Məhkəmə qərarları › İş №1(046)-16/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-16/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-16/2024 06.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Sahib oğlunun iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə spirtli içki qəbulu nəticəsində yaranmış yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinə aid olan və həmin avtoyuma məntəqəsinin divarına bərkidilmiş, qapısı kilidli bağlı vəziyyətdə, saxlanc yeri hesab edilən dəmir materialdan hazırlanmış ödəniş terminalının kilidini əvvəlcədən özü ilə götürdüyü dəmir vintaçanla sındırıb açaraq qanunsuz olaraq ödəniş terminalına daxil olub oradan 512 ədəd əlli qəpik nominalında metal pul nişanını, 66 ədəd bir manat nominalında, 3 ədəd iyirmi manat nominalında, 4 ədəd on manat nominalında, 7 ədəd beş manat nominalında, 1 ədəd əlli manat nominalında kağız pul nişanını, ümumilikdə 507 manat dəyərində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı evdə spirtli içki qəbul etmiş, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yenidən araq alıb içmək istəsə də pulu olmadığına görə oğurluq etmək fikrinə düşmüşdür. Bunun üçün uzaq qohumu həmkəndlisi Zərərçəkmiş şəxs Sahib oğluna məxsus Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən avtoyuma məntəqəsində quraşdırılmış terminaldan oğurluq etməyi qərara almış və evdən dəmir vintaçan götürərək ora getmiş, avtoyuma məntəqəsinin qarşısına çatıb orada quraşdırılmış “50 qəpik’ Mik ödəmə terminalının dəmir qapısının arasına üzərində olan dəmir vintaçanla təsir edib kilidi sındıraraq açmışdır. Terminalın qapısı açılanda içərisində sellofan torbaya həm kağız, həm də qəpik pullar yığıldığını görmüşdür. Həmin pulları sellofan torba ilə birlikdə götürüb oradan uzaqlaşmış və təxminən 100 metr uzaqlaşan zaman yol kənarında polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan əlindəki qəpik pulları haradan əldə etdiyini soruşduqda içkili olduğundan polisi aldatmadan oğurluq etdiyini etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Sahib oğlu göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayır, evinə yaxın yerdə avtoyuma məntəqəsi işlədir. Həmin avtoyuma məntəqəsində su və təmizləyici maddələri orada quraşdırılmış ödəniş terminalına 50 qəpik ödəməklə əldə etmək olur. Avtoyuma məntəqəsi 24 saat işləyir, gözətçi yoxdur, ancaq videomüşahidə kamerası mövcuddur. Ödəniş terminalına yığılan pulları demək olar ki, ay ərzində bir dəfə açıb götürür. xx.xx.2023-cü il tarixdə həmin terminalı açıb içərisindəki pulları saymış və ümumilikdə 512 ədəd əlli qəpik nominalında, yəni 256 manat qəpik pul olduğu məlum olmuşdur. Qeyd edilən pulları saydıqdan sonra onları sellofan torbaya yığmış və özünün cibində olan 251 manat kağız pulu da həmin sellofana torbaya qoymuşdur ki, axşam evə gedəndə götürər, lakin həmin gün pulları götürməmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Göyçay RPŞ-nin PPX-nin Anar adlı əməkdaşı onun mobil nömrəsinə zəng edərək ona məxsus avtoyuma məntəqəsindəki ödəniş terminalından oğurluq olduğunu bildirmiş, onu Göyçay RPŞ-yə dəvət etmişdir. Göyçay RPŞ-yə gəlib bu barədə ərizə vermişdir. Orada məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXBnin polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. xx.xx.2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixə saat 09:00-dək olan müddət ərzində Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə 1 nömrəli avtopatrula xidmətə təyin olunmuşlar. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Göyçay şəhəri H.Əliyev prospektində avtopatrul ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs bir əlində vintaçan, digər əlində isə içərisində qəpik və kağız əskinazlardan ibarət pullar olan sellofan torba ilə piyada hərəkətdə olduğunu görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Sərxoş olduğundan sorğu-sual zamanı əlindəki pulları yaxınlıqdakı avtoyuma məntəqəsindən oğurladığını etiraf etmişdir. Ona görə də əlindəki sellofan torba və vintaçan ilə birlikdə özləri ilə Göyçay RPŞ-nin Növbətçi Hissəsinə gətirmişlər, bu barədə raport yazıb həmin şəxsi Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş stasionar məhkəmə- psixatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında hər hansı gerilik əlamətləri müşahidə edilmir. Qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CMin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 10:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 10:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinə aid olan və həmin avtoyuma məntəqəsinin divarına bərkidilmiş, qapısı kilidli bağlı vəziyyətdə, saxlanc yeri hesab edilən dəmir materialdan hazırlanmış ödəniş terminalının kilidini əvvəlcədən özü ilə götürdüyü dəmir vintaçanla sındırıb açaraq qanunsuz olaraq ödəniş terminalına daxil olub oradan 512 ədəd əlli qəpik nominalında metal pul nişanını, 66 ədəd bir manat nominalında, 3 ədəd iyirmi manat nominalında, 4 ədəd on manat nominalında, 7 ədəd beş manat nominalında, 1 ədəd əlli manat nominalında kağız pul nişanını, ümumilikdə 507 manat dəyərində pulu gizli olaraq talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd dəmir vintaçan məhv edilməli, kağız və metal pul nişanlarından ibarət ümumilikdə 507 manat pulun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərər alınmalı və 01 ədəd dvd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd dəmir vintaçan məhv edilsin və 01 ədəd dvd disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar