Məhkəmə qərarları › İş №1(046)-15/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-15/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-15/2025 01.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay rayonu, Alpoud kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 19 radələrində ictimai yer olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül’çay evinin həyətində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə tanışları Şahid1 məxsus VAZ 2107 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturacağında oturmağı bəhanə edib mübahisə edərək nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirərək yerə yıxıb sonuncuya gövdənin arxa səthində sol kürək arası nahiyədə qançır qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və başın sol ənsə nahiyəsində əllədikdə bir qədər ağrılı fonunda hematomalı sahə ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs sinif yoldaşıdır, xx.xx.2024-cü il tarixdə günorta saatlarında digər sinif yoldaşı X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, həmin qonaqlıqda onlar digər sinif yoldaşları ilə birlikdə iştirak etmişlər. Məclisdə Zərərçəkmiş şəxsla birlikdə spirtli içki qəbul etmişlər. Həmin gün saat 17 radələrində onlar məclisdən çıxaraq digər sinif yoldaşları Şahid1 ilə birlikdə Raufa məxsus VAZ 2107 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çay içmək üçün Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinə getmişlər. Çay evində bir qədər oturub çay içərək söhbət etmiş, bundan sonra saat 19 radələrində çay evindən çıxıb yaşadıqları evə getmək üçün çay evinin həyətinə düşmüşlər. Həmin vaxt Raufa məxsus avtomobildə qabaq sərnişin oturacağında əyləşmək üçün Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, həmin vaxt həm o, həm də Zərərçəkmiş şəxs qabaq sərnişin oturacağında oturmaq istəmişdir. Onlar sərxoş vəziyyətdə olduqlarından aralarında olan mübahisə yaranmış və onlar çay evinin həyətində bir-birinin yaxasından tutmuşlar. Həmin vaxt səs küy yaranmamış, onlar Elvinlə bir-birinin yaxasından tutub mübahisə edərkən Zərərçəkmiş şəxs kəlləsi ilə onun sifət nahiyəsindən zərbə endirmişdir. Bundan sonra sağ əli ilə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirərək yerə yıxmışdır. Bundan sonra orada olan Rauf və digər tanımadığı bir neçə nəfər şəxs onları aralamışlar. Həmin vaxt orada ucadan səs-küy salmamış, içtimai qaydanı pozmamış, söyüş söyməmişdir. Hadisə yerinə insanlar toplaşmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Buna görə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşıdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında digər sinif yoldaşları olan X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, həmin qonaqlıqda onlar digər sinif yoldaşıları ilə birlikdə iştirak etmişlər. Həmin vaxt onlar məclisdə Təqsirləndirilən şəxs ilə birlikdə spirtli içki qəbul etmiş, saat 17 radələrində məclisdən çıxaraq digər sinif yoldaşları Şahid1 ilə birlikdə Raufa məxsus VAZ 2107 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çay içmək üçün Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” çay evinə getmişlər. Çay evində bir qədər oturub saat 19 radələrində yaşadıqları evə getmək üçün çay evinin həyətinə düşmüşlər. Həmin vaxt Raufa məxsus avtomobildə qabaq sərnişin oturacağında əyləşmək üçün sərxoş olduqları üçün Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, çay evinin həyətində birbirinin yaxasından tutmuşlar, həmin vaxt yanlarında sinif yoldaşları Rauf və çay evindən bir nəfər tanımadığı şəxs olmuşdur. Elvinə kəllə ilə sifət nahiyəsindən zərbə endirmiş, bundan sonra isə Təqsirləndirilən şəxs sağ əli ilə bir neçə dəfə yumruqla onun baş nahiyəsinə zərbə endirərək onu yerə yıxmışdır. Bundan sonra Rauf və digər tanımadığı şəxs onları aralamışdır. Həmin vaxt ucadan-səs küy salmamışlar, içtimai qaydanı pozmamışlar, söyüş söyməmişlər və ora çox insan toplaşmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” çay evini işlədir. xx.xx.2024-cü il tarixdə saaat 17 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlətdiyi “Qızılgül” çay evinə gəlmişlər, həmin vaxt onların arasında mübahisə baş vermiş, onları sakitləşdirərək obyektdən getmişdir. Daha sonra onların arasında hansi hadisənin baş verdiyi barədə məlumatı olmamışdır. Hadisə baş verən vaxt çay evində işçisi Aysel olmuşdur. Qeyd edilən videonu Aysel çəkmişdir. Həmin video görüntüdən xəbəri olmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. xx.xx.2024-cü il tarixdə digər sinif yoldaşı olan X1 şəhərində yerləşən “Bir İnci” restoranında “Uşaq gördü” məclisi etmiş, həmin restorana özünə məxsus VAZ 2107 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Həmin qonaqlıqda onlar digər sinif yoldaşıları ilə birlikdə iştirak etmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs spirtli içki qəbul etmişlər. Saat 17 radələrində onlar məclisdən çıxarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs çay içmək üçün onları avtomobili ilə Göyçay rayonu Cəyirli kəndində yerləşən Qızılgül çay evinə aparmışdır. “Qızılgül” çay evində çay içdikdən sonra çay evindən evə getmək üçün avtomobilinə doğru gedərkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qarşı oturacaqda oturmaq üstündə mübahisə baş vermiş, mübahisə 2-3 dəqiqə davam etmiş, onları sakitləşdirərək avtomobilə əyləşərək getmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən Qızılgül çay evində xidmətçi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs çay evinə gəlmişdir. Çay evinə gəldikdən sonra obyekti işlədən Afət getmiş, ona hər hansı problem olarsa video çəkiliş etməsini tapşırmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni telefon vasitəsi ilə çəkərək obyekti işlədən Afətə göndərmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 iyun 2024-cü il tarixli 396 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər:

1. Başın sol ənsə nahiyəsində əllədikdə bir qədər ağrı fonunda hematomalı sahə kütbərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.

2. Gövdənin arxa səthində sol kürək arası nahiyədə qançır küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi halı inkar edilmir və sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş DVD diskə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ictimai yer olan Göyçay rayonu Cəyirli kəndində yerləşən Qızılgül çay evinin həyətində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi, bir-birinin paltarından tutub dartışaraq ucadan nalayiq ifadələr işlətdiyi, onların səs küyünə insanların toplaşdığı, onları aralamağa çalışmaları, lakin onların uca səslə nalayiq ifadələr işlədib davanı davam davam etdirdikləri, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyəsinə başı ilə zərbə endirdiyi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla ardıcıl zərbələr endirərək onu yerə yıxdığı,ətrafa toplaşan insanların onları ayırmağa çalışmaqları, hadisə yerinə toplaşan insanların onları zorla ayıraraq hərəsini bir tərəfə çəkdikləri müəyyən edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqından protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 16:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 19 radələrində ictimai yer olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül’çay evinin həyətində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə tanışları Şahid1 məxsus VAZ 2107 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturacağında oturmağı bəhanə edib mübahisə edərək nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirərək yerə yıxıb sonuncuya gövdənin arxa səthində sol kürək arası nahiyədə qançır qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və başın sol ənsə nahiyəsində əllədikdə bir qədər ağrılı fonunda hematomalı sahə ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar