Məhkəmə qərarları › İş №1(046)-49/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-49/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-49/2024 03.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, evli, himayəsində 4 azyaşlı uşağı olan, Göyçay rayon Şəhadət kəndində qeydiyyatda olmaqla, Göyçay şəhəri Bakı küçəsi ev 1H, mənzil 41A-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 40,70 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlamış,13 mart 2024-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri Vaqif küçəsində olarkən və üzərində həmin narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saat 14:06-da üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli pencəyinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 40,70 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin yay ayında Göyçay rayonu Potu kəndi ərazisindən keçən “Şirvan su” kanalının yanında 1 ədəd yaşıl rəngli bitki kolunun olduğunu görmüş, narkotik vasitə qəbul etdiyi üçün həmin kolun narkotik vasitə olan çətənə kolu olduğunu bilmiş, bu səbəbdən həmin bir ədəd kolu kökündən çıxarıb yaşadığı evin yaxınlığına aparıb yarpaqlarını qoparıb sellofan torbaya yığmış, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığındakı işıq dirəyinin ətrafında daşın altında gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində işlədiyi ət dükanından çıxıb həmin sellofan bükümü gizlətdiyi yerdən götürüb yaşadığı evə doğru gedən zaman Göyçay şəhəri Vaqif küçəsində polis əməkdaşları ona yaxınlamış, özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Göyçay rayon Polis Şöbəsinə getmişdir. Növbətçi Hissəsnin qarşısında müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri ona izah edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Göyçay rayon polis şöbəsinin Növbətçi Hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya varsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin zaman əynindəki boz rəngli şalvarının sol yan cibindən üzərində “Sobranie” yazısı olan 10 ədəd siqaret ilə birlikdə siqaret qutusunu, bir ədəd alışqanı, qara rəngli pencəyinin sağ yan cibindən içərisində narkotik vasitə olan bir ədəd qara rəngli selofan bükümü masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi elektron çəkidə qara rəngli selofan büküm ilə birlikdə 44,58 qram olmuşdur. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürlənmişdir. Eləcə də, onun üzərinə şəxsi axtarış keçirlməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş özü və digər iştirakçılar tərəfindən imzalanmışdır.Törətdiyi əməlindən peşmandır.Məhkəmədən xahiş etmişdir ki,ona cəza təyin edilərkən, himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra digər polis əməkdaşları Şahid3 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılıb onlara təlimatlandırma keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri Vaqif küçəsində piyada hərəkətdə olduğunu görüb yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin gəzdirməsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra təhqiqatçı Rüstəm Xəlilov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra növbətçi hissədə Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya, predmet varsa masanın üzərinə qoyması təklif edilmiş, Elmir Rəhimovda əynindəki qara rəngli pencəyinin sağ yan cibindən bir ədəd qara rəngli selofan bükümü masanın üzərinə qoymuşdur. Aşkar edilmiş içərisində yaşılımtıl rəngli maddə olan büküm nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin “nəşə’' kimi tanıdığı narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyularaq çəkilmiş və sellofan bükümlə birlikdə çəkisi 44,58 qram olmuşdur. Aşkar edilmiş həmin büküm 1 ədəd zərfə qoyulub, zərfin ağzı möhürlənmiş və kleylə yapışdırılmışdır. Bundan sonra video-çəkiliş dayandırılaraq, protokol tərtib edilmiş, ona və iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 Regional Bölməsindən alınmış 14 mart 2024-cü il tarixli 17/265 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində ‘'Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi- 40,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Qeyd: Marixuanın təmiz çəkisi 40.70 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 40.65 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli 661 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-ci il tarixli şübhəli şəxsin tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 13:18-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 12:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 40.70 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri Vaqif küçəsində üzərində qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində 4 azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 40.65 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 40.65 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar