Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-29/2025 11.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, X5 küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yaşayan Şahid1 10 manat pul ödəmək ilə bağlı razılığa gələrək satın alıb üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:15-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay şəhəri, 28 May küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 12:50-dən 12:56-dək ünvan 2 ünvanında yerləşən Göyçay RPŞ- nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,286 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 5 ildir ki, hərdən bir “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, bundan başqa təxminən 2-3 dəfə “patı”, yəni psixotrop maddə olan metamfetamindən də istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Göyçay şəhəri, 28 May küçəsində əvvəldən tanıdığı Şahid1 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin almışdır.İbtidai istintaq zamanı metamfetamini 10 manata aldığını bildirsə də,əslində pul verməmiş,pulsuz almışdır.xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri 28 May küçəsində olan zaman mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Göyçay RPŞ-nin cinayət- axtarış bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan nəyə görə özünü şübhəli apardığını soruşmuşlar, o da polis əməkdaşlarına şübhəli olmadığını söyləmiş, daha sonra onu RPŞ-nə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, artıq polis əməkdaşları tərəfindən saxlanıldığını və başqa çıxış yolunun olmadığını bildiyi üçün onlara üzərində “patı” olduğunu söyləmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü və həmin şalvarın sol yan cibindən özünə məxsus 01 ədəd mobil telefonu təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd kağız büküm açılmış və içərisində ağ rəngli, kristal formalı maddə olması müəyyən edilmiş,01 ədəd kağız bükümdə olan maddə kağız zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzərinə möhür vurulmuş və imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 ilə birlikdə Göyçay şəhəri ərazisinə xidmətə təyin edilmiş, həmin tarixdə saat 12 radələrində Göyçay şəhəri 28 May küçəsində olan zaman bir nəfər şəxsin küçə ilə piyada gəlməsini görmüşlər, həmin şəxsin sağa-dola doğru baxır və özünü şübhəli aparmış, buna görə də həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Həmin şəxsdən kim olmasını və nəyə görə özünü şübhəli aparmasını soruşmuşlar, həmin şəxs adının Rauf olmasını bildirmiş, lakin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmiş, buna görə də həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onlarla birlikdə RPŞ-nə getməli olduğunu izah etmişlər.Onlar birlikdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə və psixotrop maddə saxlaması və daşıması ehtimalı olduğundan Şahid2 tərəfindən raport tərtib edilmiş, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarışda Təqsirləndirilən şəxs ilə birlikdə onun müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “patı” adlanan narkotik vasitə olmasını və 10 manata Nadir adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin KTQ-nin kiçik inspektoru Şahid5 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-də özünə məxsus xidməti otaqda olan zaman üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və hazırda üzərində şəxsi axtarış aparılmalı olduğu bildirilmişdir. Buna görə də videokamera ilə şəxsi axtarışı qeydə almaq üçün RPŞ- nin növbətçi hissəsinə yaxınlaşmış, daha sonra şəxsi axtarışın aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin kağız büküm açılmış və içərisində ağ rəngli, kristal formalı maddə olması aşkar edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:50-dən 12:56-dək Göyçay RPŞ- nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə ağ rəngli kristal formada maddə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 07 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/681 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,286 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,236 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 16 sentyabr 2024-cü il tarixli, 1557 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə, saat 12.35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08 avqust 2024-cü tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(046)-75/2024 saylı hökmünün surətindən görünür ki,Şahid1 təmiz çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri 28 May küçəsində Təqsirləndirilən şəxs 10 manat ödəmək ilə bağlı razılığa gələrək satmış,törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Şahid1 təmiz çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamini pul müqabilində deyil,əvəzsiz olaraq əldə etməsi barədə verdiyi ifadəyə təngidi yanaşaraq ,hesab edir ki,bu cür ifadə qeyri-səmimidir,cinayət işi materialları ilə habelə preyudisiyal əhəmiyyəti olan qanuni qüvvəyə minmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(046)-75/2024 saylı hökmü ilə təkzib edilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda 0,286 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 6 ünvanında yaşayan Şahid1 10 manata satın alıb üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:15-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay şəhəri, 28 May küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 12:50-dən 12:56-dək ünvan 2 ünvanında yerləşən Göyçay RPŞ- nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,286 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini,digər cinayətin açılmasına və onun iştirakçısının ifşa edilməsinə kömək etməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır.Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,236 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 69 manat 10 qəpik dəyəri Azərbaycan Respublikası CPM- nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, X5 küçəsi, 32 saylı evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,236 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-29/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-29/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver