Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-14/2022 07.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay şəhəri, Nizami küçəsi, dalan 2, ev 20-də qeydiyyatda olan, Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 170,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib şəxsi istifadəsi üçün bir ədəd göy rəngli sellofan torbada qablaşdırıb əynində olan qara rəngli gödəkçənin altında qoltuq hissəsində saxlamış və daşımış, 29 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin göy rəngli sellofan torbada qablaşdırılmış ümumi təmiz çəkisi 170,36 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə Göyçay çayına balıq tutmağa gedərkən orada çayın kənarında yabanı halda bitmiş çətənə bitkilərini görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkilərin yarpaqlarından və budaqlarından yığmaq qərarına gəlmişdir. Bu məqsədlə də həmin bitkilərin hissələrindən yığıb, quruması üçün də elə həmin yerdə günün altına sərmiş və çıxıb getmişdir. 29 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni götürmək üçün çayın kənarına gəlmiş və narkotik vasitəni saxladığı yerdən götürüb özü ilə gətirdiyi bir ədəd göy rəngli sellofan torbaya yığmışdır. Daha sonra həmin sellofan torbanı əynindəki qara rəngli gödəkçənin altından qoltuğuna qoymuş və yaşadığı evə tərəf getmişdir. 29 sentyabr 2021ci il tarixdə saat 10 radələrində B.Mirzəyev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirəcəklərini, buna görə də rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində ona Müdafiəçi təqdim edilərək, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin altında qoltuq hissəsində gizlətdiyi bir ədəd göy rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəki 200 qram müəyyən edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və qanunsuz olaraq üzərində narkotik vasitə daşıması və saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞ-nin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə o da iştirak etmişdir. Həmin gün saat təxminən 10 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Göyçay şəhəri B.Mirzəyev küçəsində Təqsirləndirilən şəxs olarkən onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və birlikdə Göyçay rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən təhqiqatçı, polis baş leytenantı Şaiq Əşrəfli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt şöbənin Növbətçi Hissəsində videokamera vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki əynindəki gödəkçənin altında qoltuq hissəsində bir ədəd göy rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Həmin torba açıldıqda içərisində yaşıl rəngli bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 200 qram müəyyən edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, istifadəçisi olduğuna görə üzərində daşıdığını və saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/720 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş yaşılımtıl kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi – 170,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 170.36 qr, təhqiqata sərf edildi 0.05 qr, qalıq 170.31 qr. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2021-ci il tarixli 1510 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3442 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, ümumi 170.36 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə marixuananı xx.xx.2021-ci il tarixdə yaşadığı Göyçay şəhəri B.Mirzəyev küçəsində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırki hökm üzrə təyin ediləcək cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 170,31 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 34.55 manat pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla hazırki hökm üzrə təyin edilmiş cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablansın, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 170,31 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-14/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-14/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver