Məhkəmə qərarları › İş №1(046)-10/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-10/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-10/2020 05.02.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştiraki ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 18.07.2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 05 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 10.07.2019-cu il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus olan Göyçay şəhəri Nizami küçəsində yerləşən “Müəllim market” adlı ərzaq mağazasına arxa pəncərəsinin üzərində olan sintetik torunu itələyib qoparma yolu ilə qanunsuz daxil olaraq mağazada arxa piştaxtadan asılmış ümumi 170 manat dəyərində “sim” və “cin” danışıq kartlarını, piştaxtalarda kasalarda və sellofan paketlərdə “10”, “20” və “50” qəpiklərlə saxlanılan 1050 manat xırda dəmir pullarını, soyuducunun üzərindəki çemodanda “1 manat”lıq əskinaslarla saxlanılan 300 manat kağız pullarını, eləcə də, hər birinin dəyəri 3 manat olan 3 qutu nazik, sarı rəngli “Davidoff” markalı siqaretlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz)manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 14.09.2019-cu il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus olan Göyçay şəhəri Nizami küçəsində yerləşən “Müəllim market” adlı ərzaq mağazasına pəncərəsinin şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq mağazadan piştaxtalarda kasalarda “10”, “20” və “50 qəpiklərlə saxlanılan 400 manat xırda dəmir pullarını və soyuducunun üzərindəki çemodanda “1 manat”lıq əskinaslarla saxlanılan 200 manat kağız pullarını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 600(altı yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı küçənin çıxacağında, “Bioloji Təbabət” klinikasının yanında, Nizami küçəsində yerləşən “Müəllim market” adlı mağazanın sahibidir. O, həmin marketdən mütəmadi olaraq nisyə alış-veriş etmişdir. Nisyə alış-veriş etdiyinə görə isə Zərərçəkmiş şəxs 457 manat borcu yaranmışdır. 10.07.2019-cu il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus həmin mağazadan pul və siqaret, eləcə də “SİM” və “CİN” konturları oğurlamaqla zərərçəkmişə 1529 manat ziyan vurmuşdur. Bundan sonra o, yenidən 14.09.2019-cu il tarixdə gecə saatlarında sərxoş vəziyyətdə həmin mağazanın pəncərəsini sındırıb içəriyə daxil olaraq oradan köhnə çemodanla birlikdə 200 manat kağız pulları, rəflərdəki kasalarda olan “50”, “20” və “10” qəpiklik dəmir pulları, üzərində borcluların siyahıları yazılan kağızları oğurlamışdır. Son zamanlar Zərərçəkmiş şəxs hər dəfə onu görəndə sərt formada borcunu qaytarmağını tələb etmişdir. Heç bir yerdə işlmədiyindən və ailəsinin dolanışığı çox çətin olduğundan borcu qaytarmağa çətinlik çəkmişdir. 2019-cu ilin iyul ayının ilk günlərində Zərərçəkmiş şəxs mağazasının qarşısından keçərkən Ceyhun əsəbi formada və qışqıraraq borcunu qaytarmağını ondan tələb etmiş və ona “vicdansız” demişdir. Bundan sonra Ceyhundan kinli qalmış və onunla danışmamışdır. Ceyhunun ona bu formada davranmasına görə qisas almaq üçün Ceyhunun işlədiyi mağazaya daxil olub oradan pul götürmək qərarına gəlmişdir. 10.07.2019-cu il tarixdə saat 01:00 radələrində sərxoş vəziyyətdə şəhərdən yaşadığı evə qayıdarkən “Müəllim market”in yanına çatanda, küçədə heç kimin olmadığını görüb oğurluq etmək üçün həmin mağazaya daxil olmaq qərarında gəlmişdir. Həmin mağazaya daxil olmaq üçün sol tərəfində yerləşən, Şahid2 işlətdiyi çayxananın sol tərəfinə keçərək oradan ayaqyolunun yanından barıya qalxmış və çayxananın həyətinə düşmüşdür. Sonra çayxananın sağ zalındakı açıq pəncərədən “Müəllim market” mağazasının arxasına düşmüşdür. “Müəlllim market” mağazasının arxa tərəfinə açılan pəncərəsinin altında kəsilmiş ağac gövdəsinin üzərinə qalxmış, “Müəllim market”in açıq vəziyyətdə olan arxa pəncərəsinin üzərində olan tor pərdəni əli ilə içəriyə basıb qoparmış və həmin açıq pəncərədən içəri daxil olaraq kolbasalar yığılmış soyuducu ilə arxa divara birləşik spirtli içkilər, çaylar və yağların düzüldüyü piştaxtaların arasında yerə düşmüşdür. Əvvəlcə spirtli içkilər yığılan rəfin üzərindən asılmış çoxlu sayda “SİM” və “CİN” danışıq kartlarını, yəni konturları götürərək qatlayıb cibinə qoymuş, sonra kənarda qoyulmuş 5 kiloqramlıq düyü kisəsini götürüb içərisindəki düyünü stulun üstünə boşaldaraq oğurladığı əşyaları yığmaq üçün həmin kisəni götürmüşdür. “Sim” və “Cin” konturların asıldığı ağ rəngli kassada bir topa sellofana yığılmış vəziyyətdə “50 qəpiklik” dəmir pulları, yanında isə bir topada sellofana yığılmış “10” və “20” qəpiklik dəmir pulları götürüb həmin düyü kisəsinə qoymuşdur. Soyuducunun arxa tərəfində qırmızımtıl çemodanda isə bir topa 1 manatlıq əskinasların olduğunu görüb onları cibinə qoymuşdur. Bundan sonra həmin çemodanın da yanında kasada sellofanda “10” və “20” qəpiklik dəmir pulların yığılıb saxlandığını görüb, onları da götürmüşdür. Daha sonra isə mağazada girişdən sol tərəfdə rəfdə qoyulmuş boz rəngli kasanın içərisində də sellofanda “20” və “10” qəpiklik pulların yığılıb saxlanıldğını görüb, onları da sellofanla birlikdə əlindəki kisəyə qoymuşdur. Bundan sonra geri qayıdıb çemodanın yaxınlığında qoyulmuş 3 ədəd nazik sarı rəngli “Davidoff” markalı siqaretləri götürüb əlindəki kisəyə yığmışdır. Oğurladıqlarını götürüb mağazaya daxil olduğu pəncərədən oranı tərk etmiş, çayxanadan çıxarkən küçədə heç kimin olmadığına və onu heç kimin görmədiyinə tam əmin olub yaşadığı evə aparmışdır. Marketdən götürdüyü “1 manatlıq” əskinasları sayanda, “1 manatlıq əskinalarla” 300 manat pul oğurladığını görmüşdür. Oğurladığı həmin “1 manatlıq əskinaslardan 240 manatını, 2 qutu “Davidoff” markalı siqaretləri, eləcə də cibində saxladığı konturları Bakı şəhərinə gedəndə özü aparmaq üçün həmin kisədə saxlamışdır. Oğurladığı dəmir pulların az bir hissəsini bir ədəd sellofana, eləcədə bir az qalmış “SİM” və “CİN” konturlarını da başqa sellofana yığıb həyətlərində mişar daşlarının arasında gizlətmişdir. Sonra isə anası Minayəni çağırıb iş olduğunu və səhər tezdən işlə bağlı Bakı şəhərinə gedib 2 günə qayıdacağını demişdir. Anası Minayə onun oğurluq etməsini bilməmişdir. 10.07.2019-cu il tarixdə saat 06 radələrində yaşadığı evdən çıxaraq ayırıb xırda pulları və konturlar saxladığı düyü kisəsini də götürüb şəhər istiqamətində, oradan isə taksi ilə Göyçay şəhəri avtovağzalına gedərək avtomobillərin biri ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində isə o, “Üçün Dairəsi” yerdə düşüb taksiyə 12 manat pul vermişdir. Oradan isə şəhərin mərkəzinə getmişdir. Şəhərdə kisədə xırda pulları özü ilə gəzdriməmək üçün bir hissəsini marketlərdə, bir hissəsini isə siqaret köşklərində dəyişdirərək kağız pula çevirmişdir. Xırda pulları dəyişdikdən sonra isə pullarını sayanda, ümumilikdə təxminən 1200 manatdan artıq pulu olduğunu görmüşdür. Daha sonra oğurladığı “Sim” və “Cin” konturları başqa bir neçə yerdə bir az ucuz qiymətə satmaq istəsə də, danışıq kartlarını heç kim ondan almaq istəməmişdir. Ona görə də üzərində olan “SİM və “CİN” konturlarını cırıb zibil qutusuna atmışdır. Ertəsi gün, yəni 11.07.209-cu il tarixdə pulun az qaldığını görüb özünə metro yaxınındakı yeraltı keçiddən 20 manata bir ədəd açıq göy rəngli cins şalvar və 15 manata bir ədəd boz rəngli qısaqol köynək almışdır. Saat 23:30 radələrində evə qayıtmaq üçün taksi ilə rayonlara çıxan maşınların dayandığı yerə gedib oradan Göyçay rayonuna çıxan avtomobil olmadığından Ucar rayonuna çıxan avtomobilin sürücüsü ilə danışıb 55 manata yaşadığı evin yanına gəlmişdir. Ertəsi gün, yəni 12.07.2019-cu il tarixdə saat 12 radələrində polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Ceyhunun mağazasından oğurluq etdiyini etiraf etmiş və yaşadığı evə gedərək evdə saxladığı 1 ədəd “Davidof” markalı siqareti, sellofanda saxladığı 42 ədəd “50” qəpiklə 21 manat, “20” və “10” qəpiklərlə ümumi 3,30 manat olan dəmir pulları, “1 manatlıq” əskinaslarla 60 manat pulu, digər sellofanda qalan “SİM” və “CİN”konturları, eləcə də Bakı şəhərindən oğurladığı pullarla aldığı bir ədəd göy rəngli cins şalvarı və boz rəngli qısaqol köynəyi polislərə təqdim etmişdir. Bundan sonra 13.09.2019-cu il tarixdə saat 22 radələrində evə gedərkən “Bioloji Təbabət” adlı klinikanın yanından keçəndə həmin klinikanın həyətində gözəltçisi Şahid4 dayandığını görmüşdür. Azərlə söhbət edərkən Azərin işlədiyi yerdə yemək yeyib araq içməyə qərarlaşdırmışlar. Azərin işlədiyi yerin həyətindəki kiçik butkada onlar yemək yeyərək araq içmişlər. 14.09.2019-cu il tarixinə keçən saat 00 radələrində Şahid4 yerinə yatmağa gedəndə o, da yaşadığı evə getmişdir. Lakin pulu olmadığına görə Ceyhuna məxsus “Müəllim market”dən yenə oğurluq etmək qərarına gəlmiş və qayıdıb Ceyhuna məxsus mağazaya yaxınlaşaraq küçədə heç kimin olmadığından istifadə edib saat 00:30 radələrində yenə həmin mağazanın sol tərəfindəki çayxananın sol tərəfində ayaqyolunun yanından barıdan çayxananın həyətinə, oradan isə çayxananın içindən sağ arxa tərəfindəki pəncərəsindən “Müəllim market” mağazanın arxa tərəfinə tullanmışdır. Mağazanın arxa pəncərəsinin alt hissəsində kəsilmiş ağac gövdəsinin üstünə çıxaraq marketin pəncərənin şüşəsini daşla sındırıb içəriyə daxil olaraq Ceyhunun satıcı kimi dayandığı soyuducu ilə araq və yağların düzüldüyü rəflərinin arasına düşmüşdür. Marketdə olan qırmızı rəngli köhnə çemodanı açanda, orada təxminən 200 ədəd “1 manatlıq” əskinasların olduğunu görmüş sonra isə yenə xırda pul axtarmağa başladıqda elə həmin çemodanın yanında kasada çoxlu sayda “10” və “20” qəpiklərlə xırda pulların olduğunu görmüşdür. Həmin pulları göy rəngli sellofan paketə boşaltmışdır. Sonra isə arxada araq olan rəflərdə təxminən 20 ədəd “50” qəpiklərin olduğunu görüb onları da həmin sellofana boşaltmışdır. Sonra isə həmin sellofanı başqa ağ rəngli üzərində qırmızı şəkili olan sellofana qoyanda həmin dəmir pulların çox ağır olduğunu və sellofan cırılmasın deyə onların bir hissəsini başqa sellofana boşaldıb həmin iki ədəd sellofanları bağlamışdır. Daha sonra Ceyhunun ondan şikayət etdiyini xatırlayıb qəsdən qırmızı rəngli köhnə çemodana borcluların siyahısı yazılmış 3 ədəd A4 formatlı vərəqləri, girişdən soldakı rəfdə saxlanılan qeydlər yazılmış 6 ədəd siqaret blokunun kağızları, həmin kağızların yanında 2 ədəd qalın üzlüklü, 2 ədəd isə 48 vərəqdən ibarət dəftərləri həmin qırmızımtıl rəngli çemodana yığmış, sonra isə sındırdığı pəncərədən geriyə çıxmışdır. Sonra isə çayxanaya pəncərəsindən daxil olaraq, gəldiyi yol ilə yəni, ayaqyolu tərəfdən barıdan küçəyə çıxmışdır. Heç kimin onu görmədiyinə əmin olub tez evlərinə getmişdir. “Müəllim market” adlı mağazadan oğurladığı nisyə dəftərləri ilə üzərilərində siyahı yazılmış kağızları yaşadığı evin həyətində sol tərəfdəki hamamın içərisində olan qazla işləyən dördbucaq sobaya atıb yandırmaq qərarına gəlmişdir. Sərxoş vəziyyətdə olduğundan isə sobanı alışdırdıqdan sonra nisyə dəftərləri və borcluların siyahısı yazılmış kağızlarla birlikdə çemodanın içərisində olan təxminən 200 ədəd “1 manatlıq əskinaslar”ı çaşıb sobaya atmışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra anlamışdır ki, oğurladığı “1 manatlıq” pulları da sobaya atmışdır. Pulları oradan götürmək üçün sobanı açsa da, artıq orada kağızlar möhkəm alışmışdır. Ona görə də, “1 manatlıq” əskinasları da olan pulları sobadan götürə bilməmişdir. Əsəbləşdiyindən oğurlayıb sellofanlara yığdığı qəpik pulları da həyətdə hamamdan sağda olan köhnə ayaqyolunun kanalizasiyasına atmış, qırmızı rəngli çemodanı isə sonra zibilliyə atmaq üçün hamamdan sol tərəfdəki barının küncünə atmışdır. Ertəsi gün saat 07 radələrində yuxudan ayılarkən tez gedib sobanı söndürmüş və içərisində olan külləri paketə yığıb sobanın içərisini təmizləmişdir. Həmin külü sellofan paketə yığıb evlərinin arxasından keçən su arxına atmışdır. Bir neçə saat sonra isə polislər onunla maraqlanmışlar və onu polis şöbəsinə çağırmışlar. Oğurladığı pullardan xərcləyə bilməmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 10.07.2019-cu il tarixdə saat 07 radələrində oğlu Hüseyn Mütəllimov və həyat yoldaşı Kəmalə Mütəllimova ilə birlikdə mağazanı açmağa getmişlər. Marketin jalyuzunu və qapısını açaraq İçəri daxil olanda həyat yoldaşı Kəmalə və oğlu Hüseyn ona səslənərək marketin arxa pəncərəsinin torunun yerindən çıxdığını, mağazada qalan pulların və konturların götürüldüyünü demişlər. Mağazaya daxil olanda isə stolun üstünə düyü kisəsindən düyünün boşaldıldığını görmüşdür. Oğurluq hadisəsinin baş verdiyini görüb dərhal 102 xidmətinə zəng vurb məlumat vermişdir. Ərizə ilə polisə müraciət etdikdən sonra isə mağazada dəqiq nəyin oğurlanmasına nəzarət edən zaman “Sim” və “Cin” danışıq kartları oğurlandığını, daha sonra isə qırmızımtıl rəngli çemodanın yanında olan siqaretlərin arasından 3 ədəd hər birinin qiyməti 3 manat olan sarı rəngli qutuda, nazik “Davidof” markalı siqaretlərinin də oğurlandığını aşkar etmişdir. Hər mağazanı nəzərdən keçirib hesabat apardıqda isə ona məxsus mağazadan arxa tərəfdə araqların düzüldüyü rəfdən asılmış 10 ədəd 5 manatlıq, 10 ədəd 3 manatlıq, 10 ədəd 2 manatlıq və 40 ədəd 1 manatlıq “sim” konturlar, 10 ədəd 2 manatlıq və 10 ədəd 1 manatlıq “cin” konturlar, həmin yerdə, yağ məhsulları düzülmüş ikinci piştaxtada topa halda sellofan paketə saxladığı 300 manat dəyərində “10” və “20” qəpik pullar, həmin sellofanın yanında olan kasada selofanda 250 manat məbləğində “50” qəpiklik pullar, kolbasalar yığılan soyuducunun arxa tərəfində müştərilərlə alış-veriş etdiyi yerdə kağız pulları yığdığı köhnə qırmızımtıl çantadan “1 manatlıq” əskinaslarla 300 manat pul, həmin çantanın yanındakı kasada sellofanda saxladığı 200 manat dəyərində “10” və “20” qəpiklik xırda pullar və girişdən sol tərəfdəki piştaxtada kasada selofanda saxladığı 300 manat məbləğində “10” və “20” qəpiklərlə dəmir xırda pullar, eləcə də 3 ədəd hər birinin qiyməti 3 manat olan sarı rəngli qutuda, nazik “Davidof” markalı siqaretlər oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz) manat dəyərində maddi ziyan dəymişdir. Polisdə araşdırma aparılarkən onun işlədiyi mağazadan oğurluq edən şəxsin nisyə ərzaq aldığına görə ona borcu yaranmış Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra 13.09.2019-cu il tarixdə saat 22:00 radələrində mağazanı bağlayıb evə getmişdir. Həmin vaxt marketə bitişik olan, Şahid2 və x3 işlətdiyi çayxana açıq olmuşdur. 14.09.2019-cu il tarixdə saat 07 radələrində həyat yoldaşı x1 ilə birlikdə mağazaya gələrək jalyuzu açıb içəriyə daxil olan zaman həyat yoldaşı Kəmalə üzbə-üz arxa divarın yuxarı hissəsində olan plastik pəncərənin sındırıldığını göstərdikdə o, mağazaya daxil olub oğurluq hadisəsinin olub-olmamasını yoxlamaq üçün ilk növbədə rəflərə yaxınlaşmışdır. Mağazaya nəzər yetirdikdə görmüşdür ki, girişdən sonda dayanan soyuducunun arxa hissəsində saxladığı içərisində 200 ədəd manatlıq əskinaslar olan köhnə və dəyərsiz qırmızımtıl çemodan, həmin çemodanın yanındakı kasadan 150 manat dəyərində “20” və “10” qəpikliklərlə dəmir xırda pullar, həmin soyuducunun arxasında, pəncərənin altındakı rəfin üzərindəki kasanın içərisindən 100 manat dəyərində 20 ədəd “50” qəpiklik xırda pullar, girişdən solda piştaxtaya qoyduğum kasada 150 manat dəyərində “20” və “10” qəpikliklərlə dəmir xırda pullar oğurlanmışdır. Ümumilikdə 600 manat puldan başqa isə həmin kasanın yanında saxladığı üzərində borcluların siyahısını yazdığı 6 ədəd siqaret blokunun kağızların, həmin kağızların yanında 2 ədəd qalın üzlüklü, 2 ədəd isə 48 vərəqdən ibarət nisyə dəftərlərin, qeyd etdiyi qırmızımtıl çemodanın yanından isə borcluların siyahısı olan 3 ədəd A4 formatlı kağızların və dördbucaq formasında olan sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN haqqında şəhadətnaməsinin oğurlandığını aşkar etmişdir. Bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin mağazaya baxış keçirmişlər. Bu barədə protokol yazılaraq fotoşəkillər çəkilmişdir. Həmin gün də işlədiyi mağazadan 14.09.2019-cu il tarixdə oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir onun mağazasından nisyə ərzaq götürdüyünə görə Salikin ona 450 manatdan artıq borcu yaranmışdır və dəfələrlə ondan həmin borcu qaytarmasını tələb etməsinə baxmayaraq Salik onun sözlərinə məhəl qoymamışdır. 14.09.2019-cu il tarixdə oğurluq nəticəsində ona ümumilikdə 600 yüz manat dəyərində maddi ziyan dəymişdir. Eləcə də təxminən 20 manat dəyərində 80sm* 1m ölçüdə pəncərənin şüşəsi sınmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 1614.60 manat ödəmişdir. Təqsirləndirilən şəxs poçt vasitəsi ilə ona dəymiş ziyanın qalan hissəsi olan 600 manat pulu ödəmişdir. Lakin həmin pulu qəbul etmir və hesab edir ki, nisyə dəftərlərini oğurlamaqla Təqsirləndirilən şəxs ona 25-30 min manat məbləğində ziyan vurmuşdur. Həmin ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Buna görə də təqsirləndirilən şəxsə ağız cəza təyin edilməsini tələb edir. İş üzrə şahid qismində ifadə vermiş x1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Ceyhun Göyçay rayonun Ulaşlı-Şıxlı kənd tam orta məktəbində tarix müəllimi işləyir, eyni zamanda yaşadıqları evdən bir az aralıda M.Muradov küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən “Bioloji Təbabət” adlanan klinikanın yanında “Müəllim market” adlı ərzaq mağazasını işlədir. Həmin marketdə həyat yoldaşı Ceyhun və qaynanası Şahid3 satıcı kimi işləyirlər. Bütün hesabatı isə həyat yoldaşı Ceyhun özü aparır. 10.07.2019-cu il tarixdə, saat 07 radələrində oğlu Hüseyn Mütəllimov və həyat yoldaşı Ceyhunla birlikdə mağazanı açmağa getmişlər. Oğlu Hüseynlə birlikdə jalyuzu açaraq mağazaya daxil olan zaman mağazanın sonunda arxa pəncərəsinin torunun qopduğunu, yaxınlaşanda isə rəflərdə kasalarda saxlanılan xırdaqəpik pulların və danışıq kartlarının asıldıqları yerdə olmadıqlarını, düyü kisəsindən düyünün sağ tərəfdə stulun üzərinə boşaldıldığını görüb küçədə olan həyat yoldaşı Ceyhuna bu barədə məluamt vermişlər. Ceyhun isə içəriyə daxil olanda oğurluq hadisəsinin baş verdiyini görüb dərhal DİN-in 102 xidmətinə xəbər vermişdir. Sonradan Ceyhun özü mağazada dəqiq nəyin oğurlanmasına nəzər etdikdə hesablayıb, ümumiikdə 1520 manat dəyərində əmlakın oğurlandığını bilmişdir. Polisdə araşdırma aparılarkən mağazadan oğurluq edən şəxsin mağazadan yaxınlıqda yaşayan və onlardan nisyə alışveriş edən Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra isə 14.09.2019-cu il tarixdə saat 07 radələrində həyat yoldaşı Ceyhunla birlikdə mağazanı açmağa gedərkən jalyuzu açaraq mağazaya daxil olanda mağazanın sonunda spirtli içkilərin, yağ məhsullarını və siqaretlərin yığıldığı rəflərin yuxarısında olan arxa pəncərəsinin şüşəsinin sındırıldığını və açıq vəziyyətdə olduğunu görüb həyat yoldaşı Ceyhuna bu barədə məlumat vermişdir. Ceyhun da mağazaya daxil olanda rəflərə baxan zaman həqiqətən mağazadan oğurluq olduğunu görmüşdür. Ceyhun mağazanı gəzib nəyin oğurlandığına nəzər yetirəndə içərisində 200 ədəd bir manatlıq əskinaslar olmaqla cəmi 200 manat pul olan qırmızı rəngli köhnə çemodanın, həmin çemodanın yanında olan kasadan 20 və 10 qəpiklik dəmir pulların, həmin çemodanın dayandığı yerin arxasında, pəncərənin altındakı rəfin üzərindəki kasanın içərisindən 20 ədəd “50” qəpiklik pulların, girişdən sol tərəfdəki rəfin üzərindəki kasanın isə içərisindən “20” və “10” qəpiklik pulların, həmin kasanın yanında saxladığı üzərində borcluların siyahısını yazdığı 6 ədəd siqaret blokunun kağızları, həmin kağızların yanında 2 ədəd qalın üzlüklü, 2 ədəd isə 48 vərəqdən ibarət nisyə dəftərləri, çemodanın yanından isə borcluların siyahısı olan 3 ədəd A4 formatlı kağızların və sahibkarlıq haqqında VÖEN sənədinin oğurlandığını aşkar etmişdir. Ceyhun dərhal oğurluq barədə polisə məlumat vermiş, polis əməkdaşları mağazaya baxış keçirmişlər. Həmin günü mağazadan yenə Təqsirləndirilən şəxs oğurluq etdiyi məlum olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 Kəmalə Mütəllimova ilə eyni məzmunda ifadə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 Əmiraslan oğlu göstərmişdir ki, Göyçay şəhəri Nizami küçəsində “Bioloji Təbabət” adlanan özəl klinikada gözətçi işləyir. Hər gün saat 20-dən səhəri günü saat 08-dək həmin klinikanın həyətində yerləşən gözətçi butkasında qalır və gecələr klinikanın həyətinə nəzarət edir. Təqsirləndirilən şəxs fəhləliklə məşğul olur və axşamlar bəzən onun işlədiyi yerə gələrək söhbət edirlər, yemək yeyib birlikdə araq içirlər. Zərərçəkmiş şəxs isə “Bioloji Təbabət” adlanan özəl klinikanın yaxınında “Müəllim Market” adlanan kiçik ərzaq mağazası işlədir. 2019-cu ilin iyul ayında Salik Ceyhunun işlətdiyi mağazaya gecə daxil olaraq təxminən 1500 manat dəyərində pul, “sim” və “cin” konturlar və siqaret oğurladığını həmin hadisə baş verdikdən sonra ona danışmışdır. Təqsirləndirilən şəxs təkrarən 14.09.2019-cu il tarixdə Ceyhunun mağazasına daxil olaraq oradan yenidən xırda kağız və dəmir pullar, nisyə dəftərlərini, eləcə də VÖEN sənədini oğurlamışdır. Onlar həmin tarixdə bir yerdə yeyib içsələr də onun Salikin oğurluq etməsi barədə heç bir məlumatım olmamışdır. 13.09.2019-cu il tarixdə axşam saat 22 radələrində o klinikanın həyətindəki butkanın yanında tək dayanan zaman Təqsirləndirilən şəxs gəlib onunla söhbət edərkən araq içməyə qərarlaşmışlar və ikisi elə orada evdən gətirdiyi yeməkdən yeyərək araq içmişlər. Salik sərxoş olmuşdur. Saat 24 radələrində o istirahət etmək üçün butkaya keçmiş, Salikə də gec olduğunu bildirərək evlərinə getməsini bildirmişdir. Salik yaşadığı ev istiqamətində getmişdir. Ertəsi gün məlum olmuşdur ki, Salik yeyib içdikdən sonra yenə Ceyhunun mağazasına arxa pəncərəsini sındırmaqla daxil olaraq oradan 600 manat xırda və kağız pullar, eləcə də nisyə dəftərləri ilə borcluların siyahısı yazılmış kağızları və VÖEN sənədini oğurlamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs Əfarsiyap oğlu onun qapı qonşusudur. Salik xəstə bacısı Validə və anası Minayə ilə kiçik bir həyətdə yaşayır. Saliklə və ailə üzvləri ilə qonşu kimi normal münasibətləri vardır. Zərərçəkmiş şəxs yaşadıqları küçənin çıxacağında “Bioloji Təbabət” adlanan özəl klinikanın yaxınında “Müəllim Market” adlanan kiçik ərzaq mağazası işlədir. 2019-cu ilin iyul ayında Salik Ceyhunun işlətdiyi mağazaya gecə daxil olaraq pul, siqaret, CİN və SİM danışıq kartları olmaqla təxminən 1500 manat dəyərində əmlakını oğurlamışdır. Həmin hadisə barədə Ceyhunun mağazasında söhbətdən bilmişdir. Buna görə Salikin barəsində polisdə araşdırma aparılarkən növbəti dəfə 14.09.2019-cu il tarixdə də Ceyhunun mağazasına daxil olaraq oradan 600 manat pul, nisyə dəftərləri ilə borcluların siyahısı yazılmış kağızları və VÖEN kartını oğurlamışdır. Onun həmin oğurluq hadisəsi barədə və həmin oğurluğun Salik tərəfindən törədilməsi barədə polislər Salikin yaşadığı ünvana gəlib orada sənədləşdirmə apararkən bilmişdir. İş üzrə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Göyçay şəhəri Nizami küçəsi ilə M.Muradov küçəsinin kəsişməsində “Bioloji Təbabət” adlanan özəl klinikanın yaxınında qohumu Eldar Qasımovla kiçik bir çayxana işlədirlər. Həmin çayxananın həm içərisində həmdə ki, çölündə müştərilərin oturması üçün yer vardır. Onların işlətdikləri çayxananın sağ tərəfində Zərərçəkmiş şəxs məxsus “Müəllim Market” adlanan kiçik ərzaq mağazası, ondan sağda isə Elton Heydərovun meyvə tərəvəz mağazası yerləşir. Hər gün çayxananı saat 09 radələrində ya özü, yada ki, Eldar açır, saat 23 radələrində isə bağlayırlar. 09.07.2019-cu il tarixdə saat 23 radələrində qohumu Eldar Qasımovla birlikdə çayxananı bağlayıb evə getmişdir. “Müəllim Market”in sahibi Ceyhun isə oğlu Hüseynlə mağazanı təxminən 1 saat onlardan əvvəl bağlayıb evlərinə getmişdir. “Müəllim Market” adlanan mağazadan 10.07.2019-cu il tarixdə oğurluq olmasını həmin gün səhər saatlarında çayxanaya gələrkən bilmişdir. 10.07.2019-cu il tarixdə işə gedəndə, yəni çayxananı açanda Eldarla söhbətdən Zərərçəkmiş şəxs həmin mağazasına kiminsə arxa pəncərəsindən daxil olaraq oradan “sim” və “cin” konturlar, kasalarda yığdığı qəpik pulları, çantaya yığdığı “1 manatlıq” kağız pulları, 3 ədəd “Davidof” markalı siqaretləri oğurlamasını bilmişdir. Zərərçəkmiş şəxs özünün deməsinə görə isə ona həmin oğurluq nəticəsində min beş yüz iyirmi doqquz manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra 14.09.2019-cu il tarixdə Ceyhunun özünün dediyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin tarixdə gecə saatlarında yenə həmin mağazaya daxil olaraq oradan xırda qəpik pullar, 200 ədəd “1 manatlıq” kağız pullar olan köhnə çemodanı, nisyələrin siyahısı yazılmış kağız və dəftərləri, eləcə də VÖEN sənədini oğurlamışdır. Sonradan isə Təqsirləndirilən şəxs polislərlə həmin yerə gələrək oğurluq etmək üçün mağazaya haradan daxil olmasını göstərərkən ona məlum olmuşdur ki, Salik onların işlətdikləri çayxananın sol tərəfindəki ayaqyolunun yanından barının üstündən çayxananın həyətinə daxil olaraq oradan çayxananın içərisinə keçmiş, həmin yerdən isə pəncərədən küçəyə “Müəllim Market” mağazasının arxa tərəfinə tullanaraq, oradan kəsilmiş ağacın üzərindən həmin mağazanın arxa tərəfinə çıxan pəncərəsindən içəriyə daxil olaraq oğurluq etdmişdir. Həmin vaxt sənədləşdirmə aparılaraq Salikin fotoşəkilləri çəkilmişdir. Onun işlətdiyi çayxanaya küçədən sol tərəfdən ayaqyolunun yanından həqiqətən keçmək mümkündür. Oradan çayxananın içərisinə, sonra isə “Müəllim Market”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Gö yçay Rüstəm MMC” tərəfindən verilmiş 25.09.2019-cu il tarixli 21 nömrəli məktubdan görünür ki, 2019-cu ilin iyul ayında mağazada bir qutu nazik, sarı rəngli “Davidoff” markalı siqaretin qiyməti 3 manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş “CORELLA” inşaat tikinti materialları mağazası tərəfinfən verilmiş 13.11.2019-cu il tarixli məktubdan görünür ki, “CORELLA” inşaat tikinti materialları mağazasında 2019-cu ilin sentyabr ayında 80sm* 1m ölçüdə adi pəncərə şüşəsinin satış qiymət 20 manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11.09.2019-cu tarixli 2741 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır, onun barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs RPŞ-nin İB-nə ünvanlandığı ərizədə göstərmişdir ki, 10.07.2019-cu il tarixdə və 14.09.2019-cu il tarixdə ona məxsus “Müəllim market” mağazasından Təqsirləndirilən şəxs oğurluq nəticəsində 10.07.2019-cu il tarixdə ona 1529 manat dəyərində dəymiş maddi ziyan iş üzrə maddi sübutların ona qaytarılması hesablamaq şərti ilə tam şəkildə ödənilmişdir. 14.09.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs oğurluğu nəticəsində ona dəymiş 600 manat maddi ziyandan iş üzrə maddi sübutların ona qaytarılmasını hesablamaq şərti ilə ona cəmi 85 manat 60 qəpik qaytarılmış, 514 manat 40 qəpik qaytarılmamışdır. Məhkəməyə təqdim edilmiş 08.01.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs anası x2 tərəfindən Zərərçəkmiş şəxs adına “xxxxxxxx” MMC vasitəsi ilə 600 manat ödənilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 10.07.2019-cu il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus olan Göyçay şəhəri Nizami küçəsində yerləşən “Müəllim market” adlı ərzaq mağazasına arxa pəncərəsinin üzərində olan sintetik torunu itələyib qoparma yolu ilə qanunsuz daxil olaraq mağazanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz) manat ziyan vurmaqla və təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 14.09.2019-cu il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus olan Göyçay şəhəri Nizami küçəsində yerləşən “Müəllim market” adlı ərzaq mağazasına pəncərəsinin şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq mağazadan piştaxtalarda kasalarda “10”, “20” və “50 qəpiklərlə saxlanılan 400 manat xırda dəmir pullarını və soyuducunun üzərindəki çemodanda “1 manat”lıq əskinaslarla saxlanılan 200 manat kağız pullarını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla oğurluq edərək Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirilən hallar kiminəzərə alır.Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 10.07.2019-cu il tarixdə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 60 ədəd “1 manatlıq” pul əskinasları, 42 ədəd “50” qəpik, 16 ədəd “20” qəpik, 01 ədəd “10” qəpik xırda dəmir pullar, 1 ədəd “Davidoff” markalı siqaret, 39 ədəd “SİM” danışıq kartları, 10 ədəd “CİN” danışıq kartları, eləcə də 14.09.2019-cu il tarixdə oğurluq edəndən sonra evində saxladığı köhnə dördbucaq çemodan, “10”, “20” və “50” qəpiklik dəmir pullarla ümumilikdə - 85,60 qəpik pullar qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verilməsi iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar