Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-31/2025 08.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 6,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 21 oktyabr 2024-cü il tarixdə, saat 16:23-də Göyçay şəhəri H.Z.Tağıyev küçəsində olarkən və üzərində həmin narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, orada saat 16:23-dən saat 16:31-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sol ön cibindən aşkar olunmuş 01 (bir) ədəd kibrit qutusunun içərisində 6,53 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə edir. 21 oktyabr 2024-cü il tarixdə saat təxminən 16 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində olan zaman mülki geyimli polis əməkdaşları onu saxlamış, həmin vaxtı polis əməkdaşları özlərini təqdim edib narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olmasını bildirərək üzərinə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar əsasında üstünə baxış keçirəcəklərini bildirmişlər. O da, polislərlə razılaşaraq heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə başlanmış və polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, o da əynində olan qara rəngli cins şalvarın sol ön cibindən 1 ədəd kibrit qutusunu çıxardıb polislərə təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş alışqan isə özünə geri qaytarılmışdır. Üzərində aşkar edilmiş narkotik vasitəni təxminən 3-4 gün əvvəl “Yuxarı Şirvan kanalı” nın yaxınlığında balıq tutmağa gedərkən yerdən tapmış və gələcəkdə istifadə etmək məqsədilə özündə saxlamış, həmin narkotik vasitədən başqa kiməsə verməmiş və ya satmamışdır. O maddi imkanı olmadığından mobil telefon işlətmədiyi üçün 21 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 16:23 radələrində CAB-ın əməkdaşları Şahid2, Şahid1 və X6 ilə birlikdə Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şükür Məmmədov həyata keçirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusunda nəşə olduğunu, bir neçə gün əvvəl Yuxarı Şirvan kanalından balıq tutan zaman su kanalanın kənarından tapıb şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən aşkar olunan alışqan sübut əhəmiyyəti kəsb etmədiyi üçün sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,30 qram gəlmişdir. Daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, götürülmüş maddi sübutla birlikdə raport əsasında növbətçi hissəyə təhvil verilmiş, təhqiqatçı Anar Osmanov tərəfindən müdafiəçi ilə təmin olunmuş və təqdim etdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfdə olan kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona ittiham elan edilmişdir. “Baxış və götürmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kibrit qutusu aşkar edilər götürülmüş, sonra isə 01 ədəd ağ rəngli zərfə qoyulmuş və üzəri möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsindən alınmış 22 oktyabr 2024-cü il tarixli 17/839 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 13 fevral 2025-ci il tarixli 208 nömrli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən su-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da MSY-dən həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyatnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda pasport qeydiyyatdındadır, barəsində Göyçay rayon İHB-nın şəhər İƏDsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. DVD diskdəki videoyazıdan görünür ki, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X6 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilir. İlkin olaraq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması səbəbindən Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılması bildirirlir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16:23-dən başlayaraq Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulur. Həmin vaxt Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sol ön cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim edir, həmin kibrit qutusunda nəşə olduğunu, bir neçə gün əvvəl Yuxarı Şirvan kanalından balıq tutan zaman su kanalının kənarından tapıb şəxsi istifadəsi üçün gəzdirməsini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən alışqan aşkar edilir və sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılır. Həmin kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilir və kibrit qutusu ilə birlikdə çəkisi 9,30 qram gəlir. Daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanır. DVD diskdəki videoyazıdan görünür ki, Göyçay RPŞ-də təhqiqatçı Anar Osmanov tərəfindən Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-m əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X6, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfdə olan kütlə götürülür. Təqsirləndirilən şəxs həmin vaxt ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini, Müdafiəçi heç bir etirazının olmadığını bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.48 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, heroinin saxlanılması üçün Göyçay RPŞ-nin saxlama anbarlna saxlanca verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana (kannabis) xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Reçspublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu, o cümlədən, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Göyçay şəhərində çəkməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yeri olan Göyçay şəhəri Nizami küçəsi dalan 4, ev 4 ünvanında yerləşən evi hər gün saat 23:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, habelə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla iki gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir il) ay 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay rayon polis şöbəsində saxlanılan 6,48 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik manat X1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-31/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-31/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver