Məhkəmə qərarları › İş №1(045)-90/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-90/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-90/2024 17.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 barəsində CM-in 147 və 148-ci maddəsi ilə cinayət təqibinin başlanması və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzaya məhkum edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X1 şəhəri, Qasım bəy Zakir küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayır. Şəmrus Ağayevlə 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları olmuşdur. Onunla birgə yaşamaq mümükün olmadığı üçün ayrılmışlar. Hazırda mülki işləri Goranboy rayon Məhkəməsinin icraatındadır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 “TikTok” internet informasiya saytında onun şərəf və ləyaqətini ləkələyən, şər və böhtan olan yalan məlumatları dəfələrlə yaymışdır. Hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 yalan olduğunu bilə-bilə onun barəsində qəsdən “TikTok” internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlar yaymış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləlilkə, X5 “TikTok” internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan nalayıq formada qəsdən alçaldan ifadələr işlətməklə təhqir cinayət əməlini törətmiş və o, bu cinayət əməlinə görə qanuna müvafiq cəzalandırılmalıdır. Odur ki, onun - X2 xüsusi ittihamçı qismində tanınmasını və “TikTok” internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr işlətməklə təhqir edən, ləkələyən yalan məlumatlar yaymış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, onun həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Hazırkı şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə cinayətin nə vaxt törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Şikayət ərizəsinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini təsdiq edən sübut kimi yalnız yaddaşı boş olan “CD” disk əlavə edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində qeyd olunanların məhz X5 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Həmçinin, şikayət ərizəsində X3 əməlində CM-in 147 və 148-ci maddələrinin tərkib əlamətlərinin olduğu qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi göstərilməli olduğu halda, şikayətçi tərəfindən buna əməl edilməyərək formal şəkildə CM-in 147 və 148-ci maddələrinə istinad etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilirki ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, X5 barəsində X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar