Məhkəmə qərarları › İş №1(046)-21/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-21/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-21/2024 26.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 289.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Göyçay şəhəri, R.Rza küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində yerləşən 5 nömrəli məktəbin yaxınlığında orta dərəcəli sərxoş vəziyyətdə yolu piyada keçərkən Toyota Corolla markalı ** CO *** nömrəli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 piyada keçidi ilə keçməsi üçün avtomobili saxlayıb ona yol vermiş, o isə yolu keçməyib Zərərçəkmiş şəxs3 avtomobilinin qarşısında dayanıb yolu keçməmiş, bu zaman Zərərçəkmiş şəxs3 ondan yolu keçməsini və yaxud da avtomobilinə yol verməsini xahiş etmiş, həmin vaxt o heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüşlər söymüş və təpiklə avtomobilinin ön sağ krelini vuraraq avtomobilə 150 manat məbləğində maddi ziyan vurmuşdur. Onun bu hərəkətlərinin qarşısını almaq üçün Toyota Corolla markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs3 dostu Zərərçəkmiş şəxs2 ona yaxınlaşan zaman o öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək heç bir əsas olmadan, insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, yəni ətrafda olan çoxsaylı şəxslərə hörmət və məhəl qoymadan, birgə yaşayış qaydalarına zidd olaraq küçədə səs-küy salıb Zərərçəkmiş şəxs2 yaxasından əlləri ilə tutub əynindəki köynəyini çırıb yerə yıxaraq döymüşdür. Həmin vaxt onu aralamaq istəyən Zərərçəkmiş şəxs3 yumruqla baş nahiyyəsindən vurub Zərərçəkmiş şəxs3 alnın sol nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər (dərəcələri təyin edilməyən) yetirmiş və üzərində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs2 sol saidin aşağı 1/3nin bayır səthinin sıyrıqları, sol əlin İV barmağının üst səthinin yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 19 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Göyçay Rayon Məhkəməsinin inzibati binasının 1 saylı iclas zalında hakim Zərərçəkmiş şəxs1 sədrliyi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon prokurorunun təqdimatına qapalı məhkəmə iclasında baxılıb məhkəmənin qərarı elan edildikdən dərhal sonra qəsdən məhkəmə iclasına sədrlik edən hakimin ünvanına nalayiq ifadələr(“sən şərəfsizsən”, “sən alçaqsan”) işlədib təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Cinayət işinə baxan hakim Gülnaz Qurbanova özü-özünə etirazı Göyçay Rayon Məhkəməsi sədrinin 26 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 289.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanov Elçin Firudin oğlunun iştirakı ilə baxılması qərara alınmışdır. Cinayət işi materiallarına görə iş üzrə zərərçəkmiş şəxs Göyçay Rayon Məhkəməsinin hakimi Zərərçəkmiş şəxs1dur.İşə tam, hərtərəfli, obyektiv və qərəzsiz baxılmasını təmin etmək, habelə gələcəkdə qəbul ediləcək yekun məhkəmə qərarının şübhə altına alınmaması məqsədilə işə təkbaşına baxan məhkəmə sədri tərəfindən özüözünə etiraz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özüözünə etiraz etməlidirlər Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1-ci maddəsinə əsasən şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2-ci maddəsinə əsasən hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3-cü maddəsinə əsasən hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4-cü maddəsinə əsasən hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5-maddəsinə əsasən hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6-cı maddəsinə əsasən hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7-ci maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir. Həmin Məcəllənin 109.3.3-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsaən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq, cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Hesab edirəm ki, özü-özünə etiraz baxılması üçün cinayət işi ilə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.4-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 289.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxan məhkəmənin sədrinin özü-özünə etirazı həll edilməsi üçün cinayət işi ilə birlilkdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar