Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-48/2025 23.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Göyçay rayon Şahsoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Göyçay rayon Şahsoltanlı kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 08 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Göyçay rayon Şahsoltanlı kəndində yerləşən fərdi yaşayış evində olarkən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ağız nahiyəsini hər iki əlinin barmaqları ilə kənarlara doğru qəsdən dartaraq sonuncuya hər iki ağız bucağı nahiyəsində cırılmış yaralar fonunda hər iki yanağın selikli qişalarında qançırlarla müşahidə edilən əzilmişcırılmış yaralarla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır, 28 ildir ki evlidirlər və 4 uşaqları vardır.11 fevral 2025-ci il tarixdə saat 08 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadıqları evdə qutab bişirməyə başladığını görmüş, sonra arvadı Rənaya qutabı indi bişirməməsini, dəyirmana getdiyini nahar vaxtına geri qayıdacağını bildirmiş, qutabı nahara bişirməsini isti halda yemək istədiyini bildirmiş, lakin arvadı Zərərçəkmiş şəxs onunla razılaşmayaraq öz bildiyini edəcəyini demiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı arvadını əlləri ilə sinəsindən geriyə itələmiş, hər iki əlinin barmaqlarını ağzına salaraq ağzını cırmağa başlamış, Rəna onun əlindən qaçaraq getmişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxt evdə heç kim olmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, 28 ildir ki evlidirlər və 4 uşaqları vardır. 11 fevral 2025-ci il tarixdə saat 08 radələrində günorta qutab bişirməyə başlamış, əri Ənvər yuxudan oyanaraq qutab bişirməyə hazırlaşdığını görüb “ qutabı mənim acığıma bişirirsən” deyərək onunla əvvəlcə sözlü mübahisə etməyə başlamış, həmin vaxt Ənvərə səhərdən axşama kimi evdə yatdığını, heç bir işlə məşğul olmadığını və evdə yeməyə başqa heç nə olmadığını deyərək bu səbəbdən məcbur qalıb qutab bişirdiyini bildirmiş, Ənvər onu söyüb təhqir edərək üzərinə gəlmiş, “sənin ağzını cıracam” deyərək onu itələmiş, yerə yıxmış, sonra isə hər iki əlinin barmaqlarını ağzına salaraq ağzını cırmağa başlamış, sonra birtəhər güclə Ənvərin əlindən çıxmış, evi tərk edərək polisə müraciət etmək üçün yola düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə Ənvər ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizasından alınmış 11 fevral 2025-ci il tarixli, 54 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər iki ağız bucağı nahiyəsində cırılmış yaralar fonunda hər iki yanağın selikli qişalarında qançırlarla müşahidə edilən əzilmiş- cırılmış yaralar xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərin törənmə müddəti 11 fevral 2025-ci il tarixə uyğun gəlir və küt-bərk əşyanın (əşaların) təsirindən əmələ gəlmişdirlər. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığından onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 08 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Göyçay rayon Şahsoltanlı kəndində yerləşən fərdi yaşayış evində olarkən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ağız nahiyəsini hər iki əlinin barmaqları ilə kənarlara doğru qəsdən dartaraq sonuncuya hər iki ağız bucağı nahiyəsində cırılmış yaralar fonunda hər iki yanağın selikli qişalarında qançırlarla müşahidə edilən əzilmişcırılmış yaralarla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası həddində içtimai işlər cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib ona 360 saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi ictimai yerlərdə çəksin. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-48/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-48/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver