Məhkəmə qərarları › İş №1(046)-48/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-48/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-48/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Z.Nəcəfov küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən üzərində “F/M40” göstəricisi olan 1 ədəd qəhvəyi rəngli narkotik vasitə olan metadon həbini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 fevral 2024-cü il tarixdə saat 22:40 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 23:20 dəqiqədə X3 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən “Vinston” markalı siqaret qutusunun içərisində qara-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə, xeyli miqdarda, yəni təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda, yəni tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən üzərində “F/M40” göstəricisi olan 1 ədəd qəhvəyi rəngli narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, anası X2 və qardaşı X4 ilə birlikdə yaşayır. Bir ildən artıq müddətdir ki, bədənində olan ağrılarını sakitləşdirmək üçün narkotik vasitə olan heroindən və həmçinin narkotik tərkibli həblərdən istifadə edir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən hamam otağına girmək istəmiş, həmin vaxt qardaşı Elsevər hamam otağında olduğundan gözləmiş və bayıra çıxacağı üçün tələsmişdir. Həmin vaxt o, qapını döyərək Elsevərə tez çıxmasını bildirmiş, lakin Elsevər hamam otağından çox gec çıxmış və sonuncu hamam otağından çıxdıqda o, qardaşına tələsdiyini bilə- bilə nə üçün gec çıxmasını demiş, həmin vaxt Elsevər ona söyüşlə cavab vermişdir.Esevərin yaşadıqları evdə ona söyüş söydüyündən əsəbiləşərək özündən çıxmış və yaşadıqları evdə masanın üzərində olan mətbəx bıçağını götürərək Elsevərin sol qoluna bir dəfə zərbə endirmiş və həmin bıçağı da götürüb yaşadıqları evdən çıxmışdır. Həmin vaxt qardaşı Elsevərə xəsarət yertirdiyi bıçağı yol kənarında xatırlamadığı yerə atmış, hadisədən sonra yaşadıqları küçədə gəzişib sakitləşmək istəmişdir. Həmin vaxt üzərində olan siqaret qutusunun içərisində bir bükümdə narkotik vasitə olan heroin, metadon həbi, narkotik tərkibli həblər və ağrıkəsici dərmanlar saxlamışdır. Həmin gün saat 22:30 radələrində yaşadıqları küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər.Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-yə getmişdir. Həmin vaxt o, narkotik tərkibli həb qəbul etmiş, polis əməkdaşları ilə birlikdə şöbəyə gedərkən polis əməkdaşları onun hərəkətlərindən narkotik vasitə istifadə etdiyindən şübhələnmiş, şöbəyə çatdıqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və təqdim edilən vəkillərin siyahısından hüquqlarımı müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək xahiş etmişdir ki, hüquqlarımı dövlət hesabına müdafiə etsin. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə vardırsa təqdim etməyi təklif etmişdir. Bundan sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən pul qabını, gödəkçəsinin sol yan cibindən vinston markalı siqaret qutusunu, qəpikləri, gödəkçəsinin sağ çöl döş cibindən mağaza kartlarını, gödəkçənin sol döş cibindən bir ədəd gümüş boyunbağını, həmçinin şalvarının arxa sol cibindən özünə məxsus 1 ədəd Samsung markalı mobil telefonunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirildikdə oradan 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 1 ədəd narkotik vasitə olan metadon həbi, bir neçə ədəd narkotik tərkibli həblər və həmçinin ağrı kəsici və yuxu dərmanı kimi istifadə etdiyi dərman preparatları aşkar edilmişdir. Pul qabının içərisindən isə özünə məxsus bank kartları, şəxsiyyət vəsiqəsi və pul vəsaitləri aşkar edilmişdir. Üzərindən aşkar edilmiş sellofan bükümdə olan kakos kimi tanıdığı narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 0,48 qram gəlmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə və həblər zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar edilmiş ona məxsus mobil telefon, 4 ədəd bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Üzərindən aşkar olunan narkotik vasitələr və narkotik tərkibli həblər ona məxsus olmuş, həmin narkotik vasitələri və həbləri təxminən 15 gün əvvəl sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsin hesabına 50 manat pul köçürtməklə Bakı şəhəri ərazisində xatırlamadığı yerdən götürərək şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində İlkin adlı şəxsin qardaşı Elsevərə bıçaqla xəsarət yetirməsi barədə 102 zəng xidmətinə daxil olmuş məlumatla bağlı, təhqiqatçı İslam Şirinov tərəfindən İlkin adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq Şöbəyə gətirilməsi üçün əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar İlkin adlı şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Göyçay RPŞ-nin CAB-ın əməkdaşları Şahid1 və Şahid3 Nadir oğlu ilə ilə birlikdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri, Z.Nəcəfov küçəsinə gedilmiş, həmin gün saat 22:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədə müəyyən edib özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində olan araşdırma ilə bağlı Göyçay RPŞ- yə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, onlar Təqsirləndirilən şəxs Şöbəyə gətirərkən hərəkətlərindən narkotik vasitə istifadəçisi olduğundan şübhələndikləri üçün təhvil verərkən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi üçün aidiyyatı üzrə raportla müraciət etmişlər. Bundan sonra Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra vəkil Müdafiəçila təmin edilmiş, ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin ciblərindən pul qabını, vinston markalı siqaret qutusunu, qəpikləri, mağaza kartlarını, bir ədəd gümüş boyunbağını, həmçinin şalvarının arxa cibindən özünə məxsus 1 ədəd Samsung markalı mobil telefonunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirildikdə oradan 1 ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirdiyi kütlə, 1 ədəd metadon olduğunu bildirdiyi həb, həmçinin bir neçə ədəd dərman preparatları və ağrıkəsicilər olduğunu bildirdiyi həblər aşkar edildi. Pul qabının içərisindən isə bank kartları, şəxsiyyət vəsiqəsi və pul vəsaitləri aşkar edilmişdir. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 0,48 qram gəlmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə və həblər zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin mobil telefon, bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən “Vinston” markalı siqaret qutusunun içərisində olan təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən üzərində “F/M40” göstəricisi olan 1 ədəd qəhvəyi rəngli narkotik vasitə olan metadon həbi aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 03 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/118 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində yalnız , “Şübhəli- Vəkil-imza" sözləri və imzalar yazılmış zərfin içərisindəki qara-ağ rəngli kağıza bükülmüş 01 (bir)ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,297 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 2,247 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1135 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 X7 №2» möhür əksləri olan,»3-16- 16-2-17/118…03 fevral 2024-cü il…HK-1/217 Göyçay RPŞ…» sözləri,soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki üzərində «ALYSE 150 mq» göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 2 ədəd ağ rəngli kapsulun tərkibində preqabalin təsir maddəsinin miqdarı 0,3 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır),üzərində «F/M40» göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram olduğu müəyyən edildi (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır) Tədqiqata təqdim olunmuş üzərində «ketoblok»göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 5 (beş) ədəd narıncı rəngli həbin və üzərndə «AMİTRİPLİKSİN QRİNDEKS 25 mq» göstəricisi olan bir ədəd konvalyutda 1 (bir ) ədəd sarı rəngli həbin tərkibində narkotik vasitələrin,psixotrop,güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə,psixotrop,güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Repsublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş « Azərbaycan Repsublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin kapsulların ümumi sayı-2 ədəd,tədqiqata sərf edildi-1 ədəd,qalıq-1 ədəd. «Methadone 40» həblərinin ümumi sayı -1 ədəd,tədqiqata sərf edildi-1/2 ədəd,qalıq- 1/2 ədəd. Narıncı rəngli həblərin ümumi sayı-5 ədəd,tədqiqata sərf edildi-1 ədəd,qalıq-4 ədəd. Sarı rəngli həblərin sayı-1 ədəd,tədqiqata sərf edildi-1/2 ədəd,qalıq -1/2 ədəd. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 03 aprel 2024-cü il tarixli, 565 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə, saat 22.55-də şübhəli şəxs qismində tutulmuş, 04 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.05-də MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda, yəni tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən üzərində “F/M40” göstəricisi olan 1 ədəd qəhvəyi rəngli narkotik vasitə olan metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır.Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram narkotik vasitə olan heroin, narkotik vasitə olan 1/2 hissə metadon həbi, 01 ədəd preqabalin kapsulu, 04 ədəd narıncı rəngli həb, 1/2 hissə sarı rəngli həb Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 136 manat 94 qəpik dəyəri Azərbaycan Respublikası CPM- nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Z.Nəcəfov küçəsi, 7 saylı fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram narkotik vasitə olan heroin,narkotik vasitə olan 1/2 hissə metadon həbi, 01 ədəd preqabalin kapsulu, 04 ədəd narıncı rəngli həb, 1/2 hissə sarı rəngli həb məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 136 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar