Məhkəmə qərarları › İş №1(046)-40/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-40/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-40/2023 25.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, himayəsində 2 azyaşlı uşağı olan, Göyçay rayonun Qarabaqqal kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,692 qram çəkidə psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib ayrı-ayrılıqda 0,238 və 0,454 qram çəkilərdə 1 ədəd qara-ağ rəngli kağız bükümdə və 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə “kent” markalı siqaret qutusunda qablaşdırılmış vəziyyətdə üzərində saxlamış, 20 yanvar 2023-cü il tarixdə saat 09:30-da Göyçay rayonu Cəyirli kəndi ərazisində olarkən və üzərində həmin psixotrop maddəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 10:30-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən “kent”markalı siqaret qutusunun içərisində 1 ədəd qara-ağ rəngli kağız bükümdə və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə saxladığı ayrı-ayrılıqda 0,238 və 0,454 qram olmaqla ümumi 0,692 qram çəkidə həmin metamfetmin psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonu Cəyirli kəndində avtomobil yolunun kənarında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz narkotik vasitə saxlamağında və daşımağından şübhələndiklərini bildirərək Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər, polislərlə etiraz etməmiş və polis şöbəsinə getmişlər. İdarə etdiyi Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilini polis şöbəsinin müvəqqəti duracağında saxlamışdır. Polis əməkdaşları onu vəkil Müdafiəçi ilə təmin etmişlər və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələrini izah etdikdən sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim etmişlər. Üzərinə axtarış keçiriləcəyi bildirilmiş, üzərində narkotik maddə və vasitə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyini bildirmişlər. Əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən “Kent” markalı siqaret qutusunda özü istifadə etməyi üçün saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə marixuana narkotik vasitəsi, eləcə də 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 1 ədəd qara-ağ rəngli kağız bükümdə “patı” deyilən metamfetamin psixotrop maddəni də çıxarıb masanı üzərinə qoymuşdur. Həmin 3 ədəd bükümlərdə olan həmin marixuana və metamfetaminlər olduqları bükümlərdə elektron tərəzidə çəkildikdə metamfetaminlər olan kağız bükümün birinin çəkisi 1 qram, digərinin isə 0,55 qram olmuşdur.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 20 yanvar 2023-cü il tarixdə saat 09:30-da polis serjantı Şahid3 ilə xidmətdə olarkən Təqsirləndirilən şəxs Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında Göyçay rayonu Cəyirli kəndində avtomobil yolunun kənarında dayandığını görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun narkotik vasitə və psixotrop maddə təsiri altında olmasından və yaxud üzərində, avtomobilində narkotik vasitə və psixotrop maddə saxlamasından şübhələnmişlər. Təqsirləndirilən şəxsa yaxınlaşıb özlərini təqdim edərək qanunsuz narkotik vasitə və psixotrop maddə saxlamağından və daşımağından şübhələndiklərini bildirib onlarla birlikdə Göyçay rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə etiraz etməmiş və idarə etdiyi Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onlarla Göyçay rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə təmin olunmuş və Növbətçi Hissədə videoçəklişlə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən “Kent” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, siqaret qutusunun içərisində 2 ədəd gümüşü-ağ rəngli kağız büküm və 1 ədəd qara-ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda isə 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə yaşıl rəngli bitki mənşəli, marixuanaya oxşar kütlə, digər 1 ədəd gümüşüağ rəngli və 1 ədəd qara-ağ rəngli kağız bükümlər açıldıqda isə həmin bükümlərdə eyni formada, yəni ağ rəngdə kristal formasında metamfetaminə bənzər maddələr olmuşdur. Bükümlərdəki maddələrin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə, Kənan siqaret qutusundan aşkar edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdəki yaşıl rəngli bitki mənşəli kütlənin marixuana olduğunu, digər 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 1 ədəd qara-ağ rəngli kağız bükümdə olan ağ rəngli kristal formada kütlələrin isə “patı” deyilən metamfetamin psixotrop maddəsi olduğunu bildirmişdir. Həmin 3 ədəd bükümlərdə olan kütlələr olduqları bükümlərlə birlikdə elektron tərəzidə çəkilmişlər. 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə yaşıl rəngli bitki mənşəli, marixuanaya oxşar kütlənin çəkisi bükümlə birlikdə 0,65 qram, digər 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd qara-ağ rəngli kağız bükümlərdə metamfetaminə oxşar maddələrin isə ayrı ayrılıqda bükümləri ilə birlikdə birinin çəkisi 1 qram, digərinin isə 0,55 qram olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 20 yanvar 2023-cü il tarixli 17/81 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki: 01 ədəd qara-ağ rəngli kağız bükümdə və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri - 0,238 qr., 0,454 qr. ümumi təmiz çəkisi 0,692 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd 2) metamfetaminin təmiz çəkisi 0.238 qr, tədqiqata sərf olundu 0.050 qr, qalıq 0.188 qr, 3) və metamfetaminin təmiz çəkisi 0.454 qr, tədqiqata sərf olundu 0.050 qr, qalıq 0.404 qr. Aparılmış ekspertizanın dəyəri 107.91 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli 449 №-li rəyində görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. . Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(046)- 4/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-4/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin 1(046)-4/2022 saylı xx.xx.2022ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-4/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 01 (bir) gün müddət təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-4/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx.xx.2023-cü il tarixə 06 ay 12 gün müddət qalmışdır. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görnür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:05-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək həbsdən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 09:30-da Göyçay rayonu Cəyirli kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda 0,692 qram çəkidə psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib ayrı-ayrılıqda 0,238 və 0,454 qram çəkilərdə 1 ədəd qara-ağ rəngli kağız bükümdə və 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə “kent” markalı siqaret qutusunda qablaşdırılmış vəziyyətdə üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza yəni 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş hissəsi olan 06 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 ay 12 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 03 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərarəb tutulur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı bir gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0.592 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 107.91 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 ay 12 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 03 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq qismən birləşdirilərək Təqsirləndirilən şəxs 2 il 6 ay müddətin azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-da saxlanılan 0.592 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci 107.91 manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübuta aid hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar