Məhkəmə qərarları › İş №1(046)-35/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-35/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-35/2023 14.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10:30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1,Göyçay rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 iştirakı ilə, xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olan , barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1998-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olan , barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx.xx.1999-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi dalan 2, ev 5-də qeydiyyatda olan , barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə,təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 mart 2022-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində yerləşən, saxlanc yeri hesab olunan “Ayan market” mağazasının arxa hissəsinə gəlmiş, əvvəldən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 qarşılarına çıxacaq maneəni aradan qaldırmaq və hadisə yerində əl izlərinin qalmaması üçün yaşadığı evdən əlcək və mismarçıxaran alət gətirmiş, daha sonra mağazanın müşahidə kameralarının çəkilişini dayandırmaq üçün mağazaya gedən elektriki sayğacdan söndürmüş və mağazanın arxasında hər hansı bir təhlükə olacağı halda Təqsirləndirilən şəxs1 xəbər vermək üçün gözləyən Təqsirləndirilən şəxs3 yanına gələrək onunla birlikdə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin mağazanın arxa hissəsində olan nəfəslikdən keçib, giriş qapısında olan asma kilidi mismarçıxaran alət vasitəsilə sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan hər biri 4 manat dəyərində 6 ədəd “sobranie” markalı, hər biri 3 manat 50 qəpik dəyərində 6 ədəd “vinstone” markalı siqaretləri, 250 manat nağd pulu və həmin mağazanın içərisində yerləşən Zərərçəkmiş şəxs2 MMC-nə məxsus “emanat” ödəmə terminalını sındıraraq kassasında olan 32768 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 295 manat, Zərərçəkmiş şəxs2 MMC-nə isə 32768 manat dəyərində maddi ziyan vurmaqla birgə iştirakçılıqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 əmisi oğludur, Təqsirləndirilən şəxs3 isə dostudur. 25 mart 2022-ci il tarixdə Süleyman və Kamranla birlikdə “Göyçay” servisdə yerləşən çayxanada çay içərkən maddi vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişlər. Lakin konkret olaraq haradan oğurluq edəcəklərini dəqiqləşdirməmişlər. Bundan sonra gecə saatlarında Kürd kəndində “Narlıq” adlanan ərazidə görüşəcəyi barədə razılaşmışlar. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində Süleymanla o həmin “narlıq” adlalanan ərazidə olarkən Süleyman Kamrana zəng edərək Kürd kəndində “Narlıq” adlanan yerə gəlməyini demişdir. Bir qədər sonra Kamran gəlib həmin yerə çatmışdır. Onlar birlikdə haradan oğurluq edəcəklərini dəqiqləşdirərkən o “Ayan market” mağazasından oğurluq etməyi təklif etmiş və bildirmişdir ki, həmin mağazanın içərisində “e-manat” ödəmə terminalı vardır. Həmin vaxt onlar qərara gəlmişlər ki, mağazanın qıfılını qırmaq üçün və mağazanın içərisində olan “e-manat” terminalını sındırmaq üçün mismarçıxaran alət götürsünlər. Bu zaman Süleyman yaşadığı evdən dəmir parçası götürəcəyini və hadisə yerində əl-barmaq izlərinin qalmaması üçün əlcək götürəcəyini bildirmişdir. Bundan sonra Süleyman yaşadığı evə gedərək təxminən 50 sm uzunluğunda mismarçıxaran alət və bir cüt işlənmiş fəhlə əlcəyi götürüb geri qayıtmışdır. Onlar hər üçü birlikdə Natəvan küçəsi ilə piyada gəlib saat 04 radələrində “Ayan market” mağazasının yanına çatmışlar. Onlar mağazanın içərisində müşahidə kameralarının olduğunu bilmişlər. Kameralara düşməmək üçün Süleyman mağazaya gələn ümumi işığı sayğacdan söndürmüşdür. Bundan sonra o əlcəyi əlinə taxmış və mismarçıxaran aləti götürüb, həmin mağazanın arxasında dayanmış yük avtomobilinin üzərinə çıxmışdır. Daha sonra həmin avtomobilin üstündən mağazanın nəfəsliyindən mağazanın içərisinə daxil olmuşdur. Həmin vaxt Süleymanla Kamran həmin yük avtomobilinin arxasında ətrafda gələngedənə nəzarət etmək üçün dayanmışlar. O nəfəslikdən içəri keçdikdən sonra bir qədər irəli gedib, sağa dönmüş və mağazanın plastik qapısının üzərində qıfıl olduğunu görmüşdür. Özü ilə götürdüyü mismarçıxaran aləti qıfılın içərisindən keçirərək burmuş və qıfılın bağlandığı dəmir qırılmışdır. Buna görə də qapı açılmış və o mağazaya daxil olmuşdur. Dərhal mağazanın kassasına yaxınlaşmış və kassada bir ədəd yüzmanatlıq, bir ədəd əlli manatlıq, iki ədəd 20 manatlıq, iki ədəd 5 manatlıq və əlli ədəd 1 manatlıq pullar olmuşdur. O həmin pulları cibinə yığmışdır. Həmin vaxt kassanın yanında olan siqaret vitrinindən 06 qutu “sobranie” və 06 qutu “vinstone” markalı siqaret də götürmüşdür. Bundan sonra o mağazanın içərisində olan “e-manat” ödəmə terminalına yaxınlaşıb, özü ilə gətirdiyi mismarçıxaran alətlə qapısını sındırmışdır. Terminalın qapağını sındırmaq üçün mağazanın içərisindən bir ədəd şotka və təxminən 50 sm uzunluğunda bir ədəd armatur götürmüşdür. O mismarçıxaran alətlə terminalın qapısını açdıqca yenidən bağlanmaması üçün həmin armatur və şotkanı qapağın arasına qoymuşdur. Terminalın qapağını sındırdıqdan sonra açmış və içərisində olan kassanı çıxarmışdır. Kassada pulun çox olduğunu görmüş və cibinə sığınmayacağını fikirləşdiyi üçün mağazadan sellofan paket götürüb, terminalın içərisindən çıxardığı pulları həmin sellofan paketə yığmışdır. Bundan sonra o mağazanın içərisindən götürdüyü armaturu və şotkanı orada qoyub, sellofan torba və özü ilə gətirdiyi mismarçıxaran alətlə daxil olduğu nəfəslikdən avtomobilin üzərinə çıxmış və yerə enmişdir. Həmin vaxt o içəridən ən az 2-3 min manat pul oğurladığını Süleymanla Kamrana demişdir. Avtomobilin üzərindən yerə düşərkən əlindəki əlcəyin bir tayını çıxarıb, elə oradaca tullamışdır. Onlar mağazanın yanından Kürd kəndinə gedən ara yola nəzər salıb, orada heç kimin olmadığını gördükdən sonra hər üçü sürətlə qaçıb, yenə də həmin “narlıq” adlanan yerə gəlmişlər. Həmin vaxtı yol gedərkən o əlcəyin digər tayını və mismarçıxaran aləti yolda kolluğa atmışdır. Süleymanın yaşadığı ev də həmin ərazidə yerləşir və Süleymanın evinin arxasında ayrıca bir otaq var. Onlar həmin otaqda üçü birlikdə sellofan paketi açıb, içərisində olan pulları saymağa başlamışlar. Həmin vaxt sellofan torbanın içərisində 6 qutu “sobranie” və 6 qutu “vinston” markalı siqaretlər də olmuşdur. Onlar hərəsi bir qutu siqaret götürüb, qalanını odun sobasında yandırmışlar. O, üzərində olan pulları da sellofan paketdə olan pulların üzərinə əlavə edib saydıqda ümumilikdə 32 768 manat pul olduğunu görmüşlər. Pulların hamısı kağız pullar olmuş və 1 manatlıq, 5 manatlıq, 20 manatlıq, 50 manatlıq və 100 manatlıq əskinaslar formasında olmuşdur. Onlar həmin pulu üç yerə bölmüşlər və hərəsinə 10 900 manat pul çatmışdır. Onlar həmin vaxt həyəcanlı olduğu üçün ola bilsin ki, pulları dəqiq sayıb, bölüşdürməmişlər. Bundan sonra onlar saat 06 radələrində piyada sahələrlə gəlib Göyçay - Ucar yoluna çıxmışlar. Yoldan keçən markasını və nömrəsini xatırlamadığı avtomobillərdən birini saxladıb, əyləşmişlər və Ucar rayonuna getmişlər. Ucar rayonuna gəlib çatdıqdan sonra Bakı - Qazax magistral yoluna çıxmışlar və Bakı istiqamətində gedən avtobuslardan biri ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində onlar hər üçü pul qoyub 500 manat qarşılığında kirayə ev tutmuşlar. O, payına düşən 10 900 manat pulun 4000 manatına motosiklet almış, 2307 manatını yol puluna, kirayə evə, yeməyinə və özü üçün xərcləmişdir. Qalan 4593 manat pulu isə müstəntiqə təqdim etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə aradan qaldırmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur, Təqsirləndirilən şəxs3 isə dostudur. 25 mart 2022-ci il tarixdə Kamran və Nizamla birlikdə “Göyçay” servisdə yerləşən çayxanada çay içərkən maddi vəziyyətlərinin çətinliyi ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişlər. Lakin konkret olaraq haradan oğurluq edəcəklərini dəqiqləşdirməmişlər. Bundan sonra gecə saatlarında Kürd kəndində “Narlıq” adlanan ərazidə görüşəcəklərini qərarlaşdırmışlar. Həmin gün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində o Kamrana zəng edərək Kürd kəndində “Narlıq” adlanan yerə gəlməyini tapşırmışdır. Bir qədər sonra Kamran gəlib həmin yerə çatmışdır. Onlar birlikdə haradan oğurluq edəcəklərini dəqiqləşdirərkən Nizam “Ayan market” mağazasından oğurluq etməyi təklif etmiş və bildirmişdir ki, həmin mağazanın içərisində “e-manat” ödəmə terminalı olmuşdur. Həmin vaxt onlar qərara gəlmişlər ki, mağazanın qıfılını qırmaq üçün və mağazanın içərisində olan “e-manat” terminalını sındırmaq üçün mismarçıxaran alət götürsünlər. Bu zaman o yaşadığı evdən mismarçıxaran alət götürəcəklərini və hadisə yerində əl-barmaq izlərinin qalmaması üçün əlcək götürəcəklərini bildirmişdir. Bundan sonra o yaşadığı evə gedərək təxminən 50 sm uzunluğunda mismarçıxaran alət və bir cüt işlənmiş fəhlə əlcəyi götürüb geri qayıtmışdır. Onlar hər üçü birlikdə Natəvan küçəsi ilə piyada gəlib saat 04 radələrində “Ayan market” mağazasının yanına çatmışlar. Onlar mağazanın içərisində müşahidə kameralarının olduğunu bilmişlər. Kameralara düşməmək üçün o mağazaya gələn ümumi işığı sayğacdan söndürmüşdür. Bundan sonra Nizam əlcəyi əlinə taxmış və dəmir armaturu götürüb, həmin mağazanın arxasında dayanmış yük avtomobilinin üzərinə çıxmışdır. Daha sonra həmin avtomobilin üstündən mağazanın nəfəsliyindən mağazanın içərisinə daxil olmuşdur. Həmin vaxt Kamranla o həmin yük avtomobilinin arxasında dayanıb, ətrafda gələn-gedənə nəzarət etmişlər. Nizam təxminən 1 saat sonra əlində bir ədəd qara rəngli sellofan torba ilə həmin nəfəslikdən avtomobilin üzərinə çıxmış və yerə enmişdir. Həmin vaxt Nizam içəridən ən az 2-3 min manat pul oğurladığını demişdir. Nizam avtomobilin üzərindən yerə düşərkən əlindəki əlcəyin bir tayını çıxarıb, elə oradaca tullamışdır. Onlar mağazanın yanından Kürd kəndinə gedən ara yola nəzər salıb, orada heç kimin olmadığını gördükdən sonra hər üçü sürətlə qaçıb, yenə də həmin “narlıq” adlanan yerə gəlmişlər. Həmin vaxtı yol gedərkən Nizam əlcəyin digər tayını və mismarçıxaran aləti yolda xatırlamadığı istiqamətə atmışdır. Onun yaşadığı ev də həmin ərazidə yerləşir və onun evinin arxasında ayrıca bir otaq var. Onlar həmin otaqda üçü birlikdə sellofan paketi açıb, içərisində olan pulları saymağa başlamışlar. Həmin vaxt sellofan torbanın içərisində 6 qutu “sobranie” və 6 qutu “vinston” markalı siqaretlər də olmuşdur. Onlar hərəsi bir qutu siqaret götürüb, qalanını odun sobasında yandırmışlar. Pulları saydıqda sellofan paketdə 32 768 manat pul olduğunu görmüşlər. Pulların hamısı kağız pullar olmuş və 1 manatlıq, 5 manatlıq, 20 manatlıq, 50 manatlıq və 100 manatlıq əskinaslar formasında olmuşdur. Onlar həmin pulu üç yerə bölmüşlər və hərəsinə 10 900 manat pul çatmışdır. Onlar həmin vaxt həyəcanlı olduqları üçün ola bilsin ki, pulları dəqiq sayıb, bölüşdürməmişlər. Bundan sonra onlar saat 06 radələrində piyada sahələrlə gəlib Göyçay - Ucar yoluna çıxmışlar. Yoldan keçən markasını və nömrəsini xatırlamadığı avtomobillərdən birini saxladıb, əyləşmiş və Ucar rayonuna getmişlər. Ucar rayonuna gəlib çatdıqdan sonra Bakı - Qazax magistral yoluna çıxmış və Bakı istiqamətində gedən avtobuslardan biri ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində onlar hər üçü pul qoyub 500 manat qarşılığında kirayə ev tutmuşlar. O payına düşən 10 900 manat pulun 250 manatını yaşadığı evin kommunal xərclərinə ödəmişdir, 6700 manatını isə yeznəsi Mahirə saxlaması üçün vermişdir. 3613 manatını yol puluna, kirayə evə, yeməyinə və özü üçün xərcləmişdir. Qalan 337 manat pulu isə müstəntiqə təqdim etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə aradan qaldırmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, 25 mart 2022-ci il tarixdə Süleyman və Nizamla birlikdə “Göyçay” servisdə yerləşən çayxanada çay içərkən maddi vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişlər. Lakin konkret olaraq haradan oğurluq edəcəklərini dəqiqləşdirməmişlər. Bundan sonra gecə saatlarında Kürd kəndində “Narlıq” adlanan ərazidə görüşəcəklərini qərarlaşdırmışlar. Həmin gün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində Süleyman ona zəng edərək Kürd kəndində “Narlıq” adlanan yerə gəlməyini demişdir. O, yaşadığı evdən çıxıb, həmin yerə getmişdir. Həmin vaxt əynində adi, nazik, qara rəngli gödəkçə olmuş və özü ilə bir ədəd tibbi maska götürmüşdür ki, oğurluq edərkən üzü görünməsin. O gəlib həmin yerə çatdıqda Süleyman və Nizamın artıq orada olduğunu görmüşdür. Onlar birlikdə haradan oğurluq edəcəklərini dəqiqləşdirərkən Nizam “Ayan market” mağazasından oğurluq etməyi təklif etmiş və bildirmişdir ki, həmin mağazanın içərisində “e-manat” ödəmə terminalı olmuşdur. Həmin vaxt onlar mağazanın qıfılını qırmaq üçün və mağazanın içərisində olan “e-manat” terminalını sındırmaq üçün dəmir parçası götürməyi razılaşmışlar. Həmin vaxt Süleyman yaşadığı evdən mismarçıxaran alət götürəcəyini və hadisə yerində əl-barmaq izlərinin qalmaması üçün əlcək götürəcəyini bildirmişdir. Bundan sonra Süleyman yaşadığı evə gedərək təxminən 50 sm uzunluğunda mismarçıxaran alət və bir cüt işlənmiş fəhlə əlcəyi götürüb geri qayıtmışdır. Onlar hər üçü birlikdə Natəvan küçəsi ilə piyada gəlib saat 04 radələrində “Ayan market” mağazasının qarşısına çatmışlar. Onlar mağazanın içərisində müşahidə kameralının olduğunu bilmişlər. Kameralara düşməmək üçün Süleyman mağazaya gələn ümumi işığı sayğacdan söndürmüşdür. Bundan sonra Nizam əlcəyi əlinə taxmış və mismarçıxaran aləti götürüb, həmin mağazanın arxasında dayanmış yük avtomobilinin üzərinə çıxmışdır. Daha sonra həmin avtomobilin üstündən mağazanın nəfəsliyindən mağazanın içərisinə daxil olmuşdur. Həmin vaxt Süleymanla o həmin yük avtomobilinin arxasında dayanıb, ətrafda gələn-gedənə nəzarət etmişlər. Nizam təxminən 1 saat sonra əlində bir ədəd qara rəngli sellofan torba ilə həmin nəfəslikdən avtomobilin üzərinə çıxmış və yerə enmişdir. Həmin vaxt Nizam içəridən ən az 2-3 min manat pul oğurladığını demişdir. Nizam avtomobilin üzərindən yerə düşərkən əlindəki əlcəyin bir tayını çıxarıb, elə oradaca tullamışdır. Onlar mağazanın yanından Kürd kəndinə gedən ara yola nəzər salıb, orada heç kimin olmadığını gördükdən sonra hər üçü sürətlə qaçıb, yenə də həmin “narlıq” adlanan yerə gəlmişlər. Həmin vaxtı yol gedərkən Nizam əlcəyin digər tayını və mismarçıxaran aləti yolda xatırlamadığı istiqamətə atmışdır. Süleymanın yaşadığı ev də həmin ərazidə yerləşir və Süleymanın evinin arxasında ayrıca bir otaq vardır. Onlar həmin otaqda üçü birlikdə sellofan paketi açıb, içərisində olan pulları saymağa başlamışlar. Həmin vaxt sellofan torbanın içərisində 6 qutu “sobranie” və 6 qutu “vinston” markalı siqaretlər də olmuşdur. Onlar hərəsi bir qutu siqaret götürüb, qalanını odun sobasında yandırmışlar. Pulları saydıqda sellofan paketdə 32 768 manat pul olduğunu görmüşlər. Pulların hamısı kağız pullar olmuş və 1 manatlıq, 5 manatlıq, 20 manatlıq, 50 manatlıq və 100 manatlıq əskinaslar formasında olmuşdur. Onlar həmin pulu üç yerə bölmüş və hərəsinə 10 900 manat pul çatmışdır. Onlar həmin vaxt həyəcanlı olduqları üçün ola bilsin ki, pulları dəqiq sayıb, bölüşdürməmişlər. Bundan sonra onlar saat 06 radələrində piyada sahələrlə gəlib Göyçay - Ucar yoluna çıxmışlar. Yoldan keçən markasını və nömrəsini xatırlamadığı avtomobillərdən birini saxladıb, əyləşmişlər və Ucar rayonuna getmişlər. Ucar rayonuna gəlib çatdıqdan sonra Bakı - Qazax magistral yoluna çıxmışlar və Bakı istiqamətində gedən avtobuslardan biri ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində onlar hər üçü pul qoyub 500 manat qarşılığında kirayə ev tutmuşlar. O payına düşən 10 800 manat pulun 1800 manatını yol puluna, kirayə evə, yeməyinə və özü üçün xərcləmişdir. 29 mart 2022-ci il tarixdə o Göyçay rayonuna yaşadıqları evə qayıtmışdır. O payına düşən 10 800 manat puldan qalan 9000 manat pulu isə müstəntiqə təqdim etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə aradan qaldırmışlar . Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadə verərək bildirdi ki, Göyçay şəhəri, Natəvan küçəsində ailəsinə məxsus “Ayan market” adlı mağaza vardır. Həmin mağaza 2001ci ildən hazıradək fəaliyyət göstərir. O mağazanı hər gün saat 08:00-da açır, saat 23:00-da bağlayır. 25 mart 2022-ci il tarixdə də hər gün olduğu kimi o mağazanı saat 23:00-da bağlayıb yaşadığı evə getmişdir. Mağazanın küçədən giriş qapısı alüminium qapıdır. Həmin qapıdan daxil olduqdan sonra mağazanın ikinci hissəsinə daxil olmaq üçün dəmir qapı vardır. O hər iki qapını asma kilidlə bağlayır. 26 mart 2022-ci il tarixdə saat 08:00-da o mağazanı açmaq üçün gəldikdə birinci qapını açıb, içəri daxil olmuş və ikinci qapının açıq olduğunu görmüşdür. O mağazanı bağladıqda işığı söndürmür, açıq saxlayır ki, mağazada olan təhlükəsizlik kameraları işləsin. Lakin o, mağazanın ikinci qapısının açıq olduğunu, üzərindəki asma kilidin sındırıldığını görüb içəri daxil olduqda işıqların söndürüldüyünü və mağazanın içərisindəki “e-manat” ödəmə terminalının yerdə olduğunun və qapağının sındırıldığını görmüşdür. Bundan sonra o dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə mağazaya baxış keçirərkən mağazadan 1 ədədi 4 manat dəyərində 6 ədəd “Sobranie slim blue” markalı siqaret, 1 ədədi 3 manat 50 qəpik dəyərində 6 ədəd “Vinston caster” markalı siqaret, 250 manat nağd pul oğurlandığını müəyyən etmişdir, “e-manat” ödəmə terminalı onun mağazasına təxminən bir həftə əvvəl qoyulmuşdur. Həmin terminalın kassası dolduqda terminalın məxsus olduğu şirkətin əməkdaşları gəlib, açıb pulu götürürlər. 24 mart 2022-ci il tarixdə Asif adlı şəxs mağazaya gələrək öz hesabına pul keçirmək istədiyini ona bildirmiş və köməklik etməyini xahiş etmişdir. O yaxınlaşdıqda Asif ona 31980 manat pul verib, terminala keçirməyini istəmişdir. O həmin 31980 manat pulu ödəmə terminalına yükləmiş və terminalın kassası dolmuşdur. Asif getdikdən sonra o həmin “e-manat” şirkətinin qaynar xəttinə zəng edib, kassanın dolduğunu və gəlib aparmalı olduqlarını bildirmişdir. Onunla danışan operator əməkdaşlarının 25 mart 2022-ci il tarixdə gələcəklərini demişdir. Lakin nə həmin tarixdə, nə də ondan sonra heç kim gəlməmişdir. Bu səbəbdən o həmin ödəmə terminalının kassasında 32000 manat olduğunu bilmişdir. O həmin pulların hansı əskinaslardan ibarət olduğunu xatırlamır. Çünki həmin hadisədən xeyli müddət keçmişdir. Pəncərənin və qapının sındırılması ilə bağlı ona 200 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs X2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini öyrəndikdən sonra zərərçəkmiş şəxs X1 iştirakı olmadan işin tam,hərtərəfli və obyektiv baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs2 MMC-nin təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. Göyçay şəhərində yerləşən “Ayan market” mağazasının sahibi Abdul adlı şəxs 26 mart 2022-ci il tarixdə ona mobil telefon vasitəsilə zəng edərək həmin mağazada yerləşən İD-5067 nömrəli “e-manat” ödəmə terminalının naməlum şəxslər tərəfindən sökülərək kassasında olan pulun oğurlandığını bildirmişdir. Həmin terminallara elektron nəzarət olduğu üçün o “inkasassiya” şöbəsindən həmin ödəmə terminalında nə qədər pul olduğunu soruşmuşdur. Ona həmin şöbədən qeyd olunan ödəmə terminalının kassasında 32 768 manat pul olduğunu bildirmişlər. Həmçinin həmin pulların 243 ədədi 100 manatlı əskinas formasında, 94 ədədi 50 manatlıq əskinas formasında, 183 ədədi 20 manatlıq əskinas formasında, 12 ədədi 5 manatlıq əskinas formasında, 48 ədədi isə 1 manatlıq əskinas formasında olmuşdur. Dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək dəymiş ziyanın tam ödənildiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinin iştirakı olmadan işin tam,hərtərəfli və obyektiv baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Göyçay rayonu, Məlikkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 onun qaynıdır. 26 mart 2022- ci il tarixdə qaynı Süleyman ona zəng edərək bir nəfər tanışı ilə ona pul göndərdiyini, həmin pulun 400 manatını ona verdiyini və qalan pulu saxlamağını xahiş etmişdir. Lakin konkret olaraq nə qədər pul göndərdiyini deməmişdir. Həmin gün saat 21 radələrində tanımadığı və adını xatırlamadığı bir nəfər şəxs ona zəng edərək Süleymanın pul göndərdiyini və ona verməli olduğunu bildirmişdir. O da həmin şəxsə Məlikkəndə gəlməsini və pulu ona orada verməsini tapşırmışdır. Həmin şəxs də onunla razılaşmışdır. Təxminən 30 dəqiqə sonra həmin şəxs yenidən ona zəng edərək Məlikkənddə olduğunu bildirmiş və o, həmin şəxsi qarşılamışdır. Həmin şəxs markasını və nömrəsini xatırlamadığı taksi avtomobillə gəlmişdir. Həmin şəxs avtomobildən enib, onu maşının arxasına çəkmişdir. Maşının arxasında ona pul verib, Süleymanın göndərdiyini və 6700 manat pul olduğunu bildirmişdir. O da pulu saymamış və götürüb evə getmişdir. Bir gün sonra o həmin pulu saydıqda 7700 manat pul olduğunu görmüşdür. Bundan sonra Süleymana zəng edərək ona 7700 manat pul göndərdiyini demişdir. Həmin vaxt Süleyman da ona 8700 manat göndərdiyini 1000 manat pulun kəm olduğunu bildirmişdir. Bundan sonra o həmin puldan bir qədər götürüb xərcləmişdir. Qalan pul isə hazırda üzərində olmuş və təqdim etmişdir. O həmin pulun oğurluq nəticəsində əldə edildiyini bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 aprel 2022-ci il tarixdən saat 23:30-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 aprel 2022-ci il tarixdən saat 01:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 aprel 2022-ci il tarixdən saat 03:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarına əsasən 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətumkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarına əsasən 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətumkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarına əsasən 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətumkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Polis Şöbəsinin müstəntiqi X3 23 iyul 2022ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserin 02 avqust 2022-ci il tarixli, 483 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserin 02 avqust 2022-ci il tarixli, 484 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medallarının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Qubadlının azad olunmasına görə və “vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin qərarın 22-ci bəndinə görə şəxs, oğurluq, soycunçuluq və ya quldurluq cinayəti törədərkən qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186cı maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Belə ki,bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 mart 2022-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Göyçay şəhəri, Natəvan küçəsində yerləşən, saxlanc yeri hesab olunan “Ayan market” mağazasının arxa hissəsinə gəlmiş, əvvəldən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 qarşılarına çaxacaq maneəni aradan qaldırmaq və hadisə yerində əl izlərinin qalmaması üçün yaşadığı evdən əlcək və mismarçıxaran alət gətirmiş, daha sonra mağazanın müşahidə kameralarının çəkilişini dayandırmaq üçün mağazaya gedən elektriki sayğacdan söndürmüş və mağazanın arxasında hər hansı bir təhlükə olacağı halda ona xəbər vermək üçün gözləyən Təqsirləndirilən şəxs3 yanına gələrək Təqsirləndirilən şəxs3 ilə birlikdə gözləmiş, o isə həmin mağazanın arxa hissəsində olan nəfəslikdən keçib, giriş qapısında olan asma kilidi mismarçıxaran alət vasitəsilə sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan hər biri 4 manat dəyərində 6 ədəd “sobranie” markalı, hər biri 3 manat 50 qəpik dəyərində 6 ədəd “vinstone” markalı siqaretləri, 250 manat nağd pulu və həmin mağazanın içərisində yerləşən Zərərçəkmiş şəxs2 MMC-nə məxsus “e-manat” ödəmə terminalını sındıraraq kassasında olan 32 768 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 295 manat, Zərərçəkmiş şəxs2 MMC-nə isə 32768 manat dəyərində maddi ziyan vurmaqla birgə iştirakçılıqla oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi” iştirakçısı olmasını, qəsdin obyektinin mülkiyyət münasibətlərini təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 «Qubadlının azad olunmasına» görə və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını,təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və onlara qarşı tələbin olmamasını, törətdikləri əməli səmimi etiraf edib peşman olmalarını iş üzrə cəzalarını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddləri daxilində Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olma müddəti nəzərə alınmaqla, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərlərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd armatur parçası məhv edilməli, 01 ədəd “e-manat” ödəmə terminalının Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 127 manat Azərbaycan Respublikası CPM- nin 198.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay 21 gün həbsdə və ev dustaqlığında saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 7 ay 12 gün çıxmaqla qəti olaraq ona 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay 20 gün həbsdə və ev dustaqlığında saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 7 ay 10 gün çıxmaqla qəti olaraq ona 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay 20 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 7 ay 10 gün çıxmaqla qəti olaraq ona 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 2, 5 saylı evini hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd armatur parçası məhv edilsin, 01 ədəd “e-manat” ödəmə terminalının Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 127 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar