Məhkəmə qərarları › İş №1(046)-33/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-33/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-33/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay şəhəri R.Rza küçəsi ev 53-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 21 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində Göyçay şəhəri H.Əliyev prospektində parkın içərisində insanların hərəkət etdiyi və toplaşdığı küçədə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozaraq öz üstünlüyünü ətrafdakılara və Zərərçəkmiş şəxs göstərmək məqsədilə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib, Zərərçəkmiş şəxs və ətrafdakıların mənafelərinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib əsaslı səbəb olmadan qəflətən sonuncunun üzərinə hücum edib üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən “Okapi” modelli turist bıçağı ilə qəsdən iki dəfə vurmaqla səhhətin qısa müddətə pozulmasına səbəb olan gövdənin ön hissəsində döş qəfəsinin sağ aşağı iç və döş qəfəsinin sol yuxarı tış hissələrində yumşaq toxumaların deşilmiş-kəsilmiş yararları ilə nəticələnən sağlamlığa Yüngül zərər vuran xəsarətlər yetirib zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində məsciddə namaz qılmaq istəyən zaman tanımadığı bir nəfər şəxsin ayağını qibləyə tərəf uzatdığını görmüş və həmin şəxsə iradını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onu görmüş və məsciddə mübahisə etdiyini ona irad tutmuşdur.. Namazımı qıldıqdan sonra Elnur onu məsciddən çölə çağırmışdır. Məsciddən çölə çıxdıqdan sonra Elnur yenə də ona öz iradını bildirmişdir. Tanımadığı bir neçə nəfər üstünə gələrək onu itələmiş, boğmağa çalışmışlar, Zərərçəkmiş şəxs üstünə atılan zaman bıçaq çıxartmış və özünü müdafiə etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30-da məscidin içərisində namazını bitirib çölə çıxan zaman Fizulunun məsciddə namaz qılan tanımadığı yaşlı kişiyə düzgün oturmadığını deyərək irad tutduğunu görmüşdür. Fizuliyə, “heç kimlə işin olmasın, get evinə” dedikdən sonra Fizuli məscidin qarşısına çıxmışdır. Fizulidən 1-2 dəqiqə sonra özü məscidin qarşısına həyətə çıxmışdır. Çölə çıxandan sonra Fizuli onun üzərinə gələrək hər şeyi başa salacağını demiş və yanından uzaqlaşmışdır.Bundan sonra yanında olan tanışı Anarla birikdə məscidin qarşısında olan parka çıxmış, Fizuli isə məscidin qarşısından 20 metr uzaqlaşdıqdan sonra qəfil geriyə qayıtmışdır. Fizuli ona yaxınlaşandan sonra tanışı Anar onların mübahisə etməməsi üçün onu qucaqlamışdır. Ondan sonra isə Fizuli Anarın onu qucaqlamasından istifadə edərək bıçaqla iki dəfə onu vuraraq uzaqlaşmışdır.Bundan sonra sinəsində istilik hiss etdiyi üçün sinəsinə baxmış və sinəsinin qan olduğunu görmüşdür. Tanışı Elçinə tərəf getmiş və Elçin onun paltarının qan içində olduğunu görərək onu özünə məxsus avtomobilillə Göyçay RMX-ya aparmış ona tibbi yardım göstərildikdən sonra yaşadığı evə qaytarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Göyçay şəhəri H.Əliyev prospektində yerləşən parkın kənarında məsciddə namaz qılan kimi tanıyır. xx.xx.2023-cü il tarixdə onlar arasında baş vermiş hadisənin şahidi olmamışdır. Belə ki, Fizulinin Elnuru hansı şəraitdə vuraraq ona xəsarət yetirməsinin eləcə də, onlar arasında hər hansı mübahisənin olduğunu görməmişdir. Hadisədən sonra Elnurun əynində olan paltarın qan olduğunu görmüş, özünəməxsus avtomobillə Elnuru əvvəl yaşadığı evə, sonra isə Göyçay RMX-ya aparmışdır. Xəstəxanada Elnura tibbi yardım göstərildikdən sonra isə onu yaşadığı evə qaytarmışdır. İş üzrə şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məsciddə namaz qılan kimi tanıyır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən parkın kənarındakı məsciddən axşam namazından çıxarkən Elnurla Fizulinin yüngül mübahisə etdiklərini görmüş, sonra Elnurla birlikdə çay içmək üçün getmişlər. Bu zaman arxadan Fizuli Elnuru çağıraraq ona yaxınlaşmış, Fizuli Elnura yumruq atmış, lakin qaranlıq olduğundan Fizulinin əlində hər hansı bir əşya olduğunu görməmişdir. Bundan sonra Fizuli çıxıb getmiş, Elnurun sinəsindən qan axdığını görmüşdür. Həmin vaxt Elnurla Fizuli arasında heç bir mübahisə olmamış, ətrafda ondan başqa heç kim olmamışdır. Sonradan Elnuru xəstəxanaya aparmışlar. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 620 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – gövdənin ön hissəsində döş qəfəsinin sağ aşağı iç və döş qəfəsinin sol yuxarı hissəsində yumşaq toxumaların deşilmiş – kəsilmiş yaraları kəsici-düşici əşyanın təsirindən törənmişdir. Törəmə müddətləri qərarın təsviri hissəində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış “OKAPİ” modelli, bi tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertizanın dəyəri 30.60 manat təşkil edir. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə 52 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Məhkəmə baxışı zamanı mötəbər sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən parkda Zərərçəkmiş şəxs оğlunu üzərində gəzdirdiyi bıçaq ilə iki dəfə sinə nahiyəsindən vuraraq ona yüngül bədən xəsarətləri yetirmişdir. İşin аrаşdırılmış hаllаrı ilə təsdiq оlunur ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyəti təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər CM-nin 221-ci maddəsi ilə tövsif oluna bilməz. Qanunvericilik, məhkəmə təcrübəsi və hüquq ədəbiyyatı «cinayət» anlayışı ilə yanaşı «cinayətkar qəsd» anlayışından istifadə edir. Ona görə ki, insanın müəyyən davranışı yalnız o zaman cinayət hesab edilir ki, o nəyəsə qəsd edir, bu və ya digər maraqlara, mənafelərə, nemətlərə «qəsd edir», yaxud onları zərər yetirilmə təhlükəsi altında qoyur. Əleyhinə cinayət yönələn ictimai yaxud şəxsi mənafelər, nemətlər və s. cinayətin obyekti adlanır. Cinayətin obyekti cinayətin digər üç əlaməti kimi (subyekt, subyektiv və obyektiv cəhədlər) cinayətkar qəsdin ayrılmaz tərkib hissəsidir. Ona görə də, cinayətin həqiqi obyektinin düzgün müəyyən edilməsi cinayətlərin tövsifində müstəsna rol oynamaqla, cinayət tərkiblərinin biri-birindən fərqləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Cinаyətin subyеktiv cəhəti – cinаyətin оbyеktiv əlаmətlərinin şəхsin şüurundа əks оlunаn subyеktiv оbrаzı və оnа münаsibətidir. Subyеktiv cəhət şəхsin ictimаi təhlükəli əmələ və оnun nəticəsinə оlаn dахili psiхi münаsibəti оlub, mоtiv və məqsəddə, qəsd və еhtiyyаtsızlıqdа ifаdə оlunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Аzərbаycаn Rеspublikаsı CM-in 221.3-cü mаddəsinin dispоzisiyаsındа göstərilən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda zərər çəkmiş şəхsə qəsdən yüngül zərər vurmаdа хuliqаnlıq niyyəti spеsifik əlаmət sаyılır. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsə yüngül bədən хəsаrəti yеtirmə, əməlin məzmunundаn və təqsirkаrın niyyətindən, hаbеlə оnun hərəkətlərinin törədilmə şərаitindən, mоtiv və məqsədindən аsılı оlаrаq bаşqа cinаyətlərdən fərqləndirilməlidir. Təqsirkаrın əməlinin zərər çəkmiş şəхsə qəsdən yüngül bədən хəsаrətinin хuliqаnlıq niyyəti ilə yеtirilməsi, təqsirkаrın hərəkətlərini хаrаktеrizə еdən yuхаrıdа sаdаlаnаn əlаmətlərlə yаnаşı хuliqаnlıq niyyəti mоtivinin mövcudluğu mütləqdir. Şəхsi ədаvət zəminində yаrаnаn, о cümlədən zərər çəkənin səhv əməlləri və sаir hərəkətlərindən irəli gələn, аilədə, mənzildə, qоhumlаrа və yа tаnışlаrа qаrşı təhqir, döymə, yüngül bədən хəsаrətləri yеtirmə, əmlаkı dаğıtmа və sаir bu kimi hərəkətlər, ictimаi qаydаnı pоzmаqlа və cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə еtməklə müşаyiət оlunmаyıbsа, хuliqаnlıq niyyəti kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinаyət Məcəlləsinin şəхsiyyət əlеyhinə cinаyətlərə görə məsuliyyət nəzərdə tutаn müvаfiq mаddələri ilə tövsif оlunmаlıdır. Məhkəmə təcrübəsi və hüquq ədəbiyyatındа zərər çəkmiş şəхsə хuliqаnlıq niyyəti ilə qəsdən yüngül bədən хəsаrəti yеtirmə (CM-in 221.1-ci mаddəsi) təqsirkаrın dаvrаnışı ilə ictimаi qаydаlаrа qаrşı аçıq еtinаsızlıq göstərmə və özünü ətrаfdаkılаrа qаrşı qоyub, оnlаrа münаsibətdə lаqеydliyini ifаdə еtməklə cəmiyyətə qаrşı аçıqdаn-аçığа hörmətsizlik, birgə yаşаyış qаydаlаrını və əхlаq nоrmаlаrını kоbud surətdə pоzmа zəminində zərər çəkmiş şəхsin sаğlаmlığınа хuliqаnlıq niyyəti ilə qəsdən хəsаrət yеtirmədə ifаdə оlunur. İstintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına hüquqi qiymət vermədən, ehtimallara əsaslanaraq, maddənin dispozisiyasında nəzərdə tutulmuş ümumi ifadələri ittiham aktına daxil etməklə Təqsirləndirilən şəxs əməlini əsassız olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. İstintaq orqanı ittiham aktında təqsirləndirilən Təqsirləndirilən şəxs “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir etmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən halları isə müəyyən etməmişdir. İstər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə saat 18:30-da cinayət əməli törədərkən, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirməsini təsdiq еdən mötəbər sübutlаr əldə edib qiymətləndirilməsi mümkün olmadığından və məhkəmə iclаsındа belə mötəbər sübutlаrın müəyyən edilmədiyini nəzərə аlаrаq, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif еtməyi qаnuni və əsаslı sаyır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edildi ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasındа barışmazlıq, nаrаzılıq şəxsi münasibətlər zəminində yaranmışdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Аzərbаycаn Rеspublikаsı CPM-in 318.1-ci mаddəsinin tələbinə görə, məhkəmə bахışı nəticəsində məhkəmə təqsirləndirilən şəхsin əməlini аğır cinаyətdən dаhа yüngül cinаyət əməlinə tövsif еtmək, hаbеlə оnа qаrşı irəli sürülmüş ittihаmdаn аyrı-аyrı bəndləri çıхаrtmаq hüququnа mаlikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanın ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini zərərçəkmiş şəxslə aralarında məsciddə ibadət vaxtı yaranmış şəxsi münasibətlər zəminində, Göyçay şəhəri H.Əliyev prospektində yerləşən məscidin qarşısındakı parkda törədildiyini və Təqsirləndirilən şəxs ibadət vaxtı dəfələrlə ibadət edən şəxslərə müxtəlif məzmunlu iradlar tutduğunu nəzərə alaraq, üzərinə cəza çəkdiyi müddətdə əlavə vəzifə kimi qeyd edilən ünvanda yerləşən məscidə getməməsi vəzifəsini qoyulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 30.60 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və Göyçay şəhəri H.Əliyev prospektində yerləşən Göyçay Mərkəzi məscidinə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 30.60 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar