Məhkəmə qərarları › İş №1(046)-22/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-22/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-22/2025 22.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs “Emil-İ” firmasının nümayəndəsi Zərərçəkmiş şəxs3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evə sonuncunun evdə olmamasından istifadə edərək özündə olan açarla evin giriş qapısını açaraq qanunsuz daxil olub evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 01 ədəd 1890 manat dəyərində 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 280 manat dəyərində 4 qram çəkidə 585 əyarlı sadə qaşlı qadın qızıl üzüyünü, 1 cüt 280 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs1 2450 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 2023-cü ilin mart ayının əvvəllərində günü istintaqla dəqiq müəyyən edilməyən tarixdə işlədiyi Göyçay rayonu, Yalman kəndində yerləşən “Emil-İ” firmasının həyətindən firmaya məxsus 1 ədəd 12500 manat dəyərində paslanmayan polad materialdan olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal edilmiş “Pasterizator” tipli qurğunu iki dəfəyə hissə-hissə olmaqla vahid niyyətlə gizli olaraq talayıb “Emil-İ” firmasına xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar 20 may 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu, İnçə kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin hasarından aşıb həyətdə olan taxta pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz daxil olaraq evin yataq otağında olan sandığın içərisindən 700 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, mütəmadi olaraq hansı rayonlarda iş olarsa ustalıqla məşğul olur. Xeyli müddətdir ki, Bakı şəhərində işləmişdir. Özünə məxsus «VAZ 21011» markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili vardır. Göyçay rayonu İnçə kəndində yaşayan Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, o, təxminən üç il bundan qabaq Gülsarənin qızı Aynurə ilə birlikdə Göyçay rayonu Yalman kəndində yerləşən Konyak zavodda işləmiş, həmin vaxtlarda o, Aynurənin özü və ailə üzvləri ilə yaxın münasibətdə olmuşdur. Aynurənin Göyçay şəhərində yerləşən evinə, həmçinin anası Gülsarənin İnçə kəndində yerləşən evinə gedişgəlişi olmuşdur. Gülsarə və Aynurə avtomobillə bağlı harasa getmək lazım olanda həmin şəxsləri avtomobili ilə aparmışdır. Onun Aynurə ilə yaxın münasibəti olmuş, onun pula ehtiyacı olan zaman Aynurə ona bankdan kredit götürüb vermiş, həmçinin o, Aynurənin evində usta olaraq da işləmişdir. Həmin vaxtlarda 2022-ci ilin oktyabr ayında Aynurə evinin giriş qapısının və həyətə giriş qapısının açarını evdə usta işləyən zaman ona vermişdir. O, orada işləyib qurtardıqdan sonra Aynurənin xəbəri olmadan açarların surətini özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Aynurənin Göyçay şəhəri, R.Rza küçəsində yaşadığı evin qarşısına getmiş və onda olan açarın biri ilə həyətə giriş qapısını açıb həyətə daxil olmuş, oradan da həyətdə olan bir mərtəbəli evin qarşısına gəlib evin giriş qapısını digər açarla açaraq evə daxil olmuşdur. Evin sağ hissəsində olan yataq otağına daxil olub əvvəlcədən Aynurənin qızıl-zinət əşyalarını çarpayının üzərində olan döşəyin altında gizlətdiyini bildiyindən həmin yerə yaxınlaşıb döşəyi qaldırıb sellofan torbada olan qızıl əşyalarını görmüşdür.Onlardan 1 ədəd qızıl boyunbağı götürmüşdür.Qalan qızıl əşyaları götürməmişdir .Bundan sonra o, döşəyi çəkib yerinə qoyaraq evdə hər şeyi qaydasına salıb qapıları açarla bağlayıb oradan çıxmışdır.Sonra təzə bazarın yanında yerləşən lombarda gəlmiş və orada işləyən Rövşən adlı şəxsə yaxınlaşaraq qızıl boyunbağını çıxarıb ailəsinə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün həmin qızılı qoyub pul götürmək istədiyini demiş, Rövşən adlı şəxs həmin qızıl boyunbağıya baxıb tərəzidə çəkmiş və çəkisi 27 qram gəlmişdir. Bundan sonra Rövşən həmin qızıla görə ona 1000 manat pul vermişdir. Bundan sonra o, lombarda qoyduğu qızıl boyunbağını lombarddan götürmək qərarına gəlmiş, qızıl alqı-satqısı işinə baxan İftixar adlı şəxslə görüşüb lombarda qızıl qoyub pul götürdüyünü, həmin qızıl götürüb satmaq istədiyini demişdir. İftixarla qızıla baxdıqdan sonra İftixardan lombardın 1000 manatını və 1 günlük faizini götürüb lombarda vermiş və əlavə olaraq İftixar ona 200 manat pul vermişdir. Həmin qızılı İftixara satmışdır. Bundan başqa o, 2022-ci ilin əvvəllərindən 2023-cü ilin mart ayının sonlarınadək Göyçay rayonu, Yalman kəndində yerləşən “Nicat” firmasında, həmin firmanın direktoru Qanuni nümayəndə sürücüsü vəzifəsində işləmiş, buna görə də həmin firmanın açarlarının bir surəti onda olmuşdur. Həmin firmada "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, həmin avtomobillə firmanın direktoru Qanuni nümayəndə yaşadığı evə aparıb gətirmişdir. Həmin firmanın rəhbəri Emil müəllim ona bildirmişdir ki,firmanın həyətində dəmirdən olan əşyaları götürüb satsın.O da dəmirdən olan əşyaları firmaya məxsus olan "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparıb satmışdır.Firmanın həyətində olan “pasterizator” tipli paslanmaz polad materialından olan qurğunu 2023-cü ilin mart ayının əvvəllərində laqonda ilə doğrayaraq bir gün ərzində satmışdır.Əldə etdiyi pulu firmanın rəhbəri Emil müəllimə vermişdir.Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən Mirəli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə metalın 1 kiloqramını, 1 manat 30 qəpikdən satmışdır. Həmin satdığı metala görə metal qəbulu məntəqəsindən 800 manat pul almışdır. Sonradan işdən çıxmaq istəyəndə onun barəsində polisə şikayət verilmişdir.xx.xx.2024-cü il tarixdə özünə məxsus «VAZ 21011» markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İsmayıllı rayonuna gedərkən həmin vaxt üzərində pul olmadığı üçün Gülsarəgilə gedib sonuncudan borc pul almaq qərarına gəlmiş, tək olaraq Göyçay rayonu, İnçə kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gəlmiş, darvazanın qarşısına gəldikdə evin həyətinə giriş qapısının üzərində qıfıl olduğunu görmüşdür. Bundan sonra Gülsarənin evdə olmadığını düşünüb Gülsarənin mobil nömrəsinə zəng edib salamlaşmış, hal-əhval tutub harada olduğunu soruşmuş, həmin vaxt Gülsarə qardaşıgildə olduğunu ona demişdir. Gülsarəyə istəyirsə gedib sonuncunu yaşadığı evə gətirə biləcəyini demişdir. Gülsarə isə hələ orada oturduğunu, bir iki saat sonra özü gələcəyini demişdir. Bundan sonra Gülsarənin yaşadığı evdən təxminən 200 metr aralandıqdan sonra üzərində pulu olmadığından Gülsarənin evdə olmamasından istifadə edib oradan oğurluq etmək qərarına gəlmişdir. Saat 16 radələrində avtomobili ilə geri qayıdıb sonuncunun yaşadığı evin həyətinə giriş qapısının yanında küçədə avtomobilini saxlayıb avtomobildən yerə düşmüşdür. Küçədə heç kimin olmadığını gördükdən sonra həyətə giriş dəmir qapının sağ hissəsində olan hasardan keçmək üçün ayağının birini avtomobilinin qabaq hissəsinə qoyub hasardan aşaraq həyətə daxil olmuşdur. Bundan sonra həyətdə sol hissədə olan bir mərtəbəli yaşayış evinin sol hissəsinə yaxınlaşmış, orada olan taxta pəncərənin üzərində olan sellofanı cırıb kənarını aralamış və taxta pəncərəyə güc tətbiq edərək əli ilə itələyib açdıqdan sonra evin yataq otağına daxil olmuşdur. Oradan da digər yataq otağına keçərək həmin yataq otağında solda yerləşən sandığa yaxınlaşmış, sandığın üzərində qıfıl olduğunu görmüşdür. Üzərində götürdüyü dəmir parçasını həmin qıfılın arasına salıb güc tətbiq etmiş,bu vaxt qıfıl qırılmadan açılmışdır. Daha sonra sandığın üzərində olan yorğan və döşəkləri kənara qoyub, sandığın qapağını açmış, həmin vaxt sandığın içərisində qızıl və ya zinət əşyaları, yaxud pul olacağını düşünüb axtardıqda sandığın içərisində dəsmalın arasında pul olduğunu görmüşdür. Dərhal həmin pulu götürüb saymadan cibinə qoymuş, sandıqda daha heçnə olmadığını gördükdən sonra sandığın üzərində olan yorğan və döşəkləri yerinə qoyub, sandığın üzərində olan qıfılı yenidən üzərinə qoyub güc tətbiq-edən kimi qıfıl yenidən bağlanmışdır. Sonra başqa heç bir yeri axtarmadan evə oğurluğa girdiyi pəncərədən çıxaraq heç nə bilinməsin deyə pəncərəni çöldən bağlamış, həyətdə isə hasardan küçəyə çıxaraq küçədə heç kimin olmadığını gördükdən sonra avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Qıfılı açmaqda istifadə etdiyi dəmir parçasını da özü ilə götürüb yol gedərkən yadında qalmayan istiqamətə atmışdır. Yol gedərkən oğurladığı pulları saydıqda 700 manat pul oğurladığını bilmişdir. Həmin pul əskinaslarının 5 ədədi yüz manatlıq, qalanları isə 20 manatlıq olmuşdur. Oğurluq etdikdən sonra 30 manatlıq İsmayıllı rayonuna getmək üçün avtomobilinə benzin almış, qalan pulu da öz ehtiyaclarına xərcləmişdir. Mülki iddianı qismən qəbul edir. Belə ki,mülki iddianın 01 ədəd 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağı hissəsində qəbul edir, həmin qızılın ekspert rəyində qoyulmuş dəyərə nisbətdə qəbul edir.Qalan hissədə mülki iddianı qəbul etmir, mülki iddiaçı tərəfindən məbləğ şişiridilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Nicat” firmasınının nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirdi ki,Göyçay rayon Yalman kəndində yerləşən “Nicat” firmasının direktoru vəzifəsində işləyir. Həmin firma çaxır istehsalı və digər spirtli içkilərin istehsalı ilə məşğuldur.»Nicat» firması «Emil-1» firmasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında 500 kv.metr sahəni icarəyə götürmüşdür.Direktoru olduğu firmadan başqa həmin ərazidə başqa firma fəaliyyət göstərmir. İcarəyə götürdüyü sahədə »Nicat» firmasına məxsus hər hansı bir əmlak yoxdur.İcarəyə götürdüyü sahədə bir ədəd işlənmiş vəziyyətdə və istifadəyə yararlı, çaxır istehsalı üçün istifadə olunan, paslanmayan polad materialdan olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal olunmuş “Pasterizator” tipli qurğu olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində “Pasterizzator” tipli qurğu naməlum şəxs və ya şəxslər tərəfindən firmanın həyətindən oğurlanmışdır. Həmin qurğunu onlar son zamanlar müvəqqəti istifadə etmədiyi üçün və qurğu göz önündən bir qədər kənarda yerləşdiyi üçün onlar qurğunun oğurlandığını dərhal bilməmiş, lakin 3-4 gün sonra, yəni 2023- cü ilin mart ayının 1-ci on günlüyündə həmin qurğunun oğurlandığını bilmişlər. Buna görə də əvvəl o, özü həmin qurğunun kim tərəfindən oğurlandığını müəyyən etmək istəmiş, həmin vaxt firmadan həmin qurğunu oğurlayan şəxsi tapa bilmədikləri üçün polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə «Nicat» firmasının zərərçəkmiş şəxs qismində,»Nicat» firmasının nümayəndəsi Qanuni nümayəndə zərərçəkmiş şəşxsin nümayəndəsi qismində iştirakına xitam verilmiş,»Emil-i» firması zərərçəkmiş şəxs qismində,Zərərçəkmiş şəxs3 isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs «Emil-İ» firmasının nümayəndəsi Zərərçəkmiş şəxs3 izahat verərək bildirdi ki, oğurluq hadisəsi ilə bağlı Qanuni nümayəndə ilə birlikdə polisə müraciət etmişlər. Oğurlanmış bir ədəd işlənmiş vəziyyətdə və istifadəyə yararlı, çaxır istehsalı üçün istifadə olunan, paslanmayan polad materialdan olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal olunmuş “Pasterizator” tipli qurğu olduqca bahalı aparatdır. Təxminən 30000 manat dəyərindədir.Oğurluq hadisəsi baş verəndən sonra Təqsirləndirilən şəxs valideyinləri gəlmiş və aralarında olan razılaşmaya əsasən əgər 5000 manat pul verilərsə şikayətçi olmayacaqdır. Dedikləri vaxtda təqsirləndirilən şəxsin valideyinləri pulu verə bilmədilər. Polis Şöbəsindən dəvət edilərkən təqsirləndirilən şəxsə vaxt verilməsi xahiş olunmuşdur. Daha sonra 2500 manat pul gətirib versələr də, o pul heç cihazın yarı qiymətini ödəməmişdir. O, verilən 2500 manatla razılaşmışdır.Təqsirləndirilən şəxs qurğunu metal qəbulu məntəqəsinə aparıb dəyərindən çox aşağı qiymətə satmışdır. Qurğunun tam hissəsini yox,bir hissəsini kəsib götürmüşdür.Avadanlıq tam yararsız hala salınmışdır. Təqisləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, qızı Şahid1 ilə birlikdə yaşayır. 2022-ci ilin noyabr ayının ortalarında axşam saatlarında yaşadığı evə gələn zaman yaşadığı evdə yataq otağında olan çarpayının üzərindəki döşəyin altından qızıllarını axtardıqda həmin qızılları yerində tapmamış, həmin qızıl zinət əşyaları 1 ədəd 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağıdan, 1 ədəd 4 qram çəkidə sadə qaşlı 585 əyarlı qızıl üzükdən, 1 cüt 4 qram çəkidə 585 əyarlı qızıl sırğadan ibarət olmuşdur. Həmin vaxt o, qapıda və ya evdə heç bir zədə olmadığı, ev dağıdılmadığı üçün həmin qızılların kim tərəfindən götürüldüyünü, evə naməlum şəxsin girib girmədiyini bilmədiyindən həmin qızılları özü axtarmağa başlamış, lakin həmin qızılları tapa bilməmişdir. X2 onun tanışıdır, təxminən üç il bundan qabaq Kənan ilə birlikdə Göyçay rayon Yalman kəndində yerləşən Konyak zavodda işləmiş, həmin vaxtlarda Kənanın həm onunla, həm də onun anası Zərərçəkmiş şəxs2 ilə münasibəti olmuş, Kənanın həm onun yaşadığı evə, həmçinin anası Gülsarənin İnçə kəndində yerləşən evinə gedib gəlişi olmuşdur. Həmçinin onlara avtomobillə bağlı harasa getmək lazım olanda Kənan öz avtomobili ilə onları taksi kimi aparmışdır. Bundan başqa Kənan 2022-ci ilin oktyabr ayında onun evində usta kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə onun anası Gülsarəyə məxsus evdən oğurluq 700 manat pul oğurlanmışdır. Onlar bununla bağlı müraciət etdikdən sonra həmin pulu oğurlayan şəxsin Kənan Şəfızadə olması müəyyən olunmuş, həmçinin Kənan ona məxsus evdən qızılları da oğurladığını etiraf etmişdir. Kənan onlarda evdə usta işlədiyi zaman evin giriş qapısının açarının surətini ondan xəbərsiz götürüb sonra onlar evdə olmadığı müddətdə həmin açar ilə ilə evin qapısını açaraq gizli olaraq yaşadığı evə daxil olmuş və yataq otağında döşəyin altında olan qızılları oğurlamışdır. Yaşadığı evdən ona məxsus 1 ədəd 2700 manat dəyərində 27 qram çəkidə 585 əyarlı zəncirvari qızıl boyunbağı, 1 ədəd 400 manat dəyərində 4 qram çəkidə sadə qaşlı 585 əyarlı qızıl üzük, 1 cüt 400 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl sırğa oğurlanmış və ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Ekspert rəyinin nəticəsindən asılı olmayaraq ona dəymiş zərərin ifadəsində göstərdiyi kimi 3500 manat hesablanmasını xahiş edir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, Göyçay rayonu, İnçə kəndində özünə məxsus həyət evində tək yaşayır. xx.xx.2024-cü il tarixdə günorta saat 15 radələrində yaşadığı evdən çıxaraq yaşadığı evin həyət qapısını, yəni darvazasını və evin giriş qapısını açarla bağlayıb həmin kənddə qardaşının yaşadığı evə getmiş, orada bir qədər oturduqdan sonra saat 18 radələrində oradan çıxaraq yaşadığı evə gəlmişdir. Həmin vaxt o, evin darvazasını açarla açıb həyətə girdikdən sonra evin giriş qapısına yaxınlaşmış, bu zaman o, evin girişində olan pəncərəsinin bir qədər aralı olduğunu, həmçinin pəncərənin üzərində olan sellofanın cırılıb aralandığını görmüşdür. Həmin vaxt o, evə kənar şəxsin daxil olduğundan şübhələnmiş, bundan sonra evin giriş qapısını da açarla açıb evə daxil olmuş, ardınca yatdığı otaqda olan sandığın içərisində özünə məxsus pulunu saxladığı üçün dərhal otağa keçib sandığı açmış və sandığın içərisində cib dəsmalının arasına baxdıqda orada olan 700 manat pulunun yerində olmayaraq oğurlandığını aşkar etmişdır. Bundan sonra o, qızı Aynurəyə zəng edib bu barədə məlumat vermiş, bundan sonra qızı Aynurə nəvəsi Mənzurə ilə birlikdə yaşadığı ünvana gəlmiş və DİN-in 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ona məxsus evdən tanışı olan Kənan Şəfızadə oğurluq etmiş, daha sonra isə həmin törətdiyi əməli etiraf etmişdir. Belə ki, Kənan onun qızı Aynurə ilə birlikdə işləmiş, lazım olduğu zaman onları avtomobili ilə taksi kimi aparmışdır. Oğurluq olan gün Kənan ona zəng edərək harada olduğunu soruşub onlara gəlmək istədiyini bildirmiş, o, evdə olmadığını bildirdikdə ona gəlib aparmağını təklif etmiş, o, özü daha sonra gələcəyini bildirdikdən sonra yaşadığı evdə heç kim olmadığı üçün ona məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla ona məxsus 700 manat pulu oradan oğurlamışdır. X2 ona məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla ona məxsus 700 manat pulu oğurlamış, ona 700 manat maddi ziyan dəymişdir, yaşadığı evdən başqa hər hansı əşya oğurlanmamışdır. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyandan 600 manat ödənildiyi və 100 manat ödənilməmiş qaldığını, həmin 100 manat pulu tələb etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 Nehrəli oğlu bildirdi ki, Göyçay şəhər M.Hüseynzadə küçəsində yerləşən metal qəbulu məntəqəsi qaynatası X3 məxsus olmuşdur, həmin metal qəbulu məntəqəsini Mirəli Qədirov özü işlədirdi. Lakin qaynatası Mirəli Qədirov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ona görə də o, hazırda məntəqənin işini müvəqqəti olaraq aparmışdır. Metal qəbulu məntəqəsində metal qəbuluna və təhvil verilməsinə rəhbərlik edir. 2023-cü ilin mart ayının əvvəllərində qaynatası Mirəli Qədirova məxsus metal qəbulu məntəqəsinə Kənan adlı şəxs "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə “pasterizator” tipli polad materialından olan qurğunun hissələrini gətirib təhvil verdiyini eşitmiş, lakin həmin vaxtı o, burada olmamış, həmin metalları qaynatası X5 təhvil almışdır. Mirəli Qədirov vəfat etdikdən sonra o, Göyçay rayonuna gələrək metal qəbulu məntəqəsinə nəzarət etmişdir. Kənan adlı şəxsin "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobililə gətirdiyi polad materialından olan ayrı- ayrı hissələrə doğranmış metalları təxminən bir müddət əvvəl Bakı şəhərinə metal qəbulu zavoduna təhvil verilməsi üçün göndərilmişdir. Həmin metalların təhvil götürülməsi barədə qeydiyyatı Mirəli Qədirov aparmışdır, lakin onun həmin qeydiyyat və hansı dəftərdə olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. 2022-ci ilin noyabr ayının ortalarında axşam saatlarında anası ilə yaşadığı evə gələn zaman evdə yataq otağında olan çarpayının üzərindəki döşəyin altından qızıllarını axtardıqda həmin qızılları yerində tapmamışlar. Həmin qızıl zinət əşyaları 1 ədəd 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağıdan, 1 ədəd 4 qram çəkidə sadə qaşlı 585 əyarlı qızıl üzükdən, 1 cüt 4 qram çəkidə 585 əyarlı qızıl sırğadan ibarət olmuşdur. Həmin vaxt onlar qapıda və ya evdə heç bir zədə olmadığı, ev dağıdılmadığı üçün həmin qızılların kim tərəfindən götürüldüyünü, evə naməlum şəxsin girib girmədiyini bilmədiklərindən həmin qızılları özləri axtarmağa başlamış, lakin həmin qızılları tapa bilməmişlər. X2 onların tanışıdır, təxminən üç il bundan qabaq Kənan anasi ilə birlikdə Göyçay rayon Yalman kəndində yerləşən Konyak zavodda işləmiş, həmin vaxtlarda Kənan həm onlar, həm də nənəsi Zərərçəkmiş şəxs2 ilə münasibətdə olmuş, Kənanın həm onların yaşadığı evə, həmçinin nənəsinin İnçə kəndində yerləşən evinə gedib gəlişi olmuşdur. Həmçinin onlara avtomobillə bağlı harasa getmək lazım olanda Kənan öz avtomobili ilə onları taksi kimi aparmışdır. Bundan başqa Kənan 2022-ci ilin oktyabr ayında onların evində usta kimi işləmişdir. xx.xx.2024-cii il tarixdə nənəsi onlara zəng edərək evindən oğurluq olduğunu demiş, bu zaman o, dərhal DİN-in 102 zəng xidmətinə zəng dərək bu barədə məlumat vermişdir. Nənəsi Gülsarəyə məxsus evdən 700 manat pul oğurlanmışdır. Onlar bununla bağlı müraciət etdikdən sonra həmin pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, həmçinin Kənan onlara məxsus evdən qızılları da oğurladığını etiraf etmişdir. Kənan onların evində usta işlədiyi zaman evin giriş qapısının açarının surətini onlardan xəbərsiz götürüb sonra onlar evdə olmadığı müddətdə həmin açar ilə evin qapısını açaraq gizli olaraq yaşadıqları evə daxil olmuş və yataq otağında döşəyin altında olan qızılları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, ünvan 3 ünvanında yerləşən “FL” lombardda kredit mütəxəssisi işləyir. Həmin lombard Göyçay şəhəri, Nizami küçəsində yerləşən təzə bazarla üzbəz yerləşir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında işlədiyi lombardda olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs gələrək üzərində olan qızıl boyunbağını göstərib girov qoyaraq 1000 manat pul kredit götürmək istədiyini bildirmiş, bundan sonra Kənanın təqdim etdiyi qızıl boyunbağını yoxlayıb tərəzidə çəkmiş və həmin qızıl 27 qram gəlmişdir. Ardınca Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini gölürüb sənədləşmə apararaq həmin qızılı qablaşdırıb götürmüş və sənədləşmə yekunlaşdıqdan sonra Kənan Şəfızadəyə 1000 manat kredit pul vermişdir. Bir neçə gün sonra Kənan lombarda gələrək götürdüyü 1000 manat pulu və fazini ödəyərək girov qoyduğu qızılı təhvil götürüb çıxıb getmişdir. O, Kənana 1000 manat pul kredit verilməsi barədə girov biletini istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan qızıl boyunbağını lombarda girov qoyaraq 1000 manat pul kredit götürən zaman tək idi, yanında başqa hər hansı şəxs olmamışdır. Kənan həmin qızıl boyunbağının özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün girov qoyaraq pul götürdüyünü bildirmişdir. Buna görə də həmin qızıl boyunbağının cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, 5 ildən artıq müddətdir ki Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən dəmir qəbulu məntəqəsində fəhlə işləyir. xx.xx.2023-cü il tarixə kimi həmin məntəqəni X5 işlədirdi, məntəqəyə gətirilən dəmir və əlvan metalları Mirəli özü qəbul edirdi, həmin alınan metalların qeydiyyatını da Mirəli özü aparırdı. Mirəli vəfat etdikdən sonra isə həmin məntəqəni kürəkəni Rüzigar işlətmişdir. 2023cü ilin mart ayının əvvəllərində işlədiyi metal qəbulu məntəqəsinə tanıdığı Kənan adlı şəxs "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə “pasterizator” tipli paslanmaz polad materialından olan qurğunun hissələrini gətirdi, həmin vaxt məntəqənin sahibi X5 həmin "xxxx" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən metalları məntəqəyə boşaltmağı ona tapşırdı, o, həmin «VAZ 2106 markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kənan adlı şəxslə birlikdə polad materialından olan ayrı-ayrı hissələrə doğranmış metalları məntəqəyə boşaltmış, həmin gün Kənan adlı şəxs metalları "xxxx" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə 2 dəfəyə gətirmişdi. Həmin Kənan adlı şəxsin gətirdiyi metalları X5 qəbul edərək tərəzidə çəkdi və Kənana 800 manat pul verdi. Metalları qəbul etdikdən bir müddət sonra həmin metallar yük avtomobilinə qoyulub Bakı şəhərinə Metal qəbulu zavoduna göndərildi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/7034 saylı ekspert rəyindən görünür ki, 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə 01 ədəd 585 əyyarlı qızıl zəncirvari boyunbağının dəyəri 1890 manat, 01 ədəd sadə qaşlı 585 əyyarlı qadın qızıl üzüyün dəyəri 280 manat, 01 cüt 585 əyyarlı qızıl sırğanın dəyəri 280 manat olmaqla, ümumi dəyəri nəzəri qaydada təxminən 2450,00 manat müəyyən olunur. Qərarda göstərilən 01 ədəd işlənmiş və istifadəyə yararlı, çaxır istehsalı üçün istifadə olunan, paslanmayan polad materialından olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal olunmuş, “Pasterizator” tipli qurğunun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 12500.00 manat müəyyən olunur. Qeyd: təqdiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Belə ki, qızıl sikkələr istehsal ilindən, əyyarından, kütləsindən, qulplu və ya qulpsuz olmasından asılı olaraq müxtəlif qiymətlərə olur. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə, saat 18.00-də şübhəli şəxs qismində tutulmuş, 23 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.35də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək. 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (046)-14/2021 saylı hökmü üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş və barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7 (046)-34/2021 saylı qərarı ilə barəsində amnistiya tədbiq edildiyi üçün xx.xx.2021ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (046)-14/2021 saylı hökmü üzrə çəkilməmiş cəzası qalmamışdır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluq ödənilmiş hesab edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş “Girov biletinin surəti”dən görünür ki, AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 27 qram çəkidə qızıl boyunbağını girov qoyaraq lombarddan 1000 manat pul kredit götürmüşdür. Həmin sənədin arxa hissəsində girov müqaviləsi göstərilmiş və sonda 1000 manat sözləri yazılmış və girov verən Kənan Şəfızadənin imzası çəkilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Göyçay rayonu, Yalman kəndində yerləşən 500 kv.m sahə “Emil-İ” firması tərəfindən “Nicat” firmasına icarəyə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 25 fevral 2025-ci il tarixli məktubundan görünür ki, “Emil-İ” firması xx.xx.2024-cü il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb, baza məlumatlarına əsasən firmanın hüquqi ünvanı ünvan 5r. Baza məlumatına əsasən firmanın rəhbəri X1 olaraq qeyd olunmuşdur. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə görə talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq aparan orqan təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürmüşdür ondan ötrü ki,o 12 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evə sonuncunun evdə olmamasından istifadə edərək özündə olan açarla evin giriş qapısını açaraq qanunsuz daxil olub evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 01 ədəd 2700 manat dəyərində 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 400 manat dəyərində 4 qram çəkidə 585 əyarlı sadə qaşlı qadın qızıl üzüyünü, 1 cüt 400 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs1 3500 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bundan başqa, o, təkrar 2023-cü ilin mart ayının əvvəllərində günü istintaqla dəqiq müəyyən edilməyən tarixdə işlədiyi Göyçay rayonu, Yalman kəndində yerləşən “Nicat” firmasının həyətindən firmaya məxsus 1 ədəd 30000 manat dəyərində paslanmayan polad materialdan olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal edilmiş “Pasterizator” tipli qurğunu iki dəfəyə hissə-hissə olmaqla vahid niyyətlə gizli olaraq talayıb «Nicat» firmasına xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki,Zərərçəkmiş şəxs1 məxsus və talan olunmuş qızıl əşyalarının,habelə «Emil-İ» firmasına məxsus “Pasterizator” tipli qurğununun dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/7034 saylı ekspert rəyi ilə müəyyən edildiyindən,təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan qızıl əşyaların,1 ədəd «Pasterizator» tipli qurğunun dəyərinə ,habelə zərərçəkmiş şəxs «Nicat» firmasına dair bəndlər çıxarılmalıdır. Belə ki,iş üzrə mötəbər və qanuni yolla əldə edilmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evə sonuncunun evdə olmamasından istifadə edərək özündə olan açarla evin giriş qapısını açaraq qanunsuz daxil olub evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 01 ədəd 1890 manat dəyərində 27 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 280 manat dəyərində 4 qram çəkidə 585 əyarlı sadə qaşlı qadın qızıl üzüyünü, 1 cüt 280 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs1 2450 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bundan başqa, o, təkrar 2023-cü ilin mart ayının əvvəllərində günü istintaqla dəqiq müəyyən edilməyən tarixdə işlədiyi Göyçay rayonu, Yalman kəndində yerləşən “Emil-İ” firmasının həyətindən firmaya məxsus 1 ədəd 12500 manat dəyərində paslanmayan polad materialdan olan, 1991-ci ildə Rusiya Federasiyasının Komsomol zavodunda istehsal edilmiş “Pasterizator” tipli qurğunu iki dəfəyə hissə-hissə olmaqla vahid niyyətlə gizli olaraq talayıb «Emil-İ» firmasına xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan başqa, o, təkrar 20 may 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu, İnçə kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin hasarından aşıb həyətdə olan taxta pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz daxil olaraq evin yataq otağında olan sandığın içərisindən 700 manat pulu gizli olaraq gizli olaraq talamış, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini təşkil edir. O ki qaldı təqsirləndirilən şəxsin 2 adda qızıl əşyalarının onun tərəfindən oğurlanmaması barədə verdiyi ifadəsinə,məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq, hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki,təqsirləndirilən şəxsn istər təhqiqat zamanı verdiyi xx.xx.2024-cü il tarixli izahatında,istərsə də sonradan müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində , xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində,daha sonra yenə də müdafiəçinin iştirakı ilə Zərərçəkmiş şəxs1 ilə xx.xx.2024-cü il tarixdə aparılmış üzləşdirmə zamanı,xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı,xx.xx.2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə cinayət işi materialları ilə tanış etmə zamanı bir dəfə də olsun 01 ədəd 585 əyyarlı qadın qızıl üzüyünün və 01 cüt 585 əyyarlı qızıl sırğanın onun tərəfindən oğurlanmadığını bildirməmiş,əksinə olaraq ona qarşı irəli sürülmüş CM-in 177.2.2.,177.2.3,177.2.4-cü maddələri ilə tam təqsirli bilərək həmin qızıl əşyalarının da onun tərəfindən oğurlanmasını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluğun ödənilmiş hesab edilməsini,cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini,digər zərərçəkmiş şəxs «Emil-İ” firmasının isə dəymiş ziyanla bağlı ona qarşı tələbin və şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar olduğunu, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Mülki iddia isə məhkəmə hesab edir ki,iş üzrə verilmiş ekspert rəyi nəzərə alınmaqla qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 2450 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməli, qalan hissədə mülki iddia təmin edilməməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın verilməsi ilə əlaqədar ödənilmiş 56 manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilməlidr. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2450 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın verilməsi ilə əlaqədar ödənilmiş 56 manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar