Məhkəmə qərarları › İş №1(046)-45/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-45/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-45/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ İş №1(046)-45/2025 Azərbaycan Respublikası adından hökm 02 iyun 2025-ci il,saat 15.30-da Göyçay şəhəri Göyçay Rayon Məhkəməsi Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fazil oğlunun, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 iyul 2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri Ə.Kərim parkında yerləşən Göyçay şəhər stadionunun soyunub-geyinmə otağına qanunsuz daxil olaraq həmin otaqdan istifadə edən digər şəxslərin otaqdan çıxıb getməsini gözləmək və öz cinayətkar əməlini həyata keçirmək üçün başqa otağa keçərək gizləndikdən sonra qeyd olunan şəxslərin soyunub-geyinmə otağını tərk edib, otağın qapısını çöldən açarla bağlayıb getdiklərinə əmin olaraq soyunub-geyinmə otağında olan Zərərçəkmiş şəxs1 şəxsi əşyalarını saxladığı saxlanc yeri hesab edilən dolabın kilidli qapısını digər açıq vəziyyətdə olan dolabların üzərindən götürdüyü açarla açıb qanunsuz daxil olmaqla dolabın içərisində olan 163 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 163 manat məbləğində maddi ziyan vurmaqla, başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2025-ci il tarixdə saat 10 radələrində Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus asfaltzavodun qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ 21074» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin salonuna daxil olaraq həmin avtomobilin arxa sərnişin oturacağının üzərində olan pul qabından 550 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 550 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verməkdən imtina etdi,lakin suallara cavab vermişdir.Ona verilmiş suallara cavab verərək göstərdi ki,xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhər stadionu adlanan yerdə mini futbol meydançasının qarşısında olan soyunub-geyinmə binasına bir neçə şəxsin açarla qapını açaraq daxil olmasını görmüşdür. Həmin vaxt həmin şəxslərin futbol oynamaq üçün gəldiklərini və orada paltarlarını dəyişərək şəxsi əşyalarını saxlayacaqlarını başa düşmüşdür. Həmin şəxslər binaya daxil olarkən binanın qapısını açarla açdıqlarını gördüyündən, çıxarkən də açarla qapını bağlayacaqlarını və binaya daxil olmağın mümkün olmayacağını anlamışdır. Buna görə də həmin şəxslər binanın daxilində soyunub-geyinmə otağında olarkən gizlincə binaya daxil olub başqa otaqlardan birində həmin şəxslərin getməsini gözləmək üçün gizlənmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcə binanın giriş qapısına yaxınlaşmışdır. Binanın qapısını yaxınlaşdıqda qapının öndən açarla açılmasını, lakin arxadan əl ilə açılmasını müəyyən etmişdir. Buna görə də həmin şəxslər getdikdən sonra qapını arxadan rahatlıqla açacağına əmin olmuşdur. Sonra isə binaya icazəsiz daxil olmuşdur. Həmin vaxt soyunub-geyinmə otağında bir neçə şəxsin olmasını oradan gələn səslərdən müəyyən etmişdir. Sonra gizlincə binada olan məşqçi otağının qapısını açmışdır. Həmin otaqda isə kimsənin olmadığını görmüş və həmin otağa daxil olaraq orada səssizcə gizlənmişdir. Bir qədər sonra soyunub-geyinmə otağında olan şəxslərin binanı tərk edərək çıxıb getmələrini müəyyən etmişdir. Sonra isə gizləndiyi otaqdan çıxaraq soyunub-geyinmə otağına daxil olmuşdur. Otağa daxil olduqdan sonra orada olan bütün kilidli dolabları yoxlamağa başlamışdır. Həmin vaxt dolablardan birinin kilidli olduğunu müəyyən etmiş və kiminsə orada şəxsi əşyalarını və ya pulunu saxladığını başa düşmüşdür. Lakin dolabın qapısı kilidli olmuş və üzərində açar olmamışdır. Buna görə də digər açıq dolabların açarı ilə kilidli dolabın qapısını açmağa cəhd etmişdir və həmin açarlardan biri ilə dolabı açmağa cəhd etdikdə dolab rahatlıqla açılmışdır. Dolabı açdıqdan sonra içəridə paltarlar və mobil telefon olduğunu görmüşdür. Paltarlardan, yəni şalvarı götürərək ciblərini axtarmağa başlamışdır. Həmin vaxt şalvarın hazırda xatırlamadığı cibində pul olduğunu görmüş və həmin pulu götürmüşdür. Sonra həmin pulu sayaraq 163 manat olduğunu müəyyən etmişdir. Bundan sonra şalvarı yerinə qoymuş və mobil telefona toxunmadan soyunub-geyinmə otağını tərk etmişdir. Sonra binanın çıxış qapısına yaxınlaşmış və qapının kilidini arxadan əli ilə açaraq çölə çıxmışdır. Sonra isə oradan uzaqlaşaraq çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə səhər oğurladığı pulu xərcləmişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Göyçay şəhəri asfalt zavodun qarşısında göy rəngli «VAZ 21074» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olduğunu görüb qapılarının kilidli olmadığını müəyyən etmişdir. «VAZ 21074» markalı, göy rəngli avtomobilin sürücü tərəfdən ön qapısını açaraq avtomobilə daxil olmuşdur. O, avtomobilin qoltuqaltına baxmış, lakin heç nə tapa bilməmişdir. Daha sonra avtomobilin arxa oturacağının üzərində 01 ədəd kişiyə aid cins şalvar görmüşdür. Həmin şalvarı götürərək baxmışdır. Bu zaman şalvarın cibində pul qabı olmasını görmüşdür. Buna görə də pul qabını götürüb açmışdır. Həmin vaxt pul qabının içərisində 550 manat pul olduğunu aşkarlamışdır. Buna görə də pulu götürüb cibinə qoymuş, lakin pul qabını götürməmişdir. Sonra oradan uzaqlaşmış və marşrut avtobusu ilə Göyçay şəhərinə gəlmişdir. VAZ 21074 markalı avtomobildən oğurladığı puldan 30 manatını yol pulu, yemək və siqaret üçün xərcləmişdir. Qalan pul isə özündə qalmışdır. Yaşadığı evə getdikdən sonra heç kimə məlumat verməmiş və qalan pulu öz otağında gizlətmişdir. Zərərçəkmiş şəxs2 Fazil oğluna dəymiş zərəri tam aradan qaldırmış,digər zərərçəkmiş şəxs X1 ona qarşı tələbi yoxdur.Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhər stadionuna futbol oynamaq məqsədi ilə getmişdir. Bunun üçün stadionun nəzarətçisi Şahid3 ilə əvvəlcədən razılaşmışdır. Belə ki, Göyçay şəhər stadionunun həyətində həvəskar futbolçuların futbol oynaması üçün nəzərdə tutulmuş mini futbol meydançası vardır. Həmin meydançada futbol oynayan şəxslərin paltarlarını dəyişməsi üçün stadionun həyətində ayrıca bina vardır. Həmin binanın açarı nəzarətçi Şahid3 olur. Müəyyən məbləğdə ödəniş etdikdən sonra mini futbol meydançası və paltarları dəyişmək üçün nəzərdə tutulmuş bina 1 saat müddətində həmin şəxslərə verilir. Əks halda heç bir şəxsin mini futbol meydançasına və ya paltarları dəyişmək üçün nəzərdə tutulmuş binaya daxil olmaq səlahiyyəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 22-dən saat 23-dək olan müddət ərzində Şahid3 meydançanı və binanı icarəyə götürmüşdür. Həmin gün saat 22 radələrində stadiona gəldikdən sonra futbolçuların paltarlarını dəyişmək üçün nəzərdə tutulmuş binanın açarını Abbasquludan təhvil almışdır. Sonra komanda yoldaşları ilə birlikdə binanın qapısını açarla açıb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra isə paltarlarını dəyişib çıxacağı üçün qapını arxadan bağlamamış və sonra soyunub-geyinmə otağına daxil olmuşdur. Sonra qapının açarı onda olduğu üçün komanda yoldaşlarının soyunub-geyinmə otağında paltarlarını dəyişərək çıxıb getmələrini gözləmiş və özü də paltarını dəyişmişdir. Hər kəs paltarlarını dəyişib getdikdən sonra o, paltarlarını və telefonunu soyunub-geyinmə otağında olan dolaba qoymuşdur. Həmin vaxt şalvarının cibində 163 manat pul da olmuşdur. Sonra o, dolabın kilid yerində olan açarla dolabı kilidləmiş və əvvəlcə soyunub-geyinmə otağını, sonra isə binanı tərk edib mini futbol meydançasına getmişdir. Bildirir ki, binada soyunub-geyinmə otağından başqa məşqçi otağı və anbar otağı da vardır, lakin onlar həvəskar olaraq futbol oynadıqlarına görə həmin vaxt məşqçiləri olmamışdır və bu səbəbdən anbar otağına və məşqçi otağına ümumiyyətlə daxil olmamışdır. Binanı tərk edib gedərkən isə binanın qapısını nəzarətçi Abbasqulunun verdiyi açarla bağlamışdır. Həmin gün saat 23 radələrində futbol bitdikdən sonra binaya, yəni soyunub-geyinmə otağına geri qayıtdıqda binanın qapısını gedərkən açarla bağlamış olsa da, lakin qapının açıq olduğunu görmüşdür. Sonra isə paltarlarını və mobil telefonunu qoyduğu dolabın kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən açıldığını, şalvarının cibində olan 163 manat pulunun isə götürülməsini müəyyən etmişdir. Mobil telefonu isə orada qalmışdır. Bundan sonra o, naməlum şəxsin oraya daxil olaraq dolabda saxladığı şalvarının cibindən 163 manat pulunu oğurladığını müəyyən etmiş və Göyçay rayon Polis Şöbəsinə müraciət etmişdir. Göyçay rayon Polis Şöbəsində aparılmış araşdırma ilə pulunu oğurlamış şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Binanın açarını nəzarətçi Abbasqulu yalnız ona vermişdir, başqa hər hansı bir komanda yoldaşında açar olmamışdır, onlar həvəskar futbolçu olduqları üçün məşqçiləri olmamışdır. Buna görə də yalnız soyunub- geyinmə otağından istifadə etmişlər və məşqiçi və anbar otağına ümumiyyətlə daxil olmamışlar. Buna görə də həmin otaqlarda kiminsə olmasına fikir verməmişlər.Baş vermiş hadisə zamanı ona 163 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Fazil oğlu ifadə verərək bildirdi ki, istifadəsində «VAZ 21074» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsi atası X3 məxsus olsa da, etibarnamə əsasında o, avtomobili idarə edir. Həmçinin, Göyçay rayonu, Çayarxı kəndi ərazisində yerləşən "xxxx" MMC-nin asfaltzavodunda işləyir. Gündəlik olaraq iş yerinə idarə etdiyi avtomobil ilə gedir. 08 fevral 2025-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi avtomobil ilə iş yerində olan "xxxx" MMC asfaltzavodunun işçilərinin avtomobillərini saxladıqları yerə gəlmiş və avtomobilini həmin yerdə saxlamışdır. Həmin vaxt zavodun soyunub-geyinmə otağında təmir işləri getdiyi üçün avtomobilində paltarlarını dəyişməli olmuş və iş paltarını geyinərək, üzərində olan digər paltarlarını avtomobilinin arxa sərnişin oturacağına qoymuşdur. Həmçinin, şalvarının cibində pul qabı qalmışdır. Pul qabının içində isə 550 manat pul, şəxsiyyət vəsiqəsi və başqa sənədlər olmuşdur. Sonra, tələsdiyi üçün avtomobilinin qapılarını kilidləməyi unudub və çıxıb işə getmişdir. Həmin gün nahar fasiləsi zamanı avtomobilinə yaxınlaşdıqda və paltarlarını dəyişmək istədikdə, avtomobilinin salonunda pul qabının açıq vəziyyətdə olduğunu və pul qabında olan 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs tanımır və onunla arasında ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 isə onun əmisi oğludur və münasibətləri yaxşıdır. Nurlan və o, digər dostları ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən mərkəzi stadiona futbol oynamağa getmişlər. Həmin vaxt stadionun geyinmə-soyunma otağına daxil olaraq paltarlarını dəyişmişlər. O, dolabın açarla bağlanan yerinə telefon, pul və digər əşyalarını qoymuş, dolabın açıq yerinə isə gündəlik geyindiyi paltarlarını asmışdır. Dolabı açarla bağlayıb açarını əynindəki şalvarın cibinə qoyub özü ilə götürmüşdür. Əvvəlki dəfə də futbol oynayarrkən belə etmişlər. Geyinmə otağı stadionda futbol oynayan şəxslərin əşyalarını saxladıqları yer olduğu üçün yalnız futbol oynayan şəxslərin ora daxil olub çıxmalarına icazə verilir. Bu səbəbdən geyinmə otağının çöl qapısı açarla bağlanır və komanda iştirakçılarından biri həmin açarı özü ilə götürür. Həmçinin hər bir şəxsin ayrılıqda öz paltarı və əşyalarını saxlaması üçün açarlı dolabları vardır. Həmin gün axırıncı olaraq, Nurlanla geyinib-soyunma otağından çıxıb, otağın çöl qapısının üstündəki açarla qapını bağlamışdır, açarı Nurlan götürmüş və meydançaya getmişlər. Saat 23 radələrinə kimi futbol oynayıb, sonra geri qayıtdıqda soyunma-geyinmə otağının çöl qapısının açıq olduğunu görmüşlər. O, elə güman etmişdir ki, digər komandanın şəxsləri qapını açıb ora daxil olublar. Həmin vaxt futbol oynayan şəxslər soyunma-geyinmə otağında idman geyimlərini dəyişirdilər. O, öz paltarını və əşyalarını saxladığı dolaba yaxınlaşıb açarla açmışdır. Hər bir əşyası yerində olmuşdur. Lakin həmin vaxt Nurlan dolabının kilidinin açıldığını və 163 manat pulunun olmadığını bildirmişdir. Sonra orda olan şəxslərdən maraqlanmışlar, lakin heç kim məlumatlı olmamışdır. Daha sonra Nurlan stadionun nəzarətçisinin yanına getmişdir. Nəzarətçi də pulunun oğurlandığını eşidib, əgər soyunma otağında kamera varsa, baxmaq istədiyini bildirmiş, ancaq nəzarətçi otaqda kamera olmadığını və geyinib-soyunma otağının giriş qapısının açarının yalnız futbol oynayan şəxslərdə olduğunu, həmçinin Nurlana polisə məlumat verməyi məsləhət görmüşdür. Nurlan oradan çıxaraq Göyçay rayon polis şöbəsinə məlumat vermişdir. Polis tərəfindən araşdırma aparıldıqdan sonra, Nurlanın pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, Göyçay şəhər stadionunda sahibkar olaraq işləyir. Belə ki, həmin stadionun həyətində yerləşən mini futbol meydançasını, futbolçuların paltarlarını dəyişməsi üçün nəzərdə tutulmuş inzibati binanı və stadionun həyətində yerləşən restoranı işlədir. Stadionun həyətində yerləşən mini futbol meydançası həvəskar futbolçulara saatlıq olaraq icarəyə verilir və bununla bərabər meydançanı icarəyə götürmüş şəxslərə paltarlarını dəyişməsi üçün nəzərdə tutulmuş bina da icarəyə verilir. Həmin bina sadəcə olaraq mini futbol meydançasını icarəyə götürmüş şəxslərə istifadə etmək üçün verilir və kənar şəxslərin oraya daxil olması qadağandır, çünki həmin binada futbolçular paltarlarını dəyişir və şəxsi əşyalarını, o cümlədən pullarını və telefonlarını həmin otaqda olan dolabda saxlayırlar. Adi vaxtlarda isə həmin binanın qapısı bağlı olur və açarı ya onun özündə, ya da işçisi Şahid4 olur. O, qeyd edir ki, futbolçuların paltarlarını dəyişmək üçün nəzərdə tutulmuş binada soyunub-geyinmə otağından başqa məşqçi otağı və anbar otağı da vardır. Lakin həvəskar futbolçuların əksər vaxt məşqçiləri olmadığından həmin otaqlar istifadə olunmur. Həvəskar olaraq futbol oynamaq istəyən şəxslər ödəniş etdikdən sonra binanın açarı onlara təhvil verilir və oraya kənar şəxslərin girişi qadağan edilir. Oyun bitdikdən sonra isə açar geri qaytarılır. Həmin bina icarədə olduğu müddətdə stadionun işçilərinin belə icarəyə verilmiş şəxslərin icazəsi olmadan binaya daxil olması qadağandır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində futbol oynayıb qurtardıqdan sonra həmin şəxslərdən biri, adını sonradan bildiyi Nurlan adlı şəxs ona yaxınlaşaraq geyinmə otağının qapısının açarının başqa kimdə olduğunu soruşmuşdur. O, ona izah etmişdir ki, açar yalnız onların özünə təqdim edilir. Nurlan ona dolabından 163 manat pulunun oğurlandığını bildirib və əgər həmin otaqda kamera varsa, baxmaq istədiyini söyləmişdir. O, həmin otaqda kamera olmadığını Nurlana demiş və ona məsləhət görmüşdür ki, bu barədə polisə məlumat versin. Sonradan məlum olmuşdur ki, həmin hadisəni törətmiş şəxs, yəni adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs polis tərəfindən müəyyən edilmiş və istintaqa cəlb olunmuşdur. Məhkəmə baxışında iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir.Videogörüntüdən görünür ki,bir nəfər kişi cinsili şəxs sonradan adı bilindiyi Təqsirləndirilən şəxs yolun kənarında dayanmış sonradan qanuni sahibi müəyyən edilmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan göy rəngli «VAZ 2107» markalı avtomobilə yaxınlaşmış,həmin avtomobilin qabaq sol qapısını açaraq avtomobilə daxil olur,bir az keçməmiş avtomobildən çıxaraq həmin qabaq qapını örtərək yolun əks istiqamətinə hərəkət edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki,»VAZ 2107» markalı AZ 57BV 146 dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədi (ADİS məlumat bankına Göyçay RPİ-ən daxil olan) xx.xx.2007-ci il tarixdə Göyçay rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (03 dəfə) (sol arxa və qabaq qapıların üzərindən götürülmüş),orta və adsız (sol qabaq qapının üzərindən götürülmüş) barmaqları ilə,01 ədədi (ADİS məlumat bankına Göyçay RPŞ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Göyçay rayonunda anadan olmuş Zərərçəkmiş şəxs2 (sol qabaq qapının üzərindən götürülmüş) sol əlinin böyük barmağı ilə eynilik müəyyən etmişdir.Digər eynilik müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 180.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(046)-30/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü icra edilməsi üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüş və xx.xx.2022-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin “Atenti” izləmə sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0.1-ci maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla,məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalı,cəzasının sonu xx.xx.2024-cü il tarix sayılmalıdır.Cəzasını çəkib qurtardığı xx.xx.2024-cü il tarixindən altı ay keçmədən xx.xx.2024-cü il tarixində cinayət törətdiyindən məhkumluğu ödənilməmiş hesab olunmalıdır. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 iyul 2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri Ə.Kərim parkında yerləşən Göyçay şəhər stadionunun soyunub-geyinmə otağına qanunsuz daxil olaraq soyunub-geyinmə otağında olan Zərərçəkmiş şəxs1 şəxsi əşyalarını saxladığı saxlanc yeri hesab edilən dolabın kilidli qapısını digər açıq vəziyyətdə olan dolabların üzərindən götürdüyü açarla açıb qanunsuz daxil olmaqla dolabın içərisində olan 163 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 163 manat məbləğində maddi ziyan vurmaqla başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2025-ci il tarixdə saat 10 radələrində Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus asfaltzavodun qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus VAZ 21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin salonuna daxil olaraq həmin avtomobilin arxa sərnişin oturacağının üzərində olan pul qabından 550 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 550 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.3-cü və 177.2.2-ci maddələrinin tərkibini təşkil edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər mülkiyyət əleyhinə olan cinayət (soyğunçuluq) törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, hazırda yetkinlik yaşına çatmasını,habelə hərbi xidmətdə olmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə birinci epizod üzrə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini,zərərçəkmiş şəxslərin ona qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında verilmiş şərhə görə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar). CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyini cəzanın məqsədlərinə xidmət etmədiyindən ona CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır.Məhkəmə nəzərə alır ki, təyin olunmuş cəza şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir etməyəcəkdir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar