Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-32/2024 22.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, H.Əliyev prospekti ilə üzü Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək ehtiyatsızlıqdan, yolun sağ səkisindən yolun hərəkət hissəsinə daxil olaraq sürücünün hərəkəti istiqamətində sağdan sola doğru adi yerişlə keçən piyada Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini X7 avtomobilin sağ ön hissəsi ilə vuraraq, dərəcəsinə görə sağlamlığa ağır zərər vuran sonuncunun baş beynin ödemi, müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma, sol qalça tini nahiyyəsində dərinin epidermis qatının sıyrılmış yarası kimi xəsarətlər alması və aldığı xəsarətlərdən ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, özünə məxsus “Opel Astra” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində dostları Kənan və Fikrətlə Göyçay rayonu Çayarxı kəndinə yerləşən çay evinə gedərək birlikdə çay içmişlər. Saat 22:30-da çayxanadan çıxaraq əvvəl Fikrəti yaşadığı Göyçay şəhəri Nizami küçəsində, sonra isə Kənanı Göyçay şəhəri dəyirman dairəsi adlanan yerdə düşürmüşdür. Oradan isə yaşadığı ev istiqamətinə getmişdir. Göyçay şəhəri H.Əliyev prospektindən yaşadığı ev istiqamətində gedən zaman qəfil yolun sağ tərəfindən kiminsə yolu keçmək istədiyini görmüşdür. Həmin şəxs hərəkətini davam etdirdiyini görərək sükanı sola çəkmişdir. Buna baxmayaraq yenə də həmin şəxsi avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş və avtomobili saxlaya bilməyərək qarşıda olan kanala salmışdır. Ondan sonra dərhal saat 22:38-də qardaşı Rəhmana, dostları Fikrət və Kənana məlumat vermişdir. Ondan sonra isə oraya tanımadığı şəxslər toplaşmışlar. Həmin şəxslər təcilli tibbi yarım xidmətinə məlumat vermişlər. Təxminən 5 dəqiqə sonra hadisə yerinə qardaşı Rəhman və dostları Kənan, Fikrət gəlmişlər. Sonra isə təcili tibbi yardım gəlmişdir. X10 orada olan şəxslərin köməyi ilə təcili tibbi yardım avtomobilinə qoyaraq yolda saldıqdan sonra özü hadisə yerində qalmışdır. Hadisə baş verən vaxt spirtli içki və ya narkotik maddə qəbul etməmiş, avtomobili təxminən 60 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisənin baş verməsinə səbəb isə Ceyhun Hüseynovun qəfil yola çıxması olmuşdur. Piyadanın yolu keçməsini təxminən 4 metr məsafədən görmüş, avtomobildə özündən başqa heç kimin olmamış, həmin vaxt yolda heç kim olmasa da, hadisə baş verdikdən sonra kənarda tanımadığı şəxslərin toplaşmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış,ona dəymiş maddi ziyanı ödəmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum X9 əridir. X9 ilə xx.xx.1996-cı ildə ailə həyatı qurmuş və övladları olmamışdır. Ceyhun Göyçay şəhərində Qaz idarəsində işləmişdir. xx.xx.2023cü il tarixdə saat 17:50-də Ceyhun tanışları ilə çay içməyə getmişdir. Çıxanda o, 1 saata evə qayıdacağını bildirmişdir. Saat 22:18-də Ceyhun evə qayıtmadığı üçün ona zəng etmişdir. Ceyhun isə zəngi açaraq yolda olduğunu və evə gəldiyini demişdir. Təxminən 20 dəqiqə sonra küçədə səs-küy eşitmişdir. Ondan sonra tanımadığı bir nəfər şəxs qapıya gələrək əri Ceyhun Hüseynovu maşın vurduğunu, onun vəziyyətinin yaxşı olduğunu və xəstəxanaya aparıldığını demişdir. Ondan sonra Ceyhunun arxası ilə Göyçay RMX-ya getmişdir. Göyçay RMX-da Ceyhunun vəziyyətinin yaxşı olduğunu və bir azdan evə gələcəyini eşitdikdən sonra yaşadığı evə qayıtmışdır. Evə qayıdandan sonra Ceyhunun öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxslə barışmış,ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Samir “Opel Astra” markalı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi isə BC kateqoriyalıdır. xx.xx.2023-cü il tarixdə saat 22:38- də Göyçay şəhərində tanışları ilə birlikdə çayçıda olan zaman qardaşı Samir ona zəng edərək avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. O, dərhal qardaşı Samirin dediyi yerə getmişdir. Hadisə yerinə çatan zaman tanımadığı bir nəfər şəxsin yerə uzandığını görmüşdür. Qardaşı Samir yol-nəqliyyat hadisəsi nəticəsində həmin şəxsi vurduğunu demişdir. Elə həmin anda təcilli-tibbi yardım avtomobili gəlmiş və oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə həmin şəxsi təcili tibbi yardım avtomobilinə mindirərək Göyçay RMX-ya yola salmışlar. Sonradan Ceyhunun vəfat etdiyini demişlər. Ondan sonra hadisə yerində polis əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:40-da evdə televizora baxan zaman qohumu ona zəng edərək qardaşı Ceyhunu yaşadığı evin yaxınlığında avtomobil vurduğunu və hazırda Göyçay rayon mərkəzi xəstəxanasında olduğunu demişdir. Ondan sonra Göyçay RMX-ya getmişdir. Orada qardaşının vəziyyətinin ağır olduğunu öyrənmişdir. Ondan bir neçə dəqiqə sonra isə qardaşı Ceyhunun vəfat etdiyini demişlər. Ondan sonra vəfat etmiş qardaşı Ceyhun orada olan şəxslərin köməkliyi ilə müayinə olunması üçün Göyçay MTEyə aparılmışdır. Orada meyidi müayinə olunduqdan sonra isə onu dəfn edilməsi üçün yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində olan evinə aparılmışdır. Sonradan qardaşının Göyçay rayon 1-ci Ərəbcəbirli sakini Təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan avtomobili ilə vurduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hüsü qızı ifadəsində göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə qardaşı oğlu X9 H.Əliyev prospektində axsam 09:00 radələrində evinə gedərkən 30 metr məsafə qalmış, yüksək sürətlə gələn “Opel Astra” markalı avtomobil ötmə qaydasını pozaraq yol kənarında Ceyhunu vurmuşdur. Həmin vaxt Ceyhun avtomobilin şüşəsinə dəyərək 3 metr yolun sağ tərəfinə atılmış, avtomobil isə yolun sol tərəfinə bardyura dəyib su kanalna düşmüşdür. Həmin yolun sürət həddi 40-50 kilometrdir. Hadisəni törədən Samir deyil Şahid1 olmuşdur. Onun evi hadisə yerindən 500 metr irəlidə yerləşir, lakin hadisəni qardaşı Təqsirləndirilən şəxs öz üzərinə götürmüşdür. Ona görə ki, Samirin xəstəliyi var və həbs olunmayacaq. Samirin anası Hicran qardaşı arvadı ilə yas mərasiminə gəlmişlər. Ona oğlunun bağışlayıbbağıçlamadını soruşdur o isə cavabında dedi ki, dövlətin qanunu var, təqsirli cəzasını alacaq. Anası Hicran ona nəyə görə oğlunun həbs edilməsinin istədiyini soruşduqda, o, yol qırağında bir cücə ölmədiyini, 54 yaşında cavan insan öldüyünü, qanını bir maşın su ilə yuyulduğunu bidirmişdir. Hicran qardaşı Sadiqin 17 yaşında bir uşaq vurub öldürdüyünü, qardaşı evini satıb həbsdən özünü qurtardığını və hazırda üç yerdə mağazaları olduğunu demişdir. Onların birini satıb oğlunu həbsdən qurtaracaqdır. Bundan əlavə onlar mərhumun həyat yoldaşı Çimnaza pul verməklə onunla gizlin razilaşıblar, çünki Çimnaz xərçəng xəstəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin inspektorudur və polis baş serjantıdır. 23 iyun 2023-cü il tarixdə DYPB-nə təhkim edilmiş Mercedes Benz markalı ** YP *** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonunda xidmətdə olmuşdur. 08 dekabr 2023-cü il tarixdə saat 22:40-da Göyçay rayonu ərazisində xidmət apararkən Göyçay şəhəri H.Əliyev prospektindən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi istiqamətində yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Göyçay rayonu 1-ci Ərəbəcəbirli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı “** ZU ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini X7 vurmuşdur. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmişdir. Baxış zamanı müstəntiq yolun müxtəlif yerlərini ölçmüş, həmin vaxt hadisə yerində tormoz izi aşkar olunmamışdır. Baxış zamanı hadisə yerində avtomobil yolunun iki hərəkət hissəsindən ibarət olduğu, yolun ümumi eninin 8,2 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmiş, hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuş, keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanılmışdır. Hadisə olan yerinin maksimal sürət həddi 60 km\saat olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 30 dekabr 2023-cü il tarixli 28 saylı rəyində göstərilmişdir ki, X2 bədəni üzərində olan xəsarətlər; baş beynin ödemi, müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma, sol qalça tini nahiyyəsində dərinin epidermis qatının sıyrılmış yarası kimi xəsarətləri aşkar edilmişdir. X2 bədəni üzərində olan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri inkar olunmur, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb-müşətərək ağır kəllə beyin travması, ağır dərəcə beyin əzilməsi fonunda baş beyin qişalarına qansızmalar olmuşdur. Mərhum HüseynovCeyhun Akif oğlunun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,3 % etil spirti aşkar edilmişdir. Buda canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Məhkəmə yol-nəqliyyat ekspertizasının 12 mart 2024-cü il tarixli, 8/731 nömrəli rəyində göstərilmişdir ki, Opel Astra markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göyçay RPŞ-nin DYPB-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına BC dərəcəli, BC seriyalı 652471 nömrəli sürücülük vəsiqəsi vardır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2023-cü il tarixli 462 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmı, “Opel Astra” markalı “** ZU ***” dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş notarial ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Opel Astra” markalı “** ZU ***” dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı “** ZU ***” dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-32/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-32/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver