Məhkəmə qərarları › İş №1(046)-33/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-33/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-33/2025 08.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 14:45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 15, ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,60 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2024-cü il tarixdə saat 18:11 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, H.Əliyev prospektində saxlanılmış və saat 18:11 dəqiqədən 18:18 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 6,60 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 8 ildən artıq müddətdir ki, “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə edir və narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Göyçay şəhəri, H,Əliyev prospektində köhnə tikiş fabriki kimi tanınan yerin yaxınlığında olarkən yerdən kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana tapmış və istifadə etmək üçün üzərinə götürmüşdür. Həmin gün saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində olarkən yerdən tapdığı kibrit qutusunun içərisində olan narkotik vasitə marixauana əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olmuşdur. O, küçədə piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bundan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış və polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, üzərində narkotik vasitə olduğunu etiraf edərək qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim etmiş, həmçinin şalvarının sol yan cibindən isə içərisində kibrit dənələri olan kibrit qutusunu təqdim etmişdir. Şalvarının sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya baxış keçirilmiş, həmin vaxt o, üzərindən aşkar edilən kütlənin nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni saxlandığı yerin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 18 radələrində CAB-m əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi Şahid3 həyata keçirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim etmiş, həmçinin şalvarının sol yan cibindən isə içərisində kibrit dənələri olan kibrit qutusunu təqdim etmişdir. Şalvarının sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir.Aşkar edilən kütlənin nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni saxlandığı yerin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, Şöbəyə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 18 radələrində CAB-nın əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid1 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində onu müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi Şahid3 həyata keçirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan kibrit qutusunu ,həmçinin şalvarının sol yan cibindən isə içərisində kibrit dənələri olan kibrit qutusunu təqdim etmişdir. Şalvarının sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləyə baxış keçirilmiş, həmin vaxt sonuncu üzərindən aşkar edilən kütlənin nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni saxlandığı yerin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan kibrit qutusunu, həmçinin şalvarının sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi kibrit qutusu ilə birlikdə 9,42 qram olmuşdur. Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 16 noyabr 2024-cü il tarixli, 17/872 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda kütlə 9.42 q” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6.60 qram, tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 6,55 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 19 fevral 2025-ci il tarixli, 259 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınmsı məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə, saat 18.49da şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş,CM-in 62.1-ci maddəsinə əsasən cəzası 01 il 03 aya endirilmişdir,sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 126.2.4-cü maddələri ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsinə əsasən cəzası 07 il 03 aya endirilmiş və cəzasını çəkmiş hesab edilərək azad edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə görə məhkumluq ödənilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, ümumi xəstəlikdən ikinci dərəcəli əlildir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ikinci dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal olduğunu və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 19 fevral 2025-ci il tarixli, 259 nömrəli rəyində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması göstərilsə də, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı nəzərə alınmalı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,55 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,55 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar