Məhkəmə qərarları › İş №1(046)-46/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-46/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-46/2022 16.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Ucar rayonu Qarabörk kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Səməd Vurğun küçəsində Samux kafesində yaşayan, barsəində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs anası X5 xx.xx.2020-ci il tarixdə müvəqqəti yaşadıqları ünvan 1 ünvanında yerləşən 04 nömrəli mənzilin sanitar qovşağında yıxılaraq aşağı ətraflarını zədələyən, gündəlik məişət ehtiyaclarını müstəqil icra edə bilməyən, kənar şəxsin qulluğuna ehtiyacı yaranan, daimi yataq xəstəliyinə düçar olmuş nənəsi xx.xx.1936-cı il təvəllüdlü X2 tələbatlarını qarşılamaqdan bezdiyinə görə xx.xx.2020-ci il tarixdə təxminən saat 22:00 radələrində kirayədə yaşadıqları ünvan 2 ünvanında çarpayının üzərində olan qəhvəyi rəngli naxışlara malik yastıqla Bənövşə Ələkbərovanın sifət nahiyəsini sıxaraq sonucunun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırıb qəsdən öldürdüyünü gördükdən sonra sonuncunun xüsusilə ağır cinayət törətdiyini bildiyi halda X9nın yaş həddinə görə əldə etdiyi aylıq 237 manat məbləğində təqaüdü əldə etməyə davam etmək məqsədilə anası Sədaqət Əsgərova ilə X9nın öldürülməsi barədə aidiyyəti qurumlara məlumat verməmək, habelə Bənövşə Ələkbərovanın meyitini gizlin üsulla dəfn etməklə törədilmiş cinayəti gizlətmək barədə qabaqcadan vəd vermədən gəldiyi razılığa uğun olaraq Bənövşə Ələkbərovanın meyitini gizlin üsulla dəfn edə bilmək üçün müvafiq yer axtarmağa başlamasına baxmayaraq şəhər ərazisində yerləşən qəbiristanlıqlara gedib müvafiq ölüm kağızı olmadan şəhər ərazisində yerləşən qəbiristanlıqlarda Bənövşə Ələkbərovanın meyitini qeyri-aşkar üsulla dəfn etməyin mümkün olmayacağını dəqiqləşdirdiyinə görə anası ilə razılığa gəlib dayısı X6 Gəncə şəhərində öldüyü və dəfn edilməsi üçün Ucar rayonuna aparmalı olduğu yalanını uyduraraq anası ilə birlikdə meyiti xalçaya bükməklə şəxsiyyətini gizlədərək xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində törədilmiş cinayətdən məlumatsız olan tanışı Şahid2 uydurduğu yalanı deyib onun fiziki köməyindən istifadə etməklə meyiti binanın həyətinə düşürüb, meyitin daşınması üçün əvvəlcədən sifariş etdiyi şəhər ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan törədilmiş cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı "Qaz 3302" markalı yük avtomobilinin yük kabinəsinə yerləşdirib, meyiti şəhər ərazisindən çıxardıb həmin tarixdə saat 05 radələrində Göyçay rayonu, Müskürlü kənd qəbiristanlığına apararaq dəfn etmək istəsə də, həmin kənd qəbiristanlığında torpaq örtüyün qazılması üçün lazım olan qazma əşyalarını tapmadığından meyiti qeyd olunan qəbiristanlıqda torpaq sahə üzərində qoyub anası Sədaqət Əsgərova ilə birlikdə Mingəçevir şəhərinə qayıdaraq, qabaqcadan vəd vermədən xüsusilə ağır cinayəti gizlətmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə dostları Yusif və Pərvin ilə Mingəçevir şəhərindı Heydər Əliyev adına olan parkda yerləşən çayxanada çay içdikdən sonra saat 22:00 radələrində müvəqqəti yaşadığı Mingəçevir şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 4 nömrəli mənzilə getmişdir. Həmin mənzil 4 otaqdan ibarət olmuş, giriş qapısının kilitini öz açarı ilə açıb giriş qapısından sağ tərəfdə yerləşən öz otağına daxil olmuşdur. Öz otağına daxil olub divan üzərində əyləşdikdə mətbəx otağı ilə bitişik olan yataq otağından xırıltı səsi eşitmişdir. Həmin səsə doğru gedərək zaldan həmin otağa vizual baxış keçirən zaman anası Sədaqət Əsgərovanın uzun müddət yataq xəstəsi olan Bənövşə Ələkbərovanın üz nahiyyəsini yastıqla sıxaraq boğduğunu görmüşdür. Dərhal anası Sədaqət Əsgərovaya mane olmaq üçün həmin otağa daxil olmuşdur. Anasının əlindən tutub yastığı nənəsinin ağzından çəkdiyi zaman anası Sədaqət Əsgərova ona kənar durmağını, qarışmamağını artıq ona qulluq göstərməkdən bezdiyi səbəbindən onu öldürdüyünü bildirmişdir. Anası artıq yastığı nənəsinin ağız nahiyyəsindən çəkdikdən sonra sağ əlini nənəsinin boyun nahiyyəsinə tutaraq ürək impluslarının atıb-atmadığını yoxlamış və ürək impluslarının atmadığını müəyyən edərək anası Sədaqət Əsgərovanın X9nı qəsdən həyatdan mərhum etdiyini anlamışdır. Daha sonra anası Sədaqət Əsgərova öz otağına keçməli olduğunu bildirmişdir. Öz otağına keçmək istəmədiyinə görə anası onunla mübahisə etmiş və mübahisəni davam etdirməmək üçün öz otağına keçmişdir. Öz otağına keçdikdən bir neçə dəqiqə sonra anası həmin otağa gəlmişdir. Anası otağa gələrək Mingəçevir şəhəri ərazisində qəbiristanlıqda yer axtarmalı olduqlarını və nənəsi Bənövşənin meyitini gizli üsulla dəfn etməli olduqlarını bildirmişdir. Daha sonra anası sözlərinə əlavə edərək nənəsi Bənövşənin hər ay 237 manat məbləğində əmək müavinatı aldığını və həmin pulu almaqda davam edə bilmək məqsədilə nənəsi Bənövşənin öldüyünü gizlətməyi təklif etmişdir. Bu zaman anasının təklifi ilə razılaşmışdır. Həmçinin anası əlavə olaraq, kənar şəxslərə Kürdəmir rayonunda yaşayan qardaşı Səfərin öldüyünü deməyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər ərazisində bir sıra qəbiristanlıqları gəzdiyi zaman nənəsini dəfn etmək üçün müvafiq qəbiristanlıqlar tapa bilməmişlər. Belə ki, qəbiristanlıqlara nəzarət edən şəxslərə dayısının öldüyünü və yer axtardıqlarını bildirdikdə onlar qanuna uyğun olaraq ölüm kağızı və digər bir sıra sənədləri toplayaraq gətirib təqdim etdikdən sonra meyiti dəfn edə biləcəklərini bildirmişlər. Vəziyyətin bu cür cərəyan etdiyini görüb nənəsi Bənövşənin meyitini Ucar rayonunda dəfn etmək qərarına gəlmişlər. Bunun üçün Mingəçevir şəhərində H.Əliyev məscidinin yanında yük maşınlarının olduğu yerə gedərək orada dayanan sürücüsünün sonradan adının Səid olduğunu bildiyi şəxsə yaxınlaşmışdır. Səidə dayısının öldüyünü, meyitini Ucar rayonuna aparmaq istədiklərini və həmin marşrut üzrə nə qədər pul tələb etdiyini soruşmuşdur. Səid əvvəlcə 50 manat qarşılığında meyiti Ucar rayonuna aparmağa razı olsa da sonradan Səidə saat gecə 4-5 radələrində yola çıxmalı olduqlarını bildirdiyinə görə Səid əlavə olaraq 20 manat məbləğində pul tələb etmişdir. Səidlə razılaşmış və evə getmişdir. Evə gedərək ətrafa, o cümlədən qazel sürücüsünə kişi cinsli yəni dayısının öldüyünü bildirdiyinə görə meyitin qadın cinsli olduğunu gizlətmək məqsədilə ansı ilə birlikdə nənəsi Bənövşəni kəfənləyib xalçaya bükərək çarpayı üzərinə qoymuşlar. xx.xx.2020-ci il tarixdə gecə saat 03:30 radələrində Səidə zəng edərək gəlməyini xahiş etmişdir. Səid yolda olduğunu təxminən bir neçə dəqiqəyə çatacağını bildirmişdir. Daha sonra Səidin gəldiyini bilib dostu Pərvinə zəng edərək dayısının meyitini yaşadığı 3-cü mərtəbədən aşağı düşürtmək üçün kömək etməyini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Pərvin gəlmiş və evdən nənəsinin meyitini götürüb aşağı həyətə düşürtmüşlər. Pərvinlə meyiti aşağı düşürdərkən "Qazel" markalı yük avtomobili gəlmişdir. Qazel sürücüsü Səid avtomobilin yük kabinəsinə qalxaraq Pərvinlə meyiti həmin kabinəyə yerləşdirməyinə kömək etmişdir. Daha sonra nəqliyyat vasitəsinə əyləşərək yola düşmüşlər. Həmin vaxt hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq olunan komendant rejiminə əsasən Alaqapı adlanan yerdə quraşdırılmış nəzarəti DİO-na həvalə edilmiş mühafizə postunu öz şəxsiyyət vəsiqələrini təqdim edib yaslarının olduğunu bildirərək həmin postu keçmişlər. Ucar rayonuna çata-çatda anası fikrini dəyişərək meyiti Ucar rayonunda deyil Göyçay rayonunun Müskürlü kəndində dəfn edəcəklərini bildirmişdir. Həmin gün saat 05 radələrində Müskürlü kənd ərazisinə daxil olaraq qəbiristanlığı tapmışlar. Lakin hava qaranlıq olduğundan qəbiristanlığın yanında “Qazel2 markalı nəqliyyat vasitəsinin ətrafında anası Sədaqət Əsgərova ilə dayandığı zaman "Vaz" markalı nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini yanlarında saxlayaraq köməyə ehtiyaclarının olub-olmadığını soruşmuşdur. Həmin vaxt anası Sədaqət Əsgərova dəfnlərinin olduğunu hər hansı köməyə ehtiyaclarının olmadığını bildirmişlər. Bir müddət keçib hava açıldıqdan sonra sürücü Səid Qazel nəqliyyat vasitəsini qəbiristanlığın içərisinə sürmüş və köməklik edərək meyiti Qazel markalı nəqliyyat vasitəsinin yük kabinəsindən endirmişdir. Daha sonra Səidə ödəməli olduğu 50 manat miqdarında pulu ödəmiş və sonuncu getmişdir. Səid getdikdən sonra anası qəbiristanlıq ərazisindən meyiti dəfn etmək üçün bel və digər vasitələr axtarmışdır. Lakin tapa bilmədiyinə görə meyiti torpaqlıq sahə üzərində qoyub getməli olmuşlar. Əvvəlcə anasına etiraz etsə də, sonradan nənəsini torpaqlıq sahə üzərində qoymağa razılaşmışdır. Qəbiristanlığı tərk etdiyi zaman “Opel” markalı nəqliyyat vasitəsini saxladaraq onları avtovağzala aparmalarını xahiş etmişdir. Həmin opel sürücüsü pul istəmədiyini bildirsə də, sonradan 5 manat məbləğində pulu özü ona ödəmişdir. Daha sonra avtovağzaldan taksi fəaliyyəti ilə məşğul olan Opel markalı avtomobilə minərək Mingəçevir şəhərinə getmişlər. Gəldikləri gün bir müddət evdə istirahət etdikdən sonra Mingəçevir şəhəri Qaz idarəsinin yaxınlığında yaşayan bacısı Lətafət Həsənovanın evinə getmişlər. xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 4 nömrəli mənzilə daxil olmuşlar və onları Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Daha sonra Mingəçevir şəhər polis şöbəsinə oradan isə Göyçay rayon prokurorluğuna aparılmışlar. Göyçay rayon prokurorluğunda anası Sədaqət Əsgərova törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Özü Mingəçevir şəhərinə geri qayıdaraq X9ya məxsus pensiya kartını götürüb, Mingəçevir şəhəri ərazisində yerləşən Beynəlxalq bankın bakomatından 237 manat məbləğində pul çəkmişdir. Həmin pulun 100 manatını Göyçay rayonunda yaşayan X4 vermişdir. Ələkbər Ələkbərov həmin pulu və nənəsi Bənövşəyə aid pensiya kartını dayısı Səfər Ələkbərovun istədiyini bildirdiyinə görə həmin kartı və nənəsinin şəxsiyyət vəsiqəsinin əslini Ələkbər Ələkbərova vermişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı mənzilə daxil olub öz otağına keçib divan üzərində əyləşdikdə anasının " öl öl " deyə qışqırığını eşidib səs gələn otağa keçmişdir. Həmin vaxt anası nənəsinin üz nahiyyəsini yastıqla sıxaraq "öl-öl" deyə qışqırmışdır. Dərhal anasının əlindən tutub boğmamağını xahiş etsə də, sonuncu sözlərinə aldırmamış, bir neçə saniyə sonra anası yastığı nənəsinin üzündən götürmüş və sağ əli ilə nənəsinin boyun hissəsindən ürək implusunun atıb-atmadığını yoxlamış və nənəsinin öldüyünü müəyyən etmişdir. Daha sonra anası həmin otağı tərk etməyini bildirmiş və otağı tərk edərək öz otağına keçmişdir. Otağı tərk etməzdən öncə X9nın nəbzini yoxlayıb öldüyünü müəyyən etmiş, daha sonra anası nənəsi Bənövşənin paltarlarını soyunduracağını və bu səbəbdən otağı tərk etməli olduğunu bildirmişdir. X9 öldürüldüyü gün üzərində olan paltarları zibil qutusuna atmış, belə ki, bu barədə anası Sədaqət Əsgərova göstəriş vermişdir. Anası X9nı yastıqla sıxaraq öldürdükdən sonra otağına keçərək törədilmiş cinayəti gizlədərək nənəsinin aylıq aldığı 237 manat məbləğində pensiya pulunu almaqda davam edə biləcəklərini bildirmiş, anasının təklifi ilə razılaşmış, anasının qardaşı Səfərin Gəncədə öldüyünü və dəfn olunması üçün Mingəçevir şəhərinə gətirildiyi yalanını uydurmuşdur. Anası ondan nənəsinin ölümünü gizlətmələrini istədiyi üçün, bu barədə heç kimə heçnə deməmişdir. Nənəsi ödürüldükdən sonra sonuncunun pensiya kartından 237 manat pulu Mingəçevir şəhəri “Bazarstore” marketinin qarşısında olan bankın bankomatından çəkmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, özünə məxsus “Qazel”” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəsini dolandırmışdır. Adətən öz maşını ilə Mingəçevir şəhəri, Nərimanov küçəsində “Fabrik Kuxna” deyilən yerin qarşısında dayanıb müştəri gözləmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 13-14 radələrində sonradan adını öyrəndiyi Dəyanət adlı şəxs ona yaxınlaşaraq kimsəsiz olan dayısının rəhmətə getdiyini, meyiti Ucar rayonuna aparmaq lazım olduğunu və hansı qiymətə apara biləcəyini soruşmuşdur. Sonuncuya 60 manata apara biləcəyini bildirmiş və nə vaxt gedəcəklərini soruşmuşdur. Həmin vaxtdan Dəyanət adlı şəxs səhərə yaxın təxminən, saat 04-05 radələrində getməli olduqlarını, belə ki, səhər tezdən meyiti dəfn edəcəklərini bildirmişdir. Erkəndən duracağını düşünərək Dəyanətə 10 manatda üstünə qoymasını və 70 manata aparacağını bildirmiş, sonuncuda onunla razılaşmış və nömrəsini götürüb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Dəyanət adlı şəxs xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək gəlməyini bildirmişdir. Bundan sonra, yerindən durub təxminən 20 dəqiqə sonra evdən çıxmış və Dəyanətin dediyi ünvana, yəni H. Aslanov küçəsi bina 2 ünvanına getmişdir. Ünvana çatdıqda blokun qarşısında 3 nəfər şəxs görmüşdür. Həmin şəxslərdən biri Dəyanət, biri yaşlı başı çarşabla bağlı olan qadın, digəri isə cavan oğlan olmuşdur. Meyit isə xalçaya bükülmüş vəziyyətdə blokun qarşısında olmuşdur. Həmin vaxt Dəyanətlə digər cavan oğlan meyiti götürüb maşına qoymuşlar. Daha sonra Dəyanət və yaşlı qadın maşına əyləşmişlər. Cavan oğlan isə orada qalmışdır. Bundan sonra Ucar rayonu istiqamətinə yola düşmüşlər. Yolda olarkən Mingəçevir şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsində maşını saxlayıb 20 manatlıq benzin vurmuş, həmin vaxt benzinin pulunu yaşlı qadın vermişdir. Bundan sonra yenidən yola düşmüş və gəlib Göyçay şəhərində “4 yol” deyilən dairədən sağa dönüb Ucar rayonu istiqamətində getmişlər. Ucar şəhərinə çatmağa az qalmış Müskürlü qapısından kəndə dönməyini bildirmişdir. Bu zaman Müskürlü kəndinin Ucar rayonu ərazisi olmasını zənn etmişdir. Bundan sonra, Müskürlü kəndinin ala qapısından girib təxminən 1 km irəli getdikdə yolun sağında qəbristanlıq görünmüşdür. Həmin vaxt yaşlı qadın qəbiristanlığa girməyini istəmiş, gecə olduğundan qəbiristanlığa girməkdən imtina etmiş və maşını yolun kənarında saxlamışdır. Belə ki, yaşlı qadın qəbir qazan gələcəyini və onu gözləyəcəklərini demişdir. Həmin vaxt saat 05 radələri olmuşdur. Maşını saxladıqdan sonra Dəyanətlə həmin yaşlı qadın maşından düşüb yolun kənarında gözləmişlər, özü isə maşında oturmuşdur. Bir qədər sonra yoldan keçən “Vaz2106” markalı nömrəsini xatırlamadığı avtomobil maşınının yanında saxlayıb həmin qadınla nəsə danış, sonra çıxıb getmişlər, lakin sonuncuların nə danışdıqlarını eşitməmişdir. Təxminən, 1 saat gözlədikdən sonra hava bir qədər aydınlaşmış və həmin yaşlı qadınla Dəyanət qəbiristanlığın içinə girmişlər. Oradan Dəyanət zəng edərək maşını qəbiristanlığın içinə salmağını istəmişdir. Maşını qəbiristanlığın içinə salıb saxlamış, daha sonra Dəyanətlə köməkləşib meyiti maşından yerə düşürmüşlər. Daha sonra Dəyanət ona 50 manat vermiş və getməyini söyləmişdir. Belə ki, qəbir qazanı gözlədiklərini bildirmişdir. Bundan sonra çıxıb getmiş, Dəyanətlə yaşlı qadın isə orada qalmışlar. Yalnız istintaqa dəvət olunduqdan sonra məlum olmuşdur ki, əslində meyit Dəyanətin dayısının deyil, nənəsinin meyiti olmuşdur. Dəyanətin anası nənəsini öldürmüş bundan sonra onun meyitini aparıb Göyçay rayonu, Müskürlü kəndində yerləşən qəbiristanlığa qoymuşlar. Həmin vaxt bundan məlumatı olmamış, belə ki, məlumatı olsa vaxtında hüquq mühafizə orqanlarına bu barədə bildirərdi. Həmçinin bildirmişdir ki, Dəyanətlə yaşlı qadın özlərini çox sərbəst aparmışlar və onların hərəkətlərindən heç şübhələnməmişdir. Buna görə də, bu barədə heç bir orqana məlumat verməmişdir. Dəyanət özü həmin meyitin dayısının meyiti olduğunu demiş, lakin, Dəyanətdən dayısının necə ölməsini maraqlanmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Sirac oğlu göstərmişdir ki, Göyçay rayonu, Müskürlü kəndində yerləşən, “Mustafa Baba” ziyarətgahında xidmətçi işləmiş, həmçinin, həftənin 1-ci və 4-cü günləri ziyarətgahın yerləşdiyi qəbiristanlığa getdiyini və orada ziyarətə gələnlərə xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə, yəni həftənin 1-ci günü adəti üzrə səhər saat 10 radələrində qəbiristanlığa getmiş və giriş qapısından elə də uzaqda olmayan qəbirlərin yanında xalçaya bükülmüş vəziyyətdə cisim olduğunu görmüş, yaxınlaşıb baxdıqda, xalçanın içərisində, ağ mələfəyə bükülmüş vəziyyətdə meyitə oxşar nəsə olduğunu görmüşdür. Dərhal kənd icra nümayəndəsi Mahizər Əliyevaya məlumat vermişdir. Mahizər xanım isə bu barədə aiddiyətı orqanlara məlumat vermişdir. Bundan sonra, həmin yerə polis və prokurorluq əməkdaşları gəlmiş həmin meyitin qadın cinsinə mənsub olması müəyyən edilmişdir. Həmçinin, həmin saatlarda kənd sakini olan Şahid4 ona zəng edərək, dünən kənd qəbiristanlığının qarşısında “Qazel” markalı avtomobil və həmin avtomobilin içərisində 2 nəfər kişi və 1 nəfər qadın gördüyünü həmin şəxslərdən nə üçün gəldiklərini soruşduqda, sonuncular meyit dəfn etmək üçün gəldikləri barədə məlumat verdiyini bildirmişdir. Bundan sonra, bu barədə aidiyyatı orqanlara məlumat vermişdir. Sonradan, həmin adamların Mingəçevir şəhərindən gəldiklərini, dəfn ediləcək şəxsin isə öldürüldüyünü öyrənmişdir. Həmçinin bildirmişdir ki, həmin qadın cinsli meyit xalçaya bükülmüş vəziyyətdə görmüş və həmin meyitə toxunmamışdır. Kənd sakinləri Nahid və Mürşüd həmin “Qazel”-i və həmin şəxsləri gördükləri barədə kənd sakinlərinə bildirdiyi barədə məlumat eşitmişdir. Nahid səhər tezdən zəng edərək qəbiristanlığın qarşısında üç nəfər şəxs gördüklərini, həmin şəxsləri əvvəllər görmədiklərini və səhər tezdən, yəni, havanın qaranlıq vaxtında meyit dəfn etmək üçün gəldikləri barədə ona məlumat vermişdir. Nahid həmin “Qazel”-i qəbiristanlığın qarşısında yolun kənarında gördüklərini, qadının başında qara hicab olduğunu, həmçinin cavan oğlanın və bir nəfər də orta yaşlı kişinin orada olduqlarını bildirmişdir. Cinayət işinə əlavə edilmiş ********* nömrəli cinayət işindən ayrılmış və ********* saylı cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Anaxanım Məmmədovaya məxsus olan, X5 istifadəsində olan +**********67 GSM telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə keçirilən baxış zamanı +**********67 GSM mobil nömrə ilə Şahid1 məxsus olan +**********50 GSM nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 20:51 radələrində 60 saniyə; xx.xx.2020-ci il tarixdə saat 02:50 radələrində 37 saniyə, saat 03:15 radələrində 25 saniyə, saat 06:30 radələrində 8 saniyə, Təqsirləndirilən şəxs məxsus olan +**********16 GSM mobil nömrəsi arasında mütəmadi və aralarında xx.xx.2020-ci il tarixdə saat 19:43də 17 saniyə, saat 22:14-də 2 saniyə; xx.xx.2020-ci il tarixdə saat 13:55-də 50 saniyə, saat 19:58-də 15 saniyə; xx.xx.2020-ci il tarixdə saat 11:19-da 7 saniyə, saat 11:31-də 17 saniyə; xx.xx.2020-ci il tarixdə saat 15:52-də 14 saniyə, saat 16:39-da 8 saniyə, saat 20:23-də 14 saniyə; xx.xx.2020-ci il tarixdə saat 10:00-da 46 saniyə; xx.xx.2020-ci il tarixdə saat 12:18-də 1 saniyə, saat 12:20-də 25 saniyə, saat 12:36-da 1 saniyə, saat 12:37-də 71 saniyə, saat 19:37-də 54 saniyə; xx.xx.2020-ci il tarixdə saat 11:59-da 11 saniyə, saat 12:41-də 19 saniyə, saat 15:44-də 9 saniyə, saat 15:45-də 7 saniyə, saat 16:20-də 10 saniyə, saat 18:03-də 16 saniyə; xx.xx.2020-ci il tarixdə saat 14:37-də 23 saniyə, saat 14:46-da 49 saniyə, saat 16:38-də 11 saniyə, saat 19:42-də 10 saniyə; xx.xx.2020-ci il tarixdə saat 13:07-də 73 saniyə, saat 13:56-da 30 saniyə, saat 14:01-də 35 saniyə, saat 19:58-də 7 saniyə; xx.xx.2020-ci il tarixdə saat 20:09-da 2 saniyə; xx.xx.2020-ci il tarixdə saat 17:41-də 34 saniyə, saat 19:45-də 26 saniyə; xx.xx.2020-ci il tarixdə saat 20:18-də 8 saniyə; xx.xx.2020-ci il tarixdə saat 19:14-də 23 saniyə; Şahid2 istifadəsində olan +**********32 GSM mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 22:19 radələrində 79 saniyə; xx.xx.2020-ci il tarixdə saat 02:44 radələrində 31 saniyə danışıq olduğu müəyyən edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə saat 22:15-də Şahid2 məxsus olan +**********32 GSM mobil nömrəsinə “Ay qa axşamın xeir mənə zənq vurda və ya bu nömrəni blokdan çıxart” məzmunlu SMS mətni göndərilmişdir. Cinayət işinə əlavə edilmiş ********* nömrəli cinayət işindən ayrılmış və ********* saylı cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********16 GSM telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə keçirilən baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş ********* nömrəli cinayət işindən ayrılmış və ********* saylı cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Şahid2 istifadəsində olan +**********32 GSM telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı "Azərfon” MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə keçirilən baxış zamanı X7 məxsus olan +**********67 GSM nömrəsi ilə xx.xx.2020-ci il tarixdə saat 22:19 radələrində 79 saniyə; xx.xx.2020-ci il tarixdə saat 02:44 radələrində 31 saniyə danışıq apardığı, X7 məxsus olan +**********67 GSM nömrədən “Ay qa axşamın xeir mənə zənq vurda və ya bu nömrəni blokdan çıxart” məzmunlu SMS daxil olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 aprel 2022-ci il tarixli, 233/80 saylı rəydən görünür ki, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı NEVRSTENİYA, NEVROTİK REAKSİYALARLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 1939 saylı arayış, 4995/2011 saylı xəstəlik tarixinin surəti, Ucar MRX-dan verilmiş xx.xx.2022-ci il tarixli 288 saylı arayış, Mingəçevir şəhər X1 verilmiş xx.xx.2022-ci il tarixli 115 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez yorulması, astenizə olunması, tez qıcıqlanması və s.) imkan verir. Təqsirləndirilən şəxs NEVRSTENİYA, NEVROTİK REAKSİYALARLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1 və 22-ci naddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətləri dərk etmək və hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi vardır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2011 və 2012-ci illərdə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında qısa müddətli stasionar müayində olaraq “ Orta dərəcədə ifadə olunmuş nevrasteniya, emosional iradi pozuntularla” diaqnozu qoyulması, həmin diaqnozla 2014-cü ildən Ucar MRX-nın poliklinikasında psixiatriya kabinetində qeydiyyata götürülməsi, 2012ci ildən psixiatriya stasionarında müalicədə olmaması, keçirdiyi xəstəliklərlə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilməsi (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022ci il tarixli, 1939 saylı arayış, 4995/2011 saylı xəstəlik tarixinin surəti, Ucar MRX-dan verilmiş xx.xx.2022-ci il tarixli 288 saylı arayış, Mingəçevir şəhər Ruhi X3 verilmiş xx.xx.2022-ci il tarixli 115 saylı arayış) istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez yorulması, astenizə olunması, tez qıcıqlanması və s.) az ifadəli olması əsas verir. Aparılmış psixoloji müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşer testlərinə əsasən) onda neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin, analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir. Verbal qiymət – 66 VQ; Qeyri-verbal qiymət – 70 RQ, Ümumi qiymət – 88 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyililik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı iş üzrə tədqiq edilmiş sübutlara hüququi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları məcmuyu şəkildə nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Buna görə də məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, sınaq müddəti müəyyən edilərək, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə kimi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşılırsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttəhov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar