Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-25/2024 18.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Şahin Ötər oğlunun nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X1 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında Əliyev Şahin Ötər oğlu tərəfindən verilmiş şikayət Göyçay Rayon Məhkəməsinə daxil olmuşdur. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, Əliyev Şahin Ötər oğlu məhkəməyə xüsusi ittiham qaydasında şikayət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini ona görə istəmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs “Facebook” sosial şəbəkəsindəki “Rəvan Mustafayev” adlı səhifəsində xx.xx.2024-cü il tarixində videogörüntü yerləşdirmiş və xx.xx.2024-cü il tarixədək həmin videogörüntülərə 64 nəfər baxmış, 7 nəfər həmin görüntülərdə deyilənlərə rəy bildirmiş, 3 nəfər isə qeyd edilən görüntüləri paylaşmışdır. Eyni zamanda həmin videogörüntü “Youtube” sosial şəbəkəsinə də “Göyçay kollecində rüşvət tüğyan edir” başlığı ilə yerləşdirilmiş, 390 nəfər o videoya baxmış, 6 nəfər isə orada göstərilənlərlə bağlı şərh vermişdir. (mənbə: https: //www. voutube.com/watch?v=qlVW6milZA). Həmin videogörüntülərdə X3 aşağıdakıları bildirmişdir: “X8, Göyçay sakini. Burdan cənab Prezidentə və Baş Prokurorluğa, aidiyyatı qurumlara şikayətim var. Gördüyünüz kimi X5 və Texnologiya Kollecinin (əvvəllər zavuc kimi, indi də direktor kimi icra edir yəni) direktor vəzifəsini icra eliyən Şahin Əliyevdəndi şikayətim. 40 ilə yaxındır ki, bu X2 kürsüsün bərkitmiş haldadı. Burda texnikalar var ki, balansda olan texnikalar sıradan çıxıb. Halbuki, ona yanacaqlar yazılır, pullar büdcədən silinir. Üstəlik Mətanət xanım var, buxalteriya. Ailə ansanbılı yaradıblar. Şahin Əliyevin əliynən. Belə ki, Şahin Əliyev onlara himayədarlıq eləyir, gəlin, oğul, hamısı buxalteriyada əlbir olaraq, ayrılmış vəsaitləri talan eliyirlər. İlk öncə də bunu da vurğulayım ki, tələbələr üçün nəzərdə tutulmuş yataqxana tələbə qalmaq əvəzinə qıraqdan bir şəxslərə maddiyyat, tamah ucbatından satılıb. Yəni ora tələbə ayağı dəymir. Tələbələr də var ki, imkansız ailələrin tələbələridi, onlar gəlib yataqxana olmadığından kirə pulu verə bilmirlər. Ona görə də dərsə davamiyyətləri olmur. 1300-ə yaxın burda tələbə var, halbuki yarısı gəlir bura. Kollecin rəhbəri Şahin Əliyevin 70-ə yaxın yaşı olmağına baxmayaraq, 40 ildir bu kürsüdədi. Onu araşdırsalar görərlər ki, adi aylıq maaşnan heç cür mümkün dölü adında bir belə varidat var. Rayonun müxtəlif yerlərində malikanələri var, Bakının özündə, hətta əldə etdiyi rüşvətnən texnikalar alıb, kənd təsərrüfatı texnikaları, arendiya verib, icarədə. Burdan da yəni gəlirlər topalayır. Özünün də inəmarka maşınları, xarici bərk gedən maşınları. Gözdən pərdə asmaq üçün “Topaş” markalı maşınnan gəlir-gedir işə. Bunu yəni, rayondan qıraqda görürük ki, yəni inamarkaların nə formadadı. Ən bərk gedən maşınlar. Yəni, bu maaşnan necədi? Xahiş edirəm Kamran Əliyevdən bu işi ciddi şəkildə araşdırılsın. Yəni, bunun bir il olar ki, səs yazıları da, rüşvətlə bağlı faktlar mətbuatda yayıldı. Halbuki, bu günkü gündə də bu insan vəzifəsindədi, işindədi, araşdırma getmir. Xahiş edirik ciddi şəkildə nəzarətinizə götürüb, araşdırasınız.” Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 “Facebook” sosial şəbəkəsindəki “Rəvan Mustafayev” adlı səhifəsində xx.xx.2024-cü il tarixində yerləşdirdiyi videogörüntülərdə dedikləri yalan olmaqla, həqiqəti əks etdirmir. Beləliklə, X3 bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları qəsdən yayaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulan ağır cinayətdə (külli miqdarda rüşvət alma), eləcə də digər cinayət əməllərində ittiham edərək, böhtan atmışdır. Göstərilən video görüntülərdə deyilənlər uydurma və qərəzli olmaqla, topladığı işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyır. Bunlar heç bir etik davranış qaydalarına sığmayan qanunsuz hərəkətlər olmaqla, X3 özündən belə yalanlar uyduraraq ona böhtan atır. Böhtan atma əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığı üçün düşünür ki, X3 həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, X3 Azərbaycan Respublikası CM-nin 147.2- ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməklə, cinayət mühakiməsi icraatı qaydasında cəzalandırılmalıdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Şahin Ötər oğlunun nümayəndəsi Nümayəndə Seydiəli oğlu şikayətin əsaslı olmasını nəzərə alıb, icraata qəbul edilərək məhkəmə baxışının təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 bildirdi ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilənlər onun tərəfindən kütləvi informasiya vasitələrində yayılmamışdır.Onun facebook səhifəsində Şahin Əliyev barədə heç bir paylaşım olmayıb. Həmçinin həmin youtube kanalı ona aid deyil. Ancaq o Göyçay rayon 2-ci Ərəbcəbirli kənd sakini Əliyev Şahin Ötər oğlu barədə mərkəzi orqanlara şikayət ərizələri ilə müraciətlər etmişdir. Onun tərəfindən müvafiq orqanlara göndərilmiş şikayət ərizəsindəki məlumatlar doğru olmuş təsdiqini tapmışdır. Xüsusi ittihamçı Göyçay Texnologiya və İdarəetmə Kollecinin direktor müavini vəzifəsində işləyən və direkrotun səlahiyyətlərini icra edən Əliyev Şahin Ötər oğlunun korrupsiya əməlləri təsdiq edilmişdir. Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən X5 və Texnologiya Kollecində araşdırma aparılmış və sözügedən Kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi korrupsiya halları aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən X6 Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda həmin kollecdə yoxlamalar davam etdirilir. Xüsusi ittihamçı Şahin Əliyevin korrupsiya əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi şikayət ərizəsi araşdırlması üçün həmin qurum tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Hazırda onunda şikayəti həmin qurum tərəfindən ciddi araşdırlır. Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi onun izahatını almışdır. Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə X4 İdarəetmə və Texnologiya Kollecində apardığı yoxlama materialı üzrə Prokurorluğun verəcəyi qərarını gözləyir. Barəsində əsaslı şikayətlər etdiyinə görə Əliyev Şahin Ötər oğlu ona təsir etmək üçün barəsində xüsusi ittiham qaydasında şikayətlə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Şahin Əliyevin korrupsiya əməllərini araşdırıb qərar vermək onun səlahiyyəti deyil. Buna görə o Şahin Əliyevin korrupsiya əməlləri barədə əsaslı olaraq müvafiq orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. O həmin orqanlarla mütəmadi olaraq əlaqə saxlayır onlarda onunla tez-tez əlaqə yaradırlar. Araşdırma başa çatdıqdan sonra yoxlama materialları prokurorluğa təqdim ediləcək. Ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətdir. Göründüyü kimi cinayət qanunvericiliyinə görə böhtan cinayətinin obyektiv cəhəti bilə-bilə yayılan məlumatın yalan olmasında, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasında ifadə olunur.Yalan məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalı,konkret faktlarla bağlı olmalıdır. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş “Facebook” sosial şəbəkəsindəki “Rəvan Mustafayev” adlı səhifəsində xx.xx.2024-cü il tarixində yerləşdirilmiş videogörüntüdə olan ifadələr ümumi xarakterli olduğundan,konkret faktlarla bağlı (nəyi,necə və nə vaxt) olmadığından böhtan cinayətinin obyektiv cəhətini təşkil etmir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunmasına dair Əliyev Şahin Ötər oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-25/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-25/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver