Məhkəmə qərarları › İş №1(045)-90/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-90/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-90/2023 28.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 07 oktyabr 2023-cü il tarixdə saat 22:40 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Goranboy rayonu Səfikürd kəndində yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruq və təpiklə sonuncunu qəsdən vuraraq sonuncuya sol gicgah nahiyəsinin, sol budun hematomaları, hərəkət məhdudluğundan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də günəmuzd işlərlə məşğul olur. Zərərçəkmiş şəxs onun qonşusudur. Seymurla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində yaşadığı evə gedəndə Seymurun onun evinin qarşısından keçən küçədə qaz borusunun üzərində oturub telefonla oynamasını görmüş, Seymura yaxınlaşıb salamlaşmış, sonra Seymura “burda oturma, əvvəl də sənə bir dəfə demişəm” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı isə Seymurun alın nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Etdiyi əməldən peşmandır. Hazırda barışmışlar və zərərçəkmiş şəxsin ondan heç bir şikayət tələbi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı irəli sürülmüş cinayət əməlini törətmişdir. Yekun protokolda zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də qaynaqçı işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur, Elxanla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təxminən bir ay olar ki, Elxanla Rafiq dava etdiyini gördüyü üçün onu şahid qismində yazmışlar, o, da olduğu kimi izahat verdiyinə görə yəni Elxanın Rafiqi bıçaqla vurduğunu dediyinə görə Elxanın onunla münasibəti pisləşmiş və onu danışdırmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində o, küçə ilə piyada tək evinə gedən zaman Elxanın yaşadığı küçənin baş tərəfində olanda Elxan həyətlərindən çıxıb ona tərəf gəlmiş, ona “sən bu küçədə kiməsə pis gözlə baxmısan” demiş, o, Elxana “sən yalan danışırsan, bu küçə sənində, mənimdə yaşadığımız küçədir, hamının anası bacısı var, mən heç kimə pis gözlə baxmıram” demiş, o, yorulduğu üçün orada olan daşın üzərində əyləşmişdir. Elxan ona yaxınlaşıb “qalx ayağa” demiş, o da ayağa durmuş, Elxan qəfildən yumruqla onun sol göz nahiyəsinin sol tərəfindən, yəni gicgah nahiyəsindən bir dəfə vurmuş, sonra qılçalarından tutub yerə yıxmış, o, da Elxanın boyun nahiyəsindən tutmuş ki onu vura bilməsin, həmin vaxt Elxan onu sol qılçasının yuxarı hissəsini dişləmiş və təpiklə sol bud nahiyəsinə vurmuş, o, birtəhər Elxanın əlindən çıxmış, sonra evinə tərəf getmiş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt orada kənar şəxslər olmamış, oraya kənar şəxslər toplaşmamışdır. Həmin münaqişə 5 dəqiqə davam etmişdir. Elxan onu vuran zaman əlində başqa əşya və ya predmet olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 335 nömrəli, 07 oktyabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Dairəsi üzrə nümayəndəliyinin 941 nömrəli, 19 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla ailə tərkibi 1994-cü il təvəllüdlü arvadı, X1, oğlu 2015-ci il təvəllüdlü X4, qızı 2016-cı il təvəllüdlü X2, qızı 2019-cu il təvəllüdlü X3 ibarətdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 1(045)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Goranboy rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 10 oktyabr 2023-cü il tarixli, 714 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin, sol budun hematomaları, hərəkət məhdudluğu küt əşyanın (əşyaların) o cümlədən qərarın təsviri hisəssində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruq və təpiklə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsindən görünür ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; ailə başçısı olmaqla himayəsində ikisi azyaşlı olmaqla üç övladının olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar