Məhkəmə qərarları › İş №1(046)-33/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-33/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-33/2020 18.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X5 nümayəndəsi X11 iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, işləməyən, Göyçay şəhəri R.Rza küçəsi ev 67-də qeydiyyatda olan və yaşayan xx xxxxxxx 2019-cu il tarixli Göyçay Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 4(107)-106/2019 saylı qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə İran İslam Respublikası vətəndaşı, Göyçay rayonu Cəyirli kəndində müvəqqəti yaşayan, X6 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi torpaq sahəsini suvarmaq üçün Yuxarı Şirvan kanalının sağ sahilində hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə 2019-cu ilin aprel ayında quraşdırılmış 1050 (min əlli) manat dəyərində, CMD K xx xxxxxxx 1985-ci il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1985-ci il istehsallı su nasosunu və Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində əvvəllər çəltik əkdiyi sahəni suvarmaq üçün Yuxarı Şirvan kanalının sağ sahilində hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə 2017-ci ildə quraşdırılmış 1350 (min üç yüz əlli) manat dəyərində AMZ xx xxxxxxx 1989-cu il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1989-cu il istesallı su nasosunu gizli yolla oğurlayaraq talamışdır. Bundan başqa, o təkrarən özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə İran İslam Respublikası vətəndaşı X6 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi torpaq sahəsinin kənarında hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə quraşdırılmış eni kənarlardan 320 sm, uzunluğu kənarlardan 420 sm, kənardan hündürlüyü 290 sm, çardağın orta hissəsindən hündürlüyü 320 sm, dörd bir tərəfində 100x160 sm ölçülərdə 6 gözlü iki laylı pəncərəsi, 220x90 sm ölçüdə (üzərində 6 gözlü şüşə olan) qapısı, çardağının üzərində 10 ədəd 230x100 sm ölçüdə dəmir şiferləri olan şam taxta materialdan hazırlanmış 2500 (iki min beş yüz) manat dəyərində taxta evi gizli yolla oğurlayaraq talamışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhərində yaşayan qohumu X18 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində icarəyə götürdüyü Flame adlı restoranda onu sonradan adının Nizami olduğunu bildiyi şəriki ilə “Elman” adı ilə çağırılan şəxslə tanış etmişdir. Söhbət zamanı Qasım Nizaminin Göyçayda torpaq sahəsi və həmin sahədə isə əmlakının olduğunu demişdir. Həmin vaxt Nizami Göyçayda yeznəsi Mamedin (Məhəmmədin) adına torpaq sahəsi olduğunu həmin sahəni satdıqlarını bildirmişdir. Söhbət zamanı Nizami həmin yerdə 200 hektar torpaq sahəsi və həmin sahədə 3 ədəd daşınar ev və 2 ədəd su nasosu olduğunu, həmin sahəyə elektrik xətti çəkildiyini və oraya ümumilikdə 20 min manata yaxın xərc qoyulduğunu, həmin əşyaları və elektrik xəttini kiməsə sata bilərsə satmaq istədiyini bildirmişdir. Belə işlərlə məşğul olmadığını, lakin bu işlə məşğul olan tanışlarının olduğunu həmin şəxslərə bu barədə məlumat verəcəyini və həmin əmlakı satmağa köməklik edəcəyimi ona demişdir. Nizamidən həmin əşyaların qiyməti barədə maraqlandıqda Nizami orada su nasosu və evlər olduğunu, həmin əşyaları ağlabatan qiymətə sata bilsə satmağını demişdir. Bir-iki gün sonra Nizami ona məxsus olan 050 *** ** ** saylı mobil nömrəsinə özünə məxsus ********** saylı mobil nömrədən zəng edərək həmin əşyalara baxıb baxmadığını soruşmuşdur. Rayona yeni gəldiyini gedib baxacağınıa ona demişdir. Həmin gün Ağdaşa gedən zaman Göyçay rayonu Şəhadət kəndi ərazisində Şirvan kanalından sola dönüb sahəlik tərəfə gedəndə yolun sağ tərəfində sahədə 1 ədəd qaraj və iki ədəd taxta ev olduğunu, kanalın sahilində iki ədəd traktor mühərriki olduğunu və həmin mühərriklərin su nasosu kimi quraşdırıldığını görmüşdür. Təxminən 5-10 gün sonra Nizami yenidən ona zəng edərək əşyaları satmaq barədə maraqlanmış, lakin əşyalara alıcı tapa bilmədiyini ona demişdir. Həmin su nasosları və taxta evin fotoşəkillərini çəkib mobil telefonunda saxlamışdır. Nizami ilə söhbətlərdən belə başa düşmüş ki, həmin nasosların və taxta evin sahibləri Azərbaycandan kənardadırlar və yaxın vaxtlarda da gəlməyəcəklər. Buna görə də düşünmüş ki, həmin nasosları və taxta evi satar, pulun da Nizami vasitəsi ilə onlara verər. Odur ki, Lalafo.az elan saytında təsərrüfat əşyaları satan siyahıya baxanda orada sahədə olan nasosa bənzər su nasosu olduğunu görmüş və həmin nasosu elan verən şəxsin nömrəsinə zəng gedərək onunla söhbət etmişdir. Həmin şəxs 1 ədəd nasosunu 2000 manata elan vermişdir. Həmin şəxsin mobil nömrəsinə zəng edib onunla danışaraq onda da satdıq su nasosları olduğunu, istəsə həmin nasosları ona sata biləcəyini bildirmişdir. Həmin şəxslə danışan zaman adının Azər olduğunu bilmişdir. Azər onun mobil nömrəsini tanışına verəcəyini tanışına nasos lazım olduğunu, odur ki, əgər nasos xoşlarına gələrsə alacaqlarını demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Yevlax rayon sakini Eldar adlı şəxs istifadəsində olan 050 *** **** saylı mobil nömrəsinə zəng edərək mobil nömrəsini ona Azərin verdiyini onda olan su nasoslarına baxmaq istədiyini bildirmişdir. Həmin gün saat təxminən 14-15 radələrində Eldar və yanında gələn bir nəfər hündürboylu kişi ilə Göyçay-Ağdaş avtomobil yolunun Şirvan kanalı ilə kəsişdiyi ərazidə görüşmüşlər, su nasoslarını və taxta evləri onlara göstərmişdir. Taxta evlərlə Eldar maraqlanmışdır. Evləri onlara göstərmiş və sahənin ona məxsus olduğunu, daha həmin sahəni əkməyəcəyini, odur ki, orada quraşdırdığı avadanlıqları satdığını bildirmişdir. Qurban həmin vaxt yanında olsa da Qurbana əvvəlcədən demiş ki, həmin yerdə ona torpaq sahəsi və avadanlıqlar verilib, odur ki, Qurban da ona heç nə deməmişdir. Həmin söhbətlər zamanı da Qurban onlarla heç bir mövzuda danışmamışdır. Bundan sonra su nasolarına baxmışlar. Eldarın yanındakı şəxs nasosların bir qədər köhnə olduğunu və təmirinə xeyli pul lazım olduğunu demişdir. Həmin vaxt onlar Azərlə mobil telefonda danışmış və Azərə nasosların biri üçün 600-700 manat pul verə biləcəklərini demişlər. Həmin vaxt nasosun mühərrikində nasazlıq olduğu üçün nasosu işə salmaq mümkün olmamışdır. Bundan sonra həmin şəxslər getmişlər. Bir qədər sonra Azərlə danışmış və Azər həmin nasoslar üçün 1500 manat pul verə biləcəyini bildirmişdir. 200 manat da nasosların daşınması üçün pulu onun verəcəyini deyəndə Azər razılaşdıqdan sonra həmin gün Nurlan adlı tanışına zəng edərək Nurlandan nasoslar olan sahəyə evakuator göndərməsini xahiş etmişdir. Nurlan etiraz etməmiş bir qədər sonra Sadiq adlı evakuator sürücüsü həmin yerə gəlmişdir. Həmçinin dostu Ağahüseynə zəng edərək onun üçün kran çağırmasını da xahiş etmişdir. Nasosları yükləyən Şahid2 da Ağahüseynin zəngi ilə nasoslar olan yerə gəlmişdir. Həmin vaxt İlqar nasosların birini Sadiqin evakuatoruna yükləsə də digər nasos həmin evakuatora yüklənmədiyi üçün Sadiq həmin yerə digər evakuator sürücüsü çağırmışdır. İkinci nasosu da Zaur adlı evakuator sürücüsünün avtomobilinə yükləndikdən sonra həmin evakuatorları Eldarla əlaqələndirmiş və Sadiqə 1500 manat pul verəcəklərini, pulu alıb gətirib zəng etmələrini demiş və yol pulu kimi də onlara 50-60 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra Sadiqi Eldarla əlaqələndirmiş və 3-4 saat sonra Sadiq Yevlaxdan gəldiyini, Bakı şəhəri istiqamətdə getdiyini, odur ki, pulu Ucar rayonu ərazisində ondan götürməyini demişdir. Həmin vaxt şəxsi işləri olduğu üçün qardaşı Şahid4 zəng edərək ondan xahiş etmiş ki, Ucar rayonundan bir nəfərdən pul alıb gətirib ona versin. Əli etiraz etməmiş və həmin gün gecə saatlarında Sadiqdən aldığı 1400 manatı ona vermişdir. Eldar bir gün əvvəl sahədə olan evlərə baxan zaman sahədə olan evlərdən birini almaq istədiyini bildirdiyi üçün düşünmüş ki, həmin evi də Eldara satar. Odur ki, yenidən sahəyə getmiş və orada evlərin şəkilini çəkib Eldara göndərmişdir. Eldarla danışmış və evi ona göndərəcəyini bildirmişdir. Eldar əvvəlcə narazılıq etsə də, sonra həmin vaxt pulunun olmadığını bildirmişdir. Söhbət zamanı evi 1000 manata razılaşmış və Eldara pulun bir qismini həmin vaxt verməsini, bir qismini də gözləyəcəyini demişdir. Eldar da razılaşmışdır. Bundan sonra Şahid2la danışsa da İlqar işi olduğu üçün gələ bilməyəcəyini demişdir. Sürücü Elşən adlı şəxslə danışıb onu evlərin olduğu yerə dəvət etmişdir. Həmçinin Ağdaş rayon sakini Zaur adlı şəxsin idarə etdiyi evakuator bir qədər böyük olduğu üçün Zaurla danışmış və onu evi daşıması üçün həmin yerə çağırmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində kran sahədə olan taxta evin birini evakuatora yükləmişdir. Həmin vaxt pulu almaq həmçinin yolda evakuatoru saxlayıb cərimə yazmamaları üçün evakuatorun arxasınca Yevlaxa getmiş və Eldarla orada görüşüb Kolanı kəndində olan fermaya taxta evi düşürüb Eldardan 600 manat pul almışdır. Bundan 2-3 gün sonra X20 şəxsiyyət vəsiqəsini göndərərək qalan puldan 100 manatı da Qasımın adına göndərməsini xahiş etmişdir. Həmin gün Bakıda olduğundan Qasım həmin 100 manatı götürüb ona vermişdir. Bir neçə gün sonra Eldarla danışmış və Gəncəyə gedən zaman onun borclu qaldığı 300 manatı Eldardan almışdır. Evləri satmaq üçün adam tapmağını Nizami ona bildirsə də, həmin əşyaları satmağı barədə ona məlumat verə bilməmiş və əşyaları satdıqdan sonra Şahid1 şikayət etdiyi üçün Nizamiyə də pul göndərməmişdir. Əşyaların satışından əldə etdiyi pulu özü xərcləmişdir. Bir qədər maddi sıxıntıları olduğu üçün həmin puldan heç kimə, həmçinin Qasım Qasımova verməmişdir. Şahid6 Göyçay rayonu Şəhadət kəndi ərazisində ona torpaq sahəsi və həmin sahədə avadanlıqlar verildiyini, həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Lakin Qurbana həmin əşyaların digər şəxslərə məxsus olduğunu deməmişdir. Qurban onunla həmin sahəyə bir yoldaş kimi gedib gəlmişdir. Qurban həmin nasosların və evin alqı-satqısına qarışmamış və həmin əşyaların ona məxsus olduğunu bilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs X5 nümayəndəsi qismində ifadə vermiş (vəkil) X19 göstərmişdir ki, X4 İslam Respublikasının vətəndaşı olmaqla sahibkardır və ayrı-ayrı ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs hazırda Azərbaycan Respublikasında yoxdur. Ona görə də ona məxsus əşyaların oğurlanması ilə bağlı onu təmsil etməyi üçün müqavilə bağlamışdır. Belə ki, nümayəndəsi olduğu Kavoos Moghanloo Azərbaycan ərazisində çəltikçiliklə məşğul olmuşdur. Kavoos Moghanloo 2019-cu ilin aprel ayında Göyçay rayonu Şəhadət kəndi ərazisində Göyçay rayon İcra hakimiyyətindən razılıq aldıqdan sonra həmin kəndin ərazisində Şirvan kanalının cənub sahilində 60 ha torpaq sahəsi götürüb həmin sahədə çəltik əkmişdir. Bundan sonra həmin sahədə 2019-cu ilin aprel ayıdan etibarən əkin işləri aparmışdır. Çəltik bitkisi çox suvarıldığı və suvarma arxlarında su olmadığına görə X21 rayon sakini İlqar adlı şəxsə 2500 manat pul verməklə su nasosu almışdır. Həmin su nasosu dizel yanacağı ilə işləməklə su vuran borusunun diametri 250 mm olmuşdur. Bundan başqa həmin ərazidə işləyən fəhlələrin istirahət etməsi üçün Göyçay rayonu Şirvanmes qəsəbəsində Faiq adlı şəxsə sifariş verməklə taxta ev hazırlatmış və həmin taxta evin hazırlanmasına, daşınmasına, quraşdırılmasına ümumilikdə 3000 manata yaxın pul xərcləmişdir. Kavoos Moghanloo icarəyə götürdüyü sahədə çəltik əksə də suvarmada çətinlik çəkdiyi üçün sahədə əkin yetişməmiş həmin ərazidən heç bir qazanc əldə edə bilməmişdir. Bundan sonra növbəti il əkin əkmək üçün həmin yerdə olan evi və su nasosunu ərazidə gözətçi işləyən Şahid1 təhvil vermişlər. Kavoos Moghanloo xx xxxx 2019-cu il tarixdə Azərbaycandan İrana qayıtmış, xx xxxxxxx 2019-cu il tarixdə yenidən Azərbaycana gəlmişdir. Belə ki, Mustafa ilə telefon danışan zaman Mustafa demiş ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində kimsə ona məxsus olan su nasosunu və evi oğurlamışdır. Bundan sonra şikayət etmək üçün Azərbaycana gəlmişdir. Oğurluq nəticəsində ona təxminən ümumilikdə 5000 manata yaxın maddi ziyan dəymişdir. Sonradan eşitdiyinə görə həmin su nasosunu və sahədə olan taxta evi Göyçay şəhər sakini X12 oğurlayıb aparmışdır. Kavus Mughanloo ərizəsində və izahatında Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi sahənin kənarında quraşdırdığı ona məxsus olan taxta evin daşınması və quraşdırılması ilə bağlı bütün xərcləri qeyd edərək qiymətinin 3000 manat olduğunu bildirmişdir. Hazırda həmin taxta evə görə Kavoosa vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, odur ki, maddi ziyanla bağlı heç bir şikayəti və tələbi yoxdur. X7 məhkəməyə “whatsapp” sosial şəbəkə vasitəsi ilə ərizə ilə müraciət edərək koronovirus pandemiyası ilə əlaqədar sərhədlər bağlı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ondan heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadəsi elan edilmiş Nümayəndə2 ifadəsindən görünür ki, atası Zərərçəkmiş şəxs2 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün Göyçay rayon icra hakimiyyətinin razılığı ilə Göyçay rayonu Şəhadət kənd ərazisində ona verilmiş sahədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdur. Atası həmin sahənin suvarılması üçün həmin torpaq sahəsinin yaxınılığından keçən yuxarı Şirvan kanalının sağ sahilində traktor mühərriki üzərində quraşdırılmış su nasosu almışdır. Həmin su nasosunu atası 2500 manata alıb 500 manat da nasosunun təmirinə pul xərcləmişdir. Lakin atası Məhəmməd şəxsi işləri ilə əlaqədar 2018-ci ildə X17 getmiş və hazırda da orada yaşayır. Atasından sonra həmin sahədə İran vətəndaşı təsərrüfat sahəsi salmışdır. Atası həmin sahədə su nasosundan əlavə sahədə işləyən zaman orada istirahət etmək üçün taxta ev və ləvazımatların yığılması üçün qaraj formalı dəmirdən hazırlanmış konstruksiya da gətirmişdir. Atası B.Ə.Ə-yə getdikdən sonra həmin sahəyə Mirzəhüseynli kənd sakini Şahid1 nəzarət etmişdir. 2019-cu ilin sentyabr ayının təxminən 5-də Şahid1 atasına məlumat verərək həmin sahədə olan atasına və İran vətəndaşına məxsus su nasoslarının və İran vətəndaşına məxsus taxta evin oğurlandığını bildirmişdir. Mustafa həmin su nasosunu kimin götürdüyünü dəqiqləşdirərək həmin su nasosunu Göyçay şəhər sakini Təqsirləndirilən şəxs götürdüyünü bildirmişdir. Lakin sonradan Mustafanın deməsinə görə Səmədlə danışan zaman Səməd Mustafaya su nasoslarını dayısı Şahid3 ona verdiyini odur ki, həmin əşyaları gətirib yerinə qoyacağını bildirsə də, sonradan həmin su nasoslarını gətirib yerinə qoymadığı üçün Mustafa da şikayət etmişdir. Dayısı ilə danışıb su nasoslarını Səmədə verib vermədiyini maraqlandıqda dayısı sahədə ona məxsus hər hansı bir əşyanın olmadığını, həmin sahədən istifadə etmək istəyən şəxs olsa ona xəbər etməsi barədə Səmədlə söhbət etdiyini, Səmədə həmin sahədən hər hansı bir əşyanı götürməyə və satmağa icazə vermədiyini bildirmişdir. Bundan sonra da Səməd həmin əşyaları gətirib yerinə qoymamışdır. Həmin su nasosunun oğurlanması nəticəsində onlara ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Atası Zərərçəkmiş şəxs2 həmin su nasosunu deməsinə görə Mirzəhüseynli kənd sakinindən alıb və həmin prosesdə sahədə gözətçi işləyən Şahid1 də iştirak etmişdir. Həmin su nasosu iri həcmli olmaqla traktor mühərriki üzərində su hövzəsindən su çəkmək üçün xüsusi olaraq hazırlanmışdır. Həmin su nasosu AMZ 41 modelli traktor mühərriki üzərində quraşdırılmış və 1989-cu ilin istehsalı olmuşdur. Qeyd olunan su nasosunu atasının ona deməsinə görə 3000 manat dəyərləndirmişdir. Həmin su nasosu 3000 manata alınsa da bir müddətdir ki, istifadə edilmədiyi üçün həmin nasosun işlək hissələri ola bilsin ki, sıradan çıxmışdır. Belə ki, atasının dediyinə görə o da həmin nasosu aldıqdan sonra onu təmir etdirmişdir. Təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 2017-ci ildə Mamed deyə tanıdığı Zərərçəkmiş şəxs2 Göyçay rayonu Şəhadət kəndində torpaq sahəsini icarəyə götürüb orada çəltik, arpa və yonca sahəsi əkmişdir. Həmin sahədə fəhləlik etmiş, sonradan isə ərazinin mühafizəçisi olmuşdur. Zərərçəkmiş şəxs2 2017-2018-ci illərdə həmin ərazidə əkinlə məşğul olsa da 2019-cu ildə həmin ərazini İran vətəndaşı Kavus Muğanlı icarəyə götürmüşdür. Məhəmməd həmin ərazidə əkin aparan müddətdə həmin ərazini Şirvan kanalından su götürməklə suvarmaq üçün həmkəndlisi İlham Azadovun həyətində olan Fikrət adlı şəxsə məxsus su nasosunu Fikrətdən alıb təmir etdirmişlər. Həmin nasosun alınmasına və təmirinə ümumilikdə 2017-ci ildə Zərərçəkmiş şəxs2 2500 manat pul xərcləmişdir. Həmin su nasosunu icarəyə götürülən torpaq sahəsinin yaxınlığında Şirvan kanlının sağ sahilində kanalın üzərində olan beton su bərəsinin sağ tərəfində quraşdırmışlar. Bundan əlavə həmin ərazidə Məhəmməd ailəsinin qalması üçün ümumilikdə alınması və təmiri təxminən 6000 manata başa gəlmiş taxta ev quraşdırılmışdır. Zərərçəkmiş şəxs2 2018-ci ildən etibarən həmin ərazidən getmiş və ərazidə qalan su nasosu, taxta ev və dəmir qaraj formalı tikintini ona təhvil vermişdir. Bundan sonra həmin əraziyə 2019-cu ilin yaz aylarından İran vətəndaşı Kavus Muğanlı gəlmiş və ərazidə çəltik əkini aparacağını bildirmişdir. Kavus həmin ərazinin 30 ha hissəsində çəltik sahəsi salmışdır. Həmin sahənin suvarılması üçün su nasosu axtaran zaman Məhəmmədlə danışmış və ondan su nasosunu Kavusa icarəyə vermək istədiyini bildirəndə Məhəmməd əgər nasosu sata bilirsə satmağını, əks halda su nasosunu heç kimə verməməyini tapşırmışdır. Kavusa su nasosunu 2500 manata satmaq istəsə də Kavus baha olduğunu demiş və nasosu almamışdır. Lakin sonradan Kavus həmin yerə başqa bir su nasosu gətirib quraşdırmışdır. Bundan sonra Kavus həmin ərazidə işləyən fəhlələrin qalması üçün taxta ev də hazırlatdırıb həmin sahədə saxlamışdır. Kavus ərazidə çəltik əkməsinə baxmayaraq çəltiyi suvarmaqda çətinlik çəkdiyi üçün çəltik yetişməmiş və Kavus 2019-cu ilin iyun ayında həmin ərazidən getmişdir. Kavus ölkədən gedən zaman onun da sahədə quraşdırdığı əşyalara nəzarət etməyi ona tapşırmış, 2 ay ümumilikdə 400 manat mühafizə pulu vermişdir. Bundan sonra həmin əraziyə gedib ora tez-tez nəzarət etmişdir. xx xxxxxx 2019-cu ildən 2019-cu ilin sentyabr ayının 5-nədək yaşadığı evdə xəstəliyi ilə bağlı yatdığından xx xxxxxxxx 2019-cu il tarixdə günorta satlarında qardaşı Mahir Qaçayevlə birlikdə qardaşının avtomobili ilə Məhəmmədin sahəsinə nəzarət etmək üçün getmişlər. Gedib sahənin kənarında kanalın yanında dayanıb avtomobildən düşməmiş qardaşı Mahir su nasoslarının yerində olmadığını bildirmişdir. Ətrafa baxanda görmüş ki, Kavus Muğanlıya məxsus taxta ev də yerində yoxdur. Avtomobildən düşüb su naoslarının olduğu yerə və evin olduğu yerə baxmışdır. Əşyaların götürüldüyünə tam əmin olduqdan sonra həmin əşyaların kran vasitəsi ilə hanısa yük avtomobilinə yığıldığını bildiyi üçün Göyçayda olan avtokran idarə edən şəxslərlə danışmış və sonuncu dəfə İlqar Cəbayılovla telefonla danışanda İlqar su nasoslarını Təqsirləndirilən şəxs sifarişi ilə yerindən qaldırıb ayrı-ayrı evakuatorlara yüklədiyini, sürücülərin kim olduğunu, taxta evi kimin götürdüyünü bilmədiyini demişdir. Bundan sonra Səmədin evini tanıdığı üçün Səmədin evinə getmiş və atası Surxayı tanıdığından Surxaya baş vermiş hadisə barəsində məlumat verərək mobil nömrəsini Surxaya verib evinə gəlmişdir. Bundan bir qədər sonra Səməd Cəbayılov mobil telefonuna zəng edərək onun evinə nə üçün getdiyini maraqlananda su nasoslarını götürdüyü üçün getdiyini bildirmişdir. Səməd su nasoslarını Mamedin qaynı Nizami ilə razılaşmaya əsasən götürdüyünü, həmin əşyaları Nizaminin ona verdiyini bildirmişdir. Nizaminin həmin ərazidə heç bir mülkiyyətinin olmadığını su nasosunun və taxta evin İran vətəndaşına digər su nasosunun isə Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildirmiş və əşyaları yerinə qaytarmasını xahiş etmişdir. Bundan sonra Məhəmmədə bu barədə məlumat vermiş, Məhəmməd isə su nasosunu və ya pulunu geri almağını əks halda polisə şikayət etməyini bildirmişdir. Bundan sonra Səməddən bir xəbər çıxmadığı üçün DİN-in 102 xidmətinə və Göyçay rayon polis şöbəsinə oğurluq barəsində müraciət etmişdir. Daha sonra Səməd ona zəng edərək ərizəni geri götürməyini və su nasosunun pulunu ödəmək istədiyini bildirmişdir. Pulu polis şöbəsinə verməsini və orada sənədləşmə aparılmasını tələb etmişdir. Bundan sonra Səməd yenə də ona zəng edərək kiminsə onunla görüşüb görşmədiyini soruşmuşdur. Məhəmmədlə danışan vaxt Nizaminin Səmədə icazə verib verməməsini maraqlanada Məhəmməd əşyaları ona tapşırdığını və satılmaq lazım olduqda ona deyəcəyini, Nizamiyə heç bir əşyanı satmaq üçün icazə vermədiyini və bu barədə heç kimlə söhbət etmədiyini bildirmişdir. İş üzrə şahid qismində ifadə vermişŞahid2 göstərmişdir ki, Zil 133 markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtokranı vardır. Həmin avtomobillə yük qaldırıb boşaltmaqla pul qazanıb ailəsini dolandırır. 2017-ci ildə Göyçay rayonu Şəhadət kəndi ərazisində Mamed adlı şəxsin icarəyə götürdüyü çəltik sahəsində Şirvan kanalının cənub hissəsində quraşdırılmış böyük su nasosunun su borularının çəkilişində iştirak etmiş və həmin vaxt ərazidə taxta evin olduğunu görmüş, Mamed adlı şəxs həmin ərazidə çəltik əkdiyi dövrdə həmin əraziyə təxminən 8-10 dəfə getmiş və orada olan təsərrüfat alətlərinin qaldırılıb yerinin dəyişdirilməsində iştirak etmişdir. Həmçinin həmin ərazidə olan dəmirdən qırmızı rəngli qaraj kimi əşya saxlamaq üçün quraşdırılmış evə oxşar qarajı da oraya gətirilən yük avtomobilindən həmin əraziyə düşürtmüşdür. xx.xx.2019-cu il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Suxay oğlu öz mobil nömrəsindən ona məxsus 050 *** ** ** saylı mobil nömrəsinə zəng edərək Göyçay rayonu Şəhadət kəndi ərazisində olan çəltik sahəsinə gəlməyini həmin sahədə su nasosu olduğunu və həmin nasosu avtomobilə yükləməyini xahiş etmişdir. Bir qədər sonra idarə etdiyi kranla Mamed adlı şəxsin 2 il əvvəl çətlik əkdiyi sahəyə gəlmişdir. Həmin vaxt Səməd də qara rəngli sedan avtomobili ilə orada olmuşdur. Səmədin yanına gedib nə məsələ olduğunu maraqlanada Səməd Mamedin getdiyini və həmin ərazini də ona tapşırdığını, odur ki, lazım olmadığına görə su nasosunu satdığını, həmin su nasoslarını gələn evakuatora yükləmək lazım olduğunu demişdir. Etiraz etməmişdir. Belə ki, Mamedin əvvəllər icra hakimiyyətində tanışları olduğuna həmçinin Səmədin də İcra hakimiyyətində işlədiyinə görə fikirləşmiş ki, Mamedlə Səməd hansısa şəkildə razılaşmışlar. Odur ki, Səmədin həmin əşyaları oğurlamaq istəməsini düşünməmişdir. Bir qədər söhbət etdikdən sonra həmin yerə evakuator avtomobili gəlmişdir. Kranı işə salıb Şirvan kanalının sağ sahlində beton su bərəsinin səhv etmirsə sol sahilində olan təxminən 2x4x2 metrlik təkərli qoşqulu su nasosunu evakuratora yükləmişdir. Səməd o biri su nasosunu da yükləməyəni tələb etsə də evakuatorda yer olmadığı üçün birinci evakuator getmişdir. Təxminən 20 dəqiqə sonra həmin yerə digər bir evakuator gəlmiş və yerdə qalan 2-ci su naosunu da həmin evakuatora yükləmiş və işinin əvəzində Səməddən 100 manat pul almışdır. Həmin vaxt sahədə Şirvan kanalına paralel axan beton arxın sahilində bir-birindən təxminən 50-60 metrlik məsafədə iki ədəd taxta ev və dəmir qaraj olmuşdur. Səməd həmin taxta evləri də evakuatora yükləyəcəyini deyəndə taxta evlərin qoşqusu olmadığını odur ki, onu kranla Evakuatora yükləməyin mümkün olmayacağını, əks halda həmin evlərin yarasız hala düşəcəyini bildirmişdir. Bundan sonra Səməddən ayrılmış və evinə gəlmişdir. Bundan təxminən 2 gün sonra Səməd ona saat təxminən 18 radələrində çiskin yağışlı havada zəng edərək həmin sahədə olan taxta evi götürmək lazım olduğunu, odur ki, həmin əraziyə getməyini xahiş etmişdir. Havanın yağışlı olması və qaralmasını gecə vaxtı gözünün yaxşı görmədiyini, həmiçinin həmin evləri kranla qaldırmağın mümkün olmayağcağını bildirmişdir. Səməd əvvəllər icra hakimiyyətində işlədiyi üçün onun həmin ərazinin sahibi olması və həmin əşyaların mülkiyyətçisi olması onda heç bir şübhə oyatmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-mühəndislik və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 931/32 nömrəli rəyindən görünür ki, iş materialarında olan sənədlərə əsasən təqdim edilmiş AMZ xx xxxxxxx 1989-cu il istehsallı traktor mühərriki üzərində quraşdırlmış su nasosunun qiymətinin 1350 manat, CMD K xx xxxxxxx 1985-ci il istehsallı traktor mühərriki üzərində quraşdırılmış su nasosunun qiymətinin 1050 manat və şam taxta materialdan hazırlanmış taxta evin qiymətinin 2500 manat, əşyaların ümumi dəyərinin 4900 manat təşkil etməsinə baxmayaraq, rəyin nəticə hissəsində təqdim edilmiş əşyaların ümumi dəyərinin 4900 manat əvəzinə texniki səhv olaraq 3900 manat göstərilmişdir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay MRX-nin xx.xx.2019-cu il tarixli 3262 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Volqa MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, AMZ markalı Axx xxxxxxx 1989-cu il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1989-cu il istehsallı su nasosunun işlək vəziyyətdə və tam istismara yararlı olanının 2019-cu ilin sentyabr ayına orta satış qiymətinin təxminən 2000-2200 manat dəyərində olması, lakin təqdim edilmiş su nasosunun mühərrik və digər qurğularında nasazlıqlar olduğundan və hər il istismarı dayandırıldığı üçün yenidən istismar edilməsindən ötrü mühərrik və nasosun işlək hissəslərinin təmirə ehtiyacı olduğu üçün təqdim edilmiş nasosun işləməsi üçün təmirinə təxminən 700-800 manat pul tələb olunması, təqdim edilmiş nasosun hazırda 1300-1400 manata qiymətləndirməsi, CMD markalı Kxx xxxxxxx 1985-cu il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1985-ci il istehsallı su nasosunun işlək vəziyyətdə və tam istismara yararlı olanının 2019-cu ilin sentyabr ayına orta satış qiymətinin təxminən 1800-2000 manat olması, lakin təqdim edilmiş su nasosunun mühərrik və digər qurğularında nasazlıqlar olduğundan və hər il istismarı dayandırıldığı üçün yenidən istismar edilməsindən ötrü mühərrik və nasosun işlək hissəslərinin təmirə ehtiyacı olduğu üçün təqdim edilmiş nasosun işləməsi üçün təmirinə təxminən 600-700 manat pul tələb olunması, təqdim edilmiş nasosun hazırki qiymətinin ümumilikdə 1000-1100 manat dolması göstərilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə İran İslam Respublikası vətəndaşı, Göyçay rayonu Cəyirli kəndində müvəqqəti yaşayan, X6 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi torpaq sahəsini suvarmaq üçün Yuxarı Şirvan kanalının sağ sahilində hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə 2019-cu ilin aprel ayında quraşdırdığı 1050 (min əlli) manat dəyərində, CMD K xx xxxxxxx 1985-ci il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1985-ci il istehsallı su nasosu və Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi sahəni suvarmaq üçün Yuxarı Şirvan kanalının sağ sahilində hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə 2017-ci ildə quraşdırdığı 1350 (min üç yüz əlli) manat dəyərində AMZ xx xxxxxxx 1989-cu il istehsallı traktor mühərriki üzərində quraşdırılmış 1989-cu il istesallı su nasosunu gizli yolla oğurlayıb talayaraq, bundan başqa, təkrarən özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə İran İslam Respublikası vətəndaşı X6 məxsus Göyçay rayonu Şəhadət kəndi ərazisində çəltik əkdiyi torpaq sahəsinin kənarında hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməyən sahədə quraşdırdığı eni kənarlardan 320 sm, uzunluğu kənarlardan 420 sm, kənardan hündürlüyü 290 sm, çardağın orta hissəsindən hündürlüyü 320 sm, dörd bir tərəfində 100x160 sm ölçülərdə 6 gözlü iki laylı pəncərəsi, 220x90 sm ölçüdə (üzərində 6 gözlü şüşə olan) qapısı, çardağının üzərində 10 ədəd 230x100 sm ölçüdə dəmir şiferləri olan şam taxta materialdan hazırlanmış 2500 (iki min beş yüz) manat dəyərində taxta evi gizli yolla oğurlayıb talayaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişlərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələblərinin olmadığını, ilk dəfə az ağır cinayət əməlini törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göyçay Rayon Məhkəməsinin 4(046)-18/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 4(107)-106/2019 saylı qərarına əsasən cinayət işi üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 1 il 20 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X15 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X19 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 09 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 09 saat hüquqi xidmətə görə vəkil X15 54 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayonu Kolanı kənd sakini X1 təhvil verilmiş bir ədəd taxta ev, Yevlax rayonu Kolanı kənd sakini X2 təhvil verilmiş bir ədəd CMD K 22 modelli su nasosu və Yevlax rayonu Kövər kənd sakini X3 təhvil verilmiş bir ədəd AMZ 41 modelli su nasosu zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-cü maddəsi ilə təqsirli bilinib, 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 01 il 20 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd taxta ev və bir ədəd CMD K 22 modelli su nasosu sahibi X6, eləcə də maddi sübut olan bir ədəd AMZ 41 modelli su nasosu sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 09 saat hüquqi xidmətə görə vəkil Nümayəndə1 54 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar