Məhkəmə qərarları › İş №1(046)-5/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-5/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-5/2023 22.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx.xx.1998-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta ixtisas təhsilli, məhkum olunmamış, subay, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində mərhum əmisinin arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs daşla vuraraq başın sağ alın nahiyyəsində yumşaq toxumaların şişkinliyi fonunda hematomalı sahə, sağ gözün üst qapağının bir qədər sallanması, nisbətən geri qalması, bəbəyin bir qədər daralması, göz almasının palpasiyada ağrılı olması və üst-alt göz qabaqlarında qansızmalarla nəticələnən posttravmatik hissəvi ptozu xəsarətini yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin arvadıdır. Aralarında uzun müddətdir ki, mübahisə vardır. Günel dəfələrlə ona və ailəsinə narahatçılıq verməklə yaşadıqları evdən onları çıxarmaq istəmişdir. Belə ki, uzun müddətdir, Zərərçəkmiş şəxs ona və ailə üzvlərinə şər, böhtan atmış, dəfələrlə əsassız yerə döyülməsi barəsində polis orqanlarına məlumat vermişdir. Zərərçəkmiş şəxs əri yəni əmisi Kamran Əkbərov siçan dərmanı içərək özünə qəsd etməsindən sonra ona və ailəsinə qarşı daha da aqressiv olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əri Kamranın ölümündə onu və ailə üzvlərini günahlandırmışdır. Günel bir neçə dəfə həyətlərində ümumi istifadədə olan hamamın qaz borusunu açaraq içəri qaz dolmasına partlayışa səbəb olmasına şərait yaratmış, hətta hamamın içərisindəki qızdırıcının borusuna zibil tökməklə dəm qazının içəriyə dolmasına və anası Təranənin çimərkən boğulmağına şərait yaratmışdır. Eyni zamanda, bir neçə dəfə evinə gələn qazı açıb bağlamaqla evə qazın dolmasına şərait yaratmışdır. Evlərinin zirzəmisində olan qaz xəttinin borusunu kəsməklə qazın gəlməsinə maneçilik törətmiş, həyətlərində olan 7 ədəd su kranlarını müxtəlif vaxtlarda sındırmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs evindən çıxan zibili, çirkli suyu, sidiyi, çayı, yeməyi pəncərədən onun yaşadığı evin pilləkəninin qarşısına, üzərinə tökür, həyəti qəsdən çirkələndirir, hamamı, ayaqyolunu qəsdən çirkləndirməklə ona və ailəsinə narahatçılıq verərək onunla dalaşmaqlarına şərait yaradır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində anası Təranə ilə birlikdə yaşadığı evdə olmuş, həmin vaxt Günel də öz evində olmuşdur. Həmin vaxt anası Təranə həyətə düşmüş, bir qədər sonra Günelin yaşadığı evin pilləkəninin kənarına çay xəkəsi və sidik tökməsini görmüş, Günel pilləkənin qarşısına da yağ tökmüşdür. Həyətə düşdükdə gözünün qabağında Günel həyətə pəncərədən sidik tökmüşdür. Ona “sən dəlisən, xəstəsən, neynirsən?” demiş Günel isə həmin vaxt ona tərəf 2 dəfə yumurta atmış, yumurta ona dəyməmiş, əsəbləşərək həyətdən torpaq götürüb bir dəfə Günelin yaşadığı evin pəncərəsinin divarına tərəfə atmış, həmin torpaq divara dəymişdir. İkinci dəfə torpaq atanda torpaq Günelin yaşadığı evin qapısına dəyib pilləkənə düşmüşdür. Bundan sonra anası Təranə 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları yaşadığı ünvana gələndən sonra ona Günelin baş nahiyyəsindən vurması ilə bağlı şikayət etməsini bildirmişlər. Buna görə də təqsirləndirildiyi maddə üzrə ona bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri birlikdə ünvan 2 ünvanında yaşayır. X2 ilə ailə həyatı qurmuşdur. 2009-cu ildən isə qaynı Vüqar Əkbərov və onun ailəsi ilə birlikdə həmin ünvanda yaşamış, qaynı Vüqar və ailə üzvləri onu və mərhum ərini evdən çıxaraq həmin mülkə tam sahib olmaq istəmişlər. Vüqar Əkbərov və ailə üzvləri ilə aralarında mülklə bağlı mübahisə vardır. X6 xx.xx.2021-ci il tarixdə siçan zəhəri və sirkə turşusu içərək intihar etmişdir. Əri vəfat etdikdən sonra onun başsız və köməksiz qalmağını görərək Vüqar və onun ailəsi onu həmin evdən çıxarmaq üçün hər cür üsul və vasitələrə əl atmışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə işlədiyi məktəbdən yaşadığı evə gələn zaman evin pilləkəninə və qarşısına çirkli su atıldığını görmüşdür. Daha sonra pilləkəni sildikdə eltisi Şahid1 mətbəxin yanında durub ona acıq verərək güldüyünü, “Ölə” dediyini görüb ona pilləkəninə çirkli su tökdüyünə görə irad bildirdikdə Təranə onun ölənlərinin qəbrini təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində pilləkəninə nəyinsə töküldüyünün səsini eşidərək dərhal bayıra çıxmış, pilləkəninə və eyvanın qarşısına zibil töküldüyünü görmüşdür. Təranə və qızı Aygün zirzibili onun evinin pilləkəninə atdıqdan sonra qaçıb gizlənmişlər, telefonla onların atdığı zibili çəkmişdir ki, onların nalayiq hərəkətlərinə davam etmələri barədə əlində sübut olsun. Bundan sonra süpürgə götürərək həmin yeri təmizləyərkən Təranə və qızı Aygün evin yan tərəfindən gizləndikləri yerdən çıxaraq Təranə ona “öl elə, elə partlayıb öləsən, ərin gorbagor kimi öləsən, qoymaram sizi burada yaşamağa” demişdir. Yenidən mobil telefonunu götürüb onları çəkməyə başladıqda, Aygün və anası yenə evin kənarına keçib gizlənmişlər. Evə daxil olaraq sahə rəisi polis mayoru Zaur Cavadova zəng edib Təranənin və qızı Aygünün nalayiq ifadələri barədə məlumat vermişdir. Zaur müəllim kənarda olduğunu və bir saat ərzində yaxınlaşacağını bildirmişdir. Bundan sonra Təranə onun Zaur müəllimlə danışdığını eşidib “öl gorbagor ərin öldü, nə qələt eləyə bildin, goruna filan elədiyim, səndə gorbagor ərin kimi öləsən” demişdir. Cavab olaraq “səndə mənim kimi başşsız qalassan” demişdir. Bundan sonra Aygün onun və övladlarının ünvanına çox ağır sözlər işlədərək qarğış etməyə başlamışdır. Aygünə “səndə mənim uşaqlarım kimi yetim qalassan” demiş və yaşadığı evə daxil olmuşdur. İçəridə olan zaman evin pəncərəsinin şüşəsinə daş dəydiyini, şüşənin sındığını eşitmişdir. Çölə çıxdıqda Aygün yenidən onun tərəfə daş atmış atdığı daşlardan biri onun alnının sağ nahiyyəsinə dəymişdir. Daşın təsirindən gözünə qaranlıq gəlmiş və başı gicəllənmişdir. Müvazinətini saxlaya bilməyəcəyini görüb evə daxil olaraq oturmuşdur. Həmin zaman ürəyi bulanmağa başlamış və qaytarmışdır. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verərək başından xəsarət almağını bildirmişdir. Aralarında olan səs-küyə onunla qonşuluqda yaşayan anası Şahid2 gəlmiş və onun vəziyyətinin yaxşı olmadığını görüb onu həkimə aparmaq istəmişdir. Bu zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və onun pis olduğunu görərək ərizə aldıqdan sonra, izahatının alınması üçün polis şöbəsinə dəvət etmişdirlər. Lakin halı yaxşı olmadığı üçün polis əməkdaşlarına özünün polis şöbəsinə yaxınlaşacağını bildirmişdir. Həmin polis əməkdaşları getdikdən sonra sahə rəisi Zaur müəllim yaşadığı ünvana gəlmişdir. İzahatının alınması üçün Göyçay rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı Orxan Kərimov onun izahatını aldıqdan sonra polis şöbəsindən çıxaraq Göyçay RMX-ya getmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən səsküy gəldiyini görüb tez onun yaşadığı evə tərəf getmiş, həyətə daxil olduqda həyətin içində zibillərin dağıldığını və həyətdə heç kimin olmadığını görmüş, daha sonra Günelin yaşadığı evə qalxan zaman Günelin ürəyinin bulandığını görmüş, Güneldən nəyə görə bu halda olduğunu soruşanda, Günel ona Aygünün daşla başından vurduğunu bildirmişdir. Günelə həkimə aparmağını bildirdikdə Günel ona DİN-in 102 xidmətinə zəng etdiyini və polis əməkdaşlarının gəlməsini gözlədiyini bildirmişdir. Bundan sonra Göyçay rayon polis şöbəsinin əməkdaşları Güneldən ərizə aldıqdan sonra həmin yerdən getmişlər. Daha sonra hadisə yerinə yaşadıqları ərazinin sahə rəisi polis mayoru Zaur Cavadov gəlmiş və onlar birlikdə Göyçay rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində təhqiqatçı Orxan Kərimov qızının izahatını aldıqdan sonra onlar oradan qızı Günellə çıxaraq Göyçay RMXya müraciət etmişilər. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı, Zərərçəkmiş şəxs isə mərhum qaynı Kamran Əkbərovun arvadıdır. Baldızı Günel ilə onun ailəsi arasında mülk mübahisələr vardır. Buna görə də Günel onun və ailə üzvlərinin barəsində hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman Günelin pilləkənin arasına onlar tərəfə çay xəkəsi və sidik tökdüyünü görmüş, ona əhəmiyyət verməyərək ayaqyoluna getmiş, qayıdan zaman Günelin ucadan qızı Aygünü nalayiq ifadələrlə təhqir etdiyini görmüş, həmin vaxt Günelin əlində mobil telefon olmuş, Günel onu görəndən sonra nalayiq ifadələrini saxlayaraq əlində olan telefonla onu çəkməyə başlamışdır. Ona cavab olaraq “öl elə, elə öləssən” deyə cavab vermişdir. Bundan sonra qızı ona öz evlərinə getməklərini bildirmiş, qızı ilə öz evinə tərəf gedən zaman Günel öz evindən zibil torbasını götürərək onun tərəfə atmış, həmin zibil torbası ona dəyərək yerə düşmüş, zibildən bir topasını götürərək onun pilləkəninin aşağı hissəsinə tərəf atmışdır. Bundan sonra yaşadığı evə keçərək bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və polislərin gəlməsini gözləmişdir. Evdə olan zaman polislərin onu çölə çağırdığını eşidərək evin həyətinə düşmüşdür. Həmin vaxt orada olan polis əməkdaşları ona qızı Aygünün Günelin sifət nahiyyəsindən daşla vuraraq xəsarət yetirdiyini bildirmişlər. İş üzrə şahid qismində məhkəmə iclasında ifadə vermiş X3 göstərmişdir ki, Vüqar Əkbərov və Kamran Əkbərov onun dayısı, Təqsirləndirilən şəxs dayısı Vüqar Əkbərovun qızı, Zərərçəkmiş şəxs isə mərhum dayısı Kamran Əkbərovun arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Göyçay şəhəri ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə bazarlıq etdikdən sonra dayısı Kamran Əkbərovun qonşuluğunda yaşayan qohumları Şahid4 məxsus evə getmişdir. Rozanın evi ilə birləşik olan dayısıgilin həyətindən səs gəldiyini eşitmiş, hasara yaxınlaşaraq diqqətlə qulaq asdıqda oradan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Bundan sonra hasarın üzərindən boylanaraq dayısıgilin həyətinə baxan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2 ədəd yumurta atdığını görmüşdür. Lakin Təqsirləndirilən şəxs daş ilə Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş atdığı ilə bağlı verdiyi ifadədən məlumatı olmamış, müstəntiq tərəfindən ifadəsi təhrif edilərək yazılmışdır. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 87 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sağ alın nahiyyəsində yumşaq toxumaların şişkinliyi fonunda hematomalı sahə, sağ gözün üst qapağının bir qədər sallanması, nisbətən geri qalması, bəbəyin bir qədər daralması, göz almasının palpasiyada ağrılı olması və üst-alt göz qabaqlarında qansızmalarla nəticələnən posttravmatik hissəvi ptozu küt- bərk əşyanının (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi protokoldan görünür ki, şahid X3 ifadə verərək göstərmişdir ki, Vüqar Əkbərov və Kamran Əkbərov onun dayılarıdır. Təqsirləndirilən şəxs dayısı Vüqar Əkbərovun qızı, Zərərçəkmiş şəxs isə mərhum dayısı Kamran Əkbərovun həyat yoldaşıdır. Mərhum dayısı Kamran Əkbərov 2021-ci il iyul ayında sirkə turşusu və siçan zəhəri içərək intihar etmişdir. Dayıları və onların həyat yoldaşı birlikdə yaşadıqları üçün onlar arasında uzun müddətdir ki, münaqişə vardır. Mərhum dayısı Kamran Əkbərov 2021-ci ildə intihar edərək vəfat etdikdən sonra onlar arasında olan münaqişə də davam etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Göyçay şəhəri ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə bazarlıq etdikdən sonra dayısı Kamran Əkbərovun qonşuluğunda yaşayan qohumları Şahid4 ona zəng edərək evinə onun üçün əşyalar qoyduğunu oradan keçən zaman götürməsini bildirmişdir. Aysel Əliyeva həmin zaman bazardan qayıtdığı üçün və yolunun üstündə olduğu üçün qohumu Rozagilin evinə getmişdir. Oradan Rozanın onun üçün qoyduğu əşyaları götürdükdən sonra onların evi ilə birləşik olan dayısıgilin həyətindən səs gəldiyini eşitmidir. Bu zaman hasara yaxınlaşaraq diqqətlə qulaq asdıqda oradan mərhum dayısı Kamran Əkbərovun həyat yoldaşı Zərərçəkmiş şəxs digər dayısının qızı Təqsirləndirilən şəxsm nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Bundan sonra o, hasarın üzərindən boylanaraq dayısıgilin həyətinə baxan zaman Zərərçəkmiş şəxs əlinə olan iki ədəd yumurtanı Aygünə tərəf atmış və Aygün həyətdə olan bostan tərəfə qaçmışdır. Daha sonra Aygün yerdən torpaq götürərək Zərərçəkmiş şəxs yaşadığı evin qapısına tərəf atmışdır. Bundan sonra Aygün yenidən ikinci dəfə torpaq kəsəklərini Günelə tərəf atmışdır. Aygünün atdığı daşların konkret hara dəydiyini görmədiyini və sonradan oradan çıxaraq evə getdiyini bildirmişdir. Qeyd: X3 ifadənizə başqa əlavəniz varmı sualına cavab olaraq öz dəsti-xətti ilə “ifadəm sözlərimlə yazıldı doğrudur imzamla təsdiq edirəm” sözlərini yazaraq protokolu imzalamışdır. Göründüyü kimi istintaq zamanı dindirilmiş şahid X3 şahidin dindirilməsi protokolunu öz imzası ilə təsdiq etmiş, məhkəmədə həmin ifadənin onun imzası ilə təsdiq edildiyini bildirmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyinə əsas ola bilən hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadəni məhkəmədə təkzib edən şahid X3 bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 87 saylı rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixində əmələ gəlməsi, Təqsirləndirilən şəxs və şahid X1 məhkəmədə verdikəri ifadələrinin qeyri səmimiliyini təsdiq edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Prosessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində mərhum əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxsm daşla vuraraq başın sağ alın nahiyyəsində yumşaq toxumaların şişkinliyi fonunda hematomalı sahə, sağ gözün üst qapağının bir qədər sallanması, nisbətən geri qalması, bəbəyin bir qədər daralması, göz almasının palpasiyada ağrılı olması və üst-alt göz qabaqlarında qansızmalarla nəticələnən posttravmatik hissəvi ptozu xəsarətini yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirilən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasını Azərbaycan Respublikası CMnin 49-cu maddəsnə əsasən iş yeri üzrə çəkməlidir. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar