Məhkəmə qərarları › İş №1(046)-19/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-19/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-19/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Göyçay Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarı ilə axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 01 radələrində Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermada çoban işləyərkən fermanın həyətində olan açıqlıq sahədən 1 rəs 1800 manat dəyərində 9 yaşında, 250 kq çəkidə, erkək cinsində axtalanmış açıq boz rəngli atı və fermanın həyətində əşyalar saxlanan girişi açıq vəziyyətdə olan otaqdan 1 ədəd 700 manat dəyərində iki il istifadə olunmuş istifadəyə yararlı olan yəhəri ümumilikdə Qüdrət Zülfqüarovun 2500 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, maddi imkanı yaxşı olmadığından fermer təsərrüfatlarında çoban kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə ər-arvad münasibətində olduğu Tünzalə ilə birlikdə Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən Qüdrət adlı şəxsin fermasına gəlmişdir. Onlar Qüdrətlə təxminən sonuncunun 200 baş qoyun sürüsünə baxmağı ayda 450 manata razılaşmış, Qüdrət onlara həmin fermada qalmaq üçün bir otaq vermişdir. Həmin fermada Qüdrətin qoyun sürüsündən başqa təxminən 50 baş iribuynuzlu heyvanı və 4 rəs atı olmuşdur. Onların Tünzalə ilə aralarında mübahisə yaranmış və aralarında narazılıq yarandığından xx.xx.2023-cü il tarixdə Tünzalə həmin fermadan çıxıb yaşadığı Cəlilabad rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində o, fermada olarkən fermada olan atlardan birini oğurlamaq qərarına gəlmiş və orada yerləşən əl damı kimi istifadə olunan yerdən at yəhərini oğurlayıb atların içərisində boz rəngli və ən yaxşısı olan atın üzərinə qoyub fermanın həyətindən oğurlayıb fermadan çıxmış və Tünzalə ilə əlaqə saxladıqda Tünzalə Salyan rayonunda yerləşən fermada olduğunu bildirmiş, həmçinin o da həmin yerə getmək qərarına gəlmişdir. O, həmin at ilə dayana-dayana xx.xx.2023-cü il tarixdə günorta saatlarında magistral yolun Kürdəmir rayonundan keçən hissəsinə çatmış, artıq at yorğun olduğu üçün hərəkət edə bilməmişdir. Buna görə də o, həmin atı sataraq pul əldə etmək qərarına gəlmiş, həmin vaxt yol kənarında bir nəfər adını sonradan bildiyi Vurğun adlı şəxsin mal-qara otardığını görmüş və yaxınlaşaraq Salyan rayonundan Ağsu rayonuna mal qaranı köç apardığını, hal hazırda Salyan rayonuna qayıtdığını, atının isə yorğun olaraq artıq hərəkət edə bilmədiyini və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin şəxs isə atı almaq istəsə də pulunun olmadığını bildirmiş, o, isə təcili pula ehiyacı olduğu üçün ucuz qiymətə satacağını bildirmiş və yekunda həmin atı 155 manata həmin şəxsə satmışdır. Həmçinin atın üzərindəki yəhəri də sonuncuya vermiş, oradan isə Kürdəmir rayon avtovağzalına gedərək avtobusla Salyan rayonuna getmişdir. Qeyd olunan oğurluq əməlindən başqa hər hansı cinayət törətməmiş, cinayət əməlini törədən zaman ətrafda heç kəs olmamış və onu kənardan heç kim görməmiş, heç kim onu səsləməmiş və etdiyi cinayət əməlindən xəbəri olmamışdır. O, atı fermanın həyətində açıq sahədən oğurlamış, həmçinin atın yəhərini isə əl damı kimi deyilən fermada işləmək üçün istifadə olunan əşyaların saxlandığı açıq yerdən götürmüş, o, həmin fermada yaşayaraq çoban olaraq işləmiş, həmin əl damının qapısı olmamış, ora giriş çıxış sərbəst olaraq məhdudlaşdırılmamış, o, həmçinin əl damı kimi əşyalar saxlanan yerdən digər əşyaları da götürüb istifadə etmiş, buna görə də həmin əl damı kimi deyilən əşyalar yığılan yerə girmək hüququ olmuş, həmin yerə qanunsuz olaraq daxil olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlisa oğlu ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Qaraməryəm kəndi ərazisində 10 sot torpaq sahəsində ferması vardır. Həmin fermada heyvandarlıqla məşğul olur. 2023-cü ilin iyun ayında həmin fermada 200 baş xırda buynuzlu, 50 baş iribuynuzlu heyvanı və 4 atı olmuşdur. Həmin vaxtlarda fermasında xırda buynuzlu heyvanlarına baxmaq, yəni ona məxsus qoyun sürüsünü otarmaq üçün çoban axtarmış, bu zaman o, Salyan rayonunda yaşayan tanıdığı Mansur adlı maklerin vasitəsilə Araz adlı çoban tapmış və həmin çobanla qoyunlarına baxmağı 450 manata razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Araz adlı çoban Tünzalə adlı arvadı ilə onun Qaraməryəm kəndində yerləşən fermasına gəlmiş, onlara qalmaq üçün fermasında otaq vermiş və həmin şəxslər həmin otaqda yaşayaraq onun xırda buynuzlu heyvanlarına, yəni qoyun sürüsünə baxacaqdı. Həmin şəxslər fermada iki gün qaldıqdan sonra Araz arvadı Tünzalə ilə dalaşdığı üçün Tünzalə fermadan çıxıb getmiş, xx.xx.2023-cü il tarixdə səhər saatlarında fermaya gedən zaman ona məxsus 4 atdan birinin və yəhərin yerində olmadığını görmüş, həmçinin Arazı da axtardıqda Arazı fermada tapa bilməmişdir. Araz ona məxsus 1 rəst 1800 manat dəyərində 9 yaşında, 250 kq çəkidə açıq boz rəngdə erkək axtalanmış atı və 700 manat dəyərində iki il istifadə olunmuş və istifadəyə yararlı yəhəri oğurlamışdır. Bundan sonra o, həmin vaxt fermada sağıcı işləyərək orada qalan Çinarə adlı işçidən Arazı və atı maraqlandıqda Çinarə Arazı dünən gecə gördüyünü, daha sonra görmədiyini, xəbəri olmadığını bildirmişdir. Bundan sonra isə o, Arazı özü axtarmağa başlamış və buna görə də polisə şikayət etməmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə maraqlanaraq Arazın Tərtər rayonunda fermada işlədiyini öyrəndikdən sonra polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Araz ona məxsus atı fermanın həyətində olan açıq otlaq sahəsindən oğurlamış, həmçinin atın yəhərini isə fermanın həyətində əl damı kimi deyilən fermada işləmək üçün istifadə olunan əşyaların saxlandığı otaqdan götürmüşdür. Araz ona məxsus fermada yaşayaraq çoban olaraq işləmiş, buna görə də həmin əl damı kimi deyilən əşyalar yığılan otağa girmək hüququ olmuş, həmin yerə qanunsuz olaraq daxil olmamış, həmin əl damının qapısı olmamış, ora-giriş çıxış məhdudlaşdırılmamışdır. O, sadəcə fermada olan xırda buynuzlu heyvanlarına baxmaq, yəni ona məxsus qoyun sürüsünü otarmaq üçün Təqsirləndirilən şəxsla razılaşmış, fermada olan atlar, atın yəhəri, həmçinin digər heyvanlar Təqsirləndirilən şəxs etibar edilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Araz adlı şəxs ona məxsus 1 rəst 1800 manat dəyərində 9 yaşında, 250 kq çəkidə açıq boz rəngdə erkək axtalanmış atı və iki il istifadədə olmuş hal hazırda 700 manat dəyərində yəhəri oğurlamış, nəticədə ona 2500 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir.Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq vaxtı verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 2023-cü ilin iyun ayında günorta saatlarında yaşadığı Kürdəmir rayonu, Karrar kəndində kənd sakinlərinə məxsus mal-qaranı otarmış, həmin kəndin örüş torpaqları yol kənarında yerləşmişdir. Həmin vaxt o, yol kənarında olarkən bir nəfər adını sonradan bildiyi Araz adlı şəxs boz rəngli atla gələrək onun yanında dayanmış, həmin şəxs Saylan rayonundan Ağsu rayonuna mal qarasını köç apardığını, hal hazırda Salyan rayonuna qayıtdığını, pulu olmadığını, atının isə yorğun olaraq artıq hərəkət edə bilmədiyini və pula ehtiyacı olduğu üçün həmin atı satmaq istədiyini bildirmişdir. O, isə həmin atı almaq istəsə də, lakin çox pulunun olmadığını bildirmiş, həmin vaxt Araz adlı şəxs həmin atı ucuz qiymətə sata biləcəiyini demiş və son qiymət olaraq atın qiymətini 170 manat demişdir. O, isə 155 manat pul düzəldib həmin atı üzərində olan yəhərlə birlikdə almış, sonradan isə həmin atı üzərindəki yəhərlə birlikdə istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin atı satarkən tək olmuş, yanında başqa hər hansı şəxs olmamış, Araz ona həmin atın özünə məxsus olduğunu, yolda qaldığını və pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, buna görə də həmin atın cinayət yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli HK-1/1992 saylı rəydə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 rəs 9 yaşında, 250 kq çəkidə, boz rəngdə, erkək axtalanmış atın orta bazar qiyməti təxminən 700 manat, 1 ədəd iki il istifadədə olmuş və istifadəyə yararlı olan yəhərin 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tapıldıqda barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Baxış keçirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Göyçay rayonu, Qaramərəyəm kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus heyvandarlıqla məşğul olunan ferma və həmin fermanın həyətyanı sahəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir. Baxış və götürmə keçirilməsi haqqında 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid Tapdıq oğlunun təqdim etdiyi bir rəs at və yəhəri ona məxsus Kürdəmir rayonu, Karrar kəndində yerləşən fərdi yaşayış evinin həyətində və tövləsində baxış keçirərək götürülmüşdür. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir, təqsirəndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Hüquqi məslələr: Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (CM 59.1.13) nəzərə alır və onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışları üzrə məhkəmə iclasına gəlməsi və məhkəmədən gizləndiyi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəza təyin edilərkən məhkəmə istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Mingçevir şəhər İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 iyun 2024-cü il tarixdən 01 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesab ilə hesablanmaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 52/1, 50 saylı mənzili hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Mingəçevir şəhər İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan – 01 rəs at və 01 ədəd yəhərin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının 50 (əlli) manat dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar