından alsa da, öz adına sənədləşdirməmişdir. Buna görə də Aydından xahiş etmişdir ki, Sərxana etibarnamə versin, Aydın da etibarnamə vermişdir. Sərxan maşını təxminən 2-3 ay işlətmişdir. Sərxan hər gün pulu onun kartına göndərmişdir. 2024-cü ilin may ayında dəqiq xatırlamadığı gündə o, telefonuna gələn mesajlardan Sərxanın adına olan ümumilikdə 198 manat cərimənin ödənilməsini görmüşdür. Sərxana bu barədə zəng edib demiş, Sərxan da “ödədilərmi?” deyə soruşmuş, o da “hə, cərimələr ödəndi” demişdir. Lakin o, cəriməni kimin ödəməsini bilməmişdir. Bundan bir neçə gün sonra dostu Aydın ona zəng edərək görüşmək istəməsini demiş, o, Gəncə şəhərində Aydınla görüşmüşdür. Aydının yanında onun əvvəllər tanımadığı Fərid adlı şəxs və bacısı oğlu Emil adlı şəxs olmuşdur. Ona “Sərxan sənin maşınını bizə satıbdır” demişdir. O isə “maşın mənimdir, lakin satmamışam, Sərxana gündəlik icarəyə vermişəm” demişdir. Emil ona Sərxanın ondan pul alıb maşını kreditlə ona satmasını demişdir. O, Emilə “mən maşını Sərxana idarə etmək üçün etibarnamə ilə vermişəm, Sərxan maşını necə sənə sata bilər? Maşınım da kreditdə deyil” demişdir. Emil ona Sərxanın onu aldadıb maşını ona verib getməsini, pulunu da almasını demişdir. Emilin dayısı Fərid maşının onların qapısında olmasını, gəlib götürməsini demişdir. Bundan sonra o, Aydına Sərxanın adına olan etibarnaməni ləğv etdirməsini demişdir. Aydın “mobil notariat” proqramı vasitəsi ilə Sərxanın adına olan etibarnaməni ləğv etdirmişdir. 2-3 gün sonra o, Emillə danışmış və Goranboy rayonu Səfikürd kəndinə gedib maşınını gətirmişdir. O, bu barədə Sərxana zəng edib demiş, lakin Sərxan ona maşını satmadığını demiş, o, Sərxanın yalan deməsini bildiyi üçün maşını gedib özü gətirmişdir. Sərxanın Emil adlı şəxsi aldatması barədə sonradan məlumatı olmuşdur. Sərxanın Emildən buna görə hansı məbləğdə pul almasını bilməmişdir. Bu barədə Sərxanla aralarında əvvəlcədən və ya sonradan heç bir razılaşma olmamışdır. Sərxan Emil adlı şəxsi aldadıb ələ keçirdiyi puldan ona heç bir məbləğ verməmişdir. Onun Sərxanın belə bir hərəkət etməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, lakin aralarında heç bir dostluq münasibəti olmamışdır. O, Sərxanın Gəncə şəhərində yerləşən BDYPİ-nin X4 makler olmasını və bundan başqa taksi fəaliyyəti ilə məşğul olmasını bilmişdir. 29 mart 2024-cü il tarixdə maşınına sərnişin kimi əyləşmiş Emil adlı şəxslə söhbət əsnasında Emil ona sürücülük vəsiqəsi almaq istəməsini demişdir. O, Emilə Sərxan adlı şəxsin belə bir işlə məşğul olmasını demişdir. O, Sərxanla Emili tanış etdikdən sonra avtomobilində olan digər müştəriləri aparmışdır. Emillə Sərxanın necə söhbət etməsini, hansı məbləğdə razılaşmalarını bilməmişdir. O, Sərxanın pulunu alıb aldatmasını bilməmişdir. Sonradan Emil ona zəng edərək Sərxanın ona sürücülük vəsiqəsi alacağını vəd verib pulunu almasını, lakin onu aldatmasını demişdir. O, Emilə bu barədə heç bir məlumatı olmadığını demişdir. Sərxanın Emili aldadıb hansı məbləğdə pulunu almasını bilməmişdir. O, Sərxanla Emili bir dəfə tanış etmişdir. Sərxanın Emili aldatması barədə heç bir məlumatı olmamış, Sərxanla bu barədə aralarında əvvəlcədən və ya sonradan heç bir razılaşma olmamış, Sərxan Emildən aldığı puldan ona heç bir məbləğ verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin gün saat 18:40-da CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı 24 avqust 2024-cü il tarixdə saat 18:00-dan məhdudlaşdırılmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İŞ-də CM-in 263.1-ci maddəsi ilə araşdırılmış ********* nömrəli materiala xx.xx.2021-ci il tarixdə CPM-in 40.3-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir; “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, qətimkan tədbiri seçilməsi və icraatın dayandırılması barədə” Goranboy Rayon Məhkəməsinin 1(045)-09/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır; Goranboy Rayon Polis Şöbəsinin 3-13-75/2-1718/2025 saylı, 29 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Məmmədov X3 RPŞ-nin və Gəncə BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Goranboy RPŞ-yə gətirilmiş, Goranboy Rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs tərəfindən Goranboy rayon Məhkəməsində tərtib və təqdim edilmiş 27 fevral 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, odur ki, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir; Gəncə Şəhər Məhkəməsinin 1(125)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıda yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf edib peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsinə əsasən təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmışdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla cəza müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi iş üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Odur ki, məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablansın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-9/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-9/2025
15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver