Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-26/2024 01.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında X4 tərəfindən Göyçay rayon Məhkəməsinə şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki, X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X7 2023-cü ilin sentyabr ayında onun barəsində rayon prokurorluğuna şikayət edərək göstərmişdir ki, guya “facebook”sosial şəbəkəsində saxta profil açaraq onu təhqir etdiyini bildirərək CM-nin 148-1-ci maddəsi ilə ittiham etmişdir. Göyçay rayon prokurorluğunun böyük müstəntiqi X3 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, X1 profil ilə İsbat Hüseynlini təhqir etməmişdir. Bu səbəbdən AR-nın CM-nin 148.1-ci maddəsi ilə barəsində cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X7 onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə ittiham edərək ona böhtan atmışdır. Bundan başqa İsbat Hüseynli ilə aralarında olan məhkəmə çəkişməsi zamanı Şəki Apelliyasiya Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında bir neçə kənar şəxsin və ona yaxın olan şəxslərin iştirak etdiyi iclasda onu Göyçayda yazanların başında dayanan deməklə şər-böhtan atmışdır.Şəki Apelliyasiya Məhkəməsinin binasında keçirilən məhkəmə iclasında İsbat Hüseynli onun özünə məxsus “Facebook” sosial şəbəkəsində paylaşdığı qara rəngli iti küçə iti adlandırmaqla onun itini sahibsiz itlərlə eyniləşdirmişdir ki, bunu özünə təhqir hesab edir. Göyçay rayon Qaraməryəm kəndi Ərazi icra nümayəndəliyinin təqdim etdiyi yaşayış yeri haqqında arayışdan görünür ki,həmin it sahibsiz deyil və həmin itin sahibi odur və sözügedən həmin it ona məxsus həyətdə vaxtı-vaxtında vitaminləri vurulmaqla yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan cinayəti ,yəni yalan olduğunu bilə-bilə,hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Göründüyü kimi cinayət qanunvericiliyinə görə böhtan cinayətinin obyektiv cəhəti bilə-bilə yayılan məlumatın yalan olmasında, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasında ifadə olunur.Yalan məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalı,konkret faktlarla bağlı olmalıdır. Təhqir cinayətinin obyektiv cəhəti isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş X5 2023-cü ilin sentyabr ayında barəsində rayon prokurorluğuna şikayət edərək “facebook”sosial şəbəkəsində saxta profil açaraq onu təhqir etdiyini bildirərək onu CM-nin 148-1-ci maddəsi ilə ittiham etməsi, Şəki Apelliyasiya Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında bir neçə kənar şəxsin və ona yaxın olan, şəxslərin iştirak etdiyi iclasda onu Göyçayda yazanların başında dayanan ifadəsini işlətməsi, eləcə də “Facebook” sosial şəbəkəsində paylaşdığı qara rəngli iti küçə iti adlandırması ümumi xarakterli olduğundan və başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmadığından nə böhtan, nə də ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə ittiham olunmasına dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-26/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-26/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver