Məhkəmə qərarları › İş №1(046)-49/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-49/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-49/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan oimuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Göyçay Vaqif küçəsi ev 128-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,221 qram olan kustar üsulla psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 20 yanvar 2025-ci il tarixdə saat 00:12 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və saat 00:12-dən 00:37-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü falqa bükümündə xeyli miqdarda, yəni təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Əvvəllər iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunaraq 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa çıxmışdır. Şahid1 ilə dostluq münasibətləri vardır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə dostu Şahid1 məxsus «VAZ 21154» markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün Muradla birlikdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində öz yaşadığı evin həyətində elektrik işləyən Şahid7 məxsus evin qarşısına getmiş, Şamilin işlətdiyi yer öz evinin həyətində olduğu üçün Şamil gecə saatlarında da avtomobil olduqda təmir etmiş, həmin vaxt onlar Şamili çağırmış, evin qarşısında üçü də avtomobilin yanında olarkən, o, əynində olan qara rəngli şalvarının sağ yan cibində bir bükümün içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini saxlamışdır. Həmin vaxt yəni xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə onlara narkotik vasitə istifadə etməkdə və üzərlərində saxlamaqda şübhəli olduqlarını bildirib üzərlərinə baxış keçirəcəklərini demiş, onlar isə polislərə etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərlərinə baxış keçirilməsinə başlanmış, ilk öncə polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt o, üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroin, həmçinin 1 bükümdə kristal halında psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan başqa üzərinə baxış keçirilərkən üzərindən pul əskinasları, bank kartları, şəxsiyyət vəsiqəsi, siqaret, narkotik vasitəni istifadə etdiyi “turbiçka” kimi adlandırılan 1 manat pul əskinasından hazırlanmış boruşəkilli bükülü falqa, günəbaxan tumları, alışqan və iki ədəd mobil telefon aşkar edilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə gümüşü falqanın içərisində elektron tərəzidə çəkilmiş, çəkisi 0,74 qram gəlmişdir. Həmin büküm və narkotik vasitəni istifadə etdiyi falqa, sellofan və 02 ədəd “turbiçka” siqaret qutusunun içərisində zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra Şahid1 üzərinə baxış keçirilərkən Muradın da üzərindən bir bükümdə narkotik vasitə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram gəlmiş, həmin kütlə zərfdə qablaşdırılaraq götürülmüş, Şahid7 üzərindən, həmçinin Şahid1 məxsus avtomobildən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmış, şöbədə müdafiəçi ilə təmin olunmuş, həmçinin Şahid1 və Şahid7 da müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə video görüntü vasitəsilə hüquqları izah olunmuş, üzərlərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitələr təhqiqatçı tərəfindən götürülmüş, üzərindən aşkar edilən kütlə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuş, həmin narkotik vasitələri 3-4 gün əvvəl Göyçay şəhəri, Əli Kərim parkında gəzərkən yerdə taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitə və psixotrop maddədən heç kimə nə verməmiş, nədə ki satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamış, Şahid1 və Şahid7 həmin üzərində olan narkotik vasitədən və psixotrop maddədən məlumatlı olmamış, həmin şəxslərə bu barədə heç bir məlumat verməmiş, Şahid1 üzərində olan narkotik vasitədən də onun heç bir məlumatı olmamış, onda olan narkotik vasitə və psixotrop maddədən özündən başqa hər hansı bir şəxsin məlumatı olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis bölməsində hər hansı təsir-təzyiqə məruz qalmadığını, ona fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, hər hansı xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Göyçay rayon polis şöbəsinə Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 201, mənzil 26-da yaşayan Şahid1, Göyçay şəhəri, Vaqif küçəsi ev 128-də qeydiyyatda olan Təqsirləndirilən şəxs və Göyçay şəhəri X6 küçəsi ev 119da yaşayan Şahid7 üzərlərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerlərinin müəyyən olunaraq üzərilərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Şahid1, Təqsirləndirilən şəxs və Şahid7 olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında CAB-ın əməkdaşları Şahid4, Şahid3, Şahid5 və Şahid6 ilə birlikdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsinə 119 saylı evin qarşısına getmiş, oraya çatdıqdan sonra özlərini təqdim edərək həmin şəxslərə barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərilərinə baxış keçiriləcəyi bildirilmişdir. 20 yanvar 2025-ci il tarixdə saat 00:12 dəqiqədə həmin şəxslərin üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmiş, həmin şəxslərə üzərlərinin yoxlanılacağı, daha sonra Göyçay RPŞ-də müdafiəçi ilə təmin olunacaqlarını demişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu demiş, həmin büküm açılan zaman içərisində əlavə olaraq 2 ədəd də gümüşü rəngli büküm olduğu, birinin içərisində narkotik vasitə heroinə bənzər, digərində isə psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin kakos, şəffaf rəngli maddənin isə patı olduğunu demiş, həmin kütlələrin hər ikisinin ümumilikdə çəkisi bükümlərlə birlikdə 0,74 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən 4 manat 20 qəpik, 1 dollar, 1 ədəd Mobitel və 1 ədəd Samsung markalı telefonlar, günəbaxan tumu, 2 ədəd Whinçester markalı siqaret, alışqan, 2 ədəd plastik kart, şəxsiyyət vəsiqəsi aşkar edilmiş, siqaret qutusunun birinin içərisindən narkotik vasitə istifadə etmək üçün hazırlanan papiroslar da aşkar edilmiş, kartlar, telefonlar, pullar, 1 ədəd Whinçester markalı siqaret, alışqan Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş kütlələr və içərisində narkotik vasitə istifadə etmək üçün olan papiros şəkilli alətlər tərəfindən qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-nin 92 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Şahid1 üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmuş, Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü bükümdə qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram təşkil etmişdir. Həmin büküm onun tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən 1 ədəd Samsung markalı telefon aşkar edilmiş, sonra həmin telefon onun tərəfindən Şahid1 özünə qaytarılmış, daha sonra Şahid7 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, Şahid7 üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını demiş, Şahid1 üzərində şəxsi axtarış aparılmış, üzərindən 2 ədəd alışqan və 1 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş əşyalar onun tərəfindən özünə geri qaytarılmış, sorğu zamanı Şahid7 həmin şəxslərin avtomombilini təmir etmək üçün orada olduğunu, Murad və Allahverdi ilə heç bir əlaqəsinin olmadığını demiş, Şahid1 idarə etdiyi VAZ 21015 mavkalı, **-GV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra hər üç şəxsi də götürüb Göyçay RPŞ-nə gəlmiş, Göyçay RPŞ-də təhqiqatçı Anar Feyzullayev tərəfindən hər üç şəxs müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra yuxarıda adlarını qeyd etdiyi şəxslər və müdafiəçilər Müdafiəçi, X2 və X1 iştirakı ilə şübhəli şəxslərdən aşkar edilən maddi sübutlar götürülmüşdür. Təhqiqatçı Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək qablaşdırılmış kütlələrin həmin şəxslərə aid olub-olmamasını soruşmuş, bu zaman hər iki şəxs üzərlərindən aşkar edilən kütlələrin özlərinə məxsus olduğunu demiş, Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, üzərilərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satmaları və ya vermələri barədə əməliyyat məlumatı daxil olmamış, Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduqları üçün üzərilərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımış, Şahid1 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni haradan əldə etmələri barədə onlarda dəqiq məlumat olmamış, sadəcə olaraq sorğu zamanı Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini Göyçay şəhərində yerləşən Heydər Əliyev parkının yaxınlığından, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Göyçay şəhəri Əli Kərim parkından tapdığını, öz şəxsi istifadələri üçün üzərlərində daşıdıqlarını bildirmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 20 yanvar 2025-ci il tarixli 17/55 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər və siqaret qutusu” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü falqaya bükülmüş: - 01 (bir) ədəd gümüşü falqa bükümündə, təmiz çəkisi - 0,496 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,221 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). Azərbaycan Respublikası “Tibbi Ərazi Bğlmələrini İdarəetmə Birliyi” X9 “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2025-ci il tarixli, 18-1-40/2-163/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır, həkim psixiatrın qeydiyyatında olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki o, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 01 ay 22 gün cəzadan şərti olaraq azad edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonun ilə azad edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 800 qram olduqda xüsusilə külli, 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar, 0,02 qram olan metamfetamin xeyli miqdar, 1,6 qram olduqda isə külli miqdar, 160 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 11 aprel 2025-ci il tarixli 565 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:25-də MSY-dən həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 71,94 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən saat 01:20-dən 21 yanvar 2025-ci il saat 18:25 il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Göyçay RPŞ-nin saxlancına verilmiş 0,446 qram narkotik vasitə heroin və 0,171 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN ********** köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar