Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-29/2023 31.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 180 saylı evdə qeydiyyatda olan,Göyçay rayonu İİ Ərəb kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 09 radələrində Göyçay şəhəri, Z.Bunyadov küçəsində qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol qulaq nahiyyəsindən vuraraq yumruq vurduğu əlinin orta barmağında olan, lakin istintaqa məlum olmayan üzüklə ona sol qulaq seyvanının yuxarı əyriliyində əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ev ustası kimi çalışır və hadisədən təxminən 1 ay əvvəl onun yaşadığı evin həyətində barı işləri görmüş, yəni daşla hörgü etmiş, lakin işi yarımçıq qoyub, tamamlamayaraq getmişdir. Zaurun görəcəyi “mozayka” işləri qalmışdır, Zaur hasara bəzək vurmamış getmişdir. O da, bu səbəbdən Zərərçəkmiş şəxs narazı qalmışdır. 2022-ci ilin aprel ayının ilk tarixlərində Göyçay şəhəri, Z.Bünyadov küçəsinə Zərərçəkmiş şəxs yaşadığı evin yaşadığı ünvana gedərək gəlib başladığı işi tamamlamasını xahiş etmişdir. Lakin həmin vaxt Zaur ona, səhhətində problemlərin olduğunu, 1-2 günə gəlib nə lazımdırsa edəcəyini bildirmişdir. Zaurdan xəbər çıxmadığı üçün xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi VAZ 2106 markalı **-KD-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə yenidən tək Zaurun yaşadığı ünvana getmiş və Zauru küçə qapısından çağırdıqda sonuncunun həyət yoldaşı Şahid1 eyvana çıxaraq ona Zaurun səhər tezdən harasa işə getdiyini bildirmişdir. O, buna təəcüblənərək heçnə demədən çıxıb getmişdir. Təxminən 10- 15 dəqiqə sonra o, yenidən Zaurgilin yaşadığı evin yanından keçərkən Zaurun küçədə qapılarının yanında qonşusu Ülvi adlı şəxslə söhbət etdiyini görmüş daha da təəcüblənmişdir. O, idarə etdiyi avtomobildən düşmədən Zaura evində gördüyü işləri tamamlamadığına görə “məni niyə aldatmısan işi yarımçıq qoymusan, belə olacaqdısa nəyə görə gəlib işləyirdin” deyərək Zaura sual verib narazılıq etmişdir. Zərərçəkmiş şəxs isə ona kobud cavab qaytararaq sakit olmağını və işi ilə məşğul olmağını bildirmişdir. Əsəbiləşərək avtomobildən yerə düşmüş və Zaura yaxınlaşıb bir daha “sənə nə pis hərəkət etmişəm ki mənə qarşı alçaqlıq edirsən” deyərək sual vermişdir. Həmin vaxt həyətdən Zaurun həyat yoldaşı Şahid1 çıxmış, onunla söhbət edərkən Simuzərə də vəziyyəti izah etməyə çalışarkən, sonuncu ondan mübahisə etməməsini və çıxıb getməyini xahiş etmişdir. Həmin vaxt Zaur həyətə girib yenidən küçəyə çıxmış və o, avtomobilə əyləşib uzaqlaşmaq istəyəndə Zaurun onun arxası ilə avtomobil açarı atdığını və ona kobud sözlər dediyini eşitmişdir. Avtomobil açarı avtomoblinə dəyməmişdir. O, avtomobili saxlayaraq yerə düşüb Zaurdan nə etmək istədiyini soruşmuşdur. Zaur isə onun üzərinə gələndə Zaurun əlində taxta qulplu mətbəx bıçağı olduğunu görmüşdür. Zaur ona bıçaqla xəsarət yetirmək istəyərkən Zaurun onu bıçaqla vurmaması üçün bir əli ilə Zaurun bıçaq olan sağ əlindən tutaraq 1 dəfə yumruqla Zaurun sol qulağından vurmuşdur. Həmin vaxt onun, sağ əlinin orta barmağında olan gümüş üzük Zaurun sol qulağını qanatmış və sonuncu ondan aralanmışdır. Bununla da mübahisə bitmişdir. O, da avtomobilinə əyləşib evinə getmişdir. Sonra ona, məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Göyçay rayon polis şöbəsinə şikayət etmişdir. Mübahisə zamanı səs-küy yaranmamış, ətrafdan da oraya toplaşan olmamış, mübahisəni başqa heç kim görməmişdir. Ülvi, eləcə də yanlarına gələn Zaurun həyat yoldaşı Simuzər və qonşuluqda yaşayan qardaşı Taleh ona heç bir xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs onu bıçaqla vurmamış və ona ümumiyyuətlə hər hansı xəsarət yetirməmişdir.Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Ev ustası kimi çalışır, daş və hörgü işləri görür. Təqsirləndirilən şəxs qohumudur. Eminlə əvvəllər hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Göyçay rayon polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmasından təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs evində usta kimi işləmişdir. Barı hörgüsü işləri görmüş, öhdəliyini götürdüyü işləri tamamlamışdır. Lakin Emin onun işindən narazı qalmış, guya işi tam görmədiyini deyərək sonda əlavə həyətin barısına mozayka işlərini də görməyini xahiş etmişdir. O isə Eminə etiraz etməmiş, lakin səhhətində problemlər olduğu üçün bir müddət istirahət etmək istəmiş və Eminə az müddət sonra dediyi işi görəcəyini bildirmişdir. Bununla bağlı aralarında hər hansı bir sözsöhbət olmamışdır. xx.xx.2022-ci il tarixdə isə, saat 09 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs bir dəfə onların evinə gəlib onu çağırmış, lakin həyat yoldaşı Simuzər Eminə onun evdə olmadığını, guya iş arxasınca getdiyini bildirmişdir. 5-10 dəqiqə sonra isə o, küçə qapısının yanına siqaret çəkməyə çıxarkən küçədə qonşusu Şahid2la rastlaşmış və sonuncu ilə küçə qapısından 5-6 metr aralıda, hasarın yanında söhbət etməyə başlamışlar. Elə həmin vaxt Təqsirləndirilən şəxs küçədən idarə etdiyi «VAZ 2106» markalı avtomobil ilə keçərkən avtomobili saxlayıb yerə düşmədən ona “məni niyə aldatmısan işi yarımçıq qoymusan, belə olacaqdısa nəyə görə gəlib işləyirdin” deyərək ona narazılıq etməyə başlamışdır. O isə, Eminə səsinin tonunu aşağı salmasını, sonuncudan yaşca böyük olduğunu deyərək, belə kobudluq edirsə gedib işi ilə məşğul olmağını bildirmişdir. Aralarında həmin vaxt sözlə mübahisə yaranmışdır. Həmin vaxt səs-küy yaranmasa da həyətinin açıq qapısından həyat yoldaşı Simuzər çıxaraq Emindən mübahisə etməməsini və çıxıb getməsini xahiş etmişdir. Eyni vaxtda qonşuda yaşayan qardaşı Şahid3 da küçəyə çıxmış və onlara yaxınlaşmışdır. Emin isə həyat yoldaşı Simuzərə də onun aldatdığını, həyətində işi tamamladığını deyərək onu günahkar çıxartmağa çalışmışdır. Həmin vaxt o, daha da hiddətlənərək Eminə kobud formada “cəhənnəm ol çıx get burdan, yalançı” sözləri demişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs yumruqla 1 dəfə onun sol qulağından vurub ona xəsarət yetirmiş və dərhal ondan aralanmışdır. Belə ki, Eminin barmağında olan üzük onun, sol qulağına dəyərək qulağını qanatmışdır. Emin onu bir daha vurmamış və vurmağa cəhd etməmişdir. Emin daha sonra avtomobilinə əyləşib oradan getmişdir. O isə, xəstəxanaya həkim müayinəsinə getmiş, daha sonra isə Göyçay rayon polis şöbəsinə gəlib bu barədə ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid2 ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Zaurla və ailə üzvləri ilə qonşu kimi yaxşı münasibətləri vardır. Zaur ev ustası olmaqla daş və hörgü işləri görür. Təqsirləndirilən şəxs şifahi olaraq tanıyır. Emin Zaurun qohumudur. Sonuncuların arasında əvvəllər hər hansı mübahisə və söz-söhbətin olmasını eşitməmiş, nədə ki görməmişdir. Qonşusu Zaur sonuncu dəfə deməsinə görə elə Eminin yaşadığı evin həyətində usta işləmişdir və yorulduğundan, biraz istirahət götürmüşdür. Lakin Zaurun hansı vaxtdan Emingildə işləməsini və nə kimi iş görməsini ətraflı bilmir. xx.xx.2022-ci il tarixdə isə saat 09 radələrində yaşadığı evin küçə qapısınn yanına çıxıb siqaret çəkən zaman qonşusu Zərərçəkmiş şəxs da öz yaşadığı evin küçə qapısından çölə çıxmış, küçə qapıları isə açıq qalmışdır. Onlar görüşüb elə ikisi Zaurun yaşadığı evin küçə qapısının yaxınında, yəni qapıdan təxminən 5-6 metr aralıda hasarın yanında dayanıb söhbət edib siqaret çəkmişlər. Həmin vaxt Zaurun qohumu Təqsirləndirilən şəxs yanlarından idarə etdiyi «VAZ 2106» markalı avtomobil ilə keçərkən avtomobili saxlayıb yerə düşmədən Zaura səslənib “məni niyə aldatmısan işi yarımçıq qoymusan, belə olacaqdısa nəyə görə gəlib işləyirdin” deyərək narazılıq etməyə başlamışdır. Zaur isə Eminə sakit danışmasını, səsinin tonunu aşağı salmasını deyərək, kobudluq etdiyinə görə iradını bildirmiş və gedib işi ilə məşğul olmasını söyləmişdir. Zaurla Eminin arasında sözlə mübahisə yaranmışdır. Emin Zaurun cavab qaytardığına hiddətlənərək avtomobildən yerə düşmüş və Zaura yaxınlaşaraq əsəbi formada “mənə niyə alçaqlıq edirsən, sənə nə etmişəm mən, sən bilirsən mən kiməm” deyərək Zaura sual vermişdir. Həmin vaxt səs-küy yaranmasa da Zaurun yaşadığı evin həyətindən açıq qapıdan həyat yoldaşı Simuzər çıxaraq Emindən mübahisə etməməsini və çıxıb getməsini xahiş etmişdir. Eyni vaxtda qonşuda yaşayan Zaurun qardaşı Şahid3 da küçəyə çıxmış və yanlarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yumruqla 1 dəfə Zaurun sol qulağından vurub sonuncuya xəsarət yetirərək dərhal Zaurdan aralanmışdır. Eminin əlində isə həmin vaxt hər hansı kəsici-deşici, küt alət və əşya olmamışdır. Lakin Zaurun sol qulağı qanamışdır. Emin bir daha Zaura yaxınlaşmamış, sonuncunu yenə də vurmamış və vurmağa cəhd etməmişdir. Emin elə oradan dönüb gəldiyi avtomobilə əyləşib oradan getmişdir. Zaurun deməsinə görə Təqsirləndirilən şəxs yumruqla vuran zaman sonuncunun barmağında olan üzük onun qulağını qanatmışdır. Lakin o, Eminin əl barmağında üzüyün olub-olmamasına fikir verməmişdir. Məhkəmə baxışında Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022ci il tarixli, 145 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının yuxarı əyriliyində əzilmiş-cırılmış yara küt-bərk əşyanın (ola bilsin yumruqla, eləcə də yumruqla vurulma zamanı hər hansı bir əl barmağında olan üzüyün) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 09 radələrində Göyçay şəhəri, Z.Bunyadov küçəsində qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol qulaq nahiyyəsindən vuraraq yumruq vurduğu əlinin orta barmağında olan, lakin istintaqa məlum olmayan üzüklə ona sol qulaq seyvanının yuxarı əyriliyində əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı2 çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-29/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-29/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver