Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-43/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5,36 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 01 ədəd gümüşü rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə üzərində saxlamış, 23 fevral 2023-cü il tarixdə, saat 11:00-da Göyçay şəhəri, Natəvan küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 11:40-da polis şöbəsinin Növbətçi Hissəsində videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yuxarı ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə saxladığı həmin 5,36 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan təxminən 1 həftə əvvəl 2023-cü ilin fevral ayının ortalarında Göyçay şəhərində Göyçay çayının kənarına tək gəzməyə gedərkən çayın kənarında 1 ədəd gümüşü rəngli kağız bükümdə qurudulmuş marixuana narkotik vasitəsi tapmış və sonra istifadə etmək üçün həmin marixuananı olduğu kağız bükümdə cibinə qoyub saxlamışdır. Həmin vaxtdan da həmin qurudulmuş marixuananı olduğu gümüşü rəngli kağız bükümdə cibində gəzdirmişdir. Marixuanadan heç kimə verməmiş, satmamış, nədə ki özüdə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Göyçay şəhəri Natəvan küçəsində, avtovağzalın qarşısında olan zaman yaxından iki nəfər polis əməkdaşlarının keçərək ona baxmalarını görmüş, üzərində həmin marixuana olduğuna görə bir qədər həyəcanlanmışdır. O, çevrilib oradan getmək istəyəndə isə polis əməkdaşları yaxınlaşıb ona, özlərini təqdim edərək ondan kimliyini soruşmuşlar. O, polis əməkdaşlarına həyəcanlı şəkildə adını soyadını bildirərək yaxındakı Göyçay rayonu Kürd kənd sakini olduğunu demişdir. Polis əməkdaşları ondan nə səbəbə onları gördükdə uzaqlaşmaq istədiyini soruşduqda, buna cavab tapa bilməmiş və daha da həyəcanlanaraq özünü şübhələndirmişdir. Ona görə də polislər ona narkotik vasitə saxlamağında və daşımağında şübhəli olduğunu bildirərək özləri ilə Göyçay rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Lakin, özünü daha da çox şübhələndirməmək üçün polislərlə etiraz etməmiş və onlarla bir yerdə polis şöbəsinə getmişdir. Polis işçiləri onu vəkil Müdafiəçi ilə təmin etmişlər, növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah edərək, şübhəli şəxs qismində saxlanılmağını bildirmişlər. Ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli gödəkcəsinin sağ yuxarı ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə həmin qurudulmuş marixuana narkotik vasitəsini çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, həmin protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X4 Patrul Xidmət Bölməsinin bölük komandirinin müavini Şahid2 göstərdi ki, Göyçay RPŞ-nin PPXB-nün komandiri, polis mayoru Etibar Quliyevlə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri, Natəvan küçəsində xidmət etdiyi zamanı saat 11 radələrində avtovağzalın qarşısında bir nəfər şəxsin onları görüb özünü şübhəli apardığını və istiqamətini dəyişib oradan uzaqlaşmaq istədiyini görmüşlər. PPXB-nin komandiri Etibar Quliyevlə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək kimliyi barədə soruşmuşlar. Həmin şəxs onlara yaxında yerləşən Kürd kənd sakini olduğunu və adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onları gördükdə nə səbəbə uzaqlaşmaq istədiyini Təqsirləndirilən şəxs soruşanda sonuncu həyəcanlı və qeyri adekvat şəkildə onlara cavablar vermişdir. Ona görə də Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasından və yaxud üzərində narkotik vasitə olmasından şübhələnmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birgə Göyçay rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Dərhal RPŞ-nin PPXB- nin komandiri, polis mayoru Etibar Quliyevlə və Təqsirləndirilən şəxsla polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı RPŞ-nin PPXB-nün komandiri Etibar Quliyev tərəfindən dərhal raportla polis şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı sənədləşdirmənin aparılması Təhqiqat Bölməsinə həvalə olunmuşdur. Dərhal müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə təmin olunmuş və Növbətçi Hissədə videoçəkilişlə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin yuxarı sağ ön cibindən 1 ədəd gümüşü rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində marixuana narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotiklərdən istifadə etdiyini, həmin yaşıl rəngli bitki mənşəli kütlənin isə marixuana narkotik vasitəsi olduğunu, bir həftə əvvəl çayın kənarından tapdığını və özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı protokol tərtib olunaraq ucadan oxunmuş, sonra isə Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon X2 Təhqiqatlar Qrupunun kiçik inspektoru Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş,Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yuxarı ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə yaşılımtıl rəngli kütləni çıxararaq masanın üzərinə qoyub,həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 24 fevral 2023-cü il tarixli, 17/209 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 5,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 5,31 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 484 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 11.20-də şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10.30 MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1ci maddələri ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 221.3-cü maddəsindən CM-in 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə, CM-in 326.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 221.1 və 326.1-ci maddələri ilə təyin edilmiş azadlqıdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətinə azadlqıdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki,»08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. »08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göstərilənləri nəzərə alıb, məhkəmə hesab edir ki,amnistiya aktı ilə cəza çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürüldüyündən,o məhkumluğu olmayan hesab edilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,31 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonun Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,31 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-43/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-43/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver