Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-25/2021 16.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1974-cü ildə Göyçay rayonun İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmamış uşağı olan, Göyçay rayonun İnçə kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göyçay RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin xx.xx.2020-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2020-ci il 161 №-li Qərarına zidd olaraq xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı evi tərk edərək idarə etdiyi “Toyota Prado” markalı **-FF-*** qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 11 radələrində sifətində qoruyucu tibbi maska olmadan, sosial məsafə saxlamadan Göyçay şəhəri Nizami küçəsində yerləşən insanların kütləvi şəkildə toplaşdığı Göyçay RMX-nın girişinə gəlməklə, eləcə də həmin ərazidə xidmət aparan Göyçay RPŞ-nin İTB-nin polis sahə nəfərləri polis serjantları Şahid2 və Şahid1 tərəfindən saxlanılan zaman onlarla ünsiyyətdə olmaqla Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq həmin vaxt orada olan çoxlu sayda şəxslərə “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, COVİD-19 virusuna yoluxub-yoluxmamağını yoxlatdırmaq üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və orada müayinə olunaraq analiz vermişdir. xx.xx.2020-ci il tarixdə analizinin cavabı pozitiv çıxmış, yəni onun COVİD-19 virusuna yoluxmağı aşkar olunmuşdur. Bundan sonra onun kimi COVİD-19 virusuna yoluxmuş xəstələrə nəzarət, müalicə və müayinələrini təşkil edən, həmçinin qorunma haqqında təlimatlandırma öhdəliyi verilmiş, Göyçay RMX-nın Qaraməryəm Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Şahid4 tərəfindən ona nəzarət, müalicə və müayinələr təşkil edilmiş, eyni zamanda küçəyə çıxacağı təqdirdə digər şəxslərə COVİD-19 virusuna yoluxdura biləcəyilə bağlı real təhlükə yaradacağı barədə təlimatlandırma verilərək, ailə karantinində qalmağı bildirilmişdir. Həmin müddət ərzində simptomları yüngül olduğu üçü həkim Şahid4 tərəfindən mütəmadi olaraq onunla mobil telefonla əlaqə saxlanılmış, qoruyucu profilaktiki məsləhətlər verilmiş, eyni zamanda həkim Şahid4 bir neçə dəfə onun yaşadığı evə gələrək ona və ailə üzvlərinə müayinə və müalicə tədbirləri görmüşdür. Onun kimi Covid 19 virusuna yoluxmuş şəxslər küçəyə çıxdıqları təqdirdə digər şəxslərə həmin virusu yoluxdurma ilə bağlı real təhlükə yaratdıqlarından polis şöbəsi tərəfindən sahə polis nəfərləri də onların küçəyə çıxmamalarına nəzarət etmişlər. Ona təcrid olunaraq ailə karantinində qalmağı bildirilsə də, xx.xx.2020-ci il tarixdə icazə almadan, növbəti dəfə analiz verib COVİD-19 xəstəliyindən sağalıb-sağalmamağını yoxlatmaq istəmiş və buna görə də həmin tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə saat 11 radələrində Göyçay şəhərinə gəlmişdir. Avtomobili Nizami küçəsində, xəstəxananın yaxınında saxlamış və tibbi maska geyinmədən xəstəxananın girişinə doğru hərəkət edərkən xəstəxanının giriş qapısının yaxınlığına çatdıqda yaşadığı kəndə nəzarət edən sahə polis nəfəri Emil və Orxan adlı polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək nə üçün COVİD-19 virusuna yoluxduğu və ailə karantinində qalmalı olduğu halda küçəyə çıxaraq digər şəxslərə yoluxdurma ilə bağlı real təhlükə yaratdığını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona tibbi maska təqdim edib dərhal geyinməyini tələb etmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri Nizami küçəsində Rayon Mərkəzi Xəstəxanasının yaxınında İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2la birlikdə xidmət apararkən Təqsirləndirilən şəxs xəstəxanının çöl giriş qapısına kütlənin olduğu yerə yaxınlaşdığını görmüş, həmin yerdə çoxlu adamlar olmuş, Vüqarın sifətində isə qoruyucu tibbi maska olmamış, Vüqarla orada olan adamların arasında 1 metrdən az məsafə olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşdığı yerdə olan şəxsləri də xəstəliyə yoluxdurmaması üçün Şahid2 ilə dərhal Vüqara yaxınlaşmışlar və Vüqara tibbi maska təqdim edib geyinməsini tələb etmişdir. Həmçinin Vüqardan evdə müalicə aldığı halda nə səbəbə küçəyə çıxdığını soruşaraq ona digər şəxslərin yoluxmasına təhlükə yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona narahat olmamağını, təkbaşına yenidən “COVİD-19” müayinəsindən keçmək üçün xəstəxanaya özünə məxsus avtomobil ilə gəldiyini bildirib özünə haqq qazandırmağa çalışmışdır. Şahid2 ilə Təqsirləndirilən şəxs “COVİD-19” virusuna yoluxmuş şəxs ola-ola qanunsuz olaraq küçəyə çıxdığını və başqa şəxslərin də virusa yoluxması təhlükəsini yaratdığını izah etmişlər və Təqsirləndirilən şəxs avtomobilində gözləməsini bildirmişlər. Bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri Nizami küçəsində mərkəzi xəstəxananın polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” virusuna yoluxmuş Göyçay rayon İnçə kənd sakini Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk etməsi ilə bağlı sənədləşdirmə aparılacağını bildirmiş və həmin prosesdə ona hal şahidi kimi iştirak etməyini təklif etmişlər, polislərə etiraz etməmişdir. Eyni zamanda ondan başqa bir nəfər şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə xəstəxanının yanında küçədə baxış keçirmişlər. Təqsirləndirilən şəxs nə səbəbə yaşayış evini tərk etməsi barədə sorğu edildikdə Vüqar yenidən müayinə üçün xəstəxanaya gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs də Göyçay RMX-da test verdikdən sonra xx.xx.2020-ci il tarixdə “Covid-19” testinin nəticəsi pozitiv çıxdığından yaşayış yeri üzrə ona tərəfindən nəzarət, müalicə və müayinələr təşkil edilərək özünü təcrid, yəni ev karantinində qalmasını bildirilmişdir. Həmçinin həmin tarixdən Təqsirləndirilən şəxs adına qeydiyyat jurnalı açaraq onu və ailə üzvlərini nəzarətə götürmüşdür. Həmin gündən etibarən tərəfindən bir neçə dəfə Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə sorğu müayinəsi edilmiş, həmçinin bir neçə dəfə yaşadığı ünvana gedilərək ona və ailə üzvlərinə müayinə və müalicə tədbirləri görülmüşdür. Bütün şifahi sorğular, müayinə və tədbirlər isə qeydiyyat jurnalında qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs və ailə üzvləri tam olaraq Covid- 19 xəstəliyindən sağaldıqlarından və daşıyıcılar olmadığından həmin gündən onlar ev karantinindən çıxarılmışlar. Bununla bağlı da qeydiyyat jurnalında müvafiq qeydlər aparmışdır. Covid-19 virusuna yoluxmuş Təqsirləndirilən şəxs və ümumiyyətlə hər hansı bir həmin xəstəliyin daşıyıcısı olan şəxsin ev karantini və ya xəstəxanada stasionar karantin rejimində olarkən çölə çıxmaları qadağan olunur və bu barədə onlar şifahi olaraq təlimatlandırılırlar. Nəzarətçi həkim olaraq Təqsirləndirilən şəxs müalicə bitənədək evi tərk etməməsini tapşırmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadığı evdən çıxıb Göyçay şəhərinə gəlməsi digər şəxslərə həmin xəstəliyi yoluxdurmaları üçün real təhlükə yaratmışdır. Cinayət işinə əlavə olunmuş Göyçay RMX-dan alınmış xx.xx.2020-ci il tarixli 3715 saylı məktubdan görünür ki, Göyçay rayon İnçə kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Covid-19 xəstəliyinə görə yaxma nümunəsi götürülmüş, xx.xx.2020ci il tarixdə “pozitiv” aşkarlanma səbəbilə ailə karantinə götürülmüşdür. Müalicə həkimi infeksionist Sevil Mustafayeva tərəfindən onların vəziyyəti qiymətləndirilmiş, ev şəraitində müalicə təyin olunmuşdur və 14 gün müddətində ev karantinində (ətraf mühitdən təcrid) olunmaları onlara bildirilmişdir. Ailə həkimi Şahid4 evdə müalicəyə nəzarət tapşırılmışdır. Cinayət işinə əlavə olunmuş Göyçay RMX-dan alınmış xx.xx.2020-ci il tarixli 5043 saylı məktubdan görünür ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixiatr E.Cavadovun verdiyi xx.xx.2020-ci il tarixli arayışlara əsasən, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göyçay RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin xx.xx.2020-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2020-ci il 161 №-li Qərarına zidd olaraq xx.xx.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evi tərk edərək saat 11 radələrində sifətində qoruyucu tibbi maska olmadan, sosial məsafə saxlamadan Göyçay şəhəri Nizami küçəsində yerləşən insanların kütləvi şəkildə toplaşdığı Göyçay RMX-nın girişinə gəlməklə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydasını pozaraq həmin vaxt orada olan çoxlu sayda şəxslərə “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmamış uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-25/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-25/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver