Məhkəmə qərarları › İş №1(046)-1/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-1/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-1/2021 09.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay şəhəri C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 09 fevral 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə təhsil almadığı halda, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin saxta orta təhsil haqqında attestat sənədini 31.03.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etmiş, daha sonra işə götürən tərəfindən 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq eilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”sında qeyd olunmuş təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin ödəniş dərəcələri üzrə ixtisas tələblərinə əsasən ondan orta-ixtisas təhsilinin olması barədə diplom tələb olunduqda əldə etdiyi 002110 nömrəli 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə təkrarən saxta sənəddən bilə-bilə istifadə etmiş, eyni zamanda əmlak ələ keçirmək niyyəti ilə aldatma yolu ilə hüquq verən saxta sənəddən istifadə etməklə 2018-ci ilin aprel ayından 2019-cu ilin 31 yanvar tarixinədək (ayda 482 manat olmaqla) ümumilikdə 4820 (dörd min səkkiz yüz iyirmi) manat əmək haqqı alaraq qeyd olunan vəsaiti ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş hər maddə üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər tikinti sahəsində usta kimi işləmiş, sonra səhhəti ilə bağlı həmin işlə məşğul ola bilməmişdir. 04.02.1979-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, ibtidai sinifi Göyçay şəhəri 1 nömrəli tam orta məktəbdə (indiki 9 nömrəli tam orta məktəbdə) oxumuş, sonra 3-cü sinifdən 8-ci sinifə qədər Göyçay şəhəri İnternat məktəbində təhsilini davam etdirmiş, 5 il orada oxuduqdan sonra yenidən Göyçay şəhəri 9 nömrəli məktəbə qayıdaraq təhsilini orada davam etdirmişdir. 1994-cü il tarixdə atası Rafiq Kərimovun tanışı olan Ramiz müəllimin köməkliyi ilə onun direktor işlədiyi Gəncə Məişət Xidməti texnikumuna düzəlmiş, 1994-1996-cı il tarixlərdə orada oxumuş, daha sonra atası rəhmətə getdiyindən bir daha həmin kollecə getməmiş və diplom ilə maraqlanmamışdır. Daha sonra Göyçay şəhəri 5 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəldikdən 1 ay sonra orta ixtisas təhsili diplomu həmin məktəbin direktoru tərəfindən tələb edildiyindən Gəncə şəhərində Ramiz müəllimlə görüşərək diplomu almışdır. Göyçay şəhəri İnternat məktəbində 8-ci sinifdə oxuyarkən atası Rafiq onun sənədlərini məktəbdən götürərək Göyçay şəhəri 9 saylı tam orta məktəbə aparmışdır. Lakin sonradan Göyçay şəhəri 9 saylı tam orta məktəbdə dərslərə getməmiş, hansı ildə İnternat məktəbindən çıxmağını xatırlamır, 9 illik təhsilini bitirməyi barədə şəhadətnamə almamışdır. 1996-cı ildə Göyçay şəhəri 9 saylı məktəbi bitirməyi barədə atestat almış, attestatı atası Rafiq həmin vaxt məktəbdə direktor işləyən Səbuhi müəllimdən almışdır. Gəncə Məişət Xidməti Kollecinə sənədləri atası Rafiq aparıb vermiş, atasının kollecə hansı sənədləri təqdim etdiyindən məlumatı olmamışdır. Göyçay şəhər 5 saylı tam orta məktəbə işə qəbul olunduqdan 1 ay sonra orta ixtisas təhsil müəssisəsini bitirməyi barədə diplom tələb olunduğundan, Gəncə şəhərinə gedərək Ramiz müəllimlə şəxsən görüşmüş və diplomu 2018-ci ilin aprel ayında Gəncə şəhərində Ramiz müəllimdən götürmüşdür. Göyçay şəhəri 5 nömrəli tam orta məktəbə işə girdikdə orta təhsili bitirməyi haqqında attestatı məktəbdə direktor vəzifəsini icra edən Nüşabə müəlliməyə təqdim etmişdir. Məktəbdə təxminən 1 aya yaxın işlədikdən sonra Nüşabə müəllimə ondan orta ixtisas təhsili haqqında diplomunun olub-olmamasını soruşmuş, həmin diplomu məktəbə təqdim etmişdir. 2018-ci ilin aprel ayında Göyçay şəhəri 5 saylı tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə daxil olduqdan sonra həmin vaxtdan etibarən daimi olaraq gündəlik işə getmiş, əmək vəzifəsələrini yerinə yetirmiş, gördüyü işin müqabilində də 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayına kimi hər ay 400 manat əmək haqqı almışdır. Aylıq məvacibi “Kapital bank” tərəfindən verilən əmək haqqı kartına yüklənmişdir. Hesab edir ki, dələduzluq cinayəti törətməmişdir. İşləyərək əmək haqqı almışdır. Sənədlərin saxta olmasında isə məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, 2009-cu ildən hal-hazıra kimi Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə hesablaşma mərkəzində böyük mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayında Göyçay şəhəri 5 saylı orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar 2018-ci ilin aprel ayından başlayaraq 2019-cu ilin 31 yanvar tarixinədək ayda 482 manat olmaqla 4820 manat əmək haqqı hesablanıb ödənilmişdir. Əmək haqqı Kapital bank kart hesabı ilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs kart vasitəsi ilə yuxarıda göstərilən məbləğdə məvacib almışdır. Sonra Təqsirləndirilən şəxs işdən azad edilmişdir. Məlum olmuşdur ki, 5 saylı orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini təyin edilərkən X7 bitirməsi ilə əlaqədar saxta diplom təqdim etmişdir. Göstərilən müddət ərzində yəni Təqsirləndirilən şəxs işlədiyi müddətdə Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə hesablaşma mərkəzinə cəmi 4820 (dörd min səkkiz yüz iyirmi) manat ziyan vurulmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 2007-2017-ci illərdə 5 nömrəli orta məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 2017-ci ilitn oktyabr ayından isə 5 nömrəli orta məktəbin direktoru vəzifəsini icra etməyə başlamışdır. Təqsirləndirilən şəxs heç bir təhsil müəsissəsində işləmədən bir başa Göyçay RTŞ-nin müdiri Elnur İsmayılovun göstərişi ilə 31 mart 2018-ci il tarixdə 5 saylı tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini təyin edilmişdir. Sonralar Təhsil Nazirliyi tərəfindən keçirilmiş yoxlamalar zamanı Təqsirləndirilən şəxs məxsus diplom dövlət nümunəli olmadığı aşkar olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 1982-ci ildən halhazıra kimi Göyçay şəhər 9 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. 1995-1996-cı il tədris ilində məktəbdə «11a» sinifdə riyaziyyat fənnini tədris etmiş, imtahanlarda nəzarətçi olduğu üçün 11-ci sinif şagirdlərini hamısını tanımışdır. Həmin şigirdlərin içərisində Təqsirləndirilən şəxs olmamışdır. Adına attestat yazılmalı şagird Mahirə İsmayılovanı isə tanımış, həmin şagirdə dərs demiş, Mahirə 11-ci sinifi bitirdikdən sonra onun imtihanıda nəzarətçi olmuş, buraxılış imtahanında Mahirə İsmayılova iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay şəhər 5 saylı orta məktəbin direktor əvəzi Kəmalə Haqverdiyevanın 31.03.2018-ci il tarixli 31№-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin məkbətə təsərrüfat işləri üzrə direktor müavini təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktor əvəzi Kəmalə Haqverdiyevanın 01.12. 2019-cu il tarixli 13 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs məktəbin təsərrüfat işləri üzrə derektor müavini ilə bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi əsasında 01.12.2019-cu il tarixdən ləğv edilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Təhsil Nazirliyinin 09.01.2019-cu il tarixli 31-31-13/10 nömrəli məktubundan görünür ki. Gəncə Məişət Xidməti Kolleci tərəfindən Təqsirləndirilən şəxs adına yazılmış AZ seriyalı 002110 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Göyçay şəhəri İnteqrasiya tipli gimnaziyanın İX illik təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında məktəbi bitirmiş şəhadətnamə almış 18 şagirdin adları qeyd olunmuşdur. Həmin siyahıda Təqsirləndirilən şəxs adı qeyd olunmamışdır. Cinayət işinə əlavə edilmiş orta təhsil haqqında attestatın surətindən görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildə Göyçay şəhəri 9 saylı orta məktəbi bitirmişdir. Göyçay şəhəri 9 saylı tam orta məktəbin attestat paylama kitabına baxış keçirilərkən 1995-1996-cı tədris ilinin sonunda attestat almış 11-ci sinif şagirdlərinin arasında Təqsirləndirilən şəxs adı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş 025864 nömrəli attestat həmin kitabın 23-cü səhifəsində X2 verilməsi qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay şəhəri 9 saylı orta məktəbdən daxil olmuş 28 fevral 2020-ci il tarixli 016 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhər 9 saylı orta məktəbi bitirməmiş, ona orta təhsil haqqında verilmiş 03 iyul 1996-cı il tarixdə 025864 saylı attestat saxta olmaqla attestatda direktor sözünün qarşısında imza məktəbin direktoru işləmiş, 2002-ci ilddə vəfat etmiş Səbuhi Nuriyev, direktor müavini qarşısında olan imza 2003-cü ildə vəfat etmiş Şövkət Əhmədliyə məxusdur. Həmin 025864 nömrə altında verilmiş ettestat məktəbin ettestat paylama kitabında X1 adına verilmiş kimi qeyd edilmişdir. Cinayət işinə əlavə edilmiş 11 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzindən daxil olmuş 14 oktyabr 2019-cu il tarixli 427 saylı məktubundan görünür ki, Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləmiş Təqsirləndirilən şəxs 2018-ci ili naprel ayından başlayaraq 2019-cu ilin 31 yanvar tarixinədək (ayda 482 manat olmaqla) 4820 manat 00 qəpik əmək haqqı hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2020-ci il tarixli 04/20 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 002110 nömrəli 6 may 1997-ci il tarixli diplomun əlyazma mətni –Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizya təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan 002110 nömrəli 6 may 1997-ci il tarixli diplomda «Direktor» qrafasındakı imza Şahid1 Musa oğlu tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertizanın dəyəri 112 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetmir və onun əməlində həmin maddə ilə cinayət tərkibi olmadığına görə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarının 1-ci bəndinin ikinci abzasında qeyd olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndində göstərilir ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxta diplomu təqdim etməklə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 2018-ci ilin aprel ayından 2019-cu ilin 31 yanvar tarixinədək əmək funksiyalarını yerinə yetirmiş, işə mütəmadi olaraq gedib-gəlmiş və bunun müqabilində əmək haqqı almışdır. Yəni Təqsirləndirilən şəxs vəzifəsi üzrə üzərinə düşən işi icra etmiş, aldığı əmək haqqını əvəzsiz olaraq ələ keçirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs saxta diplomu təqdim etməklə hər hansı bir əmlakı ələ keçirməmiş və ya əmlaka olan hüququ əldə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin tələbinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 33.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər." Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirlərkən Azərbaycan Respublikası CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi hallar yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-in 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, "Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir." İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən həmin məktəbin saxta orta təhsil haqqında attestat sənədini 31.03.2018-ci il tarixdə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlmək üçün təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etməklə, daha sonra işə götürən tərəfindən 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”sında qeyd olunmuş təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin ödəniş dərəcələri üzrə ixtisas tələblərinə əsasən ondan orta-ixtisas təhsilinin olması barədə diplom tələb olunduqda əldə etdiyi 002110 nömrəli 1994-1997-ci illərdə Gəncə Məişət Xidməti Kollecində təhsil alması barədə həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən, eləcə də dövlət nümunəli olmayan saxta diplomu təqdim etməklə saxta sənəddən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında ən ağır cəza olaraq bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin maddədə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunundan görünür ki, onun saxta sənəddən istifadə etməsi, 31.03.2018-ci il tarixdən, yəni işə qəbul olunduğu tarixdən başlamış, 2019-cu ilin 31 yanvar tarixinədək, yəni işdən azad olunduğu tarixədək davam etmişdir. Azərbaycan Respublikası CM-nin 75.2.-ci maddəsinin tələbinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin 27 dekabr 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ... qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Davam edən cinayət isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Belə bir nəzəri anlayışın mövcudluğu sözügedən cinayətlər üzrə müddətlərin axımının bu cinayətlərin başlandığı deyil, bitdiyi andan hesablanmasına dair fikir ayrılığına səbəb olur. Həmin qərarın yekununda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bü növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Bununla əlaqədar yaranmış boşluğun aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə zəruri qanunvericilik tənzimlənməsini həyata keçirmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbinə əsasən cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli uzanan cinayət olduğundan bu cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı cinayətin bitdiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə etmə əməli işə düzəlmək üçün saxta sənədi təqdim etdiyi 31.03.2018-ci il tarixdən başlayır, işdən çıxarıldığı 2019-cu ilin yanvar ayının 31-də bitmiş hesab olunur və belə olan halda onun cinayət məsuliyyətinə cəlb etmə müddəti 31 yanvar 2021-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2, 44.2.1-ci və 43.3-cü maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində cinayət təqibinə xitam verilməsi barədə məhkəmə müdafiə tərəfinin razılığı ilə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin razılığı olmadıqda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 178.1-ci maddəsi ilə verilmiş itihama bəraət verilməli, Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə ilə ona cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd diplom, 1 ədəd ettestat və əmək kitabçısı cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 112 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd diplom, 1 ədəd ettestat və əmək kitabçısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 112 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar