Məhkəmə qərarları › İş №1(046)-38/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-38/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-38/2025 03.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Kaluqa şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, bir grup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yəni vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 08 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində tanışları X1 və şəxsiyyəti istintaqla araşdırılan Cavid adlı şəxslə bir qrup şəxs halında Göyçay şəhəri, H.Əliyev prospektində, ictimai yer hesab edilən "ES Club” oyun zalının qarşısında heç bir əsaslı səbəb olmadan kənar şəxslərin çoxluq təşkil etdiyi yerdə, onların gözü qarşısında, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə İaqeydlik, etinasızlıq göstərərək ədəbsizliyin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona uca səslə söyüş söyməsinə görə irad bildirməsini bəhanə edərək üzərilərinə hücum edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu va başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, ətrafda olan iaşə obyektlərində işləyən şəxslərin normal iş rejiminin pozulması ilə nəticələnən hərəkətlər edərkən, hərəkətlərini bir-biri ilə zərərçəkmiş şəxslərin müqavimətini qırmaq məqsədi ilə uzlaşdırmaqla, zor tətbiq edərək sonunculara nalayiq ifədələr işlədib, tanışları X1 və şəxsiyyəti istintaqa məlum olmayan Cavid adlı şəxslə birlikdə yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən vuraraq sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən sağ çənəaltı nahiyədə sıyrıq fonunda dərialtı qansızma ilə müşayiət olunan xəsarətlərini yetirdikdən sonra o, əlindəki istintaqa məlum olmayan dəmir materiallı əşya ilə Zərərçəkmiş şəxs2 müqavimətini qırmaqdan ötrü silah qismində istifadə edərək, özünü ətrafdakilərə qarşı qoymaqla həmin dəmir materiallı əşya ilə sonuncunun başın ənsə nahiyyəsində yumşaq toxumanın əzilmiş-çapılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mübahisə etdiyi şəxslərlə əvvəllər heç bir münasibəti, eləcə də ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında radələrində "ES Club” oyun zalının qarşısında telefonla bir şəxslə danışmışdır. Həmin vaxt zarafatla həmin şəxsin ünvanına söyüş söymüş, lakin səsi elə də yüksək çıxmamışdır. Həmin vaxt yanında tanışı və "ES Club"da işləyən ”Qoqi" kimi tanıdığı, adını sonradan öyrəndiyi Qüdrət adlı şəxs də olmuşdur. Təxminən onlardan 5 metr aralıda dayanan 4 nəfərdən biri üzünü onlara tutaraq, onun ünvanına söyüş söymüş və ona söyüş söyməməsini bildirmişdir. O da həmin şəxsə telefonla danışdığını, ona söymədiyini və onunla heç bir əlaqəsi olmadığını bildirmişdir. Bu zaman yanında olan dostu "Qoqi", yəni Qüdrət və həmin şəxslərdan biri heç bir söz-söhbətə ehtiyac olmadığını bildirmişdirlər, lakin buna baxmayaraq həmin şəxslərin ona ünvanladıqları söyüşə cavab olaraq, orada olan fontanın bünövrə daşının üzərinə çıxaraq həmin şəxslərə tərəf yaxınlaşmış və yenidən onlara telefonla danışdığını, kənardan heç kimin keçmədiyini açıqlamışdır. Bu zaman həmin şəxslərdan biri, yəni Ağalar gödəkcəsini çıxardaraq onun ünvanına nalayiq ifadələr işlədib, üzərinə gəlməyə başlamış, ardınca Ağaların qardaşı Əliəkbər də yenə də onun ünvanına söyüş söymüşdür. Neticədə, o və dostları ilə həmin 4 nəfər arasında dava-dalaş baş vermişdir. Dava-dalaş zamanı onlar biri-birilərinə yumruq ve təpiklə zərbələr endirmiş, həmin şəxslərlə, yəni Ağalar və Əliəkbərlə əlbəyaxa olan zaman yerə yıxılmış və yerdə olan zaman da həmin şəxslər ona zərbələr endirməyə davam etmişdirlər. Onun isə əlində hər hansı əşya olmamış, o dava zamanı yalnız yumuruq və təpiklə zərbə endirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixde axşam saatlarında o, qardaşı Əliəkbər və sinif yoldaşları ilə birlikdə playstation klubundan çıxaraq Göyçay şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi aptekin qarşısında svetoforun yanında dayanmışdırlar. Həmin vaxt onlardan təxminən 4-5 metr aralı məsafədə iki nəfər şəxslər söhbət edirdilər. Həmin şəxslərdən biri telefonla danışmış və uca səslə telefonda danışdığı şəxsə söyüşlər söymüşdür. Bu zaman onların yanında olan onun sinif yoldaşı Emil həmin şəxslərə üzünü tutaraq "qaqa zəhmət olmasa bir az yavaş səslə danışa bilərsiniz? Buradan qadınlar keçir” deyə söyləmişdir. Həmin şəxslər onların ünvanına nalayiq söyüşlar söyərək "nə deyirsiniz” deyə söyləmişdirlər. Daha sonra həmin şəxslərin hər ikisi onların üzərinə gəlmişdirlər. Həmin şəxslərdən nisbətən arıq bədən quruluşlu olan şəxs onu vurmağa başlamış, həmin şəxs ona yumuruqlar atmışdır. Daha sonra digər şəxs də onu vurmağa başlamışdır. Bunu görən qardaşı Əliəkbər aralaşdırmaq üçün gəlmişdir. Təqsirləndirilən şəxs Əliəkbəri döyməyə başlamış, amma hər hansı bir əşya ilə vurduğunu görməmişdir. Həmin vaxt dostu Emil polisə zəng edərək hadisə barədə məlumat vermiş, həmin vaxt kənarda olan tanımadığı şəxslər onları aralaşdırmışdır. Bundan sonra onlar oradan qaçaraq uzaqlaşmış, "Göyçay store"nin qarşısında taksiye oturmuş və onları aparmasını xahiş etmişdirlər. Taksidə qardaşı Əliəkbər dedi ki, onun başından qan gəlir, döyən adam onu başından nə iləsə vurmuş, ama dəmir əşya ilə vurduğunu deməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ilə oxşar ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs və digərləri əvvəlcə qardaşı Ağaları döyməyə başlamış, buna görə də o, araya girmişdir, bu zaman həmin şəxslərdən biri (hazırki təqsirləndirilən şəxs) onun baş nahiyəsindən təxminən 4-5 dəfə nə iləsə vurmuş, amma o dəmir əşya ilə vurulduğunu heç yerdə deməmişdir. Həmçinin dalaşdıqları zaman arxası üstə yıxılmış və Təqsirləndirilən şəxs onu o şəkildə də döyməyə davam etmişdir. Yıxıldığı zaman başının yerə dəydiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin əlində hər hansı əşya görməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhmən oğlu ifadəsində göstərmişdir ki, Ağalar ve Zərərçəkmiş şəxs2lar qardaşları onun dostlarıdır. 08 dekabr 2024-cü ilin axşam saatlarında, dostları Ağalar, Əliəkbər va Faiqlə görüşərək "ES Club” oyun salonuna getmişdir. Oyun oynadıqdan sonra birlikdə çölə çıxmış və kulubun qarşısında söhbət etməyə başlamışdırlar. Həmin vaxt onlardan kənarda tanımadığı daha iki nəfər söhbət edirdilər. Onların bir-biri ilə nalayiq küçə söyüşləri ilə zarafatlaşmasını görmüşdürlər. Həmin vaxt o, həmin şəxslə normal şəkildə söyüş söyməmələrini, ətrafdan qadınların keçdiyini, narahatçılıq yaratdıqlarını bildirmişdir. Bundan sonra həmin şəxslərdən adını sonradan öyrəndiyi Rüstəm adlı şəxs əsəbi halda onlara tərəf gəlməyə başlamış, bu zaman yanında olan Ağalar özünü qabağa verərək Rüstəmin qarşısına çıxmışdır. Onlar dalaşmağa başlayarkən Əliəkbər, həmçinin Rüstəmin yanında olan tanımadığı şəxs də araya girərək Rüstəmlə Ağaları ayırmış və onlar bir-birilərindən uzaqlaşmışdırlar. Lakin buna baxmayaraq Rüstəm kənardan onları təhdid etməyə və nalayiq söyüşlərə söyməyə davam etmişdir. Bir qədər sonra isə Rüstəm və yanında olan şəxsin yanına daha bir nəfər tanımadığı şəxs gəlmiş, bundan sonra həmin şəxslər üçü birlikdə üzərlərinə gələrək az öncə onlara söyüş söydükləri üçün irad bildirmələri səbəbindən onlarla yenidən mübahisə etməyə başlamışdırlar. Həmin vaxt Rüstəm Ağaların üstünə gələrək Ağaları nalayiq söyüşlə söymüş və çənəsindən yumruqla vurmuşdur. Bundan sonra isə oradaki mübahisə daha da böyümüş və Rüstəmin yanında olan daha iki nəfər tanımadıqları şəxslər də mübahisəyə daxil olaraq Ağaları yumruq və təpiklə vurmağa başlamışdırlar. Buna görə də o və Əliəkbər araya girərək Ağaları digər üç nəfər şəxsin əlindən almaq istəmiş, lakin buna nail ola bilməmişdirlər, çünki həmin vaxt digər iki nəfər şəxslər Ağaları döyərkən Rüstəm də Əliəkbəri yumruq və təpiklə vuraraq yerə yıxmışdır. Sonra onlar mübahisənin bitməyəcəyini görüb, daha dalaşmaq istəməmiş və oradan qaçıb getmişdirlər. Sonradan o, Əliəkbərin başının qanamasını görmüş, Əliəkbər ona başına Rüstəmin nə iləsə vurmasını bildirmişdir. O özü isə şəxsən Rüstəmin əlində hər hansı əşya görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ağalar ve Zərərçəkmiş şəxs2lar qardaşları onun dostlarıdır. 08 dekabr 2024-cü ilin axşam saatlarında, dostları Ağalar, Əliəkbər va Faiqlə görüşərək "ES Club” oyun salonuna getmişdir. Oyun oynadıqdan sonra birlikdə çölə çıxmış və kulubun qarşısında söhbət etməyə başlamışdırlar. Həmin vaxt onlardan kənarda tanımadığı daha iki nəfər söhbət edirdilər. Onların bir-biri ilə nalayiq küçə söyüşləri ilə zarafatlaşmasını görmüşdürlər. Həmin vaxt dostu Emil həmin şəxslə normal şəkildə söyüş söyməmələrini, ətrafdan qadınların keçdiyini, narahatçılıq yaratdıqlarını bildirmişdir. Bundan sonra həmin şəxslərdən adını sonradan öyrəndiyi Rüstəm adlı şəxs əsəbi halda onlara tərəf gəlməyə başlamış, bu zaman Ağalar özünü qabağa verərək Rüstəmin qarşısına çıxmışdır. Onlar dalaşmağa başlayarkən Əliəkbər, həmçinin Rüstəmin yanında olan tanımadığı şəxs də araya girərək Rüstəmlə Ağaları ayırmış və onlar bir-birilərindən uzaqlaşmışdırlar. Lakin buna baxmayaraq Rüstəm kənardan onları təhdid etməyə və nalayiq söyüşlərə söyməyə davam etmişdir. Bir qədər sonra isə Rüstəm və yanında olan şəxsin yanına daha bir nəfər tanımadığı şəxs gəlmiş, bundan sonra həmin şəxslər üçü birlikdə üzərlərinə gələrək az öncə onlara söyüş söydükləri üçün irad bildirmələri səbəbindən onlarla yenidən mübahisə etməyə başlamışdırlar. Həmin vaxt Rüstəm Ağaların üstünə gələrək Ağaları nalayiq söyüşlə söymüş və çənəsindən yumruqla vurmuşdur. Bundan sonra isə oradaki mübahisə daha da böyümüş və Rüstəmin yanında olan daha iki nəfər tanımadıqları şəxslər də mübahisəyə daxil olaraq Ağaları yumruq və təpiklə vurmağa başlamışdırlar. Buna görə da Emil və Əliəkbər araya girərək Ağaları digər üç nəfər şəxsin əlindən almaq istəmiş, lakin buna nail ola bilməmişdirlər, çünki həmin vaxt digər iki nəfər şəxslər Ağaları döyərkən Rüstəm də Əliəkbəri yumruq və təpiklə vuraraq yerə yıxmış, sonuncunun başı yerə dəymişdir. Sonra onlar mübahisənin bitməyəcəyini görüb, daha dalaşmaq istəməmiş və oradan qaçıb getmişdirlər. Sonradan o, Əliəkbərin başının qanamasını görmüş, Əliəkbər ona başına Rüstəmin nə iləsə vurmasını bildirmişdir. O özü isə şəxsən Rüstəmin əlində hər hansı əşya görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 oğlu ifadəsində göstərmişdir ki, o AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Göyçay rayon şöbə rəisi vəzifəsində işləyir, eyni zamanda iş üzrə xx.xx.2024-cü il tarixli ekspert rəyi onun tərəfində tərtib olunmuşdur. Göyçay RPŞ-nin İB-nin müstəntiqi Xəyal Dolxanovun xx.xx.2024-cü il tarixli 2453 saylı qərarı əsasında xx.xx.2024-cü il tarixdə 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası aparılmışdır. Özünün dediyinə görə xx.xx.2024-cü il tarixdə təqribən saat 19:20 radələrində “Fotoçinarın” qarşısında tanımadığı şəxslər onun qardaşı Ağaları döyən zaman onları aralaşdırmaq istədiyi zaman tanımadığı şəxslərdən biri əlindəki əşya ilə onun başından vurub. Məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı başın ənsə nahiyyəsində boylama istiqamətli, üzərində cərrahiyyə tikişləri olan yumuşaq toxumanın əzilmiş çapılmış yarası olub. Zərərçəkmiş şəxs2 başındaki xəsarət yumuruqla yetirilə biləcək bir xəsarət deyil, başında çapıq var idi, yalnız küt-bərk əşyanın təsirindən əmələ gələ biləcək xəsarətdir, dəmir parçası və hər hansı bir başqa əşya ilə yetirilməsi istisna olunmur. Onu da qeyd edir ki, Zərərçəkmiş şəxs2 yerə yıxıldığını və başının yerə dəydiyini ekspertiza aparıldığı zaman bildirməmişdir. İş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, AR CM 221.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin eksperti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli HK-1/2453 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmətibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sağ çənəaltı nahiyədə sıyrıq fonunda dərialtə qansızma küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-başın ənsə nahiyəsində yumuşaq toxumanın əzilmiş-çapılmış yarasıküt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir, müxtəlif şəraitlərdə o cümlədən də dəmir əşya (lar) tərəfindən yetirilməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs AR CM 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(046)-87/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM 126.1 maddəsi ilə təqsirli bilinərək 03 il 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM 70-ci maddəsinə əsasən həmin cəzası şərti tədbiq edilməklə 06 aylıq sınaq müddəti müəyyən edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib bitirdiyi üçün xx.xx.2022-ci il tarixdə Şöbənin qeydiyyatından çıxarılmışdır. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır, həkim psixiatrın qeydiyyatında yoxdur. Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi v.m.i.e H.Məmmədovun verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən yaşadığı müddətdə Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında xuliqanlıq cinayət əməlini törətdiyi şəxslərdən X4 istintaqdan yayındığından və qrup üzvlərindən olan Cavid adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmadığından ********* saylı cinayət işinin materiallarından AR CM 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul etdilməklə istintaqı davam etditilmişdir. Zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş ərizədən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan onlara tam şəkildə ödənilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(046)-38/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin eksperti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli T 669/2025 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-çapılmış yarası, sağ dirsəyin əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər əşya (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdir, dərəcəsəinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların zərərçəkmişin öz boyu hündürlüyündən yerə yıxılması zamanı yarana bilməsi inkar edilmir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinindən daxil olmuş 4/893 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş videoyazıda təkraryazma nəticəsində istifadə olunan yazı qurğusunun obyektivi ekrana perpendikulyar tuşlanmadığından əldə olunan kadrların yuxarı hissəsində baş verən vizual hadisələr şüaların intenferensiyası səbəbindən aydın görünmür. Ona görə də alınmış nəticələr yalnız ilkin videoyazının qeydə alındığı yazı qurğusuna yaxın hissədə baş verən vizual hadisələri əks etdirir. Ekspertiza tədqiqatına təqdim edilmiş videoyazıdaki görüntülərdə baş vermiş hadisənin iştirakçısı olan şəxslərdən hər hansı birinin əlində nəzərəçarpacaq ölçüdə (əlin ölçüsündən 2-3 tərtib böyük) metal, daş, plastik, taxta və s.kimi əşyaların olması, bu əşya ilə bir şəxsin digərini vurması halları müəyyən olunmadı. Videoyazıdaki görüntülərdə bir dəfə “K3”-ün, bir dəfə isə altında “K2” olmaqla “K3” və “K5”-in birlikdə yerə yıxıldıqları görünür. Bu halların heç birində şəxslərdən hər hansı birinin baş hissəsinin yerə kəskin dəyməsi müəyyən olunmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş videoyazının verilmiş keyfiyyətində hadisənin baş verdiyi ərazidə, eləcə də şəxslərdən hər hansı birinin üzərində qan izinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, hazırda məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə ittiham verilməsinin əsasında yalnız zərərçəkmiş şəxslərin müxtəlif vaxtlarda verdiyi ziddiyyətli ifadələri dayanmışdır ki, belə olan halda məhkəmə ilk növbədə zərərçəkmiş şəxsin istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla verdiyi ifadələrin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsinin zəruri olması qənaətinə gəlir. Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadələrində zərərçəkmiş şəxs tərəfindən baş nahiyəsindən 4-5 dəfə nə iləsə vurulduğunu, daha sonra xx.xx.2024-cü il tarixdə aparılmış üzləşdirmə zamanı dəmir əşya ilə vurulduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı isə dəmir əşya ifadəsini ümumiyyətlə heç bir ifadəsində qeyd etmədiyini, yalnız nə iləsə vurulduğunu bildirmişdir. Lakin buna da əmin olmadığını, çünki Təqsirləndirilən şəxs əlində hər hansı əşya görmədiyini, dava zamanı arxası üstə yerə yıxıldığını, başının yerə dəydiyinin dəqiq xatırlamadığını vurğulamışdı. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxslər və şahidlər hadisənin detallarının xatırlamadıqlarını, Təqsirləndirilən şəxs əlində əşyanın olub-olmamasının görmədiklərini, yalnız hadisədən sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 dediklərindən təqsirləndirilən şəxsin onu başından nə iləsə vurduğunu öyrəndiklərini bildirmişlər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxslərin hadisənin baş vermə mexanizminin detallarının xatırlamadıqlarına əsaslanaraq iş üzrə düzgün nəticəyə gəlinməsi üçün onların ifadələrinə istinad edilməsini düzgün hesab etmir. Həmçinin məhkəmə istintaqı zamanı alınmış məhkəmə-tibbi ekspertiza rəyindən və şahid qismində dindirilmiş ekspert ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 baş nahiyyəsindəki çapıq həm hər hansı əşya ilə xəsarət yetirilməsindən həm də yıxılmasından əmələ gəlməsi inkar edilmir. Audio və videoyazıların ekspertizası göstərdi ki, təqdim olunmuş görüntülərdə hadisənin iştirakçısı olan şəxslərdən hər hansı birinin əlində nəzərəçarpacaq ölçüdə əşyaların olması, bu əşya ilə bir şəxsin digərini vurması halları, bununla yanaşı baş vermiş hadisə zamanı şəxslərdən hər hansı birinin baş hissəsinin yerə kəskin dəyməsi müəyyən olunmadı. Eyni zamanda xx.xx.2024-cü il tarixli raportdan da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət törədilərkən silah qismində istifadə edildiyi əşyanı müəyyən edərək istintaqa təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə yuxarıda göstərilən rəylərə, ekspertin ifadəsinə və zərəçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 hər hansı əşya ilə xəsarət yetirməsini şübhə altına salan sübut kimi qiymət verir. AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Baxmayaraq ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər hər ikisi istintaq dövründən təqsirləndirilən şəxs tərəfindən xəsarətin nə iləsə yetirilməsini qeyd etmişlər, istintaq orqanı ilkin ekspertizanın keçirilməsi zamanı ekspert qarşısından birbaşa “ Zərərçəkmiş şəxs2 baş nahiyəsində olan xəsarət dəmir alət ilə yetirilməyə xarakterikdimi?” sualını qoymuşdur ki, ekspert də çapığın yaranmasına əsaslanaraq bunun inkar olunmadığını qeyd etmişdir. Sonrakı ekspert rəyində xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların zərərçəkmişin öz boyu hündürlüyündən yerə yıxılması zamanı yarana bilməsinin inkar edilmədiyini göstərmişdir. Audio və videoyazıların ekspertizasını aparan ekspert təqdim olunmuş videoyazının keyfiyyətindən hadisə anı aydın görünmədiyindən hadisə zamanı şəxslərdən hər hansı birinin baş hissəsinin yerə kəskin dəyməsinin müəyyən olunmadığını vurğulamışdı. Zərərçəkmiş şəxs2 isə yıxıldığının xatırladığını, başının yerə dəyib-dəymədiyini isə unutduğunu bildirmişdir. İstintaq orqanı sadəcə zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə və məhdud ekspert rəyinə əsaslanmaqla təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin dəmir əşya ilə vurulduğu qənaətinə gəlmiş və təqsirləndirilən şəxsə AR CM 221.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə iş materiallarında olan sübutları, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 hər hansı əşya ilə zərbə yetirilməsi öz təsdiqini tapmadığını, hadisə zamanı təqsirləndirilən şəxslə birlikdə digər şəxslərin də əməlin törədilməsində iştirak etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl AR CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsi ilə törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddət ərzində üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 10 ay 25 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxmaqla üzərində qəti olaraq 01 il 2 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar