Məhkəmə qərarları › İş №1(046)-28/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-28/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-28/2025 29.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respulikasmın vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,125 qram və 0,287 qram olmaqla, ümumilikdə 0,412 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,272 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 08 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən və üzərində həmin narkotik vasitə heroini və psixatrop maddə metamfetamini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, növbətçi hissədə saat 19:45-dən saat 19:56-dək üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibində olan siqaret qutusunun içərisində 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,125 qram və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,287 qram olmaqla, ümumi çəkiləri 0,412 qram xeyli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, eləcə də, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,272 qram xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitə heroindən və psixatrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə təxminən 10 gün əvvəl Bakı şəhərində olarkən “İnstagram” sosial şəbəkəsində tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayıb özü istifadə etmək üçün az miqdarda narkotik vasitə heroin və psixatrop maddə metamfetamin almış, həmin narkotik vasitəni aldıqdan sonra bir dəfə istifadə etmişdir. Yaşadığı evdə ailə üzvləri görməsin deyə narkotik vasitəni çox vaxt üzərində gəzdirmişdir. 08 avqust 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Göyçay şəhəri Nizami küçəsində özü tək piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələrin qanunsuz gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o da, polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Göyçay rayon polis şöbəsinə getmişdir. Orada ona müdafiəçi təqdim olunaraq hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulduqda o, üzərindəki digər şəxsi əşyaları ilə yanaşı əynindəki qara rəngli şalvarın sağ cibində olan palmall siqaret qutusunun içərisindəki 2 ədəd kağız və 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə və “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, elektron tərəzidə çəkilən zaman 01 ədəd kağız və 01 ədəd sellofan bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroin 0,49 və 0,36 qram, 01 ədəd kağız bükümdə “patı” kimi tanıdığı maddə isə 0,43 qram olmuşdur. O, üzərində aşkar edilmiş həmin kütləni təxminən 10 gün əvvəl Bakı şəhərində olan zaman online qaydada tanımadığı şəxsdən əldə etmişdir. Aşkar edilmiş həmin kütləni üzərində gəzdirmək məqsədi özü istifadə etmək olmuşdur. Hər hansı şəxsə bu barədə deməmiş, üzərindən aşkar edilmiş həmin kütlədən hər hansı şəxsə satmamış və verməmiş, aşkar edilmiş narkotik vasitə heroini və psixatrop maddə metamfetamini ayrı-ayrı bükümlərdə özü qablaşdırmamış, tanımadığı İran vətəndaşı ilə online yolla əlaqə saxlayıb həmin narkotik vasitələri Bakı şəhəri Yasamal rayonu ərazisində alan zaman narkotik vasitə və psixatrop maddə ayrı bükümlərdə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 08 avqust 2024-cü il tarixdə saat 19 radələrində CAB-in əməliyyat baş müvəkkili Şahid2 ilə Göyçay şəhəri ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində xidmətdə olan zaman Göyçay şəhəri Nizami küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin vaxt onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt sonuncu ona heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində həmin şəxsin Göyçay şəhəri Nizami küçəsi ev 272 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını bilmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs sənədləşdirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş, aidiyyəti üzrə növbədə olan təhqiqatçı İslam Şirinov tərəfindən Təqsirləndirilən şəxs dərhal Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra saat 19:45-də növbətçi hissədə Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya, predmet varsa masanın üzərinə qoyması təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibində olan palmall siqaret qutusunun içərisindəki 2 ədəd kağız və 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixatrop maddə olduğunu bildirmişdir. Həmin maddələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, elektron tərəzidə çəkilən zaman 01 ədəd kağız və 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddələr 0,49 və 0,36 qram, 01 ədəd kağız bükümdə ağ rəngli maddə isə 0,43 qram olmuşdur. Sonra həmin bükümlər birlikdə zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürlənmiş, üzəri imzalanmışdır. Bundan sonra video-çəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ona və iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə ona heç bir məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 03 ədəd büküm aşkar edilər götürülmüş, sonra isə 01 ədəd zərfə qoyulmuş və üzəri möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsindən alınmış 09 avqust 2024-cü il tarixli 3-16-16/2-17/687 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim üzərində “Vətəndaş - Təqsirləndirilən şəxs. Vəkil - Nəcmi Qasımov.” Yazısı və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki: - 01 (bir) ədəd kağız bükümdə , təmiz çəkisi - 0,125 qram və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,287 qram, ümumi çəkiləri - 0,412 qram olan maddə lər kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,272 qram olan maddə kustar üsulla hazırlanmış psixiatrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Resoublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Resoublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixiatrop maddələrin siyahısına daxildir. (İ siyahı). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00-da MSY-dən həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 15 oktyabr 2024-cü il tarixli 1685 nömrli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Göyçay RMX” X3 alınmış 23 sentyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyatnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda pasport qeydiyyatdındadır, barəsində Göyçay rayon İHB-nın şəhər İƏDsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. DVD diskdəki videoyazıdan görünür ki, Göyçay RPŞ-də təhqiqatçı İslam Şirinov tərəfindən Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkiləri Şahid1, Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən 02 ədəd kağız və 01 ədəd sellofan büküm aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin vaxt ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini, Müdafiəçi heç bir etirazının olmadığını bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,312 qram narkotik vasitə heroin və 0,222 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Göyçay RPŞ-nin MSSK-na təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Həmin Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya görə təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Reçspublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu, o cümlədən, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Göyçay şəhərində çəkməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, habelə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla iki gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0,312 qram narkotik vasitə olan heroin və 0,222 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar