Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-13/2025 09.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:50-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Göyçay şəhəri, Ə.Səmədli küçəsi, ev 45-də qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,704 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Göyçay rayon sakini Amil adlı şəxsdən 42 manat müqabilində qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 14 avqust 2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən və həmin narkotik vasitə heroini üzərində daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, Növbətçi Hissənin qarşısında saat 19:16-dan saat 19:23-dək üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd kağız bükümün içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,704 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 3-4 ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 13 avqust 2024-cü il tarixdə günorta vaxtlarında Göyçay rayon sakini kimi tanıdığı narkotik vasitə istifadəçisi olan Amil adlı şəxs ona zəng edərək özündə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu deyib istəsə ona sata biləcəyini bildirmişdir. Buna görə də, bir gün sonra yəni 14 avqust 2024-cü il tarixdə saat 17 radələrində narkotik vasitə almaq üçün zəng edib əlaqə saxlayaraq Amildən öz istifadəsi üçün bir qədər heroin və psixotrop maddə metamfetamin istəmiş, Amil də onunla razılaşmışdır. Həmin vaxt o “Avtobaza dairəsi” adlanan yerdəki “Bolluq” marketə gedib ilkin olaraq ona satacağı narkotik vasitənin qarşılığında razılaşdıqları 42 manat pulu Amilin kart hesabına göndərmişdir. Bundan sonra da göndərdiyi pulun çekinin şəklini çəkib Amilin vatsapına atmışdır. Göyçay şəhəri, 4 yol ərazisinə gedib orada tanışı Amil adlı şəxslə görüşərək narkotik vasitəni ondan almışdır. Elə həmin günü saat 18 radələrində yaşadığı Göyçay şəhəri Nizami küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşmış, Göyçay rayon Polis Şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulması barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon X4 hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı video- çəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kağız bükümü və mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, həmin kağız büküm açıldıqda, içərisindən iki ədəd kağız büküm aşkarlanmış, həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi, digərinin içərisində isə ağ rəngli maddə olması aşkarlanmışdır. Daha sonra həmin maddələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli maddə olan bükümün çəkisi 0,75 qram, ağ rəngli maddə olan bükümün çəkisi isə 0,04 qram olmuşdur. Sonra isə həmin iki ədəd kağız büküm içərisindəki maddələrlə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı yapışdırılmış,möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin üzərində olan bir ədəd istifadə etdiyi “Samsung” markalı mobil telefonu və iki ədəd bükümün büküldüyü qəbz də polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar olunan həmin narkotik vasitədən başqa başqa heç kimə verməmiş və ya satmamışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 avqust 2024-cü il tarixdə saat 18 radələrində CAB-in əməliyyat müvəkkilləri Şahid3 və Şahid2lə Göyçay şəhəri ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində xidmətdə olan zaman Göyçay şəhəri Nizami küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin vaxt onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu onlara heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində həmin şəxsin ünvan 1 ünvanında yaşayan əvvəllər də narkotik vasitələrə görə məhkum olunmuş Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs sənədləşdirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra aidiyyəti üzrə növbədə olan təhqiqatçı Anar Osmanov tərəfindən o, dərhal Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra saat 19:16-də X2 Müzəffərovun üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya, predmet varsa masanın üzərinə qoyması təklif edilmiş, bu zaman sonuncu da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kağız bükümü və “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin kağız büküm açıldıqda, içərisindən iki ədəd kağız büküm aşkarlanmış, həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi, digərinin içərisində isə ağ rəngli maddə olması aşkarlanmış, daha sonra həmin maddələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli maddə olan bükümün çəkisi 0,75 qram, ağ rəngli maddə olan bükümün çəkisi isə 0,04 qram olmuşdur. Sonra isə həmin iki ədəd kağız büküm içərisindəki maddələrlə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı yapışdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni rayon sakini tanışı Amil adlı şəxsdən 42 manat pul müqabilində almasını bildirmişdir. Həmçinin, sonuncu öz mobil telefonunun Vatsap bölməsində narkotik vasitəni almaq üçün Amil adlı şəxsin kart hesabına 42 manat pul göndərməsini təsdiq edən qəbzin şəklini Amil adlı şəxsin vatsapına atmasını da mobil telefonunda ona göstərmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixatrop maddə metamfetminin olduğu bükümlərin olduğu kağız parçasına baxdıqda həmin kağız parçasının X6 42 manat pul göndərməsini əks etdirən MilliÖn elektron ödəmə sisteminə aid qəbz olması müəyyən edilmişdir Şəxsi axtarışın sonunda narkotik vasitədən başqa sonuncunun üzərindən aşkar edilən bir ədəd istifadə etdiyi “Samsung” markalı mobil telefonu və iki ədəd bükümlərin büküldüyü qəbz də iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ona və iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi Ağağəli oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları ilə yanaşı əynindəki göy rəngli şlavarının sağ yan cibindən 01 (bir) ədəd kağız bükümün içərisində 01 (bir) ədəd sellofan büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun təmiz çəkisi 0,704 qram olmuşdur. Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/705 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,011 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,704 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu metamfetamin - 0,005 qram, qalıq - 0,006 qram; heroin – 0,050 qram, qalıq – 0,654 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 15 oktyabr 2024-cü il tarixli, 1686 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə, saat 18.55-də şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,704 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.[73] Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə görə CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti da nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarın “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında edilmiş dəyişikliklərə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılanadək törətdiyini nəzərə alıb,hesab edir ki,hazırki iş üzrə törədilmiş cinayətə görə cəza CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-in 66.3-cü maddəsində müəyyən edilən qaydada təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-nin 66.3-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı,üzərində qəti cəza təyin olunaraq saxlanılmalı,cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırki hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunaraq ,yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “MİLLİÖN” elektron ödəniş sisteminə aid qəbz cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,006 qram psixotrop maddə olan metamfetamin və 0,654 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə qəti cəza olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 08 ay 26 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,006 qram psixotrop maddə olan metamfetamin və 0,654 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “MİLLİÖN” elektron ödəniş sisteminə aid qəbz cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-13/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-13/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver