Məhkəmə qərarları › İş №1(046)-47/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-47/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-47/2025 31.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Göyçay rayonu Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonun Xəlitli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi özünə məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar avtomobil yolu ilə üzü Göyçay şəhəri istiqamətində yolun Mallı-Şıxlı kənd ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yolu sürücünün hərəkəti istiqamətində soldan sağa doğru keçmək istəyən piyada Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.2003-cü il təvəllüdlü X4 avtomobilin sol ön tərəfi ilə vuraraq Ferid Seyidova ehtiyyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid açıq kəllə-beyin travması, sağ budun orta 1/3dən qapalı yerdəyişən sınığı, başın sağ ansa və alt dodaq nahiyələrində yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, üzün hər iki yanaq, burun ucluğu nahiyələrdə, sol əlüstü-əl barmaqları proyeksiyalarında, sağ diz oynağının ön hissəsində və sol ayaqüstü nahiyələrdə dərinin epidermis qatının sıyrılmış yaraları kimi xəsarətlər yetirilmiş və sonuncunun ehtiyyatsızlıqdan yolnəqliyyat hadisəsi yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkir. Onun özünə məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrinda həmkəndlisi Orxan adlı şəxs ona zəng edərək qayını Rəhman adlı şəxsi Göyçay rayonu Çərəkə kəndindən götürərək Göyçay şəhərində "Accesbank"ın qarşısına gətirməsini tapşırmış, bundan sonra idarə etdiyi özünə məxsus avtomobil ilə Rəhman adlı şəxsi Göyçay rayonu Çərəkə kəndindən götürmüş və üzü Göyçay şəhəri istiqamətində hərəkətə başlamış, həmin vaxt avtomobili o özü idarə etmiş, Rəhman adlı şəxs da ön sərnişin yerində əylaşmişdir. Göyçay şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkət edərkən Göyçay rayonu Mallı-Şıxlı kəndinin girişinə çatdıqda öz hərəkət zolağında hərəkətdə olan zaman anidən yolu onun hərəkət istiqamətində soldan sağa doğru qaça-qaça bir nəfər şəxsin keçməsini görmüş, həmin vaxt onun idarə etdiyi avtomobil ilə piyada arasında təxminən 1.5 metr məsafə olmuş, buna görə də hadisənin qarşısını ala bilməmiş və həmin piyadanı avtomobilin sol ön hissəsi ilə vurmuş, daha sonra avtomobili yolun sağ tərəfinə çəkərək saxlamış, piyada isə zərbənin təsirindən bir neçə metr avtomobildən sol tərəfə düşmüşdür. Bundan təxminən 1-2 dəqiqə sonra oradan keçən həmkəndlisi Habil adlı şəxsdən onu Göyçay rayon polis şöbəsinə gətirməsini xahiş etmiş, bundan sonra Rəhman adlı şəxs hadisə yerində qalmış, Habil isə idarə etdiyi avtomobil ilə onu Göyçay rayon polis şöbəsinə aparmış, daha sonra isə polis əməkdaşları ilə birlikdə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə getmiş və hadisə yerini təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Habildən təcili tibbi yardıma zəng etməsini xahiş etmiş və xəsarət almış şəxsi xəstəxanaya aparmalarını istəmiş, lakin Habil ona həmin şəxsin artıq öldüyünü bildirmiş, bundan sonra orada olan hazırda adını xatırlamadığı şəxsə öz ad və soyadını söyləmiş və hadisənin özünün törətdiyini bildirmiş, bundan sonra Habildən onu Göyçay rayon polis şöbəsinə aparmasını tələb etmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 zərərçəkmiş şəxsin onun oğlu olduğunu, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Şahid2 ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs Göyçay rayonu Mallı-Şıxİı kəndinin “ala qapı”sında avto qəza etdiyini və səhhətinin yaxşı olmadığını söyləmiş, buna görə da dərhal hadisənin baş verdiyi yerə gəlmişdir. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yolu keçən piyadanın vurmasını bilmiş, həmçinin qardaşı Təqsirləndirilən şəxs səhhətinin yaxşı olmadığını görmüş, həmkəndlisi Şahid2 ilə birlikdə Sabiri Göyçay rayon mərkəzi xəstəxanasına aparmaq istəmiş, lakin Təqsirləndirilən şəxs onlara onu Göyçay rayon polis şöbasinə aparmalarını bildirmiş, buna görə də Şahid2 idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs RPŞ-na daxil olmuş, onlar isə yenidən hadisə yerinə qayıtmışdırlar, hadisə yerinə sonradan gəldiyi üçün hadisənin baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:30 radələrində Göyçay rayonu Mallı-Şıxİı kəndində yerləşən Dəniz marketdə olmuş, həmin vaxt küçədə səs eşitdiyi üçün küçəyə çıxmış, bu zaman küçədə “VAZ 2106” markalı avtomobilin bir nəfər şəxsi vurmasını görmüş, buna görə də dərhal hadisə yerinə yaxınlaşmış, kömək etmək istəmiş, lakin həmin piyadanın artıq öldüyünü hiss etmiş, daha sonra isə o, “VAZ 2106” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, bu zaman həmin şəxsin onun həmkəndlisi Sabir olmasını və səhhətinin yaxşı olmadığını görmüşdür. Bundan sonra Sabir özünə gəlmiş və o, 103 xidmətinə zəng etmişdir. Sonra Sabirin səhhətinin yaxşı olmadığını görmüş və qardaşı Elşənə zəng etmiş və hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra Sabiri Göyçay rayon mərkəzi xəstəxanasına aparmaq istəmiş, o isə onu Göyçay rayon polis şöbəsinə aparmasını tələb etmişdir. O və Elşən birlikdə onun idarə etdiyi avtomobil ilə Sabiri Göyçay rayon polis şöbasinə gətirmiş, daha sonra isə hadisə yerinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrinda qayını Rəhman ona zəng edərək yaşadığı Göyçay rayonu Çərəkə kəndində olmasını, Göyçay şəhərinə getmək üçün taksi tapa bilmədiyini söyləmişdir. Həmin vaxt o, Göyçay şəhərində olmuş və qayını Rəhman da onun yanına gəlmək istəyirmiş, buna görə də o, həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək Çərəkə kəndində yaşayan qayını Rəhmanın kənddən Göyçay şəhərinə gəlmək istədiyini söyləmiş ve Təqsirləndirilən şəxs Rəhmanı Göyçay şəhərinə gətirməsini xahiş etmiş, Təqsirləndirilən şəxs heç bir problem olmadığını va Rəhmanı Göyçay şəhərinə gətirə biləcəyini söyləmişdir. Hava qaranlıq idi, saat neçə olduğunu xatırlamır, qayını ilə telefonla əlaqə saxlamış, sonuncu yolda olduğunu bildirmişdir. Üstündən 5 dəqiqə keçdikdən sonra Rəhman ona zəng edərək həyəcanlı halda Mallı-Şıxİı kəndinin girəcəyində qəza etdiklərini söyləmiş, buna görə də o dərhal həmin yerə gəlmişdir. Bu zaman Rəhmanın həyacanlı olduğu üçün özünü yaxşı hiss etmədiyini görüb onu avtomobilə əyləşdirmişdir. Həmçinin, təcili tibbi yardım xidmətinin əməkdaşları ona yardım etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı Göyçay rayonu Çərəkə kəndindən Göyçay şəhərinə gəlməli olmuş, həmin vaxt tanış bir neçə taksi sürücüsünə zəng etmiş, lakin boş taksi tapa bilməmiş, buna görə də yeznəsi Orxana zəng edərək Göyçay şəhərinə gəlmək istədiyini, lakin taksi tapa bilmədiyini söyləmişdir. Orxan ona danışıb xəbər edəcəyini söyləmiş, bundan təxminən 10 dəqiqə sonra Orxan ona zəng edərək taksi sürücüsü ilə danışdığını və gəlib onu götürəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobildə ön sərnişin oturacağında əyləşmiş, həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmiş və avtomobildə onlardan başqa heç kim olmamış, onlar Ucar-Göyçay avtomobil yolunda üzü Göyçay şəhəri istiqamətində hərəkət etmişlər. Təxminən Göyçay rayonu Mallı-Şıxlı kendinin “ala qapısı” deyilən yerə çatmağa az qalmış qarşıdan uzaq işıqlarından istifadə edən yük avtomobili gəlirmiş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobili təxminən 60 km/saat sürəti ilə idarə edirmiş və yük avtomobilinin gəlməsini gördüyü üçün sürəti bir qədər da azaltmış, həmçinin uzaq işıqlarını yandırıb-söndürmüş ki, yük avtomobili da uzaq işıqlarını söndürsün, Mallı-Şıxlı kəndinin "ala qapı”sının qarşısında olan zaman anidən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol tərəfindən nəsə dəydiyini və ön şüşəsinə çırpıldığını görmüş, sonra adam vurduqlarını başa düşmüşdür. Sonra nə baş verdiyi onun yadından çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində baş vermişdir. Göyçay RPŞ-nin növbətçi hissəsindən ona Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, bundan sonra onunla bir xidmət edən Göyçay RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru Şahid5 ilə birlikdə dərhal Göyçay rayonu Mallı-Şıxlı kəndinə getmiş, hadisə yerinə çatdıqdan sonra Göyçay rayonu Mallı-Şıxlı kənd sakini X3 yolnəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölməsini bilmişlər. Daha sonra mərhum X9 rayonu Xəlitli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmasını öyrənmişlər. Təqsirləndirilən şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulduğu yerdən təxminən 15 metr aralı məsafədə üzü Göyçay şəhəri istiqamətində yolun sağ tərəfində dayanmasını müəyyən etmiş, bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili vasitəsi ilə mərhum Fərid Seyidovun meyiti morqa aparılmışdır. Sonra sürücü Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən hadisə yerinin müayinəsi aparılmış, hadisə yerinin müayinəsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil Göyçay RPŞ-nin duracağına yerləşdirilməsi təmin edilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, yol-nəqliyyat hadisəsi baş verdiyi yerdə ümümiyyətlə işıqlandırma yoxdur. Cinayət işi üzrə Şahid5 məhkəməyə gəlmədiyindən sədrlik edən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir: Şahid5 ifadəsində bildirmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPXnin inspektoru vazifəsində xidmət edir, xx.xx.2024-cü il tarixda saat 21:50 radələrində Göyçay RPŞ-nin Növbətçi hissəsindən ona Göyçay rayonu Mallı-Şıxlı kendi ərazisində ölümlə nəticilənən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə malumat daxil olmuş, bundan sonra onunla biryerdə xidmət edən Göyçay RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru Şahid6 ilə birlikdə dərhal Göyçay rayonu Mallı-Şıxlı kendinə getmiş, hadisə yerinə çatdıqdan sonra Göyçay rayonu Mallı-Şıxlı kənd sakini X3 yol-nəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölməsini bilmiş, daha sonra mərhum X9 rayonu Xəlitli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmasını öyrənmiş, Sabir Memmadova maxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulduğu yerdən təxminən 15 metr aralı məsafədə üzü Göyçay şəhəri istiqamətində yolun sağ tərəfində dayanmasını müəyyən etmiş, bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili vasitəsi ilə mərhum Fərid Seyidovun meyiti morqa aparılmış, bundan sonra sürücü Təqsirləndirilən şəxs iştiraki ila müstəntiq tərəfindan hadisə yerinin müayinasi aparılmış, hadisə yerinin müayinəsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay RPŞ-nin duracağına yerləşdirilməsi təmin edilmiş, onlar hadisə yerinə çatan zaman sürücü Təqsirləndirilən şəxs da hadisə barədə Göyçay RPŞ-nə məlumat verərək hadisə yerinə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Göyçay-Ucar abtomobil yolunun Göyçay rayonu Mallı-Şıxlı kəndindən keçən hissəndə baş verimişdir. Yolun ümumi eni 7.80 metrdir, yolda hərəkət hissələrini ayırmaq üçün uzununa nişanlama xətti vardır. Hamin yolda üzü Göyçay şəhəri istiqamətində yolun sağ tərəfində yolun ehtiyyat hissəsində VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Piyadanın vurulma yeri Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Mallı-Şıxlı kəndində keçən hissəsində üzü Göyçay şəhəri istiqamətində yolun hərəkət hissəsində orta xəttdan 1.5 metr, yolun sağ kənarından isə 2.6 metr mesafədə yerləşir. Mərhum piyada X8 hadisədən əvvəl Göyçay rayonu Mallı-Şıxİı kəndindən çıxaraq Göyçay-Ucar avtomobil yolunda yolun hərəkət hissəsinə sürücünün hərəkəti istiqamətində soldan sağa doğru qaçaraq daxil olmuş, yolun hərəkət hissəsi ilə düz istiqamət üzrə 7.5 metr məsafə qət etmiş, həmin vaxt üzü Göyçay şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2106 markalı, 23BL-397 dövlat qeydiyyat nişanlı avtomobilin sol ön hissəsinə dəymiş, zərbənin təsirindən mərhum Fərid Seyidov piyadanın vurulma yerindən çəpinə 9.4 metr aralı məsafədə yolun əks tərəfində ehtiyyat hissəyə düşmüşdür. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 09 noyabr 2024-cü il tarixli, 630 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya PHŞ tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 09 noyabr 2024-cü -cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdaki xəsarətlər — açıq kəlla-beyin travması, sağ budun orta 1/3-dan qapalı yerdəyişən sınığı, başın sağ ansa va alt dodaq nahiyələrində yumşaq toxumalarının əzilmişcırılmış yaraları, üzün hər iki yanaq, burun ucluğu nahiyələrdə, sol alüstü-al barmaqları proyeksiyalarında, sağ diz oynağının ön hissəsində və sol ayaqüstü nahiyələrdə dərinin epidermis qatının sıyrılmış yaraları. Qeyd olunan xəsarətlər həyətidirlər, X3 ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişləer, qararın təsviri hissəsinde göstərilmiş avtomobil qazası zamanı əmələ gəlməsi inkar olunmur va törənmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb bədənin ağır küt travması- kəllə əsası sümüklərinin xətti sınıqları fonunda açıq kəllə beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatın neticəsində qanda 0,5 % etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslardə YÜNGÜL dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək qüvvədə olan) DİN-in BDYPİ Yevlax RQİTBŞ-si tərəfindən B və C kateqoriyalı sürücülük vəsiqəsinin verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququnun qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzindən alınmış məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx.xx.2025-ci il tarixli 8/3364 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş malumatlara əsasən VAZ2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə "Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri öz qüvvəsəndə saxlanılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə, saat 00:10-dan tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş maddi və mənəvi ziyan sonuncu tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2- ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı “**-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdən saat 00:10 dan 11 noyabr saat 19:50-dək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2106” markalı “**-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN ********** köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar