Məhkəmə qərarları › İş №1(046)-45/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-45/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-45/2024 03.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 13.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Vaqif küçəsi, ev 75-də qeydiyyatda olan, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni təmiz çəkisi 1,426 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, yəni təmiz çəkisi 0,577 qram psixotrop maddə metamfetamini və xeyli miqdrda, yəni tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,021 qram olan təmiz çəkisi 0,220 qram qəhvəyi rəngli həb parçası sintetik narkotik vasitə metadonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni ümumi təmiz çəkisi 0,933 qram heroini xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay şəhəri, Vaqif küçəsində Şahid1 40 manat müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 16 radəiərində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Şahid1 Göyçay şəhəri, Vaqif küçəsində saxlanılaraq Göyçay RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 17:37-də ünvan 1 ünvanında yerləşən Göyçay RPŞ-nin Növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2024-cü il tarixdə saat 20 radəiərində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göyçay şəhəri, Vaqif küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra Növbətçi hissədə onun üzərində saat 21:09- da videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan pencəyin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,577 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,021 qram olan təmiz çəkisi 0,220 qram qəhvəyi rəngli həb parçası-sintetik narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 2020-ci ildə İİ Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, müharibədə olan zaman tanımadığı şəxslərin yanında ilk dəfə “kakos” və “patı” adlanan maddələrdən istifadə etmiş, müharibədən qayıtdıqdan sonra da hərdən bir narkotik vasitə olan “kakos” və “patı” adlandırdığı maddələrdən çəkməklə istifadə etmişdir. Təxminən 10-12 gün əvvəl Bakı şəhərində, Nərimanov rayonu ərazisində yerləşən kompüter oyun zalına daxil olmuş, bu zaman orada tanımadığı bir şəxsin “patı” istifadə etməsini təsadüfən görmüş, bundan sonra o da narkotik vasitə istifadə etmək istəmişdir. Buna görə də həmin şəxsdən “patı”nı necə tapa biləcəyini soruşmuş, həmin şəxs də bunun mümkün olduğunu və ona kömək edəcəyini söyləmiş, bundan sonra həmin şəxsə 100 manat pul vermiş və həmin şəxs də pulu kiməsə göndərmiş, bundan təxminən 1 saat sonra həmin şəxsə “patı” və “kakos”un atıldığı yerin şəkili göndərilmişdir. Həmin şəxs şəkilə baxaraq həmin yerə getmiş və narkotik vasitəni gətirib ona vermişdir. Bundan sonra “kakos” və “patı’dan istifadə etmiş, daha sonra isə yaşadığı Göyçay şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təbrizlə küçədə qarşılaşmış, bu zaman Təbriz ona narkotik vasitə istifadə etmək istədiyini, lakin tapa bilmədiyini söyləmiş, həmçinin ondan narkotik vasitə tapmaqda ona kömək etməsini istəmişdir. Bu zaman o da Təbrizin öz qonşusu olmasını fikirləşmiş və özü üçün aldığı “kakos”dan Təbrizə vermək qərarına gəlmiş, Təbrizə ona “kakos” tapa biləcəyini söyləmiş, həmçinin Təbrizə 40 manat lazım olduğunu söyləmişdir. Təbriz də onunla razılaşmış və 40 manat pulu ona vermişdir. Sonra özünə məxsus «VAZ 2107» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilində salxadığı narkotik vasitə olan “kakos”dan 02 ədəd kağız bükümdə Təbrizə vermiş, Təbriz də onunla sağollaşmış və bükümləri götürərək getmişdir. Həmin narkotik vasitədən qalanı isə öz şalvarının cibinə qoymuş və özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:15 radələrində yaşadığı evin yerləşdiyi küçədə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, daha sonra ona avtomobildən düşməsini təklif etmişlər, həmin vaxt özünə məxsus avtomobildə olmuş, bundan sonra ona özlərini təqdim edərək Göyçay RPŞ-nin əməkaşları olduqlarını bildirmişlər. Onu RPŞ-nə gətirmişlər, RPŞ-də ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymasını təklif etmiş, o da polis əməkdaşı ilə razılaşmış və həmin vaxt avtomobilin açarlarını, alışqanı, 05 ədəd bir manatlıq pul əskinaslarını, bir ədəd üz dəsmalını, bir ədəd bonus kartını, bir ədəd benzin bonus kartını, bir ədəd bank kartını, özünə məxsus mobil telefonu, əynində olan qara rəngli pencəyin sağ iç cibindən 02 ədəd kağız bükümü və 01 qutu Mançestr markal siqaret qutusunu təqdim etmiş, daha sonra həmin kağız bükümlər açılmış və onlardan birinin içərisində ağ rəngli kristal formalı maddə, digərində isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Siqaret qutusu açılmış və içərisindən bükülmüş vəziyyətdə olan falqa aşkar edilmiş, həmin falqa açıldıqda içərisindən yarı həb olması aşkar edilmişdir. Polis əməkdaşı ondan həmin maddələrin nə olmasını soruşmuş, o da polis əməkdaşına maddələrin “kakos” və “patı” olmasını, həbin isə metadon həbi olmasını bildirmiş, daha sonra kağız bükümlər və həb elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin maddələr, həb və ona məxsus mobil telefon boş kağız zərflərdə qablaşdırılmış, üzərinə möhür vurulmuş və imzalanmış, polis əməkdaşı ona Şahid1 üzərində narkotik vasitəyə bənzər maddənin aşkar edildiyini, Təbrizin həmin maddəni xx.xx.2024-cü il tarixdə ondan 40 manat müqabilində satın almasını bildirdiyini söyləmiş, ondan Şahid1 narkotik vasitə satıb-satmadığını soruşmuş, o da polis əməkdaşına heç kimə narkotik vasitə satmadığını söyləmişdir. Bundan sonra ona məxsus avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, lakin baxış zamanı ona məxsus avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, baxış və şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, hər hansı etirazları olmadığı üçün imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, təxminən 4-5 aydır ki, hərdən bir narkotik vasitə olan və “kakos” adlandırdığı narkotik vasitədən falqada çəkmək yolu ilə qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özü üçün narkotik vasitə almaq məqsədi ilə onunla qonşuluqda yaşayan və əvvəllər tanıdığı Rəşad adlı şəxsin evinin qarşısına getmiş, həmçinin əvvəlcə də Rəşadın istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən də zəng edərək onunla işi olduğunu və “kakos” almaq istədiyini söyləmişdir. Rəşadın yaşadığı evin qarşısına çatanda onun küçədə olmasını görmüş, daha sonra Rəşada yaxınlaşmış və ona 40 manat pul vermiş, Rəşad da həmin pulun müqabilində ona 01 ədəd kağız bükümdə “kakos” yəni narkotik vasitə vermişdir. Bundan sonra yaşadığı evə getmiş, yaşadığı evdə olduğu üçün həmin narkotik vasitədən istifadə edə bilməmiş, belə ki, evdə onunla birlikdə ailəsi yaşayır və onların onun narkotik vasitə istifadəçisi olmasından xəbərləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində qızını məktəbdən evə gətirmək üçün Göyçay şəhəri R.Rza küçəsi ilə 3 nömrəli məktəbə doğru hərəkət edirmiş, həmin vaxt narkotik vasitə də onun üzərində olmuş, bu zaman mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşmış və Göyşay RPŞ-nin əməkdaşları olduqlarını, həmçinin üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olduğunu bildirmişlər. Bundan sonra onu Göyçay RPŞ-nə gətirmişlər, daha sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra RPŞ-də onun üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya, predmet və ya maddənin olubolmamasını soruşmuş, o da səmimi şəkildə etiraf edərək üzərində narkotik vasitə olmasını söyləmiş və əynimdə olan cins şalvarın sağ yan cibindən içərisində “kakos” olan 01 ədəd kağız bükümü, həmçinin 01 ədəd “Redmi” markalı mobil telefonu, pul, siqaret qutusu, alışqan və su kartını təqdim etmişdir.Sonra üzərində şəxsi axtarış aparılmış, lakin qeyd edilənlərdən başqa hər hansı əşya aşkar edilməmişdir.Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm açılmış və içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmiş, həmçinin həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1,28 qram olmuş, daha sonra üzərindən aşkar edilmiş maddənin tərkibinin və təmiz çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün boş kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 raportla məruzə edərək ünvan 3 ünvanında yaşayan Şahid1 narkotik vasitə aludəçisi olması, eləcə də üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi və saxlaması barədə ona məlumat daxil olmasını bildirmiş, bundan sonra həmin məlumat ilə əlaqədar raportla rəhbərliyə məruzə etmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, Şahid4, Şahid3 və o həmin qrupa daxil edilmişdir. 08 mart 2024-cü il tarixdə saat 16:20 radələrində Şahid1 Göyçay şəhəri, Rəsul Rza küçəsində piyada hərəkətdə olmasını görmüş, buna görə də dərhal ona yaxınlaşmış və özlərini təqdim edərək Göyçay RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olmasını və üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olmasını, həmin məlumatın yoxlanılması üçün şəxsi axtarış keçirilməsi bildirmişdir.Lakin orada şəxsi axtarışın keçirilməsi mümkün olmadığından onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu söyləmişlər. Şahid1 onlarla razılaşmış və birlikdə RPŞ-nə gəlmişlər. Göyçay RPŞ-də Şahid1 dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuş, Şahid1 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan cins şalvarın cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, üzərindən aşkar edilmiş siqaret qutusu açılmış, içərisində siqaret dənələri olması aşkar edilmiş, sonra isə 01 ədəd kağız büküm açılmış, həmin kağız bükümün içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan kağız büküm kağız zərfdə qablaşdırılmış, Şahid1 üzərindən aşkar edilmiş maddənin “kakos” adlandırdığı narkotik vasitə olmasını, tutulmazdan bir gün əvvəl xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində onunla qonşuluqda yaşayan Rəşad adlı şəxsdən 40 manat müqabilində satın aldığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobilin açarlarını, alışqanı, 05 ədəd bir manatlıq pul əskinaslarını, bir ədəd üz dəsmalını, bir ədəd bonus kartını, bir ədəd benzin bonus kartını, bir ədəd bank karıtını, özünə məxsus mobil telefonu, əynində olan qara rəngli pencəyin sağ iç cibindən 02 ədəd kağız bükümü və 01 qutu Mançestr markal siqaret qutusunu təqdim etmiş, daha sonra həmin kağız bükümlər açılmış və onlardan birinin içərisində ağ rəngli kristal formalı maddə, digərində isə qəhvəyi rəngli maddə aşkar edilmiş, həmçinin siqaret qutusu açılmış və içərisindən bükülmüş vəziyyətdə olan falqa aşkar edilmiş, həmin falqa açıldıqda içərisindən yarı həb olması aşkar edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2107» markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2107» markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 09 mart 2024-cü il tarixli, 3-16-16-2-17/251 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şahid1 adlı şəxsin üzərindən aşkar edilmiş küilə " yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə,təmiz çəkisi -0,933 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə" yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 ədəd kağız bükümdə,təmiz çəkisi 0,493 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd kağız bükümdə ,təmiz çəkisi -0,577qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd ağ rəngli kağız və həmin kağızın içərisində olan gümüşü rəngli falqa kağızı,01 ədəd siqaret qutusu və həmin siqaret qutusunun içərisində olan kağızda narkotik və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxildir. (İ siyahı) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir. (İ siyahı) Heroinin (1№li ob.) təmiz çəkisi-0,933 qram,tədqiqata sərf edildi-0,050 qram,qalıq-0,883 qram. Heroinin (2№li ob.) təmiz çəkisi-0,493 qram,tədqiqata sərf edildi-0,050 qram,qalıq-0,443 qram. Metamfetaminin (3№ li ob.) təmiz çəkisi-0,577 qram,tədqiqata sərf edildi-0,050 qram,qalıq-0,527 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1855 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «01 ədəd kağız bükümdə yarım ədəd həb….» yazı və imzalar olan paketdə 1 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,220 qram olan qəhvəyi rəngli həb parçası sintetik narkotik vasitə-metadon olub,tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,021 qramdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı»na daxildir. ( Siyahı İİ) Metadon həbinin təmiz çəkisi 0,220 qram,tədqiqata sərf edildi-0,05 qram,qalıq 0,170 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 11 may 2024-cü il tarixli, 816 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə, saat 20.40-da şübhəli şəxs qismində tutulmuş, 10 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. «Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 1,426 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda təmiz çəkisi 0,577 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda, yəni tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,021 qram olan təmiz çəkisi 0,220 qram qəhvəyi rəngli həb parçası sintetik narkotik vasitə metadonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış,həmin narkotik vasitənin bir hissəsini tanışı Şahid1 xx.xx.2024cü il tarixdə saat 19 radəiərində 40 manat pul müqabilində 0,933 qram olan heroini Göyçay şəhəri, Vaqif küçəsində Şahid1 40 manat müqabilində satmış, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, vətən müharibəsi iştirakçısı olaraq «Ağdamın azad olunmasına görə» və »Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilməsini,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,326 qram narkotik vasitə olan heroin, 0,527 qram psixotrop maddə olan metamfetamin və 0,170 qram narkotik vasitə olan metadon Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə videoçəkiliş köçürüldüyü 3 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 157 manat 10 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08.03 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.3-cü maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,326 qram narkotik vasitə olan heroin, 0,527 qram psixotrop maddə olan metamfetamin və 0,170 qram narkotik vasitə olan metadon məhv edilsin. İş üzrə videoçəkiliş köçürüldüyü 3 ədəd DVD diskləri iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 157 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin.. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar