Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-18/2022 28.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanda yaşayan, barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama qərarına gəlib, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə Şahid1 işlədiyi bərbərxanada saçını kəsdirən zaman özünün şəxsi maraqları üçün Zərərçəkmiş şəxs məxsus təqaüd üçün nəzərdə tutulan 6762 6111 0626 2008 nömrəli Azərbaycan Beynəlxalq Bank ASC-nə aid plastik kartının identifikasiya nömrəsini (pin kodunu) gizli yolla tamah məqsədilə əldə etmiş, həmin gündən etibarən Azəricard internet şəbəkəsi vasitəsilə həmin elektron məlumat daşıyıcısı olan təqaüd kartının balansından 200 manat depozit hissəsini və təqaüd kartına yüklənən 46 manat olmaqla, ümumilikdə 246 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlər arasında özünün və digər şəxslərin istifadəsində olan mobil nömrələrə kontur şəklində köçürməklə oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışı Şahid1 nənəsidir. Tanışı Məhəmməd öz evlərinin yanında bərbərxana işlətdiyi üçün onun yanına gedib üz-başını təraş etdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Məhəmmədin bərbərxanasına olduğu vaxt Məhəmmədin nənəsi Sürəyya həyətdən bərbərxananın içinə baxan nəfəslikdən başını içəri salıb nəvəsi Məhəmmədə bildirmiş ki, hesab kartının kodunu unutduğu üçün pulu kartdan çıxara bilmir. Həmin vaxt da Məhəmməd ondan xahiş etmiş ki, kart məsələlərini yaxşı bildiyi üçün kartdan pul çıxarmağa onlara köməklik etsin. Buna görə də Məhəmmədə bildirmiş ki, əgər evdə başqa kartları varsa hesab kartındakı pulu internet vasitəsiylə başqa karta yönləndirə bilər. Az sonra Məhəmmədin nənəsi Sürəyya evə gedib geri qayıdaraq kodunu unutduğu “Kapital Bank”-a məxsus hesab kartı ilə birlikdə “Beynəlxalq Bank”-a məxsus təqaüd kartını nəfəslikdən nəvəsi Məhəmmədə vermiş, Məhəmməd də hər iki kartı ona vermişdir. Həmin vaxt kartlara nəzər saldıqda təqaüd kartının arxa tərəfində dörd rəqəmli kodu yazıldığını görmüşdür. Məhəmməd hər iki kartı ona verdikdən sonra köçürmə əməliyyatını yalnız internet vasitəsiylə aparmaq mümkün olduğunu deyərək bərbərxanada olan internet Wife kodunu Məhəmməddən soruşmuşdur. Bu zaman Məhəmməd internetin kodunu ona demiş, özündə olan “Honor” markalı mobil telefonu ilə iki ədəd kartların ön və arxa tərəflərinin fotoşəkillərini çəkib kartları Məhəmmədə geri qaytarmışdır. Bundan sonra internet vasitəsi ilə kartların məlumat hissəsinə girmiş, ancaq digər kart təqaüd kartı olduğu üçün köçürmə aparmaq mümkün olmadığını Məhəmmədə bildirmişdir. Bir qədər orada Məhəmmədlə söhbət etdikdən sonra öz yaşadığı evə gedib başını yumuş, təxminən 2 saat sonra, yəni saat 19 radələrində söhbət etmək üçün yenidən Məhəmmədin yanına geri qayıtmışdır. Bu zaman Məhəmməd çölə çıxaraq ona yaxınlaşıb Elvin adlı şəxsə olan borcunu qaytarmaq lazım olduğunu, pula ehtiyacı olduğu üçün bir neçə aydır ki, borclu olduğu 40 manat pulu ondan istəmişdir. Həmin vaxt da o da borclu olduğu puldan başqa özünün də əlavə pula ehtiyacı olduğunu, həmçinin Məhəmmədin ondan təkidlə borclu olduğu pulu istəməsini fikirləşib düşünmüş ki, az əvvəl Məhəmmədin nənəsinə məxsus ona pul köçürmək üçün verdikləri kartların içərisindəki pulları çəkib Məhəmmədə kontur köçürməklə borcunu geri qaytarsın. Buna görə də Məhəmmədə olan 40 manat borcunun qarşılığında ona 30 manatlıq kontur yükləyə biləcəyini təklif etmiş, Məhəmməd də bu təkliflə razı olmuşdur. Bundan sonra ona verdikləri kartların şəklini çəkdiyi üçün telefonu ilə internete qoşulub kartların yaddaşına nəzər salmış, bu zaman Sürəyyaya məxsus Kapital Banka aid hesab kartında və Beynəlxalq Banka aid təqaüd kartında pul olmadığını görmüşdür. Buna baxmayaraq Sürəyyaya məxsus 6762 6111 0626 2008 nömrəli təqaüd kartından 100 manat depozit çəkmək mümkün olduğunu görmüş, həmin vaxt Məhəmmədə kontur yükləmək üçün istədiyi mobil nömrələri təqdim etməsini demişdir. Bu zaman Məhəmməd də ilk öncə bərbərxanada olan Elvinə məxsus 050 862 82 58 saylı mobil nömrəsi ona deyərək həmin nömrəyə 5 manat kontur köçürməsini bildirmişdir. İlk öncə internet vasitəsiylə Məhəmmədin nənəsi Sürəyyaya məxsus Beynəlxalq bank ASC-nə aid təqaüd kartının 100 manat depozit hissəsindən Elvinə məxsus 050 862 82 58 saylı mobil nömrəsinə 5 manat, daha sonra isə Məhəmmədin ailə üzvlərinə məxsus olan və ona təqdim etdiyi ***-***-**-** saylı nömrəyə 10 manat, ***-***-**-** saylı nömrəyə 10 manat, ***-***-**-** saylı nömrəyə 5 manat olmaqla, ümumilikdə 30 manatlıq konturu Məhəmmədin dediyi mobil nömrələrə yükləyərək köçürmə aparmışdır. Həmin konturları Sürəyyaya məxsus təqaüd kartından yükləməsi barədə Məhəmmədə heç bir söz deməmiş, onun bundan heç bir məlumatı olmamışdır. Bundan sonra elə orada olan zaman həmin kartdan öz istifadəsində olan “051 584 64 94” saylı mobil nömrəsinə də 2 manat kontur yükləmiş, daha sonra isə bərbərxanadan küçəyə çıxıb evinə tərəf gedib öz küçələrində dayanmışdır. Elə həmin gün saat 20 radələrində internet vasitəsi ilə həmin kartdan Göyçay rayon sakini Rəşad adlı tanışının istifadəsində olan 050 861 61 11 saylı nömrəsinə 20 manat, Əli adlı tanışının ***- ***-**-** saylı Azərcell mobil nömrəsinə 20 manat, 055-913-55 00 saylı Bakcell mobil nömərəsinə isə 20 manat yükləmişdir. Həmin şəxslərə konturu mağazada satılan qiymətdən daha ucuz təklif etdiyi üçün həmin tanışların bir neçə dəfə kontur göndərib köçürdüyü konturların yarı pulunu da onlardan almışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs təqaüd kartında olan 100 manat depozit qurtardığı üçün ayın yenilənməsini, yəni növbəti ayın əvvəli olmasını gözləmiş, çünki kartda hər ay üçün 100 manat depozit verildiyi üçün bir neçə gün sonra 01 dekabr 2020-ci il tarixdə yenidən kartdan 100 manat depozit çəkmək mümkün olduğunu bilmişdir. Buna görə də xx.xx.2020ci il tarixdə yenidən Sürəyyaya məxsus təqaüd kartından internet vasitəsilə ilk öncə öz istifadəsində olan 051 584 64 94 saylı mobil nömrəsinə 30 manat kontur yükləmişdir. Həmçinin daha sonra yenidən tanışı Rəşada məxsus 050 861 61 11 saylı mobil nömrəyə 20 manat kontur yükləmək istəsə də, Rəşada məxsus mobil nömrənin əvvəlini 051 yazdığı üçün 20 manat kontur tanışı Rəşadın mobil nömrəsinə deyil, başqa şəxsə məxsus “051 861 61 11” saylı mobil nömrəyə yüklənmişdir. Bundan sonra həmin şəxslə telefon əlaqəsi yaradaraq konturu əsgərlikdə olan tanışıa göndərmək istədiyini, ancaq konturun yanlışlıqla həmin şəxsə göndərdiyini deyib tanımadığı şəxsə göndərdiyi konturları geri qaytarmasını xahiş etmişdir. Həmin şəxs də konturları hissə-hissə olaraq ona geri qaytarmış, xx.xx.2020-ci il tarixdə o qeyd olunan təqaüd kartında olan 100 manat depoziti də özündən başqa, tanışları Əliyə və Rəşada yenə də ucuz qiymətə kontur köçürərək pulunu onlardan almışdır. Həmin gündən bir neçə gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Sürəyyaya məxsus kartın məlumatına baxdıqda onun 246 manat pensiyasının vurulmasını, ancaq kartdan 200 manat pulu depozit olaraq çıxardığı üçün kartdan 200 manat silinərək kartın balansında 46 manat pul qalmasını görmüş, elə həmin gün gecə saat 04 radələrində kartın hesabında qalan 46 manat pulu da internet vasitəsiylə 10, 30, 5 və 1 manat olaraq hissə-hissə öz istifadəsində olan “051 584 64 94” saylı mobil nömrəsinə yükləmişdir. Beləliklə Sürəyyaya məxsus Kapital Banka məxsus hesab kartından pul oğurlamasa da, ancaq ona məxsus təqaüd kartında olan ümumilikdə 246 manat pulu internet vasitəsiylə oğurlayıb 78 manatını öz mobil nömrəsinə kontur şəklində köçürməklə yanaşı, 168 manatı da tanışlarının mobil nömrələrinə daha ucuz qiymətə kontur köçürməklə pulunu həmin şəxslərdən almışdır. Bundan başqa ailəsinin maddi cəhətdən vəziyyəti aşağı olduğu üçün pul qazanmaq üçün rayon ərazisində iş tapa bilmədiyi üçün işləmək üçün Bakı şəhərinə getmiş, orada pul qazanmaq üçün taksi şirkətində sürücü və mağazalarda satıcı işləmiş, bir neçə ay orada qalıb işlədikdən sonra 15 dekabr 2021-ci il tarixdə xəstə atasına baş çəkmək üçün Göyçay rayonuna yaşadığı evə gəlmiş, həmin günü də günorta saatlarında ərzaq məhsulları almaq üçün mağazaya gedərkən yaşadığı evin yaxınlığında rayon polis şöbəsinin adı yadında qalmayan əməkdaşı ona yaxınlaşaraq barəsində aparılan cinayət işi ilə bağlı axtarışa verildiyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Axtarışa verildiyini bilmədiyini və işləmək üçün Bakı şəhərinə getdiyini bildirib heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs X1 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, nəvəsi Məhəmmədlə bir neçə ildir ki, dostluq edir. Nəvəsi Məhəmməd onunla birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində yaşayan qohumları hesab kartına 200 manat pul köçürəcəklərini əvvəlcədən dedikləri üçün karta pulun yüklənməsini düşünüb, kartdakı pulu nəğdləşdirmək üçün elə həmin günü saat təxminən 17 radələrində evlərinin yaxınlığındakı Kapital Banka məxsus bankomata getmişdir. Ancaq yarı yolda hesab kartının kodunu yadından çıxardığı üçün evə geri qayıtmışdır. Evə qayıtdıqdan sonra hesab kartının kodunun yadından çıxması və kartdan pul çıxara bilmədiyini nəvəsi Məhəmmədə demək üçün həyətlərindən bərbərxananın içinə baxan yarı açıq pəncərəsinin qarşısına gəlmiş, oradan Məhəmmədi çağırıb ona da məlumat vermişdir. Həmin vaxt nəvəsi Məhəmməd dostu Valehin üzünü qırxmışdır. Valehə bu barədə dedikdən sonra Valeh bildirmişdir ki, əgər onlarda başqa hər hansı kart varsa, hesab kartındakı pulu internet vasitəsiylə başqa karta köçürə bilər. Həmin vaxt Valehin onlara köməklik edəcəyini düşünmüş öz adına olan Beynəlxalq banka məxsus təqaüd kartının olmasını bildirmişdir. Belə ki, təqaüd kartının kodunu kartın üzərinə yazdığı üçün təqaüd kartının kodu yadından çıxmır. Bundan sonra Valeh həmin təqaüd kartını istəmiş və bildirmişdir ki, Kapital banka məxsus hesab kartındakı pulu ona məxsus Beynəlxalq banka məxsus təqaüd kartına köçürdükdən sonra təqaüd kartından həmin pulu çıxara bilər. Bundan sonra Beynəlxalq Bank-a aid 6762 6111 0626 2008 nömrəli təqaüd kartını və Kapital Banka aid hesab kartını gətirib bərbərxananın pəncərəsindən nəvəsi Məhəmmədə vermişdir. Məhəmməd də hər iki kartı Valehə vermişdir. Bu zaman Valeh pulu bir kartdan digərinə köçürmə əməliyyatı aparmaq lazım olduğu üçün nəvəsi Məhəmməd ona “Vİ Fİ” nin kodunu da bildirmişdir. Bundan sonra Valeh hər iki kartı əlinə alıb şəkillərini çəkib təxminən 10 dəqiqə ərzində özünə məxsus mobil telefonu ilə guya hansısa əməliyyat apardıqdan sonra kartları nəvəsi Məhəmmədə geri qaytarıb bildirmişdir ki, qeyd etdiyi kimi pulu bir kartdan digərinə köçürə bilməmişdir. Buna görə də Məhəmməd təqaüd kartını ona geri qaytarmış, ancaq Kapital Banka məxsus hesab kartını özündə saxlamışdır ki, işi bitdikdən sonra kartın kodunu özü öyrənəcəkdir. Bundan sonra da pəncərənin qarşısından uzaqlaşıb evə getmişdir. Həmin gün axşam saatlarında Məhəmməd evə gəldikdən sonra ona bildirmişdir ki, tanışı Valehin bir neçə ay əvvəldən Məhəmmədə olan 40 manat borcunu verə bilmədiyi üçün həmin borcun qarşılığında 30 manatlıq özünün və evdəki işlətdikləri nömrələrə kontur yüklətmişdir. Ancaq onun telefondan bir o qədər də başı çıxmadığı üçün onun mobil nömrəsinə nə qədər kontur yüklənməsini tam olaraq bilməmişdir. xx.xx.2020-ci il tarixdə küçədə olarkən təqaüdlərin yüklənməsini eşitdiyi üçün hər ay kartına yüklənən 246 manat təqaüd pulunu çıxarmaq üçün nəvəsi Məhəmmədlə birlikdə evlərinin yaxınlığında olan Beynəlxalq banka məxsus bankomata getmiş, məlum olmuşdur ki, kartın içərisində 46 qəpik pul qalmışdır. xx.xx.2020-ci il tarixdə yenə də nəvəsi Məhəmmədlə birlikdə yenidən Göyçay şəhərində evlərinin yaxınlığında yerləşən “Nar” marketin yanında olan Beynəlxalq banka məxsus bankomata gedib təqaüd kartını yenidən bankomata saldıqda, yenə də karta pul yüklənmədiyini görmüşlər. Həmin vaxt da artıq rayon ərazisində bütün təqaüdlərin yükləndiyini bildiyi üçün onun kartında olan pulun oğurlanmasını düşünmüşdür. Belə ki, həmin vaxt xatırlamışdır ki, bir neçə gün əvvəl təqaüd kartını və Kapital banka məxsus hesab kartını bərbərxanada nəvəsi Məhəmmədin dostu Valehə vermişdir ki, hesab kartındakı pulu onun təqaüd kartına internet vasitəsiylə köçürəcəkdir. Bundan sonra da düşünmüşdür ki, ola bilsin təqaüd kartındakı pulu Valeh özü çıxarmışdır. Buna görə də rayon polis şöbəsinə şikayət etmək istəsə də ancaq nəvəsi Məhəmməd 1-2 gün gözləmələrini, özü bu haqda Valehdən soruşub məsələyə aydınlıq gətirəcəyini ona demişdir. Ancaq 2 gün sonra Məhəmməd ona bildirmişdir ki, 2-3 dəfə Valehin yaşadığı evə gedib onu axtarmışsa da, atası sonuncu dəfə Məhəmmədə kobud cavab vermiş və Valehin Bakı şəhərində olduğunu Məhəmmədə bildirmişdir. Həmçinin, Məhəmməd Valehin mobil bir neçə dəfə zəng etmiş və telefon əlaqəsi zamanı bundan xəbəri olmadığını və onun kartından heç bir məbləğdə pul çıxarmadığını bildirmişdir. Bundan sonra Məhəmmədlə birlikdə rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etmişlər. Həmin gün rayon polis şöbəsinin əməkdaşları ilə Beynəlxalq banka məxsus bankomata gedib maraqlandıqda, onlara məlum olmuşdur ki, ona məxsus təqaüd kartındakı 246 manat pulu Azərcell, Bakcell və Narmobile şəbəklərinə aid mobil nömrələrə kontur şəklində hissəhissə olaraq yüklənmişdir. Həmin vaxt onlar bank tərəfindən ona verilən çıxarışa nəzər saldıqda təqaüd kartından konturların yüklənməyə başlandığı tarixə nəzər saldıqda görmüşlər ki, həmin tarixdə yəni, xx.xx.2020-ci il tarixdə o, kapital banka məxsus hesab kartının kodunu yadından çıxardığı üçün həmin günü təqaüd kartını və hesab kartını nəvəsi Məhəmmədin dostu Valehə vermişdir. Çünki Valeh həmin vaxt hesab kartındakı pulun təqaüd kartına köçürəcəyini dediyi üçün oda Valehə inanıb hər iki kartı sonuncuya versə də Valeh bərbərxanada 10 dəqiqə ərzində hər iki kartı özündə saxlamış, şəkilklərini çəkib guya internet vasitəsiylə hansısa əməliyyatları keçirdikdən sonra pulun bir kartdan digərinə yükləmək mümkün olmadığını onlara bildirmişdir. Elə buna görə də rayon polis şöbəsində izahat verən zaman Valehdən şübhələndiyini bildirmişdir. Bundan sonra da yenidən rayon polis şöbəsinə gəlib Kapital banka məxsus hesab kartından hər hansı məbləğdə pul oğurlanmadığını, ancaq təqaüd kartından 246 manat pulunun oğurlandığını bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Azəricard MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 246 manat müxtəlif telefon nömrələrinə vəsait yüklənmişdir. Cinayət işinə əlavə edilmiş CD disk məlumatlarından görünür ki, Şahid5 Təqsirləndirilən şəxs ona məxsus “051 861 61 11” saylı mobil nömrəsinə yanlışlıqla kontur göndərməsini və bununla bağlı aralarında “051 584 64 94” nömrəsində olan vhatsaap sosial şəbəkəsində aralarında baş vermiş yazılı və səsli mesajlar vardır. Cinayət işinə əlavə edilmiş Göyçay RİHB-nin Göyçay şəhəri üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda Göyçay şəhəri A.Faruq küçəsi döngə 6, ev 3-də ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla, yaşayırlar. Subaydır. Barəsində Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə Göyçay rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon İcra və Probasiya şöbəsinin cəzanın başqa cəza ilə əvəz edilməsi barədə təqdimatına əsasən xx.xx.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama qərarına gəlib, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus təqaüd üçün nəzərdə tutulan 6762 6111 0626 2008 nömrəli Azərbaycan Beynəlxalq Bank ASC-nə aid plastik kartının identifikasiya nömrəsini (pin kodunu) gizli yolla tamah məqsədilə əldə etmiş, həmin gündən etibarən Azəricard internet şəbəkəsi vasitəsilə həmin elektron məlumat daşıyıcısı olan təqaüd kartının balansından 200 manat depozit hissəsini və təqaüd kartına yüklənən 46 manat olmaqla, ümumilikdə 246 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlər arasında özünün və digər şəxslərin istifadəsində olan mobil nömrələrə kontur şəklində köçürərək oğurlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs edilmiş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsin gətirilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 03 ay 10 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 ay 10 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından 06 ay 20 gün çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-18/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-18/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver