Məhkəmə qərarları › İş №1(046)-36/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-36/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-36/2025 29.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,56 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 oktyabr 2024-cü il tarixdə saat 13:23 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Z.Bünyadov küçəsində saxlanılmış və saat 13:23 dəqiqədən 13:31 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 6,56 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 30 ildən artıq müddətdir ki, “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə edir və narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində Göyçay çayının sahilində olarkən yerdən kibrit qutunun içərisində narkotik vasitə olan marixuana tapmış və istifadə etmək üçün üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində bədənində ağrılar olduğundan özünü sakitləşdirməyə görə yaşadığı evdən çıxıb həmin narkotik vasitəni istifadə etmək üçün Z.Bünyadov küçəsinə Göyçay çayının sahilinə getmişdir. Həmin vaxt yerdən tapdığı kibrit qutusunun içərisində olan narkotik vasitə marixuana əynində olan qara rəngli cins şalvarının sol yan cibində olmuşdur. O, Göyçay çayının sahilinə çatan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmişlər, o, isə etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə üzərində axtarış keçirilməsinə başlanmış və polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt o, üzərində narkotik vasitə olduğunu etiraf edərək şalvarının sol yan cibində olan kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 13 radələrində CAB-ın əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Göyçay şəhəri, Z.Bünyadov küçəsində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim edib barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edərək şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək şalvarının sol yan cibində olan kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş və içərisindən yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində ot şəklində yaşımtıl rəngli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 22 oktyabr 2024-cü il tarixli, 17/837 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,56 qram, tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 6,51 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 01 mart 2025-ci il tarixli, 325 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə, saat 13.45də şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına, Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilərək xx.xx.2018-ci il tarixdə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə məhkumluq ödənilmiş hesab olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməli,yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,51 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,51 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar