Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-92/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Veysli qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə saat 07 radələrində Goran- Borsunlu yolunun 11-ci kilometrliyində, Borsunlu kəndi istiqamətində özünə məxsus VAZ- 2106 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə asfalt yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq «X10” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə zidd olaraq, yəni diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunları etməyib idarə etməni itirərək avtomobili yolun hərəkətdə olduğu istiqamətdə sağ tərəfinə çıxararaq aşırmış, nəticədə ehtiyyatsızlığından avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs açıq kəlləbeyin travması, sağ gicgahın və alın sümüklərinin açıq sınıqları, bədən səthinin çoxsaylı sıyrılmış yaraları ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına və sonuncunun açıq kəlləbeyin travması nəticəsində, beyin toxumasına və beyin mədəciklərinə qansızma xəsarətləri səbəbindən 07 avqust 2023-cü il tarixdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, avtomobil idarə etməyi bacarır və 2020-ci ildə sürücülük vəsiqəsi almışdır. Hal-hazırda sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. O, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində özünə məxsus olan VAZ-2106 markalı **-FR-*** dövlət qeydiyyat nişanalı avtomobili ilə Bakı şəhərinə getmək üçün evindən yola çıxmış, həmin vaxt avtomobildə tək olmuş, yaşadığı kənddə yerləşən marketin qarşısında dayanmış, həmin vaxt həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs nömrəsini və sürücüsünü xatırlamadığı bir avtomobildən düşüb onun avtomobilinə yaxınlaşmış və ondan onu Borsunlu kəndinə aparmağını xahiş etmişdir. O isə Seymura Bakı şəhərinə getdiyini və işi olduğunu bildirmişdir. Seymur ona “bu vaxt buralarda taksi olmur, məni orada gözləyirlər” demiş, o da Seymurla əvvəlcədən tanışlığı və normal münasibəti olduğu üçün razılaşmış, bundan sonra Seymur onun avtomobilinin qabaq oturacağında əyləşmiş və onlar Goranboy rayonu Borsunlu kəndi istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt o, 80 km/saat sürətlə hərəkət etmiş, yolda hərəkətdə olan zaman avtomobilin qabaq sağ təkəri ehtiyyat hissəyə düşmüş, həmin yerdə yol dar olduğu üçün avtomobil sağdakı dərəyə düşmüşdür. Bundan sonra o avtomobildə Seymurun olmadığını görmüş, avtomobildən düşüb kənara baxan zaman Seymurun qan içində olduğunu görmüşdür. O, həmin vaxt yoldan keçənlərdən təcili tibbi yardıma zəng etmələrini xahiş etmiş, bundan sonra təcili tibii yardım avtomobili gəlmiş və o xəstəxanaya getmişdir. Hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilmədiyini, avtomobilində Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. O mərhumun xəstəxanada öldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 izahatında göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun yaşadığı evdə daimi qeydiyyatda olsa da qəsəbədə yerləşən başqa fərdi yaşayış evində yaşayırmış. Oğlu Zərərçəkmiş şəxs Ağcakənddə yaşıllaşdırmada işləmiş, hadisə baş verən zaman məzuniyyətdə olmuş, Seymur işə çağırılmış və oğlu ona işə getməli olduğunu demişdir. O, isə həmin vaxt dağda heyvan otarırmış. xx.xx.2023-cü il tarixdə qaynı X4 ona zəng edərək oğlu Seymurun qəzaya düşdüyünü, onu Goranboy rayon Mərkəzi xəstəxanasına apardıqlarını və xəstəxanada öldüyünü bildirmişdir. Bundan başqa o, ifadəsində hadisəsinin təfsilatı barədə heç nə bilmədiyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayətçi olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Fədayıl oğlu ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin DYP-nin YPX-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində dislokasiya üzrə Goranboy rayonu Veysli kəndi ərazisində xidmətdə olan zaman Növbətçi hissədən həmin kəndin ərazisində yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışdır. O, idarə etdiyi avtomobil ilə məlumatda göstərilən yerə yəni, Goranboy rayonu Veysli kəndində yollanmış, hadisə yerinə çatan zaman təcili tibbi yardım avtomobilinin Zərərçəkmiş şəxs apardığını görmüş, o, hadisə yerinə baxan zaman VAZ-2106 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxıb aşdığını görmüş, bundan sonra həmin avtomobilin sahibi portal vasitəsi ilə yoxlanmış və avtomobilin sahibinin X5 olması müəyyən edilmişdir. Bundan sonra o, hadisə yerinə gələn müstəntiqə hadisə yerinin müayinəsinə köməklik göstərmiş və avtomobilin duracağa yerləşdirilməsi təmin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy-Borslun yolunun Veyisli qəsəbəsindən keçən hissəsindədir. Hadisə yerində yolun hərəkət hissəsi asfalt-beton örtüklü olmaqla, quru olmuşdur. Yolun hərəkət hissəsinin eni 3.8 metrdir. Nəqliyyat vasitəsinin hərəkət istiqaməti Goranboy-Borsunlu yolunda Borsunlu istiqamətindədir. Yolun hərəkət hissəsi nizamlanmayan, yol nişanları olmayan, işıqlandırlmamış yoldur. VAZ-2106 markalı avtomobil yoldan 15 metr kənarda, dərədə aşmış vəziyyətdə dayanmışdır. Hadisə vaxtı tormozlanma müşaiyət olunmamışdır. 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobillə Goranboy-Borsunlu yolunda Borsunlu istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yoldan çıxmış, yolun kənarında dərəyə aşmış və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ölmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş BD 101198 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B,C kateqoriyalı sürücülük vəsiqəsi vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş BD 117841 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1990-cı il buraxılışlı “VAZ-21061” markalı, Sedan tipli, ağ rəngli, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZE 12429216 və AZE 12429219 nömrəli şəxsiyyət vəısiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan iki övladı vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Hüquqi Şəxsin (meyitin ekspertizası) 07 avqust 2023-cü il tarixli, 31 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meydinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-açıq küt kəllə-beyin travması, sağ gicgah və alın sümüklərinin açıq sınıqları, bədən səthinin çoxsaylı sıyrılmış yaraları bərk küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər veurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 8/2694 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-2106 markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Polis Şöbəsinin 3-13-75/1-2/903/44-23 nömrəli, 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BD101198 nömrəli sürücülük vəsiqəsi DİN-nin, DYP-nin VEB portalı vasitəsilə yoxlanılan zaman sürücülük vəsiqəsinin qüvvədə olduğu, yəni Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilmədiyi müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Məhkəmə-kimya şöbəsinin, 3021/K nömrəli, 28 avqust 2023-cü il tarixli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qa nümunəsində metil, etil propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzadiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən) aşkar edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin duracağına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “X10” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “X10” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “X10” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini etiraf etməsini və əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi X2 ona qarşı şikayət və tələbinin olmaması; himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm icraya yönəldilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (hesab: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, KOD 10005, VÖEN **********, Müxbir hesabı Az 41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-92/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-92/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver